“Bəs deyilmi, laxlayan səsinlə…” – Flora Kərimovadan güllə kimi yazı

0
612

(Yazı, Azərbaycanın xalq artisti, əfsanəvi sənətkar Flora Kərimovanın istəyi ilə heç bir cümləsinə toxunmadan dərc olunur)

 

Sənin sonuncu cəfəngiyyatın məni çilədən çıxartdı. Bəs deyilmi?!

 

Röya, mən nə vaxt sənin “əlindən öpmüşəm” və nə vaxt “qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? (14 aprel, 2018-сi il, сanlı yayım “bakunews”)

Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha ABSURD bir şey ola bilməz. Amma bunu da gördüm!

 

Birinci gələk sənə qarşı etdiyim “haqsızlıqlara”, sənin dilindən desək “səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin.

 

Görünür, ən böyük səhvim səni SƏNƏTKAR SAYMAMAĞIMDIR!!! Bəli, səni SƏNƏTKAR SAYMIRAM! Nəinki səni, sənin “sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb!

 

Heç vaxt “mənəm-mənəm” deməyən təbiətimə indi xəyanət edib, bəlkə kiməsə təvazökarlıqdan uzaq görünsəm də, bəzi həqiqətləri sənə kobud tərzdə qandırmaqməcburiyyətində qaldığıma görə Millətimdən, Xalqımdan dönə-dönə üzr istəyirəm! Bil ki, özünə sənətkar deyən sən – sadəcə ürəyəyatımlı səsə malik sıradan bir müğənnisən! Şükür ki, belə səslərdən Azərbaycan kasad deyil. Hələ bu yaşında üstünə gələn, sənə meydan oxuyan, günü-gündən artan Damlalar, belə axını indiki kimi vərdiş halına salıb, hər kəslə dalaşıb sıradan çıxarmağa səndə güc qalacaqmı? Sözün keçəcəkmi? Səni gözləyən bu halını, bu günləri düşündünmü? Yoxsa məni əzələlərini göstərdiyin abıra qısılanlarla çaş-baş salmısan?

 

Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! 13 yaşımdan korifeylərlə, klassiklərlə, çiyin-çiyinə səhnə bölüşmüşəm, illər keçdikcə sənətkar deyib öz sıralarına qəbul etdikləri səsin sahibinə sənmi qiymət verəcəksən? Sənmi etdiklərimi edə biləcəksən? Sənmi əxlaqdan danışıb laxlayan səsinlə (tremola) nə oxuyum, necə oxuyumu öyrədəcəksən?!

 

Təkrar edirəm, səni sənətkar saymıram! Millət tərəfindən Azərbaycan estradasının anası sayılan, Azərbaycan estradasının 3-4 kişi banilərinin cərgəsində adı çəkilən yeganə qadın, 64 il səsi gündəmdən və dildən düşməyən, Azərbaycan musiqisinin bütün janrlarında, klassik vokaldan tutmuş muğama qədər, 15 il vokal sənətinin elminə yiyələnən peşəkar deyir! Bu, bir neçə tembrə malik, səsi ilə Azərbaycanın 90 faiz bədii filmlərində və animasiya filmlərində ölkələri gəzən və nəhayət, dünyada 4 oktavaya malik iki səsdən birinin sahibi olan Sənətkarın qiymətidir! Ehtiyac varsa, təkrar edim: sən sənətkar deyilsən və vokal sənətində böyük qüsur sayılan laxlayan səsinlə heç o zirvəyə qalxa da bilməzsən!

 

Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.

 

Sənətkar saydığın İlhamə Quliyeva səni “iylənmiş”, “bitli baş”, “yuyulmamış…” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə,təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim? Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda “kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş!

 

Gələk sənin İlhamə Quliyevaya münasibətinə. Onunla “dostluğun” məndən çox illər  sonra, onun sənə “şanlı münasibətindən” sonra başladı. Səbəbi də yenə mən oldum. Çevrəmdə olan, artıq adları bəlli insanları mənə qarşı istifadə etməyə çalışırdı. Bunu onların etibarsızlığından istifadə edərək yaxşı bacarırdı. Sən də istisna olmadın!

 

İndi qaldı dediyin kimi səni ona – İlhamə Quliyevaya qısqanmağıma. Bir neçə sənə məsləhətimdən başqa yaxınlığım olmadığı halda hansı qısqanclıqdan söhbət gedə bilər? Mən Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi, Oqtay Rəcəbov, Elza İbrahimovanı (saysam qurtarmaz) qısqanmadım, bir oktavaya güclə çatan səsin, yəni sənin ona yaxınlığınmı məni qıcıqlandıracaqdı? Bir də mən həyatım boyu övladlarımdan, balaca uşaqlardan və Şəhid Analarından başqa kiminsə əlini öpməmişəm. Amma çox illər qabaq indi şəxsi problemlərinə görə Hollandiyada yaşayan dostun Strekalinin ad günündə hamının gözü qabağında mənim əlimi öpdüyünü xatırla. Bu, indi bəyənmədiyin, yuxarıdan aşağı baxdığın trionun tərkibində oxuduğun dövrdə olub. Yoxsa ürəyindən səsləndirdiyin yalanlarla məndən üstün olmaq, ya acıq çıxmaq keçir? Yaxşı bildiyini yenə sənə xatırlatmaq istəyirəm: Mən kiminsə varlığı ilə şərəflənməmişəm! Bu alçaqlığı bacarsaydım (yaxşı ki, bacarmıram) indiki qarşısında ikiqat əyildiyiniz insanlar sırasında idim. Bunu da nə mənəviyyatıma yaraşdırmırdım, nə də yazıq sizlərə. Məni gözdən salmaq xülyasına düşüb, gücün çatmadığı cəhddən yapışma! Gecikdin, həm də çox gecikdin!

 

Bir də ki, mənim öyünməyə layiq olan həmin məclisimə şərəf gətirən insanların sırasında sənə yer yox idi!

 

İndi keçək sənin “Röya” jurnalına. İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm.

 

 

…Belə bir jesti azyaşlı oğlunun yanında rahatca göstərəndə nə övladından, nə də Millətindən utanmadınmı? Öz ailə mədəniyyətini, oğluna rəva bildiyin tərbiyəni bu şəkildə sərgiləmək mütləq idimi? Ana instinktini, Qadın ismətini şəxsi sərbəstliyinə bu dərəcədə qurban verməyə dəyərdimi? Düşündünmü gələcəkdə övladına, xüsusən oğlan övladına utanc gətirən çox problemlər yaradırsan? Ağıllı insan öz səhvindən öyrənər, müdrik insan başqalarının. Ağlı kəsəndə bağışlayacaqmı səni? Bəzən kiminsə varlığı, bəzənsə kiminsə yoxluğu insana görk olur. Bu gün oğlan övladının yanında oturuşunu bilməyən, etdiyi jestin fərqinə varmayan, sabah artıq nə qədər pərdələri araladığını və illər sonra o pərdələri deşib keçən barmağının ağrısını özündə hiss edəcək. Diqqətli düşünsən, nə dediyimi yaxşı anlayarsan!

 

Allah övladını xoşbəxt etsin. Aydın şüurla arzuladığın kimi bir kişi oğul olsun, sözün böyük mənasında! İndi uşaqdır, çox şeyin fərqində deyil hələ. Sən onun üçün mələksən, hamıdan böyük, hamıdan güclüsən. Hələ sənə sadəlövhcəsinə sual verir: “Ana, səni hamı tanıyır?” 10 il sonra isə özü səndən buraxdığın səhvlərin fərqinə varıb, artıq həyatı anlayan hakim dərəcəsində soruşanda ki, “Ana, Flora xanım sənə nə demişdi ki, onu sevmirdin?”, çox ümid edirəm ki, o vaxt ona üzün qızarmadan, daha ağıllı və ən vacibi, yalansız cavabına sonrakı həyat tərzinlə haqq qazandırasan!

 

https://www.instagram.com/p/Bhi-RIygUra/

 

P.S. Abırsızlıqla ağılsızlıq əl-ələ verəndə insanın evi yıxılır!!! Həddini bil!

BIR CAVAB BURAXIN