Azərbaycanlı qadınları intim görüntüləri ilə şantaj etdilər – Polis işi araşdırır

0
624

“Azərbaycanlı qadınları intim görüntüləri ilə şantaj etdilər - Polis işi araşdırır

Hindistandan olan internet dələduzları sosial şəbəkələr üzərindən xarici ölkə vətəndaşları olan qadınlarla tanış olur, onlarla dostluq yaradır, intim görüntülərini əldə edir və daha sonra onları şantaj edərək pullarını alır.

Hindistanlı fırıldaqçıların toruna düşən və sayları getdikcə artan qadınların arasında Azərbaycan vətəndaşları olan qadınlar da var. Bu haqda Hindistan mətbuatı yazır.

Dehli polisinin kiber-cinayətkarlığa qarşı mübarizə şöbəsindəki mənbə deyib ki, nə qədər qadının hindistanlı kiber-dələduzların toruna düşdüyünü müəyyən etmək mümkün deyil. Çünki bu cür hallara dair polisə təqdim edilmiş şikayətlərin sayına dair hər hansı rəsmi statistika yoxdur.

Sonuncu dəfə belə hal bir neçə gün əvvəl qeydə alınıb. Hindistanda yaşayan 34 yaşlı əfqan ABŞ-da yaşayan qadından hədə-qorxu və şantaj yolu ilə 86 min dollar alarkən yaxalanıb. O, həmin qadınla sosial şəbəkələr üzərindən tanış olub. Həmdulla adlı həmin əfqan özünü dubaylı bankir kimi təqdim edib, sosial şəbəkələr üzərindən həmin qadınla tanış olub və 2016-cı ilin əvvəllərindən başlayaraq onunla bir neçə dəfə görüşüb. Həmdulla qadının intim foto və videogörüntülərini çəkib, onunla evlənəcəyini vəd edib. Münasibətləri davam etdiyi müddətdə ondan bir neçə dəfə pul alıb. Qadın sonda pul verməkdən imtina edəndə Həmdulla onun görüntülərini internetdə yaymaqla hədələyib və pul tələb edib. Qadının polisə müraciəti əsasında həmin şəxs tələb etdiyi pulu alarkən yaxalanıb.

Dehli polisinin komissarı Ravindra Yadav deyib ki, Həmdulla dəbdəbəli həyat yaşayırmış və bu cür yollarla pul qazanmaqla lovğalanırmış. “O, öz sahəsində peşəkar olub və sosial şəbəkələr üzərindən çoxsaylı qadınları aldadıb. Biz hazırda bu barədə araşdırmalar aparırıq”-komissar deyib.

Dehli polisinin kiber-cinayətkarlığa qarşı mübarizə şöbəsi ilk dəfə xarici ölkə vətəndaşları olan qadınların bu cür şantajla üzləşməsinə dair faktı 2015-ci ildə qeydə alıblar. Həmin vaxt Azərbaycanda yaşayan qadın elektron poçt vasitəsilə Dehli polisinə şikayət edərək onu şantaj edən hindistanlı barədə məlumat verib. Məlum olub ki, Haryana əyalətinin Kurukştera şəhərində yaşayan həmin cinayətkar pakistanlı Həmdulladan fərqli olaraq tora saldığı azərbaycanlı qadınla görüşməsə də onunla sosial şəbəkələr üzərindən yazışıb, seksual xarakterli videoçat yaradıb. Daha sonra o qadını hədələyib ki, pul verməsə intim görüntülərini porno saytlarda yerləşdirəcək. Qadın hind polisinə müraciət etməzdən əvvəl həmin şəxsə 600 dollar göndərib.

Məlum olub ki, həmin hindistanlının tora saldığı qadınların sayı yüzlərlədir. Onun Azərbaycan, Əfqanıstan, Bəhreyn və Filippin də daxil olmaqla bir çox ölkədən 900-a yaxın qadını aldadıb görüntülərini çəkdiyi, bir çoxundan ən azı ayda 100 dollar olmaqla pul aldığı üzə çıxıb.

Bu cür kiber-cinayətkarları üzə çıxarmaq üçün “Ciber Army” adlı hind haker qrupu polislə könüllü əməkdaşlıq edir. Qrupun rəhbəri Kislay Çaudhari deyir ki, sosial şəbəkələr üzərindən qadınların tora salınıb şantaj edilməsi halları getdikcə artır və mütəşəkkil cinayətkarlıq səviyyəsinə yüksəlir. Onun sözlərinə görə, bir çox hallarda bu cür cinayətkarları təqib edib yaxalamaq mümkün olsa da onların həbsi mümkün olmur. Çünki həmin cinayətkarların qurbanları şikayətlərini müvafiq kanallarla çatdıra bilmirlər, nəticədə şübhəlini məsuliyyətə cəlb etmək üçün polisin imkanları hüquqi baxımdan məhdudlaşır. Məsələn, həmin azərbaycanlı qadın şikayətini Dehlidəki Azərbaycan səfirliyi vasitəsilə rəsmi şikayət etməyib, şikayətini elektron poçtla polisə göndərib. Həmin cinayətkar saxlanılıb və bank hesablarına həbs qoyulub, ancaq həbs edilməyib. Əvəzində Haryana polisi həmin şəxsin tora saldığı bütün qadınlardan üzr istədiyini əks etdirən videomüraciətini yayıb.

BIR CAVAB BURAXIN