Azərbaycanın qadın hərbçiləri də döyüşə hazırdır

0
633

“Dünyanın bir çox ölkələrində zərif cinsin nümayəndələrinin hərbi xidmətə cəlb olunur. Azərbaycan tarixinin müxtəlif dövrlərində də döyüşkən qadınların sayı az olmayıb. Qarabağ savaşı zamanının ilk illərində Azərbaycan qadınlarının hərbi əməliyyatlarda necə iştirak etdiyi, qəhrəmanlıqlar göstərdiyi, şəhidlik zirvəsinə ucaldıqları faktlardır. Hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu gün də şərəflə xidmət edən xanımlarımız var və onlar müxtəlif sahələrdə çalışırlar”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aqil Abbas APA TV-yə bildirib ki, torpaqlarında 20 ildən artıq müharibə gedən bir ölkənin qadın vətəndaşlarının hazırlıqlı olmasında heç bir qəbahət yoxdur: “Qadınlar cəbhədə ön xətdə həkim, tibb bacısı kimi də fəaliyyət göstərirdilər. Ön cəbhədə olan Azərbaycan qadını əsgərlərimizin yeməyini bişirib, hətta paltarlarını belə yuyurdular. Bunu cəbhə boyu Ağdam, Füzuli, Tərtər, Kəlbəcərdə – bütün döyüş gedən bölgələrdə bunu görmək olardı. Cəbhədə könüllü olaraq döyüşlərə qatılan tibb bacıları orda əməliyyata ehtiyacı olan əsgərlərimizi əməliyyat belə edirdilər. Bu gün müasir Azərbaycan ordusunun qadın döyüşçülərə ehtiyac olmasa da, elə işlər var ki, cəbhədə onu qadınlar görməlidir”.

“Vətən üçün oğlan-qız amili yoxdur. Vətən elə Vətəndir” deyən millət vəkili hesab edir ki, torpağı hamı sevməli, uğrunda ölməyə və öldürməyə hazır olmalıdır: “Dünya təcrübəsindən də bəllidir ki, ən yaxşı snayper məhz qadınlar olur. Deyirlər ki, silah incə texnikadır. Snayper tüfəngləri xüsusilə incə silahlar sırasındadır. Elə buna görə də qadın silahla daha tez dil tapa bilir. Bunu mütəxəssislər və müharibə iştirakçıları da dəfələrlə deyiblər. Hətta Böyük Vətən Müharibəsində 1941-45-ci illərdə minlərlə azərbaycanlı qadın cəbhəyə yollanıb. Onlar da döyüşüblər, təkcə tibb bacısı kimi müharibədə iştirak etməyiblər. Əbəs yerə demirlər ki, Azərbaycanın Tomrisi var, Həcəri var, Salatın Əsgərovası və Gültəkini var”.

Maraqlısı odur ki, ordu sıralarına qoşulan və qoşulmaq istəyən qadınlarımızın sayı ilbəil artır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün könüllü müraciət edən qadınların sayında ildən-ilə artım müşahidə olunur. Lakin hərbi sirr olduğundan, hərbi qeydiyyata götürülmüş qadın vətəndaşların sayı barədə məlumat verilmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, hazırda yüzlərlə ehtiyatda olan əsgər və keçmiş döyüşçü cəbhəyə könüllü yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib, onların arasında qadınların sayı az deyil. O qeyd edib ki, qadınların hərbi xidmət keçməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir: “Bu gün də cəbhəyə könüllü getmək istəyən qadınlar var. Bu, planlaşdırılmış qaydada həyata keçirilir. Bununla bağlı heç bir problem yoxdur”.

Nazirlik rəsmisi qeyd edib ki, qadın hərbi qulluqçuların kişilərlə yanaşı xidmət etməsi həm xidmətin keyfiyyətinin artmasına, həm də nizam-intizamın yüksəlməsinə müsbət təsir göstərir. Çünki qadınlar stabilləşdirici qüvvə rolunu oynayırlar.

Torpaqlarımızın azadlığı uğrunda döyüşən qadınlarımızdan Milli Qəhrəmanlarımız da var. Onlardan Salatın Əsgərova, Gültəkin Əsgərova, habelə digər xanımlar belə şəxslərdəndir. Qarabağ savaşında snayper olmuş, 40 yaşında cəbhəyə könüllü yollanmış Növrəstə Yusifova isə qanlı müharibənin canlı şahidlərindəndir. O, Qarabağ müharibəsində müstəqil Azərbaycanın ilk qadın snayperi olub. Ehtiyatda olan zabit Növrəstə Yusifova son günlər cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkə prezidentinin saytına məktub ünvanladığını qeyd edib. Onun sözlərinə görə, yenidən ön cəbhədə snayperçi qadın kimi döyüşməyə hazırdır: “Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət etmişəm. Xahiş etmişəm ki, cəbhə xəttinə gedim. Demirəm ki, bu yaşımda əlbəyaxa döyüşə gedərəm. Bu gün Qarabağ savaşında iştirakçı olmuş müxtəlif ictimai birliklərdə çalışan 400 nəfər könüllünün də siyahısını tərtib etmişik. Yəni yaş baxımından, fiziki sağlamlığı normal olanlardan onlarla müraciət almışıq. İki ay əvvəl siyahını təşkil etmişik. Bilirsiniz, mənə döyüşlərdə müraciət edənlər “xalaqızı” deyirdilər. Elə indi də müraciət edən döyüşçü dostlarım bu cür müraciət edir. Mən isə artıq bu işin Müdafiə Nazirliyinin təşkilatçılığı ilə aparıldığını deyirəm”. Hazırda Qarabağ Əlilləri və Veteranları Birliyinin sədri olan 65 yaşlı Növrəstə Yusifova əsgər, döyüşçü formasını o illərdən bəri bir dəfə də olsun, geyinməyib. Özünün dediyi kimi, niyyət edib ki, bir də onu döyüşə gedəndə geyinəcək: “Mən yarımçıq qoyub gəldiyim işimi davam etdirmək istəyirəm. 1994-cü ildə döyüş bölgəsindən Bakıya gəldim. Bu gün də o arzu ilə yaşayıram ki, şəhidlərimizin qanı yerdə qalmasın. Xahiş etmişəm ki, kimin Müdafiə Nazirliyində, Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda tanışı varsa, mənə kömək etsin, yenə cəbhə bölgəsinə qayıdım. Hara göndərirlər göndərsinlər, mən orda özüm üçün heç bir şərait istəməyəcəyəm. Özüm öz şəraitimi elə orda quracağam. Varlığımla heç kimə əziyyət etməyəcəyəm, yetər ki, orda əsgərlərimizlə bərabər olum”.

Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə əsasən, Azərbaycanda 19 yaşından 40 yaşınadək qadınlar əsgərlərin, matrosların və çavuşların müddətdən artıq, həmçinin gizirlərin və miçmanların, ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək qadınlar isə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil ola və qəbul edilə bilərlər.

BIR CAVAB BURAXIN