Azərbaycanı bütövləşdirməyin əsasları – I YAZI

0
468

Quzey və Güney Azərbaycan yeni bir mərhələyə-aşamaya yaxınlaşır, bütövləşmə mərhələsinə. Bu mərhələdə Azərbaycanın əsil övladlarının kimlər olduğu bəlli olacaqdır. Çünki əsil Azərbaycanpərəstlərin, Azərbaycansevərlərin, 3 boyalı bayrağın fədailərinin kimlər olduğunu bəlirləmək dönəminə daxil oluruq. Bu anlamda yaxın illərdə kimlərin boğazdan yuxarı, ya da səmimi olduğu ortaya çıxacaqdır. Mən əsla şübhə etmirəm ki, bu dönəmdən yalnız və yalnız Azərbaycanpərəstlər qalib gələcək, digərpərəstlər (Ruspərəst, Farspərəst, Amerikan-ingilispərəst vəb.) isə məğlubiyyətə uğrayacaqlar. Çünki ötən illər ərzində Güney və Quzey Azərbaycanda artıq yetkin Azərbaycanpərəstlər, Azərbaycanseverlər, Azərbaycan fədailəri nəsli yetişmişdir və yetişməyə də davam edir!!! Bəlkə, onların sayı bu gün azdır, amma vardır.
Əgər Quzey Azərbaycan Rusiyaya bir az da dirənməyi bacarsa, Qarabağı və 7 rayonu işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlasa, yalnız Quzey Azərbaycanı deyil, bütöv Azərbaycanı bölgədə yeni bir qüvvəyə çevirə biləcəkdir. Çünki Güney Azərbaycanda Quzey Azərbaycanın addımları həssaslıqla izlənilir. İranın fars-molla rejiminin bütün cəhdlərinə baxmayaraq Güney Azərbaycanda Müstəqil Azərbaycana sevgi durmadan artır. Dogrudur, Quzey Azərbaycandakı bəzi ruspərəstlər, farspərəstlər, ingilispərəstlər bu sevginin artmaması üçün əllərindən gələni edirlər. Ancaq bütün hallarda onlar bunun qarşısını tamamilə ala bilmirlər və bilməyəcəklər də. Adi bir fakt deyim ki, “Traxtor” və “Qarabağ” futbol komandaları Bütöv Azərbaycan komandaları durumuna gəlmişdir. Artıq “Qarabağ”a və “Traxtor”a bütün Azərbaycan azerkşelik edir. Bu sıradan bir şey deyildir. Bunu Rysiya və İran rəhbərliyi da yaxşı anlayır, nəticənin onlara görə daha da ürəkaçan duruma gəlməməsi üçün əmək sərf edirlər. Amma bu çox da effekt vermir.

Rusiya Quzey Azərbaycana davranışında münasibətini sərtləşdirməklə, Ermənistan vasitəsiylə tez-tez atəşkəsi pozmaqla Azərbaycanın güclənməsini əngəlləmək istəyir. Hətta, bu arada Gürcüstana da basqısını artırır. Çünki Azərbaycanın dəmiryoluyla da Türkiyəyə-Qarsa çatması Rusiyanı rahatsız edir. Quzey Azərbaycanın yeni imkanlar əldə etməsi Rusiya və İran üçün eyni dərəcədə təhlükəli hesab olunur. Vaxtilə Ermənistanın əliylə Qarabağ müharibəsində Quzey Azərbaycanı məğlub duruma salan bu qüvvələr, hər yolu dənəyərək iki Azərbaycanın bir olmasını istəmirlər, bunu heç gizlətmirlər də!
Artıq Azərbaycan Türkləri iki əsrlik ayrılığa, parçalanmaya son demək üçün yeni bir aşamaya qədəm qoyublar. Əgər Azərbaycan türkləri Əfşarlar və Qacarların ilkin dönəmlərində olduğu kimi toparla bilsələr, yalnız Təbrizli, Bakılı, İrəvanlı, Dərbəndli, Xoylu, Urmiyalı, Gəncəli, Qəzvinli Azərbaycana deyil, bütövlükdə İrana sahib çıxa bilərlər. Bəlkə, bu günün reallıqları baxımından yazdıqlarımız xəyalpərəstlik kimi görünür, ancaq biz türklər dəfələrlə xəyal görünənləri gerçəkliyə çevirmişik. Bunun əksi olaraq da gerçək olanları da, bir xəyal kimi əlimizdən vermişik. Bu anlamda Nadir şah Əfşarın ağıllı siyasəti nəticəsində böyük Azərbaycan mərkəzli Türk dövləti qurmaq yolunu davam etdirməliyik.
Bizcə, Nadir şahın Təbriz mərkəzli Azərbaycan vilayətini qurması Azərbaycan türk tarixində çox önəmli yer tutur. Maraqlıdır ki, Nadir şah Əfşarın bu bölgədə yeni bir Türk dövlətini qurduqdan dərhal sonra (1736) ilk addımlarından biri Səfəvilər dövründə Azərbaycan ərazisindəki bəylərbəlikləri – Şirvan (Şamaxı, Şəki, Dərbənd və b.), Qarabağ (Gəncə, Bərdə, Qazax və b.), Azərbaycan (Təbriz, Maku, Ərdəbil, Urmiya və b.), Çuxursəd bəylərbəyliklərini (İrəvan, Naçxıvan və b.) ləvğ edib Azərbaycan vilayətini yaratması olub. Artıq 1736-cı ildə Azərbaycan ərazisindəki bütün bəylərbəyliklər ləğv edilmiş, onların yerini yalnız Azərbaycan tutmuşdur. Eyni zamanda Azərbaycan vilayətinə Nadir şahın qardaşı İbrahim xan sərdar təyin olunmuşdu. Paytaxtı Təbriz olan Azərbaycan vilayətinin tərkibinə isə Dərbənd, Xoy, İrəvan, Culfa, Maku, Ərdəbil, Gəncə, Naxçıvan, Zəncan, Həmadan, Lənkəran, Astara, Bakı və başqa yerlər aid idilər.
Bizcə, Nadir şahın vahid Azərbaycan vilayəti yaratması doğru bir addım idi. Bununla da, əvvəllər daha çox Təbriz və ətrafına Azərbaycan deyildiyi halda, Nadir şahın əmrindən sonra tarixi-coğrafi Azərbaycan Azərbaycan vilayəti adı altında rəsmilşədirildi. Yəni Nadir şah tarixi-coğrafi Azərbaycan adlanan bütün əraziləri Azərbaycan vilayəti adı altında birləşdirdi. Ayrı-ayrı xanlıqlar, bəyliklər də Azərbaycan sərdarına tabe edildi. Bununla da, Nadir şah Azərbaycanın rəsmi hüdudlarını, paytaxtını və mövqeyini bəlirlədi. Bu anlamda Nadir şahın Azərbaycan xalqının tarixində çox mühüm yer tutmasını görürük. Çünki Nadir şah Əfşara qədər Azərbaycan daha çox Təbriz və ətrafına aid edilirdi. Yalnız ayrı-ayrı tarixçilərin (Y. Həməvi, Məsudi, Təbəri və b.) əsərlərində Azərbaycan tarixi-coğrafi anlamda Dərbəndən Qəzvinə, Bakıdan Ərzurumadək ərazilərə şamil edilirdisə, Nadir şah Azərbaycan vilayətini yaratmaqla tarixi-coğrafi Azərbaycana siyasi bir status vermiş oldu.
Nadir şahın yeni qurduğu Türk Əfşarlar dövlətində Azərbaycana bu qədər böyük önəm verməsi təsadüfi deyildir. Çünki Nadir şah Əfşar Azərbaycanı Türk Əfşarlar dövlətinin şah damarı, mərkəzi hesab edirdi. Məhz buna görədir ki, o, Azərbaycanın hər bir qarışı üçün daima savaşmış və qalib gəlmişdir. Ən önəmlisi, Nadir şah yeni Türk Əfşarlar dövlətinin qurulmasını və özünün şah elan olunmasını Azərbaycanda-Muğanda qurultay keçirərək bəyan etmişdir. Bəzi Azərbaycan tarixçiləri nə qədər bunu görməzdən gəlsələr də, bir şey həqiqətdir ki, Nadir şah üçün Azərbaycan Türk dövlətində özəl bir yerə malik idi.
Azərbaycanın yeni bir status almasıyla, onun əhəmiyyəti daha da artmış, bölgədə önəmli yer tutmağa başlamışdır. Artıq digər ərazilər Azərbaycana tabe etdirildiyi üçün, Azərbaycan tarixi-coğrafi anlamdan birmənalı şəkildə uzaqlaşaraq siyasi, eyni zamanda ideoloji mahiyyət daşımağa başlamışdır. Əgər Səfəvilər dönəmində Azərbaycanla yanaışı, ən azı üç – Şirvan, Qarabağ və Çuxursəd bəylərbəylikləri var idisə, onlar da Qəzvinə, ya da İsfahana bağlıydılarsa, Əfşarlar dönəmində buna son qoyuldu. Bu o demək idi ki, Azərbaycan yeni bir status alır, bu statusa görə bu ərazilərdə baş verən dəyişikliklərin mərkəzində də Azərbaycan və onun paytaxtı Təbriz dayanır. Məncə, Nadir şah bu addımıyla müəyyən qədər Səfəvilər dönəminin başlanğıcına qayıdırdı. Yəni o, Təbriz mərkəzli Türk dövlətinin yaranmasına və inkişafına çalışırdı ki, Azərbaycan vilayətinin təşkili də buna hesablanmışdır.
Qeyd edək ki, Azərbaycan vilayəti qurulduqdan sonra onun ayrı-ayrı ərazilərinə hakim təyin olunanlar artıq Təbrizdən müəyyənləşirdi. Yəni Azərbaycan sərdarı olan şəxslər İrəvana, Xoya, Naxçıvana, Şəkiyə, Səlmasa, Ərdəbilə, Bakıya bəylər, ya da xanlar təyin edirdilər. Bu anlamda Azərbaycan bəyləri, ya da xanları Nadir şahın, Adil şahın sayəsində bu adı almışlar (Pənahəli xan, Hacı Çələbi xan, Pir Mahmud xan və b.). Bununla da Nadir şah Azərbaycanın Əfşarlar dövləti içində statusunu xeyli dərcədə artırmış oldu. Sadəcə, Nadir şahın faciəli ölümündən sonra Təbrizə bağlı olan həmin Azərbaycan türk xanları Adil xan Əfşarın dövründə özlərinin müstəqilliyini elan etməyə başladılar.
Yeri gəlmişkən, Azərbaycan tarixçiləri dünya taixçilərinə istinad edərək Almaniyanı birləşdirən Bismarkdan ağızdolusu danışır və yazırlar. Ancaq dünya tarixində Bismarkdan da önəmli yer tutan Nadir şahın yalnız Azərbaycanı deyil, süquta uğrayan Səfəvilər İmperiyasının ərazisini bütövlükdə bərpa etməsi az qala yada düşmür. Halbuki Nadir şah bir Türk övladıdır, Azərbaycan türküdür. Məhz Nadir şahın dövründə də Azərbaycan bütövləşdirildi və Türk Əfşarlar dövlətinin mərkəzinə çevrildi. Eyni zamanda Nadir şah və onun varisləri bacardıqları qədər Azərbaycanın bütövlüyünü qorumağa çalışdılar. Ən azı Nadir şahdan başlayaraq bu günümüzdək Azərbaycan türkləri paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyasını mənimsədilər. Bəlkə də, Nadir şah türk dövlətində Azərbaycan vilayətini qurmasaydı, Azərbaycan milli ideyası da meydana çıxmayacaqdı. Dogrudur, Nadir şah Azərbaycanla, Türk Əfşarlar dövlətiylə bağlı ideyalarının çoxunu reallaşadıra bilmədi. Ancaq bütün hallarda Nadir şahdan, ümumiyyətlə Əfşarlardan başlayaraq Təbriz mərkəzli bütöv Azərbaycan milli ideayası şüurlarda iz saldı. Artıq Azərbaycan hökmdarının buyruqları Təbriz və ətrafında deyil, İrəvanda, Dərbənddə, Naxçıvanda, Xoyda, Şəkidə, Bakıda və başqa ərazilərimizdə sözsüz yerinə yetirilirdi.
Bu anlamda Türk Qacarlar dövləti qurulduqdan sonra Əfşarların Azərbaycan vilayəti ideyasına sadiq qalan Ağa Məhəmməd şah Qacar özlərini müstəqil aparan, yəni Təbrizə tabe olmaq istəməyən Azərbaycan Türk Xanlıqlarını mərkəzə tabe olmasını istəyirdi. Bunun üçün Ağa Məhəmməd şah bir neçə dəfə Quzey Azərbaycan xanlıqları üzərinə yürüş də etdi. Ancaq həmin xanlıqlar arasından Qacarlara bağlı olan yalnız üç xanlıq, öncəliklə də Gəncə və Bakı xanları Bütöv Azərbaycan ideyasını dəstəklədilər. Ancaq Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümüylə Azərbaycanın parçalanmasının əsası qoyuldu. Daha doğrusu, Nadir şah Əfşarın faciəli ölümündən sonra, Ağa Məhəmməd şah Qacarın da öldürülməsi Azərbaycanın parçalanmasını labüd etdi.
Davamı var…
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli