Azərbaycandan Gürcüstana etiraz

0
548

Azərbaycan parlamentinin deputatları Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə verdiyi bəyanata ciddi  etiraz edib. 

Deputat Fərəc Quliyev bu bəyanatın Azərbaycanın maraqlarına uyğun olmadığını qeyd edib.

 “Gürcüstan-Rusiya müharibəsi zamanı Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi. Ermənilər isə Axalkalidə fərqli davranmağa başladılar” – deyən deputat həmçinin qeyd edib ki, Azərbaycan güzəştli qiymətlərlə Gürcüstana enerji ixrac edir. Gürcüstan hakimiyyətini ermənipərəst siyasət yeritməkdə ittiham edən deputat Azərbaycanın ona etdiyi güzəştləri yenidən nəzərdən keçirməli olduğunu deyib.

Deputat Qüdrət Həsənquliyev də buna etiraz edib və  Gürcüstanın Azərbaycandakı səfirinin XİN-ə çağırılmalı olduğunu bildirib. 

Millət vəkili Rasim Musabəyov qeyd edib ki, Gürcüstanın muxtariyyətlərinin müstəqilliyini Rusiya tanıyır, Ermənistan beynəlxalq arenalarda verdiyi bəyanatlarla ərazi bütövlüyünün əleyhinə çıxır: “Hesab edirəm ki, erməni məhsulları üçün dəhlizin açılması Gürcüstana fayda vermir, Azərbaycanda da narahatlıq doğurur. Keçən il İran, Ermənistan və Gürcüstan ərazisindən keçməklə  qaz nəqli ilə bağlı gedən danışıqlar nəticə  vermədi. Baş nazirin verdiyi  bəyanatın da nəticə verəcəyini düşünmürəm. Gərək Azərbaycanla Gücrcüstan arasında etimad pozulmasın. Biz müttəfiqik və narazılıqları aradan qaldırmalıyıq”.
Deputat Əflatun Amaşov qeyd edib ki, Gürcüstanın Azərbaycanın maraqlarına zidd addım atacağına inanmır: “Gürcüstanın belə bir addımı atması zorla qoparılmış ərazilərinin müstəqilliyini tanıması deməkdir. Bu işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyün hər zaman dəstəkləyib. Gürcüstan hər baxımdan bizə yaxın ölkədir”.azadinform

BIR CAVAB BURAXIN