Azərbaycanda 100 min dollara avtomobil nömrəsi satılır

0
1472

Azərbaycanda “zerkalnı” avtomobil nömrələrinə maraq böyükdür. Belə nömrələrə daha çox bahalı avtomobillərdə rast gəlinir. Cəmiyyətdə belə bir təəssürat var ki, “zerkalnı” nömrəli bahalı avtomobilin sürücüləri ya vəzifəlilərdir, ya da pullular. Bəlkə elə çoxları məhz avtomobilində belə nömrə görmək istəyir. Sosial şəbəkədə “Avtomobil nömrələri” adlı bir səhifə var. Burada nömrələrin fotoları paylaşılır və linkə vuranda qiyməti bəlli olur. Nömrəni satışa çıxaran şəxslər maraqlanan adamlar üçün əlaqə vasitəsi kimi şəxsi mobil nömrələrini qoyurlar. Belə nömrələrin sayı kifayət qədərdir. 100 min dollara yaxın qiymətə (99 min 500 dollar), satılan da var, 20 min manata satılan da.

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov, hüquqşünas Ərşad Hüseynov “Yeniavaz.com” saytına açıqlama veriblər. Cavablara keçməmişdən öncə bir məsələni də xatırlatmağa ehtiyac duyuruq…

“2 il sonra yenə də nömrələrin satışa çıxarılması ilə bağlı açıq-aşkar elanlar verilir”

2015-ci ilin yanvar ayında Daxili İşlər Nazirliyi nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanları satanların saxlanılması barədə məlumat yaymışdı. Bildirilirdi ki, bəzi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə məlumatlar yayılıb: “Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur.

Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb”.

Qeyd edək ki, həmin vaxt sosial şəbəkələrdə dövlət qeydiyyat nişanları 99 LL 999 – 200 min AZN, 99 VV 999 – 200 min AZN-ə satılması barədə məlumat yayılmışdı.

Qəribədir ki, nazirliyin bu açıqlamasında 2 il sonra yenə də nömrələrin satışa çıxarılması ilə bağlı açıq-aşkar elanlar verilir. Elanda göstərilən avtomobil nömrələrdən bəzilərini və qiymətlərini təqdim edirik:

10-OO-048 – 99500 USD.

10-OS-111 – 8500 AZN.

10-OJ-003 – 27 000 AZN.

10-ON-030, 7500 AZN.

10-OK-002, 20000 AZN.

90-AA-231, 15000 AZN.

90-MZ-900 8500 AZN.

10-TX-009, 8000 AZN.

90-KO-009, 15000 AZN.

10-TO-009, 10500 USD.

10-FX-100, 20000 AZN.

10-AM-002, 15000 AZN.

Yol polisi: “Avtomobillərə dövlət nömrə nişanları verilən yer yalnız qeydiyyat imtahan şöbələridir”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov “Yeniavaz.com” saytına açıqlamasında məsələyə belə münasibət bildirdi: “Avtomobilin dövlət nömrə nişanını fiziki şəxs ayrıca sata bilməz. Bu nömrəni yaxşı, necə satır? Maşınla bir yerdə satılır – təbii. Dövlət nömrə nişanı avtomobillə birgə satılır və yaxud rəsmi sənədləşdirilir. Bu da qeydiyyat imtahan şöbələrində mümkündür. Mən belə edə bilərəm, deyək ki, avtomobilim var – tutaq ki, nömrəsi də 90 NT 333. Mən onu satıram. Elan verirəm, burada qeyri-adi bir şey yoxdur. Olar. Mən atvomobilimi elan yolu ilə satıram və təbii ki, dövlət nömrə nişanı ilə birgə satmalıyam. Avtomobillərə dövlət nömrə nişanları verilən yer isə yalnız qeydiyyat imtahan şöbələridir. Vəssalam. Oradada 500 manatdan 2500 manata qədər rəsmi dövlət rüsumu ödəməklə avtomobil nömrələri əldə etmək mümkündür. Dövlət nömrə nişanlarının verilməsi, sifarişi ilə bağlı məsələlər də orada həll olunur”.

“Əgər dövlət nömrə nişanlarının ayrıca olaraq satılması mümkün deyilsə, başqa mən buna nə münasibət bildirə bilərəm? Bu aidiyyəti üzrə tənzimlənən bir işdir və ona da həmin orqanlar müdaxilə eləyə bilər”,-deyə Vaqif Əsədov bildirib.

“Rəsmiləşdirəndə avtomobil də, nömrə də keçir sizin adınıza”

Hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun isə sualımıza cavabı belə oldu: “Burada incə bir məsələ var – avtomobildən kənar nömrə heçnədir. Onun heç bir əhəmiyyəti yoxdur. Onu nə istifadə eləmək olar, nə almaq olar, nə də satmaq olar. Həmin adamlar – kimlər ki nömrələri reklam edirlər, həmin nömrələri avtomobillə bir yerdə satırlar və yaxud qanunda nəzərdə tutulan əsaslar var, onlardan istifadə edirlər. Tutaq ki, nömrəni bir adamın avtomobilindən başqa adamın avtomobilinə keçirmək olar. Bax, satılmaq o mənadadır. Orada mənim fikrimcə, heç bir qeyri-qanuni bir şey yoxdur, tam qanunidir.

Tutaq ki, mən deyirəm ki, avtomobilimin üzərindəki nömrəni satıram. Siz də deyirsiniz ki, alıram. Bu prosedir necədir? Danışırıq, 20 min manatı verirsən, qoyuram cibimə. Mən üstündə nömrə olan avtomobilimi gətirirəm, ikimiz də gedirik dövlət qeydiyyat imtahan şöbəsinə, orada mən həmin avtomobili guya satıram sizə. Rəsmiləşdirəndə avtomobil də, nömrə də keçir sizin adınıza. Nömrə artıq olur sizin adınızda. Bax, proses belə baş verir. Yəni onu edirlər və bir daha deyirəm ki, qanundankənar heç bir şey yoxdur orada”.

Ekspert qeyd etdi ki, avtomobildən kənar dövlət qeydiyyat nişanının nə alınması, nə satılması, nə istifadəsi mümkün deyil”.

Nicat

BIR CAVAB BURAXIN