Azərbaycana rəhbərlik etmiş “dəmir ledi”

0
760

 

Azərbaycana rəhbərlik etmiş İLK QADIN: homoseksual əlaltı və “ovsunlanan” Stalin

Fəhlə və kəndlilərin qurduğu sanılan SSRİ-nin kübar dairələrində baş verənlər, idarəçiliyin qaranlıq tərəfləri nə qədər araşdırılsa da hər dəfə ortaya çıxan faktlar yenə heyrət doğurur. Məlumdur ki, SSRİ-nin qurulmasında konkret olaraq Lenin, Stalin, Beriya, Kirov, Jdanov və b. inqilab lider və fəallarının adları öndə çəkilsə də əslində səhnənin arxa planında çalışan və “qırmızı dalğa”nı şahə gətirən şəxslər də olmamış deyil.

Bunların arasında Lenin və Stalinin sonralar kapitalist, xalq düşməni damğası vurduğu elitarlar, biləyindən istifadə etdiyi quldurlar da olub. Amma bəzən yetərli qalmayanda… homoseksuallar da köməyə çatırdılar. Məsələn, bəzi tarixçilərə görə, SSRİ-nin ən kübar “çekist”lərindən sayılan polyak əsilli Vyaçeslav Menjinski olmadan Stalinin kürsüdə yerini bərkitməsi mümkün olmazdı. Menjinski isə Stalin və Leninə anasının rəfiqəsi – inqilabçı fəallardan olan Yelena Stasova vasitəsilə çatıb. Əvvəlcə bu homoseksuala əhəmiyyət verən olmayıb, çünki o, siyasətdən çox ədəbiyyatla və əlbəttə ki, yaraşıqlı kişilərlə maraqlanırdı. Kapitalist ölkələrinə isə məhz homoseksual məşhurlara münasibətinə görə dəyər verirdi. Məsələn, İngiltərəyə nifrətinin səbəbi cəmiyyətinin Oskar Uaylda qarşı qəddar olması idi. Hərçənd Sovetlərdə də homoseksuallar gül-çiçəklə qarşılanmırdı. Amma sözü keçərli dostların sayəsində irəli getmək həmişə mükün olub. Həmin illərdə Stasova Lenin və Stalinin hər ikisi ilə möhkəm dost münasibətində idi. Xüsusilə Leninin xanımı Nadejda Krupskaya ilə rəfiqə və silahdaş idilər. Menjinski isə bu qadınlarla lider kişilər arasında, eləcə də əliyabalı kəndlilərlə əliqələmli elitarlar arasında bir körpü idi. Yelena Stasovanın yaxın əlalaltısı olmuş bu adam həftə sonları dvoryan, toplum arasında inqilabçı, siyasi dairələrdə fəal, gecələr isə… başqa obrazda çıxış edirdi.

Sovetin müxtəlif illərində ittifaqın bütün ölkələrində kişilər rəhbərlik etsələr də qadınlar da az rol oynamırdılar. Belələri əsasən inqilabi fəaliyyətindən sonra rəhbər mövqe tutmuş kişilərlə evlənən keçmiş fəal qadınlar idi. Amma adını çəkdiyimiz Yelena Stasova isə hakimiyyət zirvəsinə “kişisiz” gələnlərdən idi. Partiyadaşları arasında “Absolyut”, “Quşa”, “Varvara İvanovna”, “Delta” ləqəbləri ilə tanınan bu xanım kasıbların qurduğu dövlətin kübarlarından olub. O, 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda, rus ictimai xadimi, vəkil Dmitri Stasovun ailəsində dünyaya göz açıb. 13 yaşınadək evdə təhsil almış Yelena 1887-ci ildə özəl qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və 1890-cu ildə bu məktəbi qızıl medalla bitirib. Rus dili və tarixindən dərs keçmək hüququ alan Stasova əvvəllər anasının çalışdığı bazar günü məktəbində dərs deməyə başlayıb.
20 yaşında Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olan Stasova onunla birlikdə fəhlələrə dərs keçir və sosial-demokratik təbliğat aparırdılar. Krupskaya onu qeyri-qanuni fəaliyyət göstərən Qırmızı Xaçda siyasi fəaliyyətə cəlb edir. 1898-ci ildən Stasova “Fəhlə sinfinin azadlığı üçün mübarizə ittifaqının” fəal üzvünə çevrilir. 1905-ci ilədək o, Sankt-Peterburq, Oryol, Moskva, Minsk, Vilnüsdə gizli partiya fəaliyyəti ilə məşğul olur və elə 1904-cü ildə Vilnüsdə ilk dəfə həbs edilir. 1905-1906-cı illərdə Stasova İsveçrədə mühacirətdə yaşayır və burada “Proletatirat” qəzetini dərc edir. 1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olur və elə həmin ildə ikinci dəfə saxlanılır. 1907-ci ildə xəstəliyi ilə əlaqədar Qafqaza gəlir. 1907-1912-ci illərdə Tiflisdə partiya-təbliğat işində çalışır. 1912-ci ilin iyulunda Tiflisdən Peterburqa gəlir və burada valideynlərinin mənzilində həbs edilir.
1913-1916-cı illərdə Yenisey quberniyasında sürgündə olur. 1916-cı ildə Petroqrada (Sankt-Peterburqun o zamankı adı) gələn Stasova burada partiya fəaliyyətinə başlayır və yenidən həbsə atılır. Fevral inqilabından sonra o, azadlığa buraxılır. 1919-cu ilin martında Stasova Moskvaya köçür. 1920-ci ildə Mərkəzi Komitə (MK) Stasovanı Bakıya göndərir və o, burada Şərq xalqlarının 1-ci qurultayına hazırlıqda iştirak edir, bolşeviklər partiyasının Qafqaz bürosunda çalışır. 9 sentyabr 1920-ci ildən 15 sentyabr 1920-ci ilədək Stasova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri vəzifəsini tutaraq, qısa bir vaxt – cəmi altı gün ərzində Azərbaycana rəhbərlik etmiş ilk qadın olur. Stasovanın Bakıdakı fəaliyyətinin niyə bu qədər qısa olmasına dair məlumat verilmir. Sadəcə onun MK-nın qərarı ilə başqa bir işə keçirildiyi bildirilir. Rəsmi məlumat olmayınca gümanlar at oynatmağa başlayır. Amma istənilən halda bu qadının sirli tərəfləri təkcə bununla bitmir. Məsələn, keçmiş silahdaşlarını bir-bir aradan qaldıran Stalinin niyə Stasovaya dəyməməsi də maraq doğuran suallardandır. “Lenin qvardiyası”nın sonuncu sağ üzvü inqilabı ilk illərindən, bütün çirkablarından bu yana görmüşdü. Stalin isə çirkabdan çıxmaq üçün “təmizləmə” aparmağı sevirdi. Amma Stasova təmizləmə prosesinə qatılmadı. Bəlkə də uzun illər sovetlərin bütün arxivlərinə nəzarət etdiyinə görə, hətta Stalinin özünün də çox şeyi ondan öyrəndiyinə görə… hər halda bu da sahibləri ilə birlikdə qəbrə gedən sirlərdəndir.

Güman ki, SSRİ-nin “Dəmir Ledi”sinin xarakteri də burada əhəmiyyətli rol oynayıb. Çoxsaylı həbslərdən daşa dönmüş bu möhkəm qadın Stalinin qılıncının ən kəsərli dönəmində belə düşüncələrini saxlamayıb. İnqilabçılara Dəstək Beynəlmiləl Təşkilatının üzvü, yazıçı Pavel Podlyaşuk yazırdı ki, bir dəfə 1937-ci ilin gərgin günlərində Stasova bizi otağına yığıb qaşqabaqla dedi: “Yoldaşlar, həbsxanalarda, sürgünlərdə xalq düşməni adı altında çox dürüst, əsl inqilabçı şəxslər çürüyür. Biz onlara kömək etməliyik. Kimin gücü nəyə çatır. İsti paltar, ayaqqabı, nə olsa onlara göndərməliyik. Bütün bunları mən özüm həmin adamlara çatdıracam”. Yazıçının təsvirinə görə, həmin dəqiqə otaqdakı hamı dəhşətə gəlmişdi – “Xalq düşməni”nə kömək etmək? Bu, intiharın ən qəddar yolu idi. Ona görə də öz hayına qalan işçilər Stasovaya etiraz etdilər. Elə həmin il Stasova növbəti vəzifəsindən də getməli olmuşdu. Bəlkə də Azərbaycan hakimiyyətindən də getməyinə səbəb belə dürüst, cəsarətli, ədalətli davranışları idi ki, yuxarının işinə yaramamışdı?! Hər halda Yelena repressiyadan da yaxasını kənara çəkə bildi, leninçiləri, stalinçiləri də geridə qoydu, elə Stalinin özündən də çox yaşadı. Stasova 31 dekabr 1966-cı ildə Moskvada 93 yaşında dünyasını dəyişib. Ölümündən sonra meyiti yandırılıb, külü isə Moskvada Qırmızı meydanda Kreml divarında yerləşdirilib.Publika.az

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN