Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ (1.Yazı)

0
562
 XIX yüzildə yaşamış Azərbaycan türk mütəfəkkiri Seyid Əzim Şirvani (1835-1888) 1835-ci ildə Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Uşaqlıq illərini ana babası Molla Hüseynin himayəsində Qafqazın Yaqsay kəndində keçirən, burada mədrəsədə dini təhsil almaqla yanaşı ərəb və farcanı öyrənən Seyid Əzim 1853-cü ildə yenidən Şamaxıya qayıtmışdır. 1855-1858-ci illərdə Bağdad, Şam, Məkkə, Mədinə, Qahirə, Hələb, Təbriz, İsfahan və digər Yaxın Şərq şəhərlərini həm elmini artırmaq, həm səyahət etmək məqsədilə gəzib-dolaşan Seyid Əzim təxminən 1859-cu ilin başlarında Şamaxıya qayıdıraq cəhalətə, avamlığa qarşı çətin bir mübarizəyə başlamışdır. Məhz cəhalətə qarşı mübarizə aparıb millətinə işıqlı yol göstərmək uğrunda mübarizə aparan Seyid Əzim 1874-cü ildə Şamaxıda fəaliyyətə başlayan yarı mülki, yarı ruhani məktəbdə fars və türk (Azərbaycan) dili müəllimi təyin olunmuş, eyni zamanda 1877-ci ildən Şamaxı şəhər məktəbində də dərs vermişdir. O, 1879-cu ildə siyasi cəhətdən şübhəli hesab edilərək müəllim vəzifəsindən uzaqlaşdırılsa da, bu uzun sürməmişdir. Şair Tiflisə gedib müfaviq orqanlara şikayət etməklə öz yerinə bərpa olunmuşdur. O, 1888-ci il mayın 20-də müəmmalı şəkildə ölmüşdür. Seyid Əzimin başlıca əsərləri aşağıdakılardır: “Təzkirə”, “Divani-türki”, “Rəbiül-ətfal”, “Tacül-kütub” və b. İctimai-maarifçi görüşləri. Bizcə, S.Ə.Şirvaninin dünyagörüşündə dini və ictimai maarifçilik görüşləri bir yerdə şərh olunmalıdır. Qeyd edək ki, o bir tərəfdən maarifçiliyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən əhalinin maariflənməsinin türk dilində yazılan kitablarda öz əksini tapmasının vacibliyi göstərirdi. Bu anlamda o, Zərdabiyə göndərdiyi məktublarının birində məktəblərdə türk dilində şəriət dərsliklərinin olmadığını və bu dildə bir kitab yazdığını bildirmişdir: “Bizim məktəb¬lərdə oxumağa türki dilində uşaqlar üçün şəriət kitabları yoxdur. Mən bir müxtəsər türki dilində «Zakon-bojiy» kitabı yazmışam”. Başqa bir məktubunda isə Şirvani Zərdabiyə yazır ki, «…öz türki lisanımızda çox asan ibarələrlə bir türki kitab nəzm etmişəm». Eyni zamanda türk dilinin qədimliyi ilə öyünən S.Ə.Şirvani, «Əkinçi»nin nəşri ilə əlaqədar onu belə tərif etmişdir: Neçə müddətdi ki, Həsənbəyi-zar, Hüsnü-tədbir ilə o fəxri-kibar, Öz qədimi lisanımızda haman, Qəzetə çapını edib ünvan.. Deməli, Türk dilində maarifləndirmənin vacibliyini önə çəkən S.Əzim elə doğma dilində də Qafqaz, o cümlədən Azərbaycan türklərinin cəhalətinin, avamlığının səbəblərini izah etməyə çalışmışdır. S.Əzim yazır: Nə səbəbdən zəlilü xar olduq, Ərzəli-xəlqi-ruzigar olduq? Gər özün tap¬san, ey vəfa kanı, Sənə qurban bu Seyyidin canı!». Onun fikrincə, Qafqaz, o cümlədən Azərbaycan türklərinin başqa millətlərdən geridə qalmasının səbəbi isə islam dini deyil, müsəlmanların-türklərin özlərinin millət qeyrəti çəkməmələridir. Kimsə naxoş olanda onun dərdinə dərman axtarıldığını bildirən Şirvaniyə görə, Qafqaz müsəlmanları məhz riyakar ruhanilərin də oyunlarına gələrək öz nadanlıqları üzündən tərəqqidən uzaq qalıblar. Şirvani yazır: İndi naxoşdu-milləti-islam, Ona lazımdır eyləmək əncam. Dərdimizdir bu dərdi-nadanlıq- Ki, tutubdur bizi pərişanlıq. Qeyrilər etdilər tərəqqiyə-tam, Qaldı zillətdə firqeyi-islam. S.Ə.Şirvani müsəlmanların günü-gündən zəlil olub «naxoş»lamalarının səbəbini yalnız onlarda «millət qeyrəti¬nin» az olmasında deyil, həm də onların savadsızlıq¬larında görürdü. Elm və tərbiyə əldə etməyin faydasını dəfələrlə qeyd edən, tərəq¬qinin ancaq elmə bağlı olduğunu söyləyən ziyalıya görə, elm təkcə müsəlman uşaqlarına öyrədilən «Nəhv» və «Sərf», «Gülüstan», «Bustan», «Leyli və Mə¬c-nun», «Vəsfi-badəfüruş» və bu kimi digər kitablardan ibarət deyil. Onun fikrincə, bu baxımdan müsəlmanlar arasında elmi kimdən öyrən¬mə¬yin və hansı elmləri öyrənməyin özü də problemdir. Şirvani yazır: Hansı məktəbdə fövci-ətfali, Hansı bir elmdən edək hali? Məktəbi-tibb, ya ki hikmətdən? Ya ki hərbiyyə, ya ki hirfət¬dən?. S.Ə.Şirvani müsəlmanların ağır günə düş¬mə¬lə¬rinin səbəbini H.Zərdabi kimi başa düşsə də, bütün bunlardan çıxış yollarını göstərərkən ümumi teziszlərdən çıxış etmişdir. Şirvaniyə elə gəlmişdir ki, əgər islama, şəriət qanunlarına olduğu kimi əməl edilərsə və bu dövrdə Avropada da geniş yayılan mütərəqqi ideyalar – yeni üsullu məktəblər, qəzetlər yaranarsa, dünyəvi elmlər öyrənilərsə onda İlam xalqları, o cümlədən Qaqfaz türkləri də inkişafa qədəm qoyacaqlar. Bu baxımdan müsəlman¬la¬rın cəhalətdən, avamlıqdan qurtarıb inkişaf etməsi yolların¬dan birini yeni tipli məktəblərin açılmasında görən S.Ə.Şir¬va¬ni bu işin başlıca iştirakçılarından biri olmuşdur. Bu məsələdə ona H.Zərdabinin, eləcə də «Əkinçi» qəzetində irəli sürülən Türk, İslam və Qərb ideyalarının güclü təsiri olmuşdur. Belə ki, Şirvani Şamaxıda açılan yeni tipli məktəbdə Zərdabinin ən azı mənəvi əməyinin olmasını etiraf edirdi. S.Ə.Şirvaniyə görə, yeni məktəblərdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də öyrədilməlidir. Lakin müsəlman¬lar arasından dünyəvi məktəbin və qəzetin əleyhinə olanlar da var idi: müsəlmanlar uşaqlarını nə məktəbə qoyurlar, nə də qəzet oxuyur¬dular. Başqa müsəl¬man¬lara örnək olmaq məqsədi ilə Şirvani oğlunu Şamaxıda açılan yeni mək¬tə¬bə qoyduğuna görə xalqın məzəmməti ilə qarşılaşır. Bu zaman oğluna xitabən o, yazır: Demirəm rus, ya müsəl¬man ol, Hər nə olsan get, əhli-ürfan ol! Eyni za¬manda Şirvaninin soydaşları yeni məktəbə qarşı çıxdıqları kimi, qəzetin də əleyhinə idilər. S.Əzim isə hər iki halda Zərdabinin tərəfini saxlayaraq dünyəvi məktəbin və qəzetin zəmanənin tələbi olduğunu müsəlmanlara anlatma¬ğa çalışır və qeyd edirdi ki, burada şəriətə zidd heç nə yox¬dur. H.Zərdabini «millətin xeyirxahı» adlandıran S.Ə.Şir¬va¬ni¬də millət təəssübkeşliyinin yaranma¬sında onun böyük rolu olmuşdur. Zərdabinin Qafqazda ilk dəfə türkcə qəzet çıxar¬ma¬sını böyük bir yenilik hesab edən S.Ə.Şirvani «Əkin¬çi»nin yaranmasını mühüm hadisə kimi dəyərləndirirdi. Yeni tipli məktəb və qəzetlərlə yanaşı, Qərbdə mövcud olan dünyəvi elmlərin Qafqazda yayılmasını da təbliğ edən S.Əzim qeyd edir ki, artıq bütün dünya oyanıb, işlər sahmana düşüb. Ancaq «İslam milləti»nə gəlincə, vəziyyətin tamamilə əksinə olduğuun etiraf edən ziyalının fikrinə görə, biz babalarmızda nə görmüşüksə hələ ona əməl edirik. Artıq avropalılar Ay, Günəşin nədən tutulmasını, zəlzələnin nə¬dən baş verdiyini bildiyi halda, müsəlmanlar hələ də xürafat içindədirlər və elmə inananlar kafir ad¬lan¬dırılır. Şirvani dindaşlarını inandırmağa çalışırdı ki, burada heç bir küfr yoxdur: Bi¬xəbər olmuşuq şəriətdən, Başımız çıxmır elmi-hik¬mət¬dən. Onun fikrincə, bu gün Avropanın kəşf etdiyi bir çox ixtiralar Quranda da öz əksini tapmışdır. Sa-də¬cə, indiyə qədər din başçıları Quranı xalqa olduğu kimi çat¬dırmayıblar. S.Ə.Şirvani həmin ruhaniləri nəzərdə tutaraq yazır: Hanı islam üçün sərəncamın? Yerə girsin o müctəhid namın! Söylədin teleqramı elmi-bəlis- Ki, onu ixtira edib iblis. Kari-şeytan dedin dəmir yolunu, Xəlqə etdin həram Dum pulunu. Xaçpərəstlər təmam düşdü qa¬baq, Tökülüb dalda qaldıq, ay sarsaq! Aldı əhli-kitab dün¬ya¬nı, Şərh edirsən sən indi Quranı?! Əhli-islam oldu xarü zə¬lil, Baisi sənsən, ey imami cəlil! Sən bizi nəfə etmədin vasil, Barı qoy özgə elm edək hasil. Bizi bəsdir bu qədər aldatdın, Dini dinarə hər zaman satdın. O güman edirdi ki, əgər müsəlmanlar dünyəvi elmləri öyrənsələr, Quranın mütərəqqi din olduğunu daha yaxın¬dan anla¬mış olarlar. Bu baxımdan S.Əzim müsəlmanları dini elm¬lər¬lə bərabər coğrafiya, etika, tarix və bu kimi dünyəvi elm¬lə¬ri də öyrənməyə dəvət edirdi. O, ümidini üzmür və islam millətlə-ri¬nin də bir gün oyanacağına inanırdı. Onun fikrincə, bu¬nun üçün köhnə dünya ilə vidalaşmaq və yeni dünyaya daxil olmaq lazımdır: Gətirmək tazə üsluba gərəkdir köhnə dünyanı. Deməli, o, Qərb mədəniyyətinin bəzi cəhətlərini təqdir etməklə yanaşı, ümumilikdə nicat yolunu İslam mədəniyyətindən, Türk mənəviyyatından kənarda axtarmağı mənasız görmüş, bu mə¬na¬da ortaq mövqeden çıxış etməyə cəhd göstərmişdir. Hər halda Şirvani Bakıxanov kimi Qərb mədəniyyətindən tamamilə kənarda durmasa da, Axundzadə kimi də İslam-Türk mədəniy¬yət¬indən birdəfəlik əl çəkməyi də doğru hesab etməmiş, bu anlamda Zərdabinin yoluna yaxın orta bir yol izləmişdir.


 AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN