Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ (Ihissə)

0
994

XIX əsr Azərbaycan Türk mütəfəkkiri Mirzə Fətəli Axundzadə (1812-1878) Şəkidə anadan olmuşdur. 1845-ci ilin oktyabrında Tiflisdə şeyxülislam, Tiflis axundu Məhəmmədəli və başqa 23 nəfərin imzası ilə yazılmış M.F.Axundzadəyə aid «şəhadətnamə»də yazılır: «Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar» (14, 222). 1814-cü ildə atası Mirzə Məhəmmədtağı ailəsini doğma yurdu olan Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə aparmışdır. 13 yaşınadək Xamnədə yaşayan Mirzə Fətəli Mollaxanada təhsil almışdır ki, Şəkiyə geri döndükdən sonra da Axund Hacı Ələsgərin sayəsində dini elmləri öyrənməyə davam etmişdir. 1832-ci ildə Gəncə mədrəsəsində dini təhsil alarkən M.Ş.Vazehin tövsiyəsi ilə dünyəvi elmləri də öyrənməyə başlayan Mirzə Fətəli 1834-cü ilin noyabrından Tiflisdə Qafqazın baş hakimi Rozenin dəftərxanasında Şərq dilləri mütərciminin şagirdi vəzifəsində çalışmağa başlamışdır. Beləliklə, əvvəlcə mütərcim kimi işə başlayan Axundzadə 1836-cı ilin sonlarından etibarən pedaqoji fəaliyyət də göstərir; Tiflis qəza məktəbində Azərbaycan Türk dili müəllimi vəzifəsinə təyin olunur. 1840-cı ilin aprelində Zaqafqaziya ölkəsi idarəsinin Baş dəftərxanasının mütərcimi vəzifəsinə təyin olunan Axundzadə sonralar bu sahədə yüksək vəzifələrə çəkilməklə yanaşı, Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin üzvü seçilmiş və Qafqaz ordu hissəsində hərbi qulluğa təyin olunmuşdur. Onun başlıca fəlsəfi və ictimai-siyasi əsəri “Kəmalüddövlə məktubları” və bir sıra məqalələri, müəyyən qədər də “Aldanmış kəvakib”dir. O, bütün mü¬səl¬man Şərqində, o cümlədən Azərbaycan xalqının fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və liberal ən¬ənə¬lə¬rin banisi hesab olunur. Buna səbəb kimi də M.F.Axund¬zadənin mü¬səlman mütəfəkkirləri arasında ilk dəfə Qərb mədə¬niy¬yə¬ti¬nə, Qərb fəlsəfəsinə aid anlayışları, yəni «liberalizm», «de¬mo¬kra¬tiya», «parlament», «sivilizasiyon», «patriot», «revolyusiya» və sairəni şərh etməsi, eyni zamanda Avropa dəyərlərinin İslam Şər¬qi ölkələrində də tətbiq olunmasının zəruriliyini gös¬tər¬məsi irəli sürülür. Bəzi tədqiqatçılara görə, M.F.Axundzadənin elmi-fəlsəfi, ictimai-siyasi, bədii, publisistik yaradıcılığı xalqa xidmətlə bağlı olmuş, onun elmi-fəlsəfi irsi bir xalqın mədəniyyəti ilə məhdudlaşmamış və bəşəri xarakter daşımış¬dır. Bu cür baxışın müəlliflərinə görə, Axundzadə müsəlman mütəfəkkirləri arasında ilk dəfə olaraq siyasi, sosial, dini problemlərə daha cəsarətlə, tənqidlə yanaşmışdır ki, bu da onun eyni dövrdə yaşadığı başqa mütəfəkkirlərdən başlıca üstün¬lüyü, fərqi idi. Həmin tədqiqatçılar hesab edirlər ki, dövründəki dini xürafatı, mövhumatı, bir çox ruhanilərin, mollaların riyakarlığını daha cəsarətlə tənqid edən Axundzadə mövcud reallıqları dərindən dərk etmiş, Qərbi Avropa dəyərlərini mənim¬səməyə çalışmış və bir sıra islahatçı təkliflərlə çıxış etmişdir. Hesab edirik ki, M.F.Axundzadənin yaradıcılığı təfsir edilərkən bəzi məqamlar, o cümlədən onun İslam dininə olan radikal tənqidi münasibətinin, bunun müqabilində Qərb mədəniyyətinə və irançılığa isə ifrat müsbət yanaşmasının əsil mahiyyəti nəzərdən qaçırılmışdır. Bu səbəbdəndir ki, Sovetlər Birliyi dönəmində M.F.Axundzadə birmənalı şəkildə materializmin, ateizmin, inqilabi-demokratiyanın Azərbaycanda banisi sayıldığı halda, indi də bəzi tədqiqatçılar onu yeri gəldi-gəlmədi milli ideoloqa çevirir, yaxud da az qala İslam ideoloqu etməyə cəhd göstərirlər. Əlbəttə, M.F.Axundzadənin Azərbaycan türklərinin tarixində, milli mənəviyyatında oynadığı mühüm rolu inkar etmək mümkün deyil. Ancaq bu, heç də onun yaradıclığında məhdud olan və milli məsələlərlə ayaqlaşmayan məqamları qeyd etməyimizə əngəl olmamalıdır. Ümumiyyətlə, Axundzadə ideyalarının Azərbaycan milli fəlsəfəsinə təsiri baxımından yeri və rolunu üç mərhələyə bölmək olar: 1) XIX əsrin sonu, XX əsrin əvvəlləri (1920-ci ilə qədər), 2) Sovetlər Birliyi dönəmi (1920-1991), 3) Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyi bərpa edildikdən sonra (1991-…). İlk mərhələ də (XIX əsrin sonu, XX əsrin əvvəlləri) Axundzadə daha çox milil fəlsəfi təfəkkür prosesində müsbət rol oynamışdır. Fikrimizcə, buna əsas səbəb həmin dövrdə Axundzadənin «Kəmalüddövlə məktubları» əsərindən demək olar ki, xalqın, o cümlədən ziyalıların xəbərsiz olması idi. Ola bilsin ki, bu dövrdə Axundzadənin bəzi məqalələrində İslama münasibətdə tənqidi mövqe tutması bəlli imiş, ancaq bu, «Kəmalüddövlə məktubları» ilə müqayisə oluna bilməz. Ona görə də, ilk mərhələdə H.b.Zərdabi, F.b.Köçərli, Ə.M.Topçubaşov, Ə.b.Haqverdiyev, Y.V.Çəmənzəminli, Hüseyn Minasazov, Həmzət bəy Şirvanski və başqaları Azərbaycan türklərinin inkişafında Axundzadənin yerini və rolunu dəyərləndirərəkən, «Kəmalüddövlə məktubları»ndan xəbərsiz olublar. F.Köçərli «Azərbaycan türklərinin ədəbiyyatı» əsərində Axundzadənin əlifba islahatını, türkcə komediyalarını yüksək qiymətləndirmiş, onu zəmanəsinin Tolstoyu, Musa Bigiyevi adlandıraraq Azərbaycan türklərinin oyanışında misilsiz xidmətlər göstərdiyini yazmış; H. Minasazov 1903-cü ildə «Tiflisskiy Listok» qəzetində nəşr olunan «Mirzə Fətəli Axundov» məqaləsində mütəfəkkiri millətin inkişafı uğurunda mübarizə aparan ziyalı kimi qələm vermiş; H.Şirvanski isə Axundzadəni «həyatımızın qaranlıq dövründə fikir köləliyinə, iradə tabeliyinə, nadanlığa və qaranlığa hücüm edən fədəkar döyüşçü», «mübariz filosof» kimi dəyərləndirmişdir. Sovet dövründə Axundzadəyə diqqət, onun islama qarşı yönəlmiş və daha çox «farsçılıq» təsiri bağışlayan, rusların isə bolşevik ideologiyasına uyğunlaşdırdığı «Kəmalüddövlə məktubları» ortaya çıxdıqdan sonra (1924) artmışdır. Belə ki, Sovetlər dönəmindəki ilk axundzadəşünaslar (C.Məmmədquluzadə, Hənəfi Zeynallı, Mikayıl Rəfili, Əmin Abid və b.) «Kəmalüddövlə»yə əsaslanaraq onun ideyalarını marksizm-leninizmə uyğun şəkildə şərh etməyə çalışmışlar. H.Zeynallıya görə Axundzadə bütün türk-tatar aləmini dindən azad olmağa, avropalaşmağa dəvət etmiş, Mikayıl Rəfilinin fikrincə isə Axundzadə rus ziyalıları ilə bağlı olmuş, dini tənqid edərək fransız materialistlərinin yolunu davam etdirmişdir. 1940-cı illərdən başlayaraq isə Axundzadə H.Hüseynov, M.C.Cəfərov, Feyzulla Qasımzadə, M.M.Qasımov, Ə.Əhmədov, Ə.Mirəhmədov, Şeydabəy Məmmədov, İ.Rüstəmov, F.Q.Köçərli, Y. Qarayev və başqaları tərəfindən materializmin, ateizmin, inqilabi-demokratiyanın Azərbaycanda banisi, ideoloqu kimi qiymətləndirilmişdir. H.Hüseynov «XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən» (1949) əsərində «Kəmalüddövlə»ni Axundzadənin ən dəyərli əsəri hesab edərək, onu mübariz ateist və materialist və inqilabi-demokratiyanın banisi saydığı halda, Feyzulla Qasımzadə Axundzadədən inqilabçı-demokrat kimi danışmış, islamı tənqid etməsinin səbəblərini göstərmiş və milli şüurun formalaşmasında rolundan bəhs etmişdir. Şeydabəy Məmmədov isə «M.F.Axundovun dünyagörüşü» (1962) monoqrafiyasında Axundzadəni dini-sxolastik Şərq fəlsəfəsinə zərbə vuran və Azərbaycanda mübariz materializmin əsaslarını qoyan bir filosof olduğunu irəli sürmüşdür. Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra (1991) isə bəzi tədqiqatçılar (Yaşar Qarayev, S.Xəlilov, F.Q.Köçərli, Həmid Məmmədzadə, Əlikram Tağıyev, Azər Mustafayev, Məmməd Balayev, Həsən Həsənov və b.) Axundzadənin milli bir ideoloq olduğunu sübuta yetirmək üçün yazırlar ki, Axundzadə İslam dinini tənqid etməklə də, İslam xalqlarının mənafeyini düşünmüşdür! Bəzi tədqiqatçılara görə, Axundzadə ilə başlayan maarifçilk hərəkatının inkar olunması 150-200 illik bir düşüncə tərzinin üstündən qara xətt çəkmək deməkdir. Onlara görə, Axundzadənin yaradıcılığında bəzi məhdud cəhdlər, Avropaya həddən arıtq aludəçilik olmuşudr ki, bunu da dövrün xarakteri və tələbləri ilə bağlamaq lazımdır. Bu baxımdan akademik Firudin Köçərli «M.F.Axundovun dünyagörüşü» (1999) monoqrafiyasında artıq Axundzadəni inqilabçı-demokrat deyil, milil demokrat adlandırır, onun demokrat idealları uğurunda mübarizə aparmasından, eyni zamanda Axundzadənin milli maarifçiliyin, milli dilin, milli şüurun, milli dövlətçilik ənənələrinin yaranmasında rolundan bəhs etdiyi halda, S.Xəlilov hesab edir ki, Axundzadə «öz milli mahiyyətini dərindən dərk etdiyindən və məhz millətini ürəkdən sevdiyindən ətalətdən xilas olmağa və sivilizasiyanın yeni nailiyyətlərinə yiyələnməyə səsləyir, öz həmvətənləri arasında maarifçilik ideyalarını yaymağa çalışırdı». S.Xəlilova görə, Axundzadə «…fransız maarifçilərinin, rus inqilabçı demokrat¬larının, dekabristlərin inqilabi ruhunu və maarifçilik missiyasını Şərqə təqdim etməklə və düşüncə tərzləri, biliklər və mədəniyyətlər arasında körpü atmaqla Azərbaycan üçün misilsiz xidmət göstərmişdir». Yaşar Qarayev də yeni dövrdə, Axundzadə ilə bağlı yazdığı məqalələrində artıq onu inqilabçı-demokrat, materializmin ideoloqu kimi deyil, milil demokrat, milləti yaradan, milli ideologiyanın banisi kimi dəyərləndirir. Axundzadənin gördüyü işləri Nizami Gəncəvi, Məhəmməd Füzuli dühasının miqyasları ilə müqayisə edir, onun milli dilin formalaşmasında müstəsna xidmətindən bəhs edir, milli əməllərini bir Akademiya, universitetin gördüyü işlər kimi qiymətləndirir. Sözün açığı, 2007-ci ildə nəşr olunmuş “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” kitabımızda, Rəsulzadənin ideya sələflərindən bəhs edərkən biz də, mövcud ədəbiyyatın təsiri altında Axundzadənin yaradıcılığına çox yüksək münasibət bəsləmişik: “Yeni və ən yeni dövrdə çağdaş Azərbaycanın ən böyük filosofu, mütəfəkkiri M.F.Axundzadənin bütün elmi-fəlsəfi, ictimai-siyasi, bədii, publisistik yaradıcılığı xalqa xidmətlə bağlı olmuş, onun elmi-fəlsəfi irsi bir xalqın mədəniyyəti ilə məhdudlaşmamış və bəşəri xarakter daşımışdır. Axundzadə Azərbaycan (quzeyli, güneyli) mütəfəkkirləri arasında ilk dəfə olaraq ictimai-siyasi, sosial, dini və s. problemlərə daha cəsarətlə, tənqidlə yanaşmışdır. Axundzadənin onunla eyni dövrdə yaşamış başqa mütəfəkkirlərdən başlıca üstünlüyü, fərqi də məhz bu, olmuşdur. Onun başlıca fəlsəfi əsəri olan «Hind şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəlalüd¬dövləyə məktubları və Cəlalüddövlənin ona cavab məktu¬bu» bütün mənalarda yenilikçi, realist, tənqidi, düşündürücü və s xarakter daşımış, belə demək mümkündürsə yeni dövr Azərbaycan fəlsəfəsinin təməl prinsiplərini müəyyənləşdir¬mişdir”. Hazırda M.F.Axundzadəni irsinin obyektiv araşdırılması ilə bağlı fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin hələ 1992-ci ildə qələmə aldığı «VII-XVI əsrlərdə Azərbaycan fəlsəfəsi tarixindən» monoqrafiyasında irəli sürdüyü obyektiv fikirlərlə razılaşmamaq olmur. Z.Quluzadəyə görə, Axundzadə bir çox böyük milli əməlləri ilə yanaşı, bir sıra məsələlərin dəyərləndirilməsində qeyri-dəqiqliyə, tarixi məhdudiyyətlərə yol vermişdir. Bu baxımdan, hazırda Axundzadə irsinə obyektiv münasibət bəsləməyin zərurliyini Z.Quluzadə nisbətən doğru göstərə bilmişdir. Biz də, Axundzadənin yaradıcılığını, o cümlədən onun fəlsəfi və ictimai məsələlərdə tutduğu mövqeyi araşdıraraq bütün böyük əməllərlə bərabər, bəzi məhdudiyyətləri aşkara çıxarmış və münasibətimizi bildirmişik. Hesab edirik ki, Axundzadənin fəlsəfi və ictimai görüşlərini dərindən təhlil etmədən hər hansı nəticələr çıxartmaq doğru deyildir. Bu anlamda onun maarifçilikdən tutmuş fəlsəfi düşüncələrinə qədər hər bir məqam diqqətlə təhlil olunmalı, Axundzadənin Azərbaycan Türk fəlsəfəsindəki yeri obyektiv şəkildə dəyərləndirilməlidir. Bunun üçün də Axundzadənin fəlsəfi və ictimai fikir tariximizdəki yerini aşağıdakı şəkildə şərh olunmasını doğru hesab edirik: 1) İctimai-siyasi baxışlarında Şərq-İslam-Türk mədəniyyəti ilə Qərb-Rus-Fars mədəniyyətinin qoyuluşu və həll yolları, 2) Fəlsəfi baxışlarında din məsələsinin qoyuluşu və materalizm məsələsi.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent