Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ (6.Yazı)

0
835
 Zərdabinin fəlsəfi görüşlərinə gəlincə, bu daha çox öz əksini təfəkkürün varlığa, ruhun təbiətə münasibətində tapmışdır. O, kainatın yaranışı, Günəş və Ayın tutulması ilə bağlı formalaşımış dini mövhumat və dini xurafatı tənqid edərkən özünəməxsus şərhlər də vermişdir. Məsələn, Zərdabi də hesab edir ki, Günəş birdən-birə deyil təkamül yolu ilə materiyanı əhatə edən dumanlıqdan ortaya çıxmışdır. O, Günəş sisteminin ortaya çıxması ilə bağlı “Yeni ulduzlar” məqaləsində yazırdı: “Ehtimal ki, elə bir il, hətta elə bir gün olmur ki, ucsuz-bucaqsız kainatın hər hansı bir nöqtəsində günəşlər öz aralarında toqquşaraq, planetləri ilə birlikdə közərmiş kütlələrə çevrilməsin. Bu zaman onların yerində son dərəcə böyük dumanlıq əmələ gəlir ki, Laplasın məşhur fərziyyəsinə görə, bu dumanlıqdan yeni planet sistemi inkişaf edəcəkdir”. O, Günəş sistemi kimi, Yer kürəsinin yaranmasını da təkamül əsasında izah etmiş və onun öz qanunları ilə idarə olunduğuna inanmışdır. Ona görə, Yer kürəsi milyon illər nəticəsində indiki halına gəlib çıxmışdır: “Elmə və hükəmanın əqidəsinə görə Küreyi-ərz əmələ gələndə artıq istidən ərimiş şeylərdən mürəkkəb imiş. Çünki belə su kimi havada olanda kürə olub və kürə fəzada, yəni dünyaları əhatə edən boşluqda dövr edən zaman bu boşluğun mürur ilə soyuyub üzü qabıq bağlamış… Küreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə də 10-20 milyon ildən də ziyadədir. Ona görə bu zamanda qoca Yerin üzündə xeyli təğyir və təbəddülat vaqe olmuşdur… Yer üzündə olan hər bir qatın ömrünü, yəni o qat əmələ gələn zəmanənin uzunluğunu mü¬la¬hizə edəndə məlum olur ki, bizim Küreyi-ərz çox qədimdir”. Eyni zamanda, o, materiyanı vahid vücud kimi görmüş, yəni maddi və mənəvi olanların bütünlüyündən çıxış etmişdir. Zərdabiyə görə, materiyada baş verən bütün hadisələr bir-birilə bağlıdır. Ancaq bu bağlılıq Günəş sistemi ilə əlaqədardır, ulduzların düzülüşünə görə deyil. Bir sözlə, bütün kainat vəhdətdədir, ancaq bu vəhdət Ay və ulduzların Yer kürəsinə təsirindən çox Günəş sisteminin tərkib hissəsi olmağına aiddir. Zərdabi yazır: “Bir vaxt insanlar inanmışlar ki, səma cisimləri Yer üzündə həyatın gedişinə bilavasitə təsir edir. Göy cisimlərinin bu təsirilə məşğul olan ayrıca bir elm-astrologiya mövcud idi. Şahzadə nisbət ailələrin bu və ya başqa üzvü dünyaya gələrkən bu elmin xadimləri çağırılardı ki, onlar da göy cisimlərinin bir-birinə nisbətən düzülüşlərini müşahidə edərək yeni doğulmuş uşağın taleyi haqqında nəticə çıxarardılar. Buradan da belə bir məsəl meydana gəlmişdir: filankəs xoşbəxt ulduz altında doğulmuşdur. Lakin dəqiq elmlər astrologiyanı puça çıxartdı: elm Yer üzərində həyati hadisələrin Günəş yaydığı istidən və işıqdan asılılığını sübut edib, digər səma cisimlərinin təsirini kənar etdi və beləliklə, astrologiyanı dəfn edərək bütün Yer üzərində yaşayanlar üçün ümumi qanun olduğunu müəyyən etdi”. Ancaq Zərdabi onu da istisna etmir ki, Günəş, Ay və Yerdə baş verən hadisələr arasında bağlılıq vardır. Belə ki, Günəş və Ayın təsirindən Yer kürəsində dənizlər qalxır, sel daşqınları olur. O yazır: “Küreyi-ərz, Ay, Gün və qeyr ulduzların bir-birlərini ahənrüba kimi çəkib dövr etməgi məlumdur. Ulduzlar Küreyi-ərzdən çoz uzaq olduqlarına onların Küreyi-ərzə gücü də azdır. Amma Ay və Gün Küreyi-ərzə yaxındır və gücləri də artıqdır. Onların gücündən Yer üzündə olan hava və su qismi şeylər qalxıb hündür olur. Ay və Gün Yerin üzdəki şeyləri hərə bir tərəfə çəkdiyi vəqtdə o şeylər az qalxır, amma ikisi də bir tərəfə çəkəndə artıq qalxır”. Zərdabi “Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri” məqaləsində isə yazır ki, Yer kürəsi və Ay arasında xüsusilə əlaqə vardır: “Budur 20-ci əsrin ərəfəsində yenidən belə bir sual meydana gəlir: axı, bəlkə də yer üzərində həyat həqiqətən göy cisimlərinin təsirindən tamam azad deyildir. Amma belə şübhə ancaq Ayın üzvi həyata təsiri haqqında yaranmışdır, yəni Ayın öz orbiti üzrə hərəkətinin bioloji əhəmiyyəti bütün elm xadimlərinin diqqətini özünə cəlb etmişdir”. İ.Rüstəmov hesab edir ki, Zərdabi Günəş sisteminin müxtəlif planetləri arasındakı əlaqə və asılılıqdan mühüm materialist nəticələr çıxarmışdır: “Zərdabi Günəş və Ayın tutulması hadisəsinin Günəş, Ay və Yerin bir-biri ilə qarşılıqlı əlaqəsi və hərəkət qanunları ilə izah edir. O, Günəş sisteminin bu üç böyük üzvünün hərəkət və inkişaf qanunauyğunluqları haqda elmi nəticələrə əsaslanaraq, mövhumatın güclü olduğu bir şəraitdə Ay və Gün tutulmasının ilahi mahiyyəti haqqında uzun müddət şüurlarda kök salmış yanlış təsəvvürlərə zərbə endirir və bu barədə maraqlı mülahizələr söyləyir”. Şüuru materiyanın məhsulu kimi, materiyadan sonra yaranmasına inanan Zərdabinin fikrincə, “şüur, hər cür üzvi materiyanın deyil, yüksək dərəcədə təkmilləşmiş canlı materiyanın, insan beyninin məhsuludur”. O, yazır: “İnsanın hər bir hərəkəti və fikir dərəcatı beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər tərəfinə damarları gedir. Necə ki bir maşının hər bir puçi və digircəyi o maşın üçün lazımdır və onsuz maşın işləməz, habelə bədənin hər bir əzası ona lazımdır, onsuz bədən iş görməz, yəni tələf olur”. Zərdabiyə görə, insan təbiətin məhsulu olduğu üçün, ona məxsus olan şüur ya da beyin onunla birlikdə təkamül prosesi nəticəsində meydana çıxmışdır. Bir sözlə, bu məsələni də daha çox materialistcəsinə izah edən Zərdabinin fikrincə, əvvəlcə cansız materiya, daha sonra şüursuz olan canlı materiya və sonunda da şüurlu canlı materiya təşəkkül tapmışdır. Zərdabi yazır: “Yer üzərində əvvəl nəbatat və heyvanat əmələ gəlmiş… və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun kəmiklərinin, ya bir qeyri hissənin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur”. “Elmi-heyvanatdan” adlı məqaləsində isə o, yazır ki, bitkilər, heyvanlar və insanlar bir mənşədən törəmişlər. Xüsusilə, heyvanlarla insanlar arasında ümumi oxşarlıqlar vardır. Zərdabi yazır: “İnsanın bədəninin üzvlərindən danışan vəqtdə arabir deyirik ki, filan heyvanın filan üzvünə bax. Həqiqət, insan da qeyr heyvanların birisidir… İnsan yemək-içməkdə, nəfəs almaqda, doğub-törəməkdə və qeyridə heyvandır və heyvanlar zümrəsinə daxildir”. Ancaq ümumi mənşə etibarilə insanlar heyvanlar aləminə daxil olsalar da, şüur sahibi olmaqlarına və əmək alətlərindən istifadə etmək bacarıqlarına görə, digər canlılardan fərqlənirlər. Xüsusilə, insanın şüurunun meydana gəlməsi nəticəsində, yəni əqlinə görə digər canlılardan fərqli duruma düşmüşlər. Bunu, hələ qədim filosoflar təsdiq edərək yazıblar ki, insan da heyvandır, yalnız əqli olduğuna görə heyvanların padşahıdır. Zərdabi yazır: “İnsan və heyvanların padşahı olmağı xüsusunda deyirmişlər ki, insanın bədəni çılpaq olduğuna heyvanın bədənindən zəifdir, amma insan ağıl ilə parça toxuyub, öz üryan bədəninə paltar tikmək ilə və təmirat bina edib özünü havanın dəyişilməyindən mühafizə etmək ilə öz zəif bədənini heyvandan yaxşı saxlayır. İnsanın iti dişi, dırnağı, buynuzu yoxdur, amma ağıl ilə insan ox, bıçaq və qeyr alət qayırıb, heyvanatın diş və dırnağından özünü mhafizə edir. İnsanın bədəni düz durmaq səbəbinə onun üçün çabuqluq, yəni yeyin yürümək mümkün deyil, amma at, eşşək və qeyr heyvanları tutub, öyrədib handa bir yeyin heyvana faiq gəlir. Xülasə, insan ağlı artıq olmaq səbəbinə hər bir heyvanata faiq gəlir. Pəs insan heyvanların padşahıdır”. Zərdabi belə bir qənaətə gəlir ki, insanda təkamül nəticə¬sində ortaya çıxan şüur materiyanın inkişafının ən ali mərhələsidir. Zərdabiyə həsr etdiyi moqrafiyasında onun şüura olan münasibətini şərh edən prof. İzzət Rüstəmova görə, o, nə idealist¬lər kimi şüuru qeyri-maddi substansiya olan “ruhun” məhsulu hesab etmiş, nə də şüuru materiyanın forması, üzvi materiyanın məhsulu kimi görmüşdür: “Zərdabi hər iki nöqteyi-nəzərin əsassız olduğunu göstərərək, konkret surətdə sübut edir ki, şüur nə materiyanın bir formasıdır, nə də hər cür üzvi materiyanın məh¬su¬lu¬dur. Şüur psixi fəaliyyətin yüksək forması olmaq etibarilə üzvi materiyanın inkişafının çox yüksək məhsulu kimi meydana gəl¬midşir. Şüur materiyanın bir forması deyil, onun inikasıdır”. Şüurun əmələ gəlməsi, beyin və şüura aid məsələləri izah edərkən Zərdabi yazırdı ki, beyinlə şüurun qarşılıqlı əlaqədə olması şübhəsizdir. Çünki insan beynində baş verən xəstəliklər insanın şüurunda öz təsirini göstərir. Deməli, insanın şüuru xarici aləmlə birbaşa bağlıdır. Məsələn, bədən tələf olanda, şüur da yox olur, yaxud da bədən hansısa maddələr qəbul edəndə şüur da dumanlanır. Zərdabi yazır: “Pəs bizim müsəlmanların tiryək atan, bəng yeyən, şərab içən kəsləri, siz adət elədiyiniz şeylər zəhər imişlər, onlar sizin beyninizi tələf edib, sizi fota verir”. Deməli, insan beyninin ən yüksək forması olan şüur daha çox üzvi materiya ilə bağlı olub onun ən ali səviyyəsini təşkil edir ki, burada əməyin də müəyyən rolu olmuşdur. İnsan idrakının ya da təfəkkürünün xarici aləmi hansı şəkildə dərk etməsi ya da dərk edə bilməməsi məsələsinə gəlincə, Zərdabi hesab edirdi ki, insan şüuru dünyanın dərk olunmasına qadirdir. Çünki ən ali şüura malik olan dünyanı dərk etdiyi üçündür ki, insan müxtəlif elmlər bina edib hər cür kəşflərə nail olurlar. O yazır: “Hərgah diqqət ilə mülahizə edəsən, aşkar olur ki, insan nə ki heyvanata, tamam dünyaya malikdir. Ağıl ilə hər bir şeyin səbəbini axtarıb və bu tövr ilə elmlər bina edib. Su ilə maşınlar, külək ilə dəyirman, su buğu ilə atəş ərradəsi, gəmisi və qeyrə işlədib, hətta göydə olan günün istisi ilə maşınlar bina edir. Pəs ağıl və elm ilə insan tamam dünyanı təsərrüf edə bilir”. Zərdabi hesab edirdi ki, ətraf aləmə aid predmet və hadisələr olmasa idi, o zaman insan idrakı da bir işə yaramazdı. Deməli, isan idrakının əsas obyekti ətraf aləmdir ki, məhz onun sayəsində insan şüurunda müxtəlif hislər, yəni duyğu, təsəvvür, qavrayış, mühakimə, anlayış yaranır. O, “Həvasi-xəmsə” məqaləsində yazır: “İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi-xəmsə (5 duyğu orqanı) vasitəsilə dərk edir. Həvasi-xəmsənin əvvəlincisi qüvveyi-bəsirədir ki, gözlərin vasitəsilə, ikimincisi, qüvveyi-samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü, qüvveyi-şammədir ki, burun vasitəsilə, dördüncüsü, qüvveyi-zaiqədir ki, dil vasitəsilə və beşincisi, qüvveyi-lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olunurlar”. Zərdabiyə görə, ətraf aləmin dərki məsələsində nəzəri təfəkkürlə faktlar bir-birini tamamlamalıdır. Yəni insan gözü ilə arzuladğı bir şeyin müqabilində, yalnız konkret bir əşyanı görür və digər əşyalara diqqət etmir. Zərdabi yazır: “Göz onun qabağında olan şeylərin hamısını görməyir. Məhz o şeyi görür, hansını ki, görmək istəyir… baxan adam bircə baxdığı şeyi, yəni o şeyi ki, onun surəti beyin pərdəsinin üstə açıq düşübdür, görür. Məsələn, bir adam üzündə rübənd bir şeyə baxanda, tək o şeyi görür, rubəndin saplarını görməyir və əgər rubəndin saplarını görmək istəsə və ona baxsa, o qeyr şeyləri görməyir”. Zərdabi başqa bir məqaləsində də göstərir ki, bədənin bir yerinə bir iynə batanda insanda hər hansı reaksiya baş verir. Yəni insan bədəninə batmış iynə nəticəsində beynində ona reaksiya verərək, buna qarşı bir vəziyyət alır. Çünki bədənlə baş beyin arasında əlaqə vardır ki, bunun da nəticəsində insan duyğulanır, ağrı hiss edir, iyiləri seçir.