Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ (5.Yazı

0
1385

Həsən bəy Zərdabinin ictimai-siyasi görüşlərində xüsusi yer tutan amillərdən biri Qərb mədəniyyəti və onun milli məsələyə təsiridir. Bü¬töv¬lük¬də, Zərdabi də Axundzadə kimi milli ideyaları təbliğ edərkən, Qərb mədəniyyətinin müsbət ideyalarından yarar¬lan¬mışdır. Belə ki, milli ideyaların tərənnümçüsü olan Zər¬da¬bi Qərb mədəniyyətinin səmərəli cəhətlərini vaxtında görərək soydaşları arasında yaymağa çalışmışdır. Buna, ən bariz nümunə «Əkinçi» qəzeti və bu qəzetdə təbliğ olunan milli-dini və yeniləşmə ideyalarıdır ki, bunlardan bəzilərini yuxarıda da qeyd etmişik. Bu məsələ ilə bağlı onu da qeyd etmək istərdik ki, Zərdabi millətin inkişafında əsas yeri milli-dini dəyərlərə verməklə, yeniləşmənin bir vasitəsi kimi Qərb mədəniyyətindən də yardımçı kimi istifadə etməyə çalışmışdır. Bu baxımdan alman mütəfəkkiri Vamberin «İslam» kitabı ilə tanış olan Zərdabi, onun Şərq və Qərb cəmiyyəti ilə bağlı fikirlərini «Əkinçi»də təsadüfən verməmişdir. Vamber həmin kitabında yazır ki, Şərq və Qərbdə elm təhsil etmək müxtəlif cürdür. Belə ki, Qərb xalqları çalışırlar ki, elm xalqa bəyan olsun və hər bir kəs elm yolu tutub, xeyir görsün. Vamberə görə, Şərq xalqları elm yollarını xalqdan gizli saxlayır, ancaq islam yarananda Qərb ilə Şərq arasında bu baxımdan heç bir fərq olmayıb. Hətta islam xəlifələri məscid, məktəblər tikiblər ki, xalq elm öyrənsin və o dövrdə Şərqdə tanınmış filosoflar, alimlər olub. Ancaq xəlifədən sonrakı sultanlar, şahlar xalqı gözübağlı saxlamaq üçün yalnız şəriətə üstünlük verərək dünyəvi elmlərə diqqət vermədilər, hətta məktəbləri də mollaxanaya çevirdilər: «İndi Məşriq-zəmin (Şərq) qoca və xəstədir və ol şəxsə aqil deyirlər ki, o ibarət ilə danışdığı sözləri başa düşmək olmasın və bu aqil kəslər deyirlər elm cəvahiratı hər şeydir». Zərdabi də Vamberin dediklərindəki həqiqəti görür, təqdir edir və milli mənəvi dəyərlərdən kənara çıxmadan Qərb mədəniyyəti ilə tanış olmağa üstünlük verirdi. Zərdabi yazır ki, artıq dəfələrlə Avropa tayfalarının, Qərb xalqlarının Şərq əhlindən artıq dərəcədə tərəqqi etmələri ilə bağlı yazılar yazıb, bunun səbəblərini izah ediblər. Ən əsas səbəb də ki, Qərb xalqların daha çox elm təhsil etmələri və bir də azadlıqlarıdır. O yazır: «Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, o vaxtacan bizdən də çox avam olub. Amma bu halda azadlıq cəhətindən Avropa əhli çox tərəqqi edib və bir işdə bizdən irəli düşüb. Əgərçi bizim şəriətimizə görə qulu azad etmək çox böyük savabdır, amma biz bu barədə işi gec qanmışıq. Satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil!». Deməli, qul azad etməyi savab iş sayan şəriətin bu müddəasına islam ölkələrinin başçıları, din rəhbərləri əməl etmək əvəzinə müsəlmanların bir-birlərinin quluna çevril¬mə¬¬sinə şərait yaradıblar. Bu baxımdan müsəlmanların ək¬sə¬riy¬yətinin qul olmasında günahkar islam, yaxud da şəriət deyil, buna səbəb yeniləşmə ilə uzlaşmayan bəzi adətlər, o cümlədən mövhumat, xürafat və sairdir. Zərdabi yazır: «Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik». Zərdabi həməsrləri arasında Qərb mədəniyyətini şişirtmədən və ideallaşdırma¬dan millətini gerilikdən, avamlıqdan, biliksizlikdən, millət təəssübsüzlüyündən qurtulmasına, inkişafına çalışan bir ziyalı olmuşdur. O, soydaşlarını başa salırdı ki, libas¬la¬rında, hərəkətlərində avropalıları təqlid etməklə heç nə dü¬zəl¬məyəcək. Zərdabi Qərb mədəniyyətinin müsbət ideyalarını təbliğ etməklə, sadəcə millətinin gözünü açmağı qarşısına məqsəd kimi qoymuşdur. Onun fikrincə, millətin inkişafına səbəb ola biləcək istənilən müsbət bir ideyadan, yəni istər milli-dini adət-ənənələrində, istərsə də Qərb məd¬ə¬niy¬yətində olsun, istifa¬də etmək lazımdır. Əlbəttə, Zərdabi millətin inkişafına əngəl olan amilləri də, istər milli adət-ənənələrə, islam dininə olunmuş əlavələrdən irəli gəlsin, istərsə də Qərb mə¬dəniyyətinin həddən artıq ideallaşdırılması ilə əlaqədar olsun, görmüş və yeri gəldikcə tənqid etmişdir. Göründüyü kimi, milli-dini ideyaların, o cümlədən yeniləşmənin Azərbaycanda təbliğində H.Zərdabi və onun «Əkinçi» qəzeti mühüm rol oynamışdır. Zərdabi «Əkinçi» qəzeti bağlandıqdan sonra, məcburi şəkildə uzun müddət ictimai fəaliyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən fəal şəkildə millətinə xidmət etməyə başlamış, xüsusilə XX əsrin əvvələrində «Kaspi», «Həyat» və başqa qəzetlərdə milli-dini ruhlu məqalələrlə çıxış et¬miş¬dir. Fikrimizcə, türkçülük baxımından dildə və dində birlik ideyasını H.Zərdabi 1900-cu illərdə daha açıq və mükəmməl şəkildə ifadə etmişdir. Belə ki, XIX əsrin ikinci yarısında yeniləşmə uğrunda mübarizə apararaq türkçülüyü və islamçılığı canlı bir timsal kimi XX əsrin əvvəllərinə daşıyan Zərdabi bu dövrdə nəşr olunan «Kaspi», «Həyat» və b. qəzetlərdə dil birliyi, din birliyi, milli cəmiyyətlərin yaranması kimi məsələlərlə bağlı çıxış etmişdir. Zərdabi qeyd edirdi ki, hər bir millətin əsas dirəkləri, millət olmağına səbəb dil və din-məzhəbdir. Bunlardan birisi əldən getsə millətin beli sınar, ikisi də getsə millət başqa millətlərə qarışar və yox olar. O yazır: «Çünki dil və məzhəb tayfanın (millətin-F.Ə.) ruhu olan kimidir. Necə ki, ruh çıxanda bədəndən bircə nəş, yəni cəmdək mürür (yavaş-yavaş – F.Ə.) ilə çürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz tayfa da gərək mürür ilə yox olsun. Bəs hər tayfa elm təhsil edən vaxtda gərək öz dilində və öz din və məzhəbində tərəqqi eləsin ki, dünyada qala bilsin. Onlarsız tayfa olmaz». O, «Dil birliyi» məqaləsində isə qeyd edir ki, Rusiya dövlətinə tabe olan müsəlmanların çoxunun etnik mənşəyi türk, dilləri türk dilidir. Amma bu dil ayrı-ayrı yerlərdə müxtəlif şivələrə bölünüb ki, ilk növbədə Rusiya türklərinin dil birliyinə nail olmaq lazımıdır. Zərdabi yazır: «Ona görə də bizlərə vacibdir ki, indi vaxt keçməmişdən dil birliyi dalıncan olub bir ümumi dil bina edib, bu ümumi dildə yazıb-oxuyaq ki, gələcəkdə o dil hamının yazıb-oxumaq dili olsun. Belədə Rusiyada olan türk tayfaları getdikcən bir-birilərinə artıq yaxınlaşıb, birləşməkdən artıq da güclənib tərəqqi etməyə qadir olurlar və qardaşlıqları dəxi möhkəm olur». Eyni zamanda, o, 1896-1907-ci illər arsında qələmə aldığı “Böyük sənəd”, “Bürokratiya və siyasi etibarlılıq”, “Kənd xeyirxahları”, “Şərqi Zaqfqaziyanın geriliyi” və başqa məqalələrində çar Ruisyasının müstəmləkə siyasətini və onun yerlərdəki əlaltılarını tənqid etmişdir. Deməli, XIX əsrin ikinci yarısında Qafqaz müsəlmanlarının milli oyanışına, yəni mədəni türkçülüyə və islamçılığa təkan verən H.Zərdabi bu işinin davamı olaraq 1900-cu illərdə Rusiya, o cümlədən Qafqaz türklərinin dil-millət və din-islam birliyi ətrafında birləşməsini vacib hesab etmişdir. Onun bu dövrdə, milli bir ideoloq kimi Azərbaycan türklərini maarifləndirmək yolu ilə ayrıca bir millət kimi varlığını isbat etməyə və milli birliyinə çalışması, xüsusilə diqqətəlayiqdir. Bunu, H.Zərdabinin 1907-ci ildə dəfn mərasimi zamanı qəbirüstü nitqlərdə öz əksini tapmış fikirlərdən də görmək olar. Dəfn mərasimində işirak edən Azərbaycan türkçülüyünün ideoloqu, Azərbaycan Cümhuriyyətinin banisi və qurucusu Məhəmməd Əmin Rəsulzadə H.Zərdabinin qəbirüstü nitqində onun şəxsində böyük bir maarifçini, ustadı itirdiklərini demişdir: «İştə bu qoca ədib də həmin camaatın hər dərdinə dərman olan irfan toxumlarını səpmişdir. Həmin bu maarif mücahidi olan piri-rövşənzəmizə xitabən camaatın maarifmənd və mütərəqqi olduğunu özünə məslək tutan «Nicat» maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat, Allah sənə rəhmət eləsin!!!». H.Zərdabini milli ideoloq kimi görmüş tanınmış ictimai-siyasi xadim, mütəfəkkir Əlimərdan Topçubaşov da doğru olaraq qeyd edir ki, «Əkinçi»nin yaradılması onun öz xalqına pioner xidmətinin ən uca zirvəsi olmuşdu. Bununla o, nişanverici və xilasedici bir mayak yaratmışdı: «Bu mayakın parlaq işığı ötən yarım əsrdə öləziməmişdir. Belə faydalı və ruhlandırıcı işıq mənbəyini ehtiramla yad etmək bütün Azərbaycanın, hər bir azərbaycanlının əxlaqi, vətənpərvərlik borcudur». Türkoloq alim Əhməd Cəfəroğlunun fikrincə də, 19-cu əsr Azərbaycan maarifçilərindən milliyyətpərvər, istiqlalpərvər H.Zərdabi azəri türkləri arasında birinci olaraq çarizmin Güney Qafqazda ruslaşdırma siyasətini sezmiş, «Əkinçi» də milləti hüquq və haqq davasına cəlb etməyə çalışmış və uzun illər ağır mücadilələr apararaq buna nail olmuşdur. Haşım bəy Vəzirovda qeyd edir ki, öz müqəddəs təriqəti və məsləki ilə türklər arasında («Əkinçi»si, milli teatrı və s. ilə) ilk cığır açan H.Zərdabi bizi düşündürən, bizi ağladan millətimiz içində ürəyi, dili, məsləki bir millət mücahididir. Əgər milli mütəfəkkir Firudin bəy Köçərliyə görə, Həsənbəyin əsas xidmətlərindən biri öz həmməzhəblərinin oyanmasına ilk təkan verməsidirsə, milli şair Mirzə Ələkbər Sabirin fikrincə isə, Zərdabi bütün xalq üçün «mənəvi ata»dır. Siyasi türkçülüyün banisi Yusif Ak¬çura¬ da doğru olaraq qeyd edir ki, türkçülüyün təşəkkülündə H.Zərdabi və onun «Əkinçi» qəzeti mühüm rol oynamışdır: «Həsən bəyin əsil millət tarlasına əkmək istədiyi toxumlar irəliləmə və yenilik toxumlarıdır». H.Zərda¬bi¬nin tədqiqat¬çı¬larından fəlsəfə elmləri doktoru, prof. İzzət Rüstəm¬ovun o fikrilə razılaşırıq ki, «Zərdabi Azərbay¬canda, o cümlədən bütöv Rusiyada, Şərqdə XIX əsr reallıq¬larının doğurduğu titanlardan-nəhənglərdən biridir». Deməli, Zərdabi hələ Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov və başqalarından öncə türkçü olmuş, ən azı mədəni türkçülüyə xidmət etmişdir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)