Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) 2. Yazı

0
583

Özünü geriyəpərəstlərlə, diktatura tərəfdarları ilə hür¬riy¬yət aşiqləri, Konstitusiya tərəfdarları arasındakı mübarizədə sonuncuların yanında olduğunu bəyan etməklə yanaşı Əli bəy Hüseynzadə, islam aləmində sonuncuların birincilər üzərində hansı yolla qalib gəlməsi məsələsində fikir ixtilaflarının olmasını da təbii qəbul edirdi. O, yaxşı anlayırdı ki, hər daim Yer kürəsində və onun üzərindəki məxluqatda, bəşəriyyətdə dəyişikliklər iki yolla: 1) inqilab (dəyişiklik birdən birə baş verib, onun üzərində yeni keyfiyyətli bazis və üst qurum yaranır), və 2) təkamüllə (dəyişiklik təkamül yoluyla tədricilə baş verib yeni bazis və üstqurumları ortaya qoymuşdur) baş vermişdir. Bu baxımdan bəşəriyyət tarixində də iki böyük: 1) protestantlıq kimi dini iniqlab, və 2) Fransada hüquqi-bəşərin elanı ilə siyasi inqilab¬lar baş vermişdir. O, yazırdı: “Aləmi-islam bu iki iniqlabın heç birindən mütəəsir olmuyub, hali-sabiqində davam edib durdu. Vaqiən islam məmləkətlərində ara-sıra yeni-yeni məzhəblər törədi. Lakin bu məzhəblərin törəməsi islam üçün əslən və qətən inqilab sayılamaz. Çünki inqilab dini, yeni məzhəb çıxarmaqda deyil, bəlkə həqayiqi-əvvəliyyeyi-diniyyeyi əqəliyyətin əlindən xilas edib ümumin, külliyyəti-əhalinin mali etməklə olur. Protestantlıq böylə yapdı”. Hüseynzadəyə görə, Osmanlı türkləri inqilab məsələsində ingilislər kimi təkamül yolu tutduğu halda, ancaq “İran” xalqları haqqında eyni fikirləri söyləmək çətindir. O, yazırdı: “İran camaatı bir iki əsrdən bəri təkamül yolunda bir addım belə atmamış olduqlarından bu gün bəşəriyyətin ən geridə qalan bir üzvü bulunurlar. Şimdi ayılıb özlərini hər tərəfdən qayət hail dalğalara, girdablara məruz görüncə sələmi-təkamüli tədricən çıxmaqdan isə iniqlab sıçrayış ilə nicat yolu aramağa məcbur oldular. Zatən, inqilabdan başqa da çarələri yoxdur. Çünki təkamül yolunu tutmaq artıq gecdir. İran mükəmməl bir inqilaba müvəffəq olmazsa, məhv olduğu gündür”. Onun fikrincə, “İran” inqilabı dini, siyasi və ictimai olmalıdır. Belə ki, dini iniqlab İslam birliyini, siyasi iniqlab məşrutiyyəti, ictimai inqilab isə sosial bərabərliyi və təkamül yolunu tutmağı təmin etməlidir. Hüseynzadəyə görə, “İran”da baş verən inqilabda isə “ingilislərin barmağı”ndan çox Rusiya inqilabının təsiri və ictimai həddi-buluğa yetişmələri ilə bağlıdır. Ona görə, sonuncu amildə iki vasitə: 1) iranlı tacirlərin daha çox Rusiya ilə ticarət etmələri, və 2) qövmiyyətlə bağlıdır. Belə ki, Rusiya müsəlmanlarının bir qismi ilə yanaşı, “İran”ın şimalı Azərbaycan qitəsi də daxil omaqla bütünlükdə türkdür. Beləliklə, Hüseynzadə belə bir qənaətə gəlirdi ki, sağ tərəfdə durub mühafizəkarlıq edənlərə nisbətdə sol tərəfdəkilərə ümid daha çoxdur: “Sola! Çünki bu dəfə uçurum, girdab, girdabi-hail sağ tərəfdədir. Əlhəzər, mühafizəkar bəylərin, köhnə fikirli, ya fikirsiz ağaların, kavpərəst, dünyapərəst sərmayədarların, korpərəst, axirətpərəst, lakin yenə sərmayəpərəst mollaların, keşişlərin, kiçik əqilli, böyük hiyləli, mürvvətsiz, insafsız, vizdansız, münafiq, fitnəçi, provakator “bürokratların”, “divannişnlərin”, ümum əsarət və istibdad qullarının çəkdikləri, sürüklədikləri sağ tərəfdən! Uçurum oradadır!… Fərasət, zəka, ağıl, heş, elm, tədbir, insaf, mürvvət, nicat, səlamət həp sol tərəfdədir!”. O, yazırdı: “Sağ tərəfdə bir uçurum hazırlanmışdır ki, əjdaha kimi ağzını açıb bütün cəmaətləri, bütün qövm millətləri, dinləri ilə, dillərilə, elm və məarifləri ilə, sənətləri vəkəsbü karları ilə bəl və nabüd etməyə amadədir!.. Sol tərəf isə Rusiya üçün, Rusiya imperatorluğu üçün, xeyr, bütün aləmi-bəşəriyyət üçün bir dövri-cəddid, bir səadəti-ümumiyyə dövri-cədidi ehzar eyliyor. Bu səadəti-ümumiyyə, bu dövri-cəddid həqiqi bir dövri-cəddid olacaqdır”. Ancaq cəmiyyəti radikal dəyişikliklərə çağıran sol qüvvələri əvvəlcə təqdir edən Hüseynzadə ifrata varmalarından dolayı çox keçmədən tənqid edirdi: “Solumuzda duranlar isə rəqiblərimizi kor-koranə təqlid edərək birdən-birə sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyirlər! Hər iki tərəfdən əlhəzər! Birincilər (geriyəpərəst mühafizəkarlar-F.Ə.) islam dininin ruhuna vaqif olmayaraq öz zövq və həvəslərinə müvafiq bir halətdə qaldığını xəyal edirlər. İkincilər (ifrat tərəqqiçilər-F.Ə.) isə zənn edirlər ki, islamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir şey yoxdur. Avropa cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə şəfabəxşdir. Bunlar bütün bu maddiyunluğun (materializmin), dəhriyunluğun (ateizmin), iştirakiyunluğun (sosializmin) mahiyyətlərinə özləri belə agah olmadan bu təriqəti-fəlsəfiyyələrin nəşrə çalışıyorlar”. Onun fikrincə, bu baxımdan keçmişi ideallaşdıran mühafizəkarlar kimi, islamı tərəqqiyə əngəl olaraq görən tərəqqiçilər də yanılırlar. Belə ki, eyibi islamın zatında deyil, müsəlmanların öz əməllərində axtarmaq lazımdır. Ə.Hüseynzadə ifrat mühafizəkarlar və tərəqqiçilərə münasibətdə Ə.Ağaoğlu ilə təxminən eyni mövqe tutmuş, özlərini ayrıca bir müstəqil xəttin tərəfdarı kimi qələmə vermişlər. Sadəcə, yuxarıdakı bölgüdə ziddiyyətli və mübahisə doğuran məqam odur ki, Ağaoğlu və Hüseynzadə ifrat mühafizəkarlar və tərəqqiçilər arasında orta mövqe tutanları ilk vaxtlarda fərqli anlayışlarla (“panislamistlər”, “mötədil tərəqqipərvərlər”) adlandırmışlar. Ağaoğlundan fərqli olaraq Hüseynzadə “panislamizm” sözünü qəbul etməmiş və “mötədil tərəqqipərvərlər” məfhumundan istifadə etmişdir. Hüseynzadə “mötədil tərəqqipərvərləri” milli birlik yaratmaqda ittiham edən marksist-leninçilərə, daşnaklara cavab olaraq qeyd edirdi ki, Rusiya müsəlmanlarının və türklərinin guya, “panislamizm” ideyası ətrafında ittifaq edərək Rusiya və Avropa üçün böyük təhlükə olduğu haqqında yazdıqları böhtandan başqa bir şey deyildir. “Panislamizm” kəlməsini ortaya atanlar şərqlilər deyil, qərblilərdir – deyən Hüseynzadəyə görə, islam dünyası o qədər müttəfiqdir ki, “panislamizm” kimi bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla ehtiyacları yoxdur. Onun fikrincə, əslində qərbliləri qorxudan “İttihadi-islam” deyil, islam dünyasının qəflət yuxusundan oyanıb tərəqqiyə və maarifə üz tutmalarıdır. Bəzi Avropa mütəfəkkirləri tərəfindən qəsdli şəkildə ortaya atılan “panislamizm”, “pantürkizm” anlayışlarını qəbul etməyən, Ə.Hüseynzadə bir tərəfdən “panislamizm” və “pantürkizm” devizini əldə bayraq edərək guya, xristian dünyasını (Rusiya və Avropanı) təhlükə gözlədiyini iddia edən xristian millətçilərə (rus, erməni və b.), digər tərəfdən milli-dini ideyaları sinfi mübarizənin əleyhinə olduğunu irəli sürən ifrat tərəqqiçilərə, yəni marksist-leninçilərə qarşı mübarizə aparmışdır. Onun fikrincə, ifrat mühafizəkarlar və tərəqqiçilərlə mübarizədə öz təşkilatı və proqramı ilə çıxış etməli olan mötədil qüvvələr, o cümlədən “yeni türklər” köhnə türklərin, ifrat mühafizəkarların üç yanlışını: 1) sünniliyi şiəliyi ayrı-ayrı hesab edib məzhəbçiliklə islamiyyəti parçalamamalı, 2) xilafəti isə islamiyyətdən ayırmağı bacarmalı, 3) türklüyü yalnız osmanlılıqdan, Osmanlı sülaləsindən ibarət görməməli, təkrar etməməlidir. O, yazırdı: “Bizim isə aləmi-islamda, ya aləmi-ətrakdə əhəmiyyət verdiyimiz, rəbti-qəlb etdiyimiz, meylü-məhəbbət bağladığımız şey nə məzhəbdir, nə xilafətdir və nə də filan, ya filan sülaleyi-hökmdaridir. Bunların heç biri deyildir, bunu bur kərə anlamalıdır. Bizim sevdiyimiz, rəbti-qəlbi-məhəbbət etdiyimiz şey nərədə olursa-olsun ancaq dindaşlarımız və həmcinslərimiz olan millət və cəmaətdir. Əfradi-nasdən ibarət millət və cəmaətdir. Qurani-məciddən, əhadisi-nəbəviyyədən ayrılmayan hansı hökuməti-islamiyyə, hansı sülaleyi-hökmdari olursa-olsun, ədalət, hürriyyət və qanuni-əsasi sayəsində müsəlmanlardan və müsəlmanlar miyanında türklərdən ibarət cəmaəti, milləti təriqi-tərrəqi və mədəniyyətə sövq edərsə, bizim də, meylü-məhəbbətimiz o tərəfə olur. Quru xilafət ünvanlarının, sülalə şöhrətlərinin təfriqeyi-məzhəb mübahisələrinin vəqti keçmişdir”. Hüseynzadəyə görə, belə bir mürəkkəb şəraitdə mötədil qüvvələr, o cümlədən “Gənc türklər” yalnız öz təşkilat və proqramı ilə hərəkət etməlidir. O, yazırdı: “Ancaq biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus bir proqram və firqəsi olsun və o firqədə müsəlmanların və bilxassə türk və tatarların hər növ müsavat və hürriyyətləri ilə bərabər hüquqi-qövmiyyə, lisaniyyə və diniyyələrini təmin edən sair firqələrə iltihaq etsin. Bizim üçün nicat, hər növ hürriyyət və hüquqi-müsavat tələb edən firqələrlə birləşməkdədir”. Hüseynzadə haqlı olaraq hesab edirdi ki, “yeni türklər”, mötədil tərəqqipərvər öz təşkilatlarını və proqramlarını ortaya qoymaq, onu gerçəkləşdirmək yolunda da özləri fədakar olmalı, yeni fədailər yetişdirməlidir. Ona görə, fədailər isə yuxarı sçırayan murdarlıqlardan qorxmamalı, “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” prinsiplərindən çıxış etməli, yeri gələndə ingilislər və amerikanlar kimi praqmatistik, yaponlar kimi uzlaşdırıcı olmalıdırlar. İkincisi, islamçılıqla türkçülüyün vəhdətindən çıxış edib onların bir-birinə qarşı qoyulmasına yol verməmək məsələsinə gəlincə, Hüseynzadə hələ, 1904-cü ilin noyabrında Misirdəki “Türk” qəzetinə göndərdiyi “Məktubi-məxsus” məqaləsində, bəzi istisnaları nəzərə almasaq, əsasən Akçuranın “Üç tərzi-siyasət”dəki ideyalar ilə razılaşmışdır. Belə ki, Hüseynzadə də Akçura kimi “osmanlı milləti” ideyasını rədd edərək, əsas diqqəti müasir ruhlu islamçılıq və türkçülük üzərində cəmləşdirmiş, yeni ideyanın onların bütövlüyü ətrafında yaranmasını vacib saymışdır. Sadəcə, burada Hüseynzadə Akçuranın “üçlü” proqramında islamçılıq və türkçülüyün vəhdəti halından kənara çıxarılaraq, ayrı-ayrlıqda götürülüb fərqli ideyalar kimi siyasiləşdirilməsinə etiraz etmişdir. O, yazırdı: “Süni olaraq ayrıca pantürkizm, panislamizm adları ilə məslək icadına nə lüzum vardır?”. Ə.Hüseynzadə ilk dövrlərdə mədəni türkçülük və islamçılıqdan çıxış edərək, hər ikisinin bütövlüyündən çıxış etməyə çalışsa da, ancaq onu da yaxşı anlayırdı ki, türklərin həyatında islam dinindən çox türkçülüyun, turançılığın özünəməxsus yeri və rolu vardır. Bu baxımdan Hüseynzadə siyasi cəhətdən islamı və türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, mədəni cəhətdən hər bir türk xalqının islamlıqları qədər türklüklərini də sözün həqiqi mənasında dərk etmələrini vacib saymışdı: “Müsəlmanlar və özəlliklə türklər, hər yerdə olursa olsun, istər Osmanlıda, istər Türküstanda, istər Baykal gölü ətrafında, ya Qaraqorum civarında olsun, bir-birlərini tanıyacaq, sünnilik, şiəlik və daha bilməm nəlik adları ilə məzhəb təəssübünü azaldıb “Qurani-Kərimi” anlatmağa qeyrət edəcək, dinin əsasının Quran olduğunu biləcək olurlarsa, əl verməzmi?”. Onun fikrincə, bir millət üçün hər şeydən əvvəl arzu ediləcək qüvvətdir ki, bir millətin qüvvət qazanması da eyni fikirli adamlar arasında mənəvi dəyərlərin inkişafı, qarşılıqlı sevginin artması ilə bağlıdır.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)