Azərbaycan sevdalısı Hikmət Akhan

0
2997

Qədim Azərbaycanımızın bir kəndi var ; adina Göynük deyirlər.  Adı kimi özü də bəxtsiz olan bu kənd Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub ətəyində yerləşir.

Tarixi mənbələrdə yazıldığına görə ən qədim türk mahalı olan Göynüyün ilkin sakinləri iskit (skif) türklərinin göynük tayfasıdır. Sonralar bu ərazidə Oğuz türkləri yaşamış və bugünümüzə qədər də yaşamaqdadırlar.

Orta əsrlərdə Baş Qafqazın qarlı zirvələrindən Mingəçevirə qədər olan ərazilərdə və Əyriçayla Gürmük çayı arasındakı torpaqlarda böyük Göynük mahalı yaranmışdı.Göynük şimal-qərbi Azərbaycanda Qanıx boyunca Tiflisə qədər uzanıb gedən Oğuz torpaqlarında çox mühüm strateji məntəqə idi…

Yazımızın əvvəlində Göynüyün bəxtsizliyindən gileylənən kimi göründük. Bu həqiqətən belədir.Göynüyün qədim və orta əsrlər tarixilə bağlı heç bir bilgiyə malik olmasaq da, son 220 illik tarixi arxivlərdə vətənpərvər və milli ruhlu araşdırmaçıların yolunu gözləyir.

XIX əsrin Göynüyünü araşdıran tarixçi alim Ənvər Məmmədovun qələmə aldığı “Göynük hərəkatı(1805-1930-cu illər) kitabını oxuyandan sonra anlayırsan ki, bu mahalın bəxtsizliyinin kökündə nələr dayanır.

Şimal qərbi Azərbaycanın Göynük mahalında çarizmin milli mütəmləkə zülmünə qarşı ard-arda üsyanlar baş verib. 1807,1877-ci illər arasında Göynük mahalı mərkəz olmaq üzrə(təbii ki, mahalın mərkəzi Baş Göynük kəndi idi,-Ş.A. , O.M.) beş üsyan törədilmişdir.

Hər bir üsyan insan itkisi, köç deməkdir. Bunu başa düşməyən yoxdur. Üsyanlar kəndin isminin hökumətin qara siyahısına salınması və gözdən düşməsi ilə nəticələnirdi. Bununla da üsyankar insanların yurdu kimi istər çar rusiyası zamanı, istərsə də bolşeviklərin sovetlər birliyi dönəmində Baş Göynük və göynüklülər həmişə sıxıntılı və təyziqli ömür yaşamışlar. Amma göynüklülər sıxıldıqca mətinləşiblər, bərkiyiblər. Haqqa, ədalətə barmaqarası baxanlara qarşı amansız mübarizə aparıblar…

Əfsuslar olsun ki, bu üsyanlar eyni zamanda böyük köçlərə vəsilə olub. Sevindirici hal orasıdır ki, göynüklülər məmləkəti tərk etməli olduqları zaman yad diyara deyil, mövcudluğunda səlcuqlularla birlikdə qanlar axıtdığı Anadoluya üz tutublar. Bu yerdə qeyd edək ki, XIX əsr üsyanlarının böyük əksəriyyəti Osmanlı sultanlığı ilə kordinəli şəkildə törədilmişdir. Osmanlı sarayı ilə sıx əlaqə quran, İstanbula mühacirət etmiş Hacı Yusif Hacı Həsən oğlu 1863-cü il ümumqafaqaz üsyanının ən fəal təşkilatçısı idi. Nuxa-Zaqatala bölgəsində böyük nüfuz sahibi olan Hacı Yusif Hacı Həsən oğlu Azərbaycandakı müridizm şeyxləri ilə sıx əlaqədə olmuşdur.

Baş Göynük kəndi XIX əsrdə son olaraq 1877-ci ildə çar rusiyasına qarşı baş vermiş üsyanın mərkəzinə çevrildi. Nəzərə alsaq ki, bundan iki il sonra – yəni 1879-cu ildə Osmanlı ilə Çar rusiyası arasında müharibə baş verdi və ikinci qalib gəldi, o zaman anlamaq çətin deyil; o mənada ki, göynüklülər Azərbaycanın çar rusiyası tərəfindən işğalı ilə barışmayaraq azadlıq hərəkatı aparıblar. Hətta Osmanlı dövlətinin köməyinə bel bağlayaraq Azərbaycanın qurtuluşuna can atıblar. Təəssüflər olsun ki, 600 illik Osmanlı İmperiyası gənc imperatorluq olan çar rusiyasına nisbətən XIX əsrdən etibarən tənəzzülə uğramağa başlamışdır. Əvvəlki dönəmlər olsaydı çar rusiyası Osmanlının qarşısında cınqırını çıxarmağa cürət etməzdi.

Tarixin ədalətsizliyi ilə üzləşən Osmanlı dövləti nəinki Azərbaycanı, heç özünü də qoruya bilmədi.

Qalib çar rusiyası Böyük Qafqazın cənubunda “qan çanağı”na çevrilmiş Göynük mahalının üsyankar insanları ilə haqq-hesab çəkmək üçün XIX əsrin sonlarından etibarən hərəkətə keçdi. Mükəmməl şəkildə əsgəri qüvvələrini Göynük mahalına yeritməyə başlayan çar rusiyasının məqsədi bu mahalı bir dəfəlik sükunətə qərq etdi.

Rusların bölgəyə gəlişinin sorağını alan göynüklü ərənlər yurtda qalmağın mümkünsüz olduğunu anladılar və qadınlarının namusunu qurtarmaq üçün müvəqqəti də olsa buranı tərk etmək məcburiyyətində qaldılar…

XIX əsrin sonlarında Baş Göynükdən Osmanlı Türkiyəsinə mühacirət etmək məcburiyyətində qalmış qəhrəman Hacı Mahmudun nəticəsi Hikmət Akhan barədə danışmaq üçün belə uzun giriş etdik. Onun personası ilə yaxından tanış olduqdan sonra bizim belə uzun giriş etməyimizə haqq qazandıracaqsınız.

Hikmət Akhan dünyaya gələndə XX əsrin 60-cı ilinin qızmar yayı idi. Heç kimin fərqinə varmayan bu uşaq tay-tuşlarından fərqli böyüyürdü. Belə demək olarsa o, uşaqlıq dövrünü yaşamadan böyüyüb. Fiziki baxımdan uşaq olsada, əqli və zehni cəhətdən zamanı qabaqlayaraq, keçmişlə yatıb qalxmağı daha çox üstün tutub. Həmyaşıdları şəkər, paxlava dalınca qaçanda Hikmət yaşlı nənələrin, babaların dizinin dibini kəsdirib keçmiş barədə bilgilər öyrənib. Və öyrəndikləri ilə ilmə-ilmə beynində yaddaş adlı xalı hörüb. Bu xalını uzun müddət insanlardan gizli saxlayıb.

Çoxları başqa işlərlə məşğul olanda, Hikmət bir köşəyə çəkilib beynindəki xalının sehrindən istifadə edərək böyüklərinin gecə-gündüz ona danışdıqları Göynük xatirələrinə qovuşmağın yolunu bulmağa çalışırdı. Bəzən kənardan onu seyr edib,“bu tifilin dərdi nədir ki, bu qədər yorğun görünür” deyənlər də olurdu. Amma onlar bilə bilməzdilər, balaca Hikmət nələr çəkir. Onun içində Göynük dərdi vardı; elə bir dərd ki, bütün akhanlıları iztiraba düçar etmişdi. Göynükdən çıxalı artıq 70 ilə yaxınlaşırdı. Ancaq əllərindən heç nə gəlmirdi. Sovet imperiyası sərhədləri necə qapatmışdısa, quş quşluğuyla Sarp sərhəd qapısından keçməyə cürət etmirdi.

Günlər ayları, aylar illəri əvəz edir, amma onun içindəki rahatsızlıq bitmirdi ki, bitmirdi…

Cocuq Hikmət böyüdü, gənclik çeşməsinin gözündən su içdi. Vətənpərvər,milliyyətçi bir türk gənci oldu. Eyni zamanda yaddaşındakı keçmişlə bağlı məlumatlar da boy atdı; Türkiyə sınırına sığmaz oldu. Ülkücü gənc Hikmət Akhan kimsəyə demədən Sarp qapısını keçmək üçün əvvəlki axtarışlarında davam edirdi. Nəhayət o gün gəlib çatdı. Sovet rejimi dəmir pərdələri azca da olsa qaldırmaq qərarı verdi. Yaranmış fürsətdən istifadə edən Azərbaycanın incəsənət adamları qardaş Türkiyə Cümhuriyyətinə ayaq açdılar. Məqsəd ilkin olaraq illər uzunu qırılmış mədəni bağları bərpa etmək idi.

80-ci illərin sonlarında azərbaycanlı incəsənət xadimləri Dənizliyə dəvət olunmuşdu. Aktiv vətənpərvər və milliyətçi gənc kimi Hikmət Akhan da dəvət edənlərin içərisində idi. Bu fürsətdən istifadə edən Hikmət bəy Azərbaycana qovuşmaq üçün incəsənət xadimlərimizdən kömək istədi. Sovet sistemi yumşalsa da, hələ də əvvəlki qadağalar qüvvədə qalırdı. Kapitalist Türkiyəsindən sosialist düşərgəsinə səfər etmək heç də asan məsələ deyildi. Sağolsun Azərbaycanın o dönəmki incəsənət xadimləri. Onlar SSRİ-nin Ankaradakı səfirliyinin vasitəsılə Türk jurnalisti sifətilə Hikmət Akhana Azərbaycana səfər etmək üçün viza təşkil etdilər. Beləliklə 29 yaşlı Hikmət Akhan canı qədər sevdiyi Azərbaycana gəlib çıxdı…

Azərbaycana ayaq basdıqdan az sonra yaddaşında tumarlaya-tumarlaya, özü ilə bərabər böyütdüyü sehirli dünyasına doğru hərəkət etdi. Nağıllar aləmi kimi qəbul etdiyi Göynüyə çatanda göyün yeddinci qatındaymış kimi sanırdı özünü.

Yaddaşına köçürdüyü xatirələri birbə-bir Göynükdə çözdü: eşitdiklərini tək-tək araşdıraraq Akhana çatdırmaq üçün yenidən hafizəsinə həkk etdi. Geri dönərkən Akhandakı göynüklülərə bir dünya məlumat apardı.

İlk gəlişindən sonra Hikmər bəy fasilələrlə doqquz dəfə Azərbaycana səfər etdi. Bu səfərlərin nəticəsində o, öz sevgisini də Azərbaycanda tapdı. Amma onun səfərlərini və Akhanın mövcudluğunu Azərbaycanda geniş kütlə bilmirdi. Təvazökarlıqdan uzaq olsa da deməliyik ki, Akhan məhəlləsinin varlığı barədə Azərbaycan ictimaiyyətinə ilk məlumatı biz çatdırdıq. Təbii ki, Hikmət Akhanın vasitəsilə.

2014-cü ilin sentyabr-dekabr tarixli “Dənizli” jurnalında türkiyəli yazar Hasan Kallımçının “Şekidən Denizliye-Akhan mahallesi” sərlövhəli bir məqaləsi işıq üzü görmüşdü. İnternetdə araşdırma apararkən bu məqalə qarşımıza çıxdı. Məqaləni sona kimi oxuyub qurtardıq və dəhşətə gəldik. Heç vaxt heç yerdə, heç kim tərəfindən eşitmədiyimiz tarixi məlumatlar bizi heyrətə salmışdı.Bu nə demək idi? Doğma Baş Göynük, Baş Şabalıd kəndlərimizdən Türkiyəyə mühacirət etmiş ailələrin saldığı böyük bir məhəllə varkən bizlər bundan xəbərsizik!? Bundan sonra biz məqalənin işığında gedib Akhana çıxdıq və soydaşlarımızı tapdıq, tanış olduq. Bunun  nəticəsi kimi Azərbaycan televiziyasında, yazılı mətbuatında xalqımıza bu barədə ətraflı xəbərlər çatdırdıq.

Hikmət bəylə yaxından tanış olduqdan sonra dərk etdik ki, qürbətdə yaşayaraq vətəni sevmək necə olurmuş. Bizim üçün Hikmət Akhan vətən,yurd,torpaq aşiqlərinin etalonudur. 29 il suyunu içmədən, havasını udmadan böyüdüyün, təsəvvüründə canlandıraraq tanımağa çalışdığın ata-baba yurduna bir belə sevgi bəsləmək üçün gərək Hikmət Akhan olasan. Azərbaycan adı gələndə, Şəkidən, Göynükdən söz düşəndə bu adamın özündən sel kimi yaşlar axır. Onun bu günə sağ-salamat çəxmağını allahın möcüzəsi də saymaq olar. Hərdən özlüyümüzdə onun ürəyinə yazığımız gəlir. Və bu cür düşünməkdən də vaz keçə bilmirik: yəqin onun ürəyi ətdən deyil. Ət olan ürəyə bu qədər zülm edəsən və o, səni yarı yolda yarıçımçıq qoymaya, təəccüblüdür.

Hikmət bəy 27 il idi Azərbaycana gəlmirdi. Bizim akhanlıları tapıb, yaxından tanış olmağımızın nəticəsi olaraq o, bu ilin yanvar ayının sonunda, bizim dəvətimizlə, yenidən Azərbaycana gəldi. Bu dəfəki səfəri 9 fevral parlament seçkilərinə təsadüf etmişdi. O, özü məhz bu tarixi seçmişdi. Səbəbi isə 114 saylı Şəki birinci seçki dairəsindən depudatlığa namizəd olan Osman Məmmədova mənəvi dəstək nümayiş etdirmək idi. O təbliğat kompanyası ərəfəsində sona kimi Osman Məmmədovun yanında oldu. Hətta çıxışlar da etdi…

Bu dəfəki səfəri zamanı o, özünə Göynük kəndindən çoxlu sayda dostlar tapdı və geri dönərkən onların sevgilərini də özü ilə bərabər Akhana apardı

Həmin dostluq əlaqələri bun gün də davam edir. Bu cür əlaqələrin qurulmasında zərrə qədər də olsa bizim payımız vardır. Bu səbəbdən qürurlanırıq və dostumuz Hikmət Akhanı tezliklə Azərbaycanda görmək arzumuzu onun nəzərinə çatdırmağı özümüzə borc bilirik

Şahin Aydəmir

Osman Məmmədov