Azərbaycan pulu xaricə daşınır – Problemi kim həll edəcək?

0
630

Azərbaycanda təhsil şərtlərinin ağır olması problemi zaman-zaman müzakirə mövzusuna çevrilir.

Qafqazinfo” xəbər verir ki, mütəxəssislər bunu əsasən imtahan proseslərinin çoxluğu ilə əlaqələndirirlər. Belə ki, 9-cu sinifi bitirən şagird şəhadətnamə almaq üçün imtahan verir. Üstündən iki il keçəndən sonra ali məktəbə daxil olmaq üçün yenidən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanda iştirak etməli olur. Ekspertlərin fikrincə, bu iki imtahan prosesi birləşməli və vahid imtahan sisteminə keçilməlidir. Bununla da, təhsil şərtləri yüngülləşmiş formaya keçəcək.

Ölkədə təhsil şərtlərinin çətinliyinə görə bir çox abituriyent əsasən Türkiyə və Ukrayna kimi ölkələrə təhsil dalınca qaçır. Bu da ölkədən külli miqdarda vəsaitin xaricə daşınmasına səbəb olur.

Qafqazinfo” mövzunun aktuallığını nəzərə alaraq ekspert Kamran Əsədovun və millət vəkiliQənirə Paşayevanın məsələyə münasibətini öyrənib.

Kamran Əsədov Azərbaycan təhsil sisteminin birinci sinifdən ali məktəbin bakalavr, magistratura, doktorontura, rezidentura pillərinə qədər imtahan şəklində keçirilməsindən təəssüfləndiyini qeyd edir: “Dünya təhsil sistemində qəbul olunmayan bu sistem yalnız Azərbaycandadır. Bu Sovetlər dövründən qalmış sistemdir. Hesab edirik ki, bir pillədən digər pilləyə keçməkdən ötrü tələbənin təhsil aldığı pillədə göstərdiyi müvəffəqiyyət yox, imtahanda əldə etdiyi nəticələr uğurlu ola bilər. Test heç bir halda bilik göstəricisi deyil, o seçim üsuludur. Təəssüflər olsun ki, bizdə həm ali, həm də orta ixtisas məktəblərinə test üsulu ilə qəbul aparılır.

Bizim qəbul prosesini dünya praktikası ilə müqayisə edəndə ortaya maraqlı məqamlar çıxır. Bu gün siz Bakı Dövlət Universitetinin biologiya, ya da tarix fakültəsinə daxil olsanız, o ixtisası bilmiş şəkildə ora getməlisiniz. Müəllim sizə bu ixtisaslardan sual verib cavab ala bilməyəndə savadsız olduğunuzu deyəcək. Amma dünyanın Kembric, Oksford və s. kimi universtetləri isə tələbədən dil və düşünmə qabiliyyəti tələb edirlər. Kadr kimi yetişdirmək isə universitetin işidir. Dünyada hər hansı təhsil pillləsinə qəbul olunmaq asan, oxumaq isə universitetin üzərinə düşən çətin bir prosesdir. Universitetə giriş qapıları geniş şəkildə açılmalı, çıxış qapıları isə daraldılmalıdır. Bizdə isə proses müəyyən qurumların maraqlarına xidmət etdiyindən dünya təcrübəsini bura gətirmək istəmirlər.

İndiyə qədər Azərbaycanda universitetə yüksək balla qəbul olmuş tələbələrin neçə faizi semestr imtahanlarında bunu doğruldub? Və yaxud yüksək balla qəbul olunmuş neçə abituriyent sonradan iş həyatında bunu doğruldub? Bu ona görədir ki, TQDK-nın imtahan nəticələri beynəlxalq aləmdə hüquqi status tanımır. Düzdür, keçirdiyi imtahanlar tanınsa belə, beynəlxalq imtahan nəticəsi hesab olunmur. İELTS, TOEFL, YÖS, SAT imtahanlarını versəniz, həmin imtahan nəticələri ilə siz Amerikadan tutmuş Avstraliyaya qədər istənilən universitetə gedə bilərsiniz. TQDK-nın imtahan nəticəsi ilə Türkiyənin yalnız bəzi universitetlərinə qəbul oluna bilərsiniz. Deməli, şagirdlərimizi psixi, fizioloji gərginliyə saldığımız imtahanlar önəmli imtahanlar deyil”.

Ekspert vurğulayıb ki, əsas meyar şagirdin 12 il ərzində nəyi necə oxuması prinsipi olmalıdır: “Orta məktəb imtahanlarının nəticələri əsasında o qədər çətin olmayan minimum biliklər tələb edən imtahan üsulu həyata keçirilməlidir. Bu gün TQDK-nın keçirdiyi imtahanlar heç bir beynəlxalq prinsiplərə uyğun deyil.

Ali təhsil müəssisələrində 37 min plan yeri var. Amma sənəd verib ali məktəbə qəbul olmaq istəyən əvvəlki illərin məzunları ilə birgə 85 min tələbə var. Bunlardan 35 mini qəbul olub. 50 min insan da ali məktəbdə oxumaq istəyir. Amma keçid balını toplaya bilmədiyi üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya üz tutur.

Bu gün Türkiyədə öz hesabına təhsil alanların sayı 15 min nəfərdir. Ukraynada isə 10 min nəfərdir. Rusiya və Gürcüstanda da cəm halında 10 min nəfərdən çoxdur. Beləliklə, 30 mindən çox azərbaycanlı ölkədən kənarda təhsil alır. Nəticə etibarilə 4 ildən sonra onlar təhsilli kimi tanınacaq. İndi də təhsilli kimi tanıyıb hərbi xidmətdən azad olunur. 30 min insanın valideynləri övladlarının təhsil və yaşam şərtlərini ödəyir. Hər birinin aylıq xərclərini 1000 manatdan hesablasaq, görün nə qədər vəsait xaricə daşınır.

Azərbaycan prezidentinin maliyyəni güc-bəla ilə ölkəyə gətirdiyi bir vaxtda bu qurumların səriştəsizliyi, işləyə bilməməsi ucbatından böyük məbləğdə sərmayə xaricə gedir. Bu təkcə maddi axın deyil, həm də beyin axınıdır. Nə qədər azərbaycanlı xaricdə işləyir, orada ailə həyatı qurur. Bununla həm də gender bərabərliyi pozulur. Azərbaycan insanı müalicə, istirahət üçün xaricə gedir. Bir də təhsil dalınca xaricə gedirsə, demək ki bu müvafiq qurumların səriştəsizliyidir. Plan yerini 60 min edin, imtahan şərtlərini sadələşdirin, insanlar da təhsil alsın. Azərbaycan iqtisadiyyatı qurumların işləməməsi nəticəsində milyonlarla pul itirir”.

Millət vəkili Qənirə Paşayeva isə məsələyə bir qədər fərqli prizmadan yanaşdığını vurğulayıb. O xatırladıb ki, Türkiyə hazırda imtahansız şəkildə tələbə qəbulu həyata keçirir: “Azərbaycanda imtahandan keçə bilməyən uşaqları ora aparıb universitetlərə daxil elətdirirlər. Ancaq bu uşaqlar orada oxuya bilmir. Mənə bir nəfər müraciət etmişdi. 7 ildir ki, universiteti bitirə bilmir, heç demə hələ birinci kursu qurtara bilməyib. Ailəsini də “oxuyuram” adı ilə aldadırmış.

Və yaxud da Ukraynada müharibə başlayan vaxtı bir neçə valideyn müraciət etdi ki, uşaqlarının Azərbaycan məktəblərinə köçürülməsinə kömək edək. O uşaqlar adi imtahan verdilər. Nəinki imtahandan keçmədilər, məlum oldu ki, onlar nə rus, nə də Ukrayna dilini bilirlər. Axı bu universitetlərdə dərslər Azərbaycan dilində keçirilmir. Bunlar orada nə cür oxuyur?

Azərbaycandan son üç-dörd ildə Ukraynaya və Türkiyəyə üz tutanlar ali məktəblərə keçirilən imtahanlardan bal toplamayanlardır. Bu böyük araşdırma tələb edir. Burada məsələ təkcə o deyil ki, Azərbaycanda təhsil şərtləri ağırdır. Məsələn, indi Tovuzda təhsil göstəriciləri daha da yaxşılaşıb. Uşaqların bir çoxu kənd məktəblərində oxuyur, amma imtahan verə bilirlər. Amma elələri var ki rahat şəkildə oturur , ancaq imtahan da verə bilmir.

Qurumlar araşdırmalıdır ki, Ukraynaya və Türkiyəyə kimlər daha çox gedir. İndi deyirlər ki, pullar xaricə getməsin. Amma Azərbaycanda da bu ailələr yazıq deyilmi? Pulu ödəsinlər, amma uşaqlar öyrənməsin. Ölkəmizdən son illərdə gedənlərin əksəriyyəti burada bal yığa bilməyənlərdir. Yəni daha yaxşı təhsil almaq üçün gedənlər deyil. Bunlar statistika ilə ortaya qoyulmalıdır”.

Q. Paşayeva heç bir imtahan vermədən ali məktəblərə daxil olmağın tərəfdarı olmadığını qeyd edib: “Oxuya bilmirlərsə, pul ödəsinlər, ancaq ailələr pərişan olur. Savadı olmayan burada oxumayacaq ki? Biz də indi “savadsızlar mütləq diplom almalıdırlar prinsipi ilə onlara şərait yaradaq” deyə bilmərik. Bunlar universiteti təhsil alaraq bitirməlidirlər. İmtahanda 100 balı belə toplaya bilməyən adam universitetdə necə oxuyacaq? Bu gün diplom deyil, işinin professionalı olmaq hər şeyi həll edir.

Ukraynada əgər universiteti oxuyub bitirirlərsə, bu savadsız diplom almaq deməkdir. Çünki ayrı yollara da əl atırlar. Türkiyədə isə bu mümkün deyil. Oxumadınsa, diplom da ala bilmirsən. Orada rüşvətlə təhsil sistemi yoxdur. Bu zaman ailələr də pərişan olur. Bir müddətdən sonra uşaq diplom almadan geri qayıtmalı olur. Nəticədə nə qədər vəsait itirilir”.

Millət vəkili problemin həllinin peşə məktəblərinin fəaliyyətinin gücləndirilməsindən keçdiyini vurğulayıb: “Hamı ali təhsil almamalıdır. Bu gün peşə təhsilinə çox ehtiyacımız var. Bəlkə o uşaqlar ali təhsil almaq gücünə sahib deyillər, amma yaxşı bir peşəyə yiyələnə bilərlər. Elə peşələr var ki, bu gün ordan əməkhaqqı alan insan millət vəkilinin maaşından daha çox pul qazana bilir”.

Günel Türksoy

BIR CAVAB BURAXIN