Azərbaycan istiqlalının nəğməkarı və Dədə Qorqudun ilk tədqiqatçısı: Əmin Abid (3)/Əziz MUSTAFA

0
718

11

Bəzi məlumatlara görə, ötən əsrin 20-ci illərinin sonlarında gənclər arasında Əmin Abidin hələ İstanbulda ikən “Gültəkin” imzası ilə yazdığı şeirləri yayılmağa başlamışdı. Amma çoxları bilmirdi ki, Gültəkin adlı şair elə qarşılarında dayanan Əmin Abiddir. Bolşevik casusları da bu şeirlərin izinə düşmüşdülər. Ancaq Gültəkinin kim olduğunu müəyyən edə bilmirdilər. Buna baxmayaraq onlar Əmin Abiddən şübhələnərək onun hər addımını izləyirdilər. Həmin dövrdə Əmin Abidin gənclər arasında yayılan şeirlərinin birində deyilirdi:

Dünyaya gəldim mən – torpağım oldun,

Altaylardan endim – durağım oldun.

Yaşıl çəməninlə, mavi göyünlə ,-

Qırmızı gülünlə bayrağım oldun.

Əmin Abid – Gültəkin üçün vətən həm də üçrəngli bayraq idi. Ona görə də, o, bayrağın rənglərini obrazlı şəkildə yaşıl çəmənə, mavi göyə və qırmızı gülə bənzədirdi. Bu şeir o dövrdə gənclər arasında gizli şəkildə yayılaraq geniş şöhrət qazanmışdı.

Zülm və təzyiqlərə sinə gərdilər

Türkiyədə təhsil alaraq vətənə dönməsindən sonra addımbaşı izlənən Əmin Abidi o dövrdə “çeka” (fövqəladə komissiya) adlanan və adı ilə əhalidə dəhşət doğuran xususi xidmət orqanları həbs etmək üçün bəhanə axtarırdı. Amma belə bir bəhanə tapa bilmirdilər. Ona görə də, Əmin Abidi yuxarıdan verilən göstəriş əsasında müxtəlif bəhanələrlə işdə sıxışdırırdılar. Bəzən bu sıxışdırmalar o qədər dözülməz olurdu ki, Əmin Abid gecələr belə özünə gələ bilmirdi. Amma xüsusi xidmət orqanları da ondan əl çəkmək istəmirdilər. Onu siyasi baxışlarına görə dəfələrlə işdən çıxarmışdılar. Bu hal bir neçə dəfə təkrar olunğundan Əmin Abid Bakını tərk edərək gah Qubada, gah Ağdaşda, gah Ağdamda, gah da Kürdəmirdə işləməli olur. Rayonda işlədiyi dövrdə belə onu rahat buraxmırdırlar, tez-tez ona təzyiqlər edilir, iş yerində əvvəlcədən öyrədilmiş adamları onun əleyhinə qaldırırdılar.

Üstündən illər ötəndən sonra Əmin Abidin həyat yolunu araşdıraraq onun sonsuz zülm və təzyiqlərə məruz qaldığını üzə çıxaran filologiya elmləri doktoru Bədirxan Əhmədov ötən əsrin 30-cu illərində aparılan repressiyalarla bağlı yazır:

“Təmizləmə” əməliyyatı, əsasən türk ədəbiyyatı, coğrafiya və ictimaiyyət müəllimlərinə qarşı yönəldilirdi. Şübhəsiz, Ə. Abid bu əməliyyatdan kənarda qala bilməzdi. Bundan sonra ona Bakıda işləmək yasaq olunur. Məcburiyyət qarşısında qalan Əmin Abid 1929-1934-cü illər arasında Ağdaş, Quba, Ağdam rayonlarında müəllim işləyir. Elə bu illərdə məhsuldar alimin məqalələri respublika mətbuatında çox az dərc olunur…”

Hilal sevdalısı

Həmin dövrdə addımbaşı izləndiklərini hiss edən və müxtəlif təzyiqlərə məruz qalan Nafiyə xanım və Əmin Abid çox ağır günlər yaşamalı olurlar. Buna baxmayaraq, Əmin Abid və Nafiyə xanım bu təzyiqlərə mətanətlə sinə gərərək gizli mübarizələrini davam etdirirdilər.

Bu arada iki azadlıq mücahidi daha bir zərbəyə məruz qaldılar. Belə ki, Nafiyə xanıma anasının ağır xəstə olması xəbərini vermişdilər. Ona görə də, 1931-ci ildə xəstə anasını görmək və ona qulluq etmək üçün Nafiyə xanım Əmin Abidin razılığı ilə Türkiyəyə-İstanbula gedir. Gedərkən Nafiyə xanım tezliklə yenidən Bakıya qayıdacağını planlaşdırmışdı. Amma tale onları ağır sınaqlara çəkməkdə davam edirdi. Belə ki, anasının xəstəliyinin uzun sürməsi və digər səbəblərdən Nafiyə xanım 4 il İstanbulda qalmalı olur. Uzun sürən ayrılıq Əmin Abiddə ağır izlər buraxır. Ancaq bu ağır sınaq onu milli azadlıq mücadiləsindən vaz keçməyə məcbur edə bilmir. Həmin dövrdə onun gənclər arasında gizli şəkildə yayılan və dillər əzbəri olan bu şeirləri yetişməkdə olan gənc nəslin milli azadlıq mücadiləsi ruhunda yetişməsində önəmli rol oynadı. Əmin Abidin belə şeirlərindən birində deyilirdi:

Qaldıqca ruslarda diyarım mənim

İntiqam olacaq şüarım mənim.

Bu misralar işğalçı bolşevik rejiminə qarşı yeni cəbhənin açılması demək idi. O, düşmənlərdən öz intiqamını gəncləri milli azadlıq uğrunda gələcək mübarizələrə hazırlamaqla alırdı. Onu da deyək ki, Əmin Abid həmin dövrdə gənclər arasında milli azadlıq mücadiləsini yayan tək vətənpərvər alim və ziyalı deyildi. O dövrdə Azərbaycan elminin, təfəkkürünün qaymaqları hesab edilən Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər, Bəkir Çobanzadələr, Salman Mümtazlar, Əhməd Cavadlar və digərləri yetişməkdə olan gənc nəslin milli azadlıq mücadiləsi müstəvisində yetişməsində, həmçinin onlar arasında milli varlığımızın təbliğində mühüm rol oynadılar. Bu müstəvidə də Əmin Abidin ən böyük silahı onun şeirləri idi:

Yaşa, ey həsrətlə doğan istiqlal!

Yaşa, ey türk, yaşa ey gözəl hilal!

Bu şeirdə Əmin Abidin istiqlal vurğunluğu, ay-ulduz həsrəti bütün çılpaqlığı ilə üzə çıxır. “Yaşa, ey türk, yaşa ey gözəl hilal!”- Bu, onun həyat amalı, başını sinəsinə qoyduğu və hər an yolunda ölümə getməyə hazır olan hilal sevdası idi.

O, eyni zamanda Azərbaycan ədəbiyyatı tarixi üzrə araşdırmalarını da davam etdirdi. Bu çərçivədə də onun M. F. Axundovun ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri ədəbi elmi aləmdə böyük şöhrət qazanmışdı. Uzun müddətli ədəbi axtarışları nəticəsində alim dahi Azərbaycan klassiki Füzulinin “Söhbətül-əsmar” əsərini aşkara çıxararaq onu şərhlərlə elm aləminə təqdim etdi. Bu da alimə ədəbiyyatşünas alimlər arasında yeni şöhrət gətirdi.

Onu da deyək ki, Əmin Abid uzun elmi axtarışlarının nəticəsi olaraq “Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)” kimi məqalələrini, həmçinin müəllifinə böyük şöhrət gətirərək onu ən istedadlı alim kimi tanıdan “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərlərini yazaraq ədəbiyyatşünaslığımızın inkişafına özünün ən böyük töhfəsini vermiş oldu.

Əbədiyyətə aparan yol

Əmin Abidi xüsusi nəzarətdə saxlayan SSRİ xüsusi xidmət orqanları nəhayət ki, onu həbs etmək üçün izə düşə bildilər. Belə ki, bolşevik casuslar ötən əsrin 30-cu illərinin ortalarında “Gənc Azər” adlı gizli təşkilatın izinə düşərək onun bəzi üzvlərini həbs etdilər. Həbs edilənlərdən birinin istintaqa verdiyi ifadəsində Əmin Abidin adını hallandırması bu böyük insanın taleyinin həll edilməsi demək oldu. Bu arada, Nafiyə xanım 1935-ci ildə yenidən Bakiya, Əmin Abidin yanına qayıtdı. Ancaq onların taleyi, artıq yuxarılarda həll edilmişdi və Əmin Abidi həbs etmək üçün bolşevik rejimi əlverişli məqam gözləyirdi. Özünü həbs və ölümlərin gözləyə biləcəyini Əmin Abid də hər an hiss edirdi. Ona görə də, şeirlərinin birində bununla bağlı yazır:

Bulanıq bir kökün kirli yaxası

Yerdə sürünüyor, iştə tundra…

Sibirya, Sibirya…əvət Sibirya;

Təbiətin o bir zalım ÇEKA-sı.

Bolşevik rejimi bu misraların müəllifini artıq bağışlaya bilməzdi və 1937-ci ildə Əmin Abidi həbs etdilər. Onu Türkiyəyə casusluqda, gənclər arasında pantürkizmi təbliğ etməkdə günahlandırırdılar. Lakin bunun üçün rejimin əlində kifayət qədər fakt, sübut da yox idi. Bu fakt və sübutları isə işgəncələr yolu ilə ondan qoparmağa çalışırdılar. Əmin Abid sona kimi işgəncələrə mətanətlə sinə gərdi, Türkiyə casusu olması barədə irəli sürülən ittihamları rədd etdi. Buna baxmyaraq saxta ittihamlar əsasnda 1937-ci ilin sonlarında ona ölüm hökmü kəsdilər. Beləliklə, bu böyük insanın həyatı ömrünün çiçəklənən çağında qırıldı. Güllələnərkən 39 yaşında idi və ömür vəfa etsə idi, millətinə daha çox fayda verəcəkdi. Amma cəlladlar bunu ona çox gördülər. Erməni və onlarla işbirliyinə girən rusların əli ilə o gedər-gəlməzə göndərildi.

Əmin Abid həbs edilərək güllələnəndən sonra Nafiyə xanım Türkiyəyə qayıtmaq üçün Batumiyə getdi. 1938-ci ilin avqust ayının 10-da Batumidəki Türkiyə konsulluğuna viza almaq üçün müraciət edən Nafiyə xanım KQB kapitanı erməni Zaxaryan tərəfindən həbs edildi. Nafiyə xanımı Bakıya gətirərək ona üç il iş kəsdilər. Cəzasını çəkmək üçünsə Nafiyə xanımı Sibirə göndərdilər.

O üç il məşəqqətli həbsxana həyatı yaşadı: “Araşdırmaçı Əli Şamil, Əmin Abidlə bağlı axtarışlarını apararkən Milli Təhlükəsizlik Nazirliyinin arxivində Nafiyə xanımın iki fotosunu tapmışdı. Şəkillərindən biri tutularkən, digəri də zindanda olarkən üç yöndən çəkilmişdi. Tutularkən çəkilən şəklində o, dünyanın ən nurani üzlü Türk qızına oxşayırdı, zindanda çəkilən fotosunda isə gördüyü işgəncələrin bütün detalları simasında əks olunurdu”. ( Mənbə TRT telekanalı)

Digər repressiya qurbanları ilə müqayisədə Əmin Abidə bir qədər gec 1962-ci ilin dekabrın 21-də bəraət verildi. Bununla bağlı tədqiqatçı alim Əli Şamil yazır ki, onun ömür yolunun öyrənilməsi, yaradıcılığının araşdırılıb təbliğ edilməsi əngəlləndi: “Çünki Ə. Abid bədii yaradıcılığında həmişə kommunizm ideologiyası adı altında müstəmləkəçilərə, elmi yaradıcılıqda isə ümumtürk ədəbiyyatını parçalayıb məhəlli ədəbiyyatlar yaratmaq istəyənlərə qarşı olmuşdu”.

SSRİ dağılandn sonra Əmin Abidin həyat və yaradıcılığı tədqiq edilərək milyonlarla soydaşına tanıdıldı. Biz bu işdə əməyi olan bütün tədqiqatçılara təşşəkkür edir, Əmin Abidə və həyat yoldaşı Nafiyə xanıma isə Uca Allahdan rəhmətlər diləyirik.

Əziz Mustafa

BIR CAVAB BURAXIN