Azərbaycan dünyanın ən qabaqcıl turist ölkəsinə çevrilir

0
696

Əziz Mustafa

Müasir dövrümüzdə turizmin inkişaf etdirilməsi beynəlxalq səviyyədə hər bir dövlət üçün önəmli sahələrdən birinə çevrilib. Bu da təsadüfi deyil. Belə ki, turizmin inkişaf etdirilməsi hər bir dövlət üçün yalnız iqtisadi deyil, həm də siyasi baxımdan önəmli bir vəzifə sayılır. Digər tərəfdən də, turizmin neftdən sonra dünyada ən gəlirli sahələrdən biri olması və hər il dövlət büdcəsinə yüz milyonlarla dollar gəlir gətirməsi bu sahəyə diqqətin daha da artmasına gətirib çıxarıb. Belə ki, bəzi ölkələrdə, o cümlədən Fransada turizmdən əldə edilən gəlirlər ümummilli məhsulun 7, Çexiyada 6, Macarıstanda 8, İspaniya, İsveçrə, İtaliyada 13-17 faizini təşkil edir. Qardaş Türkiyə isə təkcə ötən il turizmdən 35 milyard dollar gəlir əldə edib. Nəhayət, turizmin inkişaf etdirilməsi nəticəsində açılan bir yeni iş yeri özü ilə əlavə daha 4-5 iş yerinin yaradılmasına gətirib çıxarır. Məhz bunun nəticəsidir ki, günümüzdə dünyada turizm sahəsində 200 milyon nəfərdən çox adam çalışır. Bu isə bütün dünya üzrə işləyən əhalinin 8 faizindən çox deməkdir.

Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin prioritet sahəsinə çevrilib

Turizmin dünyanın hər yerində sürətlə inkişaf etdirilməsi adıçəkilən sahədə zəngin potensial imkanlara malik olan Azərbaycanda da xüsusi diqqət mərkəzindədir. Bu də səbəbsiz deyil. Bu gün ölkəmiz turizm sahəsində nəinki bölgədə, həm də dünyada geniş potensial imkanlara malikdir. Bu çərçivədə də Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra ölkəmizin qarşısında duran ən önəmli vəzifələrdən biri də beynəlxalq aləmlə istər siyasi, istərsə də iqtisadi sahədə daha sıx inteqrasiyaya nail olunması, respublikamızın dünyada yüksək səviyyədə tanıdılması oldu. Bu müstəvidə də ən önəmli vəzifələrdən biri iqtisadiyyatın ən gəlirli sahələrindən və hər bir dövlətin beynəlxalq aləmdə yüksək səviyyədə tanıdılmasında, təbliğ edilməsində önəmli rol oynayan turizmin inkişaf etdirilməsi oldu.

1993-cü ildə Azərbaycan üçün taleyüklü dövrdə xalqımızın tələbi ilə yenidən Azərbaycanı idarə etməyə başlayan görkəmli dövlət xadimi Heydər Əliyev çoxsaylı çətinliklərə baxmayaraq, ölkəmizdə turizmin inkişaf etdirilməsini önə çıxardı. Bu da, öz növbəsində, 1999-cu ildə Heydər Əliyevin Fərmanı əsasında “Turizm haqqında qanun”un qəbul edilməsinə gətirib çıxardı. Bu qanunun qəbulu neftdən sonra ən gəlirli sahə olan qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan ən önəmli addımlardan biri oldu. Ölkəmizdə turizmi daha da inkişaf etdirmək sahəsində həyata keçirilən tədbirlərdən biri də 2002-ci ildə “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı”oldu. Bu proqramın uğurla həyata keçirilməsi Azərbaycanda turizm sektorunun inkişafına yeni bir təkan verdi. Buna paralel olaraq, 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi ənənə halını alıb və bu, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında və təbliğində önəmli töhfəsini verməkdə davam edir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Bu çərçivədə də Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı” ölkəmizdə turizmin inkişaf etdirilməsində önəmli rol oynadı. Proqrama uyğun olaraq, ölkəmizdə turizmin inkişaf etdirilməsində xüsusi önəm daşıyan tarix-mədəniyyət abidələri bərpa edilərək turistlərin istifadəsinə verildi. Buna paralel olaraq, Azərbaycanın bölgələrində, o cümlədən Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə, Şəkidə, Şamaxıda, Balakəndə və digər rayonlarımızda müasir otel və pansionatlar inşa edildi. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması isə ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən daha bir uğurlu tədbir oldu.

Azərbaycanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Bu çərçivədə də 16 ölkə ilə turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Buna paralel olaraq, Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri ilə turizm sahəsində əməkdaşlıq edir.

Turizm gəlir mənbəyidir

Turizmin dünyanın ən gəlirli sahələrindən biri olması və ölkəmizdə də bu sahənin sürətlə inkişaf etdirilməsi regionların sosial-iqtisadi inkişafına yeni bir təkan verməkdədir. Bu da təsadüfi deyil. Faktiki olaraq hazırda Azərbaycanda turizm sahəsi neftdən sonra ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Turizm iqtisadiyyatın əsas sahələri olan nəqliyyat, rabitə, inşaat, kənd təsərrüfatı, xalq istehlak mallarının istehsalına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan Qəbələdə “Tufandağ” və Qusarda “Şahdağ” qış-yay turizm komplekslərinin yaradılması və istifadəyə verilməsi, Qubada, Zaqatalada, Şəkidə və digər yerlərdə müasir turist obyektlərinin inşa edilməsi turizm sahəsində yeni iş yerlərinin yaradılmasında önəmli rol oynadı. Azərbaycanda turizmin ən gəlirli sahələrdən birinə çevrildiyini ölkəmizdə çoxsaylı müasir mehmanxanaların və istirahət mərkəzlərinin inşa edilməsinini timsalında da aydın görmək mümkündür. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət İqtisadi Universitetində keçirilən “Azərbaycanda turizm: strateji baxış” mövzusunda ictimai müzakirə zamanı: “Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”,-deyib.

Ə. Qarayev turizm sənayesinin inkişafının yeni iş yerlərinin açılmasına müsbət təsirlər göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər sürətləndiriləcək. Ölkəmizə turist axınının güclənməsi, öz növbəsində, dövlət büdcəsinə gələn gəlirlərin artmasına səbəb olub. Məsələn, əgər 2013-cü ildə ümumi daxili məhsulda (ÜDM) turizmdən əldə edilən gəlirlərin həcmi 3,6 faiz idisə, 2015-ci ildə bu rəqəm 4,5 faizə çatıb. Bu isə ölkəmizdə qeyri-neft sektorunun ən gəlirli sahəsi olan turizmin ölkə iqtisadiyyatında xüsusi rol oynamaqda davam edəcəyini bir daha təsdiq etməkdədir. Turizm sektorunun daha da inkişaf etdirilməsində, təbii ki, bu sahə ilə bağlı yüksək səviyyəli peşəkar kadrların hazırlanması xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Turizm Universiteti yaradılıb. Buna paralel olaraq, İsmayıllıda peşə məktəbinin yaradılması da bu sahədə olan təcrübəli mütəxəssislərin yetişməsinə xidmət edir.

Problemlər

Azərbaycan turizm sahəsində böyük imkanlara malik olmasına baxmayaraq bəzi problemlər də mövcuddur. Bu problemlərdən biri, qiymətlərin yüksək olmasıdır. Qiymətlərin yüksək olması isə, öz növbəsində, turistlərin digər ölkələrə getməsinə yol açıb. Bu sahədəki problemləri aradan qaldırmaq üçün son vaxtlar üçulduzlu otellərin inşası məsələsi qarşısıalınmaz məsələ kimi ortaya çıxıb. Hazırda bununla bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Zənnimizcə, dünya təcrübəsi əsasında qiymətlərin aşağı salınması nəinki xaricdən ölkəmizə gələn turistlərin sayının artmasına, həm də yüksək qiymətlər səbəbindən xaricə getməyə üstünlük verən soydaşlarımızın respublikamızda istirahət etmələrində və milyonlarla dollar əlavə gəlirin dövlət büdcəmizə daxil olmasında böyük rol oynayar.

Azərbaycanda turizm sisteminin üzləşdiyi əsas problemlərdən biri də bəzi hallarda adıçəkilən sahəyə sərmayə qoyan iş adamlarının az olmasıdır. Halbuki iş adamlarını müəyyən güzəştlər hesabına səfalı turizm məkanları olan yerlərdə yeni istirahət ocaqlarının inşasına həvəsləndirmək və adıçəkilən ərazilərdə turizmin daha da inkişaf etdirilməsinə nail olmaq mümkündür.

Perspektivlər

Azərbaycan turizmin gələcəkdə də yüksək səviyyədə inkişaf etdirilməsi üçün böyük potensiala sahibdir. Belə ki, ölkəmizdə ilin bütün fəsillərində turizmin inkişafı üçün imkanlar mövcuddur. Bunu ölkəmizdə istifadəyə verilən “Tufandağ” və “Şahdağ” qış-yay turizm komplekslərinin timsalında da aydın görmək mümkündir. “Tufandağ” və “Şahdağ” qış-yay turizm komplekslərinin istifadəyə verilməsi qış-yay fəsillərində yaxın və uzaq xaricdən ölkəmizə gələn turistlərin sayının artmasına yol açıb. Belə ki, əgər iki-üç il əvvələdək Azərbaycana turistlər yalnız yaz və yay aylarında gəlməyə maraq göstərirdilərsə, “Tufandağ” və “Şahdağ” Dağ-Xizək Qış Turizmi yaradılandan sonra ölkəmizə qış aylarında da turist səfərləri artmağa başlayıb. Eyni zamanda adıçəkilən obyektlərin istifadəyə verilməsi ölkə daxilində də qış turizminin geniş yayılmasına gətirib çıxarıb.

Azərbaycan turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün də böyük potensiala malik ölkələrdən hesab edilir. Bu çərçivədə də turizmin müxtəlif növlərinin, o cümlədən mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizminin inkişaf etdirilməsi ölkəmizə milyonlarla manat əlavə gəlir gətirə bilər. Azərbaycan qış turizmi (dağ-xizəkçilik), qolf turizmi, müalicəvi turizm, elmi turizm, mağara turizmi, etnoqrafik turizm, raftinq turizminin inkişaf etdirilməsi üçün də geniş imkanlara malikdir.

Buna paralel olaraq, ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan bölgələrində daxili turizmin inkişaf etdirilməsi potensialı olan ərazilər hesab edilir.

Eyni zamanda Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, “İpək Yolu” kimi bir çox tarixi yolların ölkəmizin ərazisindən keçməsi respublikamızın turizm imkanlarını daha da artırır. Bütün bunları nəzərə alaraq, Azərbaycanda turizmin inkişaf etdirilməsi gələcəkdə davam etdiriləcək. Bunu “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında turizmin inkişaf hədəflərinin dəqiq əksini tapması da sübut edir. Konsepsiyada nəzərdə tutulanların həyata keçirilməsi ölkəmizdə turizmin daha da inkişaf etdirilməsinə, bu sahədəki mövcud problemlərin aradan qaldırılmasına yol açaraq, regionlarımızın sosial-iqtisadi inkişafına təkan verəcək. Bütün bunlar isə ölkəmizə daha çox turist axınına səbəb olaraq, Azərbaycanı dünyanın ən gözəl turist məkanlarından birinə çevirəcək.

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur .

BIR CAVAB BURAXIN