Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları 1. Yazı

0
186

XX əsr Quzey Azərbaycan Türk fəlsəfi və ictimai-siyasi fikir tarixini yazmağın asan olduğu qədər çətin tərəfləri də kifayət qədərdir. Çünki Quzey Azərbaycan xalqı bir əsr ərzində siyasi müstəqillik və siyasi ideologiyalar (islamçılıq, türkçülük, azərbaycançılıq, sosial-demokratizm, marksizm-leninizm, liberalizm və b.) baxımından çox ziddiyyətli dövrünü yaşamış, əlifbasından tutmuş dilinin adına qədər ümummilli məsələlərdə çox ciddi dəyişikliklərlə üzbəüz qalmışdır. Minillər boyu əsasən azad, hürr yaşamış Azərbaycan türklərinin bir qisminin (Quzey Azərbaycanın) çar Rusiyasının işğalına məruz qalıb “müstəmləkə xalq” siyasətinin qurbanına çevrilməsi, onun fəlsəfəsinə, tarixinə, mədəniyyətinə böyük zərbə olmuşdur. İmperiya ideoloqları (Çar Rusiyası, Sovet Rusiyası) Quzey Azərbaycan türklərini, bütövlükdə Qafqaz türklərini daim işğal altında tutmaq üçün onların yalnız torpaqlarını deyil, milli-mənəvi ruhunu da assimilyasiya etmə prosesinə başlamışdır. Bununla da, ən azı son iki əsrdə imperiya ideoloqları Qafqaz türkləri arasında “parçala və höklm sür!” siyasətinə uyğun olaraq Rusiya təfəkkürlü, rusdilli “azad xalqlar” formalaşdır¬mağa çalımışlar və çalışırlar da. Son iki əsrdə imperiya ideoloqlarının Rusiya təfəkkürlü, rusdilli görmək istədiyi “azad xalq¬lar”dan biri də Quzey Azərbaycan türkləri olmuşdur. Çünki Quzey Azərbaycan türkləri Qafqaz türkləri arasında xüsusi çəkiyə sahib olub, utancverici Türkmənçay müqaviləsini (1828, 10 fevral) qətiyyən qəbul etməmiş, daima milli azadlıq davası aparmış və özünü Türk dünyasından, o cümlədən Güney Azərbaycan türkləri ilə Türkiyə türklərindən heç bir zaman ayırmamışdır. Məhz Quzey Azərbaycan türklərinin bu təbii hiss və haqqlarını yaxşı bildikləri üçün də, imperiya ideoloqları Qafqazda türklərə və türklüyə qarşı amansız bir savaş açmış, onları qeyri-türklər və qeyri-türklüklə əvəz etməyə çalışmışdır. Şübhəsiz, onlar üçün bu yolda da, ilk növbədə türklüyü vəhşilik, barbarlıq kimi qələmə vermək, islam dininin xurafat və mövhumatdan uzağa getməməsinə çalışmaq, bununla paralel olaraq qeyri-türkləri (xristian ermənilər, gürcülər və b.) onlara qarşı qoymaq və bununla da Azərbaycan türklərinin milli şüurunda assimilyasiya prosesi aparmaq idi. Deməli, Rusiya ideoloqları Avropada olduğu kimi, türklük və islamlığı Qafqazda, o cümlədən Quzey Azərbaycanda (yeri gəlmişkən, burada coğrafi anlamda nəzərdə tutduğumuz Quzey Azərbaycan indiki Azərbaycan Respublikası ilə tamamilə eyniləş-dirilməməlidir. Əslində burada nəzrədə tutulan Quzey Azərbaycan Dərbənddən Naxçıvana, İrəvana, Lənkərandan Tiflisə qədərki bir coğrafiyanı əhatə edir) təhrif olunmuş şəkildə təqdim etməklə, Rusiya təfəkkürlü, rusdilli “azad, mədəni xalq” yaratmaq niyyəti güdmüşdür. Bu proses çar Rusiyası dövründə başlamış və Sovet Rusiyası dövründə isə “uğurla” davam etdirilmişdir. Belə ki, Azərbaycan türklərini əvvəlcə “tatar” adlandırıb onun dilinin, ədəbiyyatının, tarixinin “yaranma”sının “qayğısı”na qalan rus ideoloqlar Çarlıq dövründə “Rus-tatar məktəb¬ləri”ndə xeyli dərəcədə rusdilli kütlənin formalaşmasına nail ola bilmişdir. Artıq 19-cu əsrin ikinci yarısından başlayaraq “Rus-tatar məktəb¬ləri”nin, Çarlıq universitetlərinin məzunları¬nın böyük bir qismi özünü və təmsil olunduğu cəmiyyətin gələcəyini “Böyük Rusiya”dan kənarda görə bilmirdi. “Böyük Rusiya” mədəniyyətinin, dövlətçiliyinin, tarixinin, fəlsəfəsinin rusdilli, rus təfəkkürlü ziyalıları üçün milli və dini ortaqlığa baxmayaraq, artıq Qacar Türk dövləti, ya da Osmanlı Türk dövləti ilə eyniyyət fərqə, özü də əsaslı fərqə çevrildiyi halda, Rusiyaya münasibətdəki ziddiyyətlər (xüsusilə də din ayrılığı) isə aradan qalxaraq “doğmalıq” hissləri artırdı. Məhz bu “doğmalıq” hisslərinin nəticəsi olmalı idi ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində az da olsa, Azərbaycan türkləri və onun ziyalıları (M.Əzizbəyov, S.M.Əfən¬di¬yev, N.Nərimanov, Ə.Qarayev və b.) arasında nə olursa olsun “Böyük Rusiya”dan ayrılmamaq ideyası var idi. Doğrudur, çar Rusiyası dövründə bu proses imperiyanı bürüyən inqilablarla, onun dağlması ilə (1917) yarımçıq qaldı və Qafqaz türk¬ləri, o cümlədən Quzey Azərbaycan türkləri Qacarlarla Osmanlı¬lara olan təbii hisslərini əsasən saxlaya bilmişdilər. Hər halda 19-cu əsrin sonu, XX əsrin əvvəllərində Quzey Azərbaycan türklərinin, onun ziyalılarının çoxunun (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, H.Cavid, M.Hadi və b.) əsas fəaliyyət dairəsi və dünyagörüşü Bakı, Gəncədən sonra ya Tehran və Təbriz, ya da İstanbulla bağlı olmuşdur. Cəmi iki ilə yaxın ömür sürən Azərbaycan Cümhuriyyəti də milli dünyagörüşün məhsulu idi. Bu o qədər təbii idi ki, Rəsulzadənin təbrincə desək, Qacarlardan sonra yenidən “istiqlal”ın dadını görmüş Quzey Azərbaycan türklərinin geri addım atmaq yolu yox idi. Əslində Sovet Rusiyasının 71 illik müstəmləkəçilik dövründə aparılan milli az¬ad¬lıq hərəkatında, o iki illik müstəqilliyin ayrıca dəyəri və yeri var idi. Ancaq onu da unutmaq olmaz ki, Sovet Rusiyası¬nın 71 illik müstəmləkəçiliyi çar Rusiyasının müstəmləkə-çiliyindən daha ağırlı və sərt oldu. Doğrudur, Sovet-Rus ideoloqları Quzey Azərbaycan türkləri ilə bağlı çar Rusiyasının yarımçıq qoymağa məcbur olduğu rusdilli, rus təfəkkürlü “azad xalq” siyasətini bir qədər gec, yəni 27 aprel faciəsindən dərhal sonra deyil, əsasən 1930-cu illərin ortalarından etibarən başladı. Buna səbəb də aşağıda daha geniş şəkildə qeyd etdiyimiz kimi, marksist-leniniçi Stalin prinsiplərinin tam formalaşmaması və nisbi müstəqilliyin fəlsəfə sahəsində də hökm sürməsi idi. Əslində bu “nisbi müstəqillik” daha çox marksizm-leninizmin təbliğində “sağ və sol opportinistlər”in olması, sovet proletariatının mahiyyətinin tam dəqiqiləşməməsi, milli mədəniyyətlə sosialist mədəniyyət arasındakı ziddiyyətlərin hələ də qalması idi. Ona görə də, represiyayaqədərki dövrdə (1920-1936) “nisbi müstəqil¬lik”dən istifadə edən fəlsəfəçilər də fəlsəfənin əsas problemlərinə, eyni zamanda sosial fəlsəfəyə (cəmiyyət, millət, şəxsiyyət, etnos və s.) aid məsələlərdə istər-istəməz fərqli mülahizələrlə çıxış edirdilər. Represiyayaqədərki dövrdə kosmopolitizmə yuvarlanma da, “köhnə” və “yeni” nəsil arasında gedən mübarizə də məhz “nisbi müstəqillik” dövrünün məhsulları idi. Bizcə, Sovet Rusiyasında, o cümlədən Quzey Azərbaycanda az-çox fəlsəfi mülahizə¬lərin 1920-1936-cı illər arasında ortaya çıxmasının kökünü də məhz “nisbi müstəqillik”lə izah etmək olar. Ancaq repressiyanın dərinləş¬məsi və Stalin prinsiplərinin gerçəkləşməsi ilə bütün imperiyada, o cümlədən Sovet Azərbay¬canında da fəlsəfi ehkamlar qətiləşdi. İlk dövrlərdə Quzey Azərbaycanda türklüyü tamamilə inkar edə bilməyən Sovet-Rus ideoloqlarının çox keçmədən Çarlıqdan da sərt formada türksüzləşdirmə siyasətinə baş¬la¬masının milli faciədən başqa bir adı ola bilməzdi. Özü də, onlar bu zaman artıq “tatar” deyil “azərbaycanlı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” anla¬yış¬ları altında assimilyasiya siyasətini həyata keçirməyə başlamışdı¬lar. Sovet-Rus ideoloqlarının türksüzləşdirmə siyasətinin əsasında minillər boyu türklük fəlsəfəsinin daşıyıcısı olan, üstəlik əsas nüvədən zorla ayrı yaşamağa məcbur edilən Quzey Azərbaycan türklərinin milli varlığının üstündən xətt çəkilib yeni, rusdilli, rus təfəkkürlü “xalq” yaratmaq idi. Guya, çar Rusiyasının işğalından sonra, xüsusilə də 19-cu əsrin ikinci yarısında formalaşan “Azərbaycanlı” adlı “xalq” türk dilində danışsa da türk deyilmiş, sadəcə türkdilli imiş, üstəlik bu “türkdilli xalq” yarı Qafqazdillidən, yarı İrandillidən ibarət olub türk¬lər¬in-səlcuqların Azərbaycana gəlməsi ilə zorla türkləşiblərmiş! Sovet-Rus ideoloqları iddia edirdilər ki, Cümhuriyyətə qədər və Cümhuriy¬yət dövründə türklükdən və islamlıqdan yazanlar da, ya siyasi cəhət¬dən zəif olanlar, ya da Türkiyənin cacusları, agentləri rolunda çıxış edənlər imişlər. Ancaq bütün bunlarla yanaşı “rusdilli, rus təfəkkürlü xalq”ın tar¬ixi¬nin, ədəbiyyatının, fəlsəfəsinin yazılması da lazım idi ki, o zaman mümkün olduğu qədər onu türklükdən uzaq tutan Sovet-Rus ideoloqları ağılasığmaz, reallığa qətiyyən uyğun gəlməyən mülahizə¬ləri, uydur¬ma¬¬ları həmin məsələlərə aid kitablarda gerçəklik kimi qələmə verir¬dilər. Məsələn, Sovetlər Birliyi dövründə yazılmış 3 cildlik “Azərbaycan tarixi”ndə Babək, Şah İsmayıl, Füzuli, Nəsimi “azər¬bay¬canlı”, dilləri “azərbaycan dili” kimi təqdim olunur, eyni zamanda Şah Abbas, Nadir şah, Ağa Məhəmməd Şah iranlı adlandırılır və düşmən elan edilir, Cümhuriyyətin qurucu və digər liderlərinə hər cürə böhtan atırdılar. Ən əsas məqsəd o idi ki, Quzey Azərbaycan xalqında, onun ictimai-fəlsəfi fikrində türklük şüurunu tamamilə sıradan çıxarıb, onun yerinə Sovet Rusiyası imperiyasının maraqlarına cavab verən rusdilli, rus təfəkkürlü “Azərbaycan milləti” formalaşdırmaq idi. Sovet-Rus ideo¬loq¬ları Cümhriyyət liderlərinin, xüsusilə də onun qurucusu M.Ə.Rəsul¬zadə¬nin Türk Cümhuriyyətinə verdiyi “Azərbaycan” adını tamamilə fərqli bir qəlibə salıb bir tərəfdən türklükdən, Türk dünyasın¬dan ayrırır, digər tərəfdən isə onu Rusiyaya daha yaxınlaşdırb daimi bir aslılıq, müstəmləkəçilik halına gətirməyə çalışırdılar. Bunun üçün də yalnız türk təfəkkürlü insanları repressiya etməklə, ya da ölkədən qaçırmağa nail olmaqla kifayətlənmir, eyni zamanda rusdilli orta məktəblərin (ali məktəblərdə də eynilə), ya da bölmələrin sayını sürətlə çoxaldırdılar. Sovet-Rus ideoloqları elə bir şərait yaradırdılar ki, Quzey Azərbaycan xalqının, onun qabaqcıl insanlarının dünyagörüşü ancaq Rusiyayla, Rus mədəniyyəti ilə bağlı olsun və öz varlıqlarına görə ruslara, Moskvaya daima borclu hiss etsinlər.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)