Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI (3. Yazı)

0
412

Bütün bunlardan, yəni Türk Qacarlar dövlətini sərt şəkildə tənqiddən sonra zaman-zaman Zeynalabdin Marağalı Mirzə Fətəli Axundzadə kimi, “qədim İran mədəniyyətini” tərif etməyi də unutmur: “Bütün millətlər bilirlər ki, iranlılar vaxtilə yer üzünün birinci mədəni xalqlarından idilər. onlar başqa millətlərdən daha artıq şərəf və iftixarla yaşayırdılar. Bəs indi necə oldu ki, bütün xalqların içərisində vəhşi hesab olunur? Əcnəbilər ona alçaq nəzərlə baxırlar”. “Qədim İran mədəniyyəti”nin tərifi ilə yanaşı, Marağalı Qərb mədəniyyətinin müsbət cəhətlərindən bəhs etməyi də vacib bilir. Ona görə, indiki Qərb ölkələri vaxtilə mövcud olmuş “İran mədəniyyətini” mənimsəyərək belə bir səviyyəyə çatıblar. Bu məsələdə Axundzadənin irançlıq yolunu (avropalıların hind-ariyan ya da avropamərkəzçilik ideologiyası çərçivəsində) “uğurlu” davam etdirən Marağalı yazır: “Elm və insaf gözü ilə baxsaq görərik ki, bu gün Qərb ölkələri xalqlarının fəxrinə və başıucalığına səbəb olan hər bir vəsilə bizdə olmuşdur. Biz bilə-bilə o asudəlik və başıucalıq vasitələrini rədd eləyib özümüzdən uzaqlaşdırdıq. Amma Qərb ölkələri ikəlli tutub öz məişət və mədəniyyətlərini həmin vəsaitin üzərində qurdular. Təəssüflər olsun ki, indi əcnəbilərin əlində gördüyümüz bütün bunlara özgə malı kimi həsrətlə baxır, daha bilmirik ki, bütün xoşbəxtlik vasitələrini özgələri bizim qəflətimiz nəticəsində ələ keçirmiş, yalnız onların rəngini dəyişmişlər… Bu, haman İrandır ki, “şahlıq” və “ədalət” sözləri başqa ölkələrə onun müqəddəs torpağından yayılmışdır. Pişdadi sülalələsinin ilk padşahı olan Keyumərsdən tutmuş Sasani sülaləsinin sonlarınadək bu abad ölkə ədalətin mənbəyi olmuş, onun saçdığı mədəniyyət işıqları başqa ölkə xalqlarının gözünü qamaşdırmışdır”. Deməli, Marağalı da avropamərkəzçilikdən çıxış edən Axundzadə kimi, “İran”ın yalnız İslamaqədərki dövrünü “cənnət” hesab etmiş, sadəcə sələfindən fərqli olaraq İslam dininə hücuma keçməmiş və Qacarları çıxmaq şərtilə digər “İran”da hökm sürmüş Ərəb-müsəlman və Türk-müsəlman dövlətlərini tənqid etməmişdir. Bu anlamda deyə bilərik ki, Marağalı avropalıların uydurduğu “İran mədəniyyəti”nin (Hind-avropa nəzəriyyəsinin) təsiri altında olmuş, o da, Axundzadə kimi Əhəmənləri, Sasanları boy-boy tərifləmiş və Firdovsinin irançılığını davam etdirmişdir. Marağalıya görə Firdovsinin yazdığı “Şahnamə” əsərinin zəhməthaqqı müqabilində Sultan Mahmud Qəznəvi verdiyi vədəsinə əməl etməsə də, əslində şairin o mükafata, hətta ondan artığına tam ləyaqəti var idi: “Çünki bir millətin ölmüş dilini diriltdi, millətin tarixinə dəyərli xidmət etmiş oldu”. Aydındır ki, Firdovsi “Şahnamə”ni farsca yazmış, İran-fars şahlarını tərənnüm etmişdir. Deməli, Firdovsinin diriltdiyi dil fars dili, oyatdığı millət fars milləti idi. Çox təəssüflər olsun ki, Marağalı da bir Türk olmasına baxmayaraq, Qərb ideolqlarının Aryançılıq-İrançılıq ideyalarının təsiri altında belə bir mövqe tutmuşdur. Məhz bu ideyaların təsiri altında da bütün günahları Qacarlar dövlətinin və dolayısıyla türklərin boyununa yıxmış və onların hakimiyyətdən getmələrinin zəruruliyindən bəhs etmişdir. Buna səbəb də o imiş ki, əgər onlar hakimiyyətdən getməsələr “İran” dövləti birdəfəlik məhv olmaq təhlükəsi ilə üz-üzədir. Çünki Qacarlar idarə etdiyi dövləti oyuncağa çevrirərək ölkəni xarabazara çevirmiş, barbarlığın ən yüksək səviyyəsinə qədəm qoymuşlar. Beləliklə, deyə bilərik ki, yaşadığı dövrdə “İran”dan başqa bütün ölkələrin nisbətən və daha çox yaxşı qayda-qanunlara, ədalətə, hüquq və azadlıqlara malik olması qənaətində olan Marağalı, doğma ölkəsinin də bütün mövcud problemlərdən çıxış yolunu “qədim İran mədəniyyəti”nin yenidən dirçəldilməsində və Qərb mədəniyyətindən faydalanmasında görmüşdür. Bu isə o deməkdir ki, kitabının əvvəlində Türk olduğunu ifadə edib, sonda etnik mənşəyini kürdlərə bağlayan Marağalı zahirən İslam dini sevdalısı kimi görünsə də, onun əsas məqsədi irançılığı təbliğ etmək və “İran milləti”ni formalaşdırmaq olmuşdur. “İran milləti” ideyasının ortaya atılması və irançılıq təəssübünün təbliği-təşviqi isə o demək idi ki, Marağalının Qacarlar Türk dövlətini haqlı-haqsız sərt şəkildə tənqid etməkdə məqsədi, onların devrilməsi istəyi idi. Deməli, Marağalı bir Azərbaycan türkü olmasına baxmayaraq, irançılıq ideyasının qurbanı kimi öz soyundan olan Türk Qacarlar dövlətinin devrilib, onun yerində “İran milləti” adı altında farsdillilərin hakimiyyətə gəlməsinə xidmət etmişdir. Marağalı də Axundzadə kimi ümid etmişdir ki, vaxtilə dünyaya “şahlıq” və “ədalət”in nə olduğunu öyrədən farsdilli “İran milləti” hakimiyyət başına keçən kimi, burada sadaladığı bütün problemlər öz həllini tapmış olacaqdır. Şübhəsiz, bütün bunlar “İran milləti” ideyasını ortaya atan avropalıların uydurmasından başqa bir şey deyildi. Ancaq bu da bir həqiqətdir ki, Marağalı kimi bir neçə mütəfəkkirimiz “İran milləti”, irançılıq ideyasının qurbanı olmuş, öz Türk dövlətlərinin yıxılıb onun yerində farsdilli zümrənin hakimiyyətə gəlməsinə xidmət etmişlər və hələ də edənlər də vardır. Din məsələsi. Öncədən qeyd edək, Marağalı özü də cəmiyyətin, dövlətin həyatında dinə və onun təmsilçiləri olan ruhanilərə mühüm əhəmiyyət vermişdir. Ruhani zümrəsini cəmiyyətdə insan orqanizmindəki qanın misalı olaraq göstərən Marağalıya görə, qan dirilik mənbəyi olub əsasən qəlbdə yerləşən ruhun bütün canlandırıcı feyzlərini bədən üzvlərinə yayır: “Ona görə ki, həyat mənbəyi olan ruhun özü lətif bir cövhərdir. O, son dərəcə incə olduğundan öz-özlüyündə bədəndə cərəyan edə bilməz. Belə olduqda, cərəyanetmə qabiliyyəti və qüdrəti aydın olan qan, ruhu özü ilə götürüb, tük damarların olduqca dar yollarından keçir və bədənin ən dərin nöqtələrinə çatdırır ki, onun feyzi orqanizmin bütün üzvlərinə yayılmış olsun. Bunun nəticəsində də qan dolandıqca bədən üzvləri yaşayır və tərəvatlənir. Şəriət və həqiqət amilləri də bədəndə bilavasitə və bilvasitə alıb, mülayim bir dillə cəmiyyətin bədəni hökümündə olan kütlələrə çatdırırlar. İnsanın bədəni yaşamaq bəxş edən ruhdan feyziyab olduğu kimi, kütlələr də alimlər vasitəsilə onlara təlqin edilmiş elmlərin feyzindən canlanırlar”. Ancaq mütəfəkkir hesab edirdi ki, dövründəki ruhanilər bu keyfiyyətlərdən məhrumdurlar. Bu anlamda İslam dünyasının, o cümlədən “İran”ın geridə qalmasının günahkarlarından biri də yalançı ruhanilərdir. Çünki cəmiyyətin idarə olunmasında dövlətin məmurları ilə yanaşı, ruhanilər də mühüm rol oynayırlar ki, ancaq öz işlərini obyektiv şəkildə icra etmirlər. Halbuki, əgər birincilər insanları daha çox maddi, cismani baxımdan idarə edirlərsə, ruhanilər mənəvi məsələlərin həllində əsas fiqurdurlar. Mütəfəkkirin fikrincə, ruhanilər müsəlmanlara elm öyrətmək, islam dininin mahiyyətini başa salmaq əvəzinə, əksinə onları kor və cahil edirlər. Üstəlik, dünyəvi elmləri öyrənənlərə də əngəl olur və onları İslamın adından kafir elan edirlər. Beləliklə, müsəlmanlar hər iki elmdən xəbərsiz qalırlar. Marağalı yazırdı: “Bu xoşagəlməyən vəziyyətin davam etməsinin əsas səbəbi elmsizlikdir və indiyədək mən nə qədər fəryad qoparıb deyirəm ki, bizim üçün məktəb lazımdır, elm lazımdır, vəziyyətimiz ancaq bugünkü elmlərdən və fənlərdən başı çıxan savadlı, elmli adamların hümməti ilə dəyişilə bilər, fayda vermir ki, vermir. Bu korlar (yəni despotik məmurlar və yalançı ruhanilər – F.Ə.) görmürlər ki, Qərb dövlətlərinin bütün hörmət və iftixarının səbəbi elmli və bilikli olmalarındadır. Eləcə də Şərq xalqlarının xarlığı və zilləti elmsizlik və cəhalət üzündəndir”. Marağalı hesab edirdi ki, indiki ruhanilərin əksəriyyəti məscidlərdə xalqa vətən məhhəbəti və imandan danışmaq, təhsil və təlimdən söz amaq, dini və dünyəvi elmlərdən xəbərdar etmək əvəzinə, gələcək nəsli nadanlığa və cəhalətə sürükləyirlər. Üstəlik, saxta dərvişlər, seyidlər, mərsiyəxanlar, rövzəxanlar və başqaları da xalqın başına İslam dini adından min bir oyun açırlar. Məsələn, Ərdəbildə əhalinin başı mollabazlığa qarşıbdır. O yazır: “Hər dükanda, hər evdə söhbət filan müctəhiddən, filan şeyxülislamdan və ya pişnamazdan gedir. Bəziləri də camışların döyüşdürülməsi haqqında söhbətlərlə günlərini keçirilər”. Marağalı anadan olduğu Marağa şəhərində də dərvişlərin avam rəiyyəti islam adından necə aldatmasını belə təsvir edirdi: «Dərviş əlini qulağına qoyub gur səslə «Ya Əli!» deyə bir nərə çəkdi. İki yüz nəfərə yaxın olan camaat da onun kimi «Ya Əli!» deyib səsini göylərə qaldırdı. Bu zaman dərviş əbasının altından iki-üç qutu çıxartdı. Ovsun oxuya-oxuya qutuların qapağını açmağa başladı. Bir ucdan rəngbərəng qara, qırmızı ilanlar idi ki, qutulardan çıxarır və müxtəlif nəğmələr oxuya-oxuya deyirdi: «Ovsunladım, çıx eşiyə. Heydər, Səfdər eşqinə çıx eşiyə. Halva, halva, ilan, gürzə, ilan…». Dərviş bu hərəkətləri etməklə yanaşı, dualar yazır və avam camaatı inandırmağa çalışırmış ki, kim bu dualardan əldə etsə bütün borclarını ödəyəcək və üstəlik, Məkkəyə həcc ziyarətinə gedəcək. Marağalı yazırdı ki, bu dərviş donuna girmiş div sifətli kələkbazlar avam camaatı işindən-gücündən avara eyləyib, ciblərini boşaltdıqdan və lazımı məbləği topladıqdan sonra onlardan əl çəkirmişlər.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − two =