Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ (VI Hissə )

0
84

Axundzadə cəhənnəm qorxusu məsələsinin şərhindən sonra, Molla Sadığın vəzində Əllamə Məclisinin “Həqqül-yəqin” kitabına istinadən imam Mehdinin adı ətrafında formalaşmış rəvayətlərə, onun adından sui-istifadə olunmasına toxunmuşdur. Axundzadə iddia edir ki, tarixi bilgilərə görə 11-ci imam Həsən Əsgərin ya oğlu yox imiş, ya da olmuşsa da uşaq ikən qətl olunubmuş. Ancaq din adından çıxış edən qurdlar, şarlatanlar başqa bir əfsanə uydurublar. Molla Sadığın vəzində də Əllamə Məhəmməd Bağır Məclisiyə istinadən iddia olunur ki, Həsən Əsgərin oğlu imam Mehdi qeybə çəkilibdir və dünyada zülm dolub-daşanda zühur edəcəkdir. Hətta, 11-ci imam Həsən Əsgəri iddia edir ki, imam Mehdi və digər imamlar ananın rəhmindən deyil budundan dünyaya gəliblər. Axundzadə Kəmaülüddövlənin dilindən açıq şəkildə deyir ki, bütün bunlar cəfəngiyatdan başqa bir şey deyildir: “Əzizim Cəlalüddövlə, bu hər cür əfsanədən və hər qism möcüzədən də mənasızdır. Ancaq bunu on birinci imam Həsən Əsgəri həya etməyib deyir və Səfəvilər əsrində din rəhbərlərinin ən məşhuru olan axund Molla Məhəmməd Bağır Məclisi də ar etməyib bunu təsdiq edir. Keçmiş alimlərin bir sıra əsərləri ilə ona çatmış müxtəlif xəbərlər əsasında bunu müsəlman vaizləri, utanmadan daima məscidlərin minbərlərindən xalqa elan edirlər. Budur, insanı onun vasitəsi ilə bu cür cəfəngiyata inandıran düşüncəsizlik”. Axundzadəyə görə, Həzrət Nuhun təqribən min il, Həzrət Loğmanın 3 min il yaşaması, ya da Həzrət Xızrın daim yaşar olması kimi fikirləri nə qədər cəfəngdirsə, imam Mehdinin də qeybə çəkilib bir gün zühur etməsi eyni dərəcədə yalandır. Bu anlamda da, İmam Cəfəri Sadiqin iddia etdiyi kimi, imam Mehdinin iki qeybəti olacaqdır: birisi qısa ki, adına qeybəti-suğra deyirlər; birisi uzun ki, adına qeybəti-kübra deyirlər, heç bir elmi əsası yoxdur. Axundzadə yazır: “Ey Cəlalüddövlə, madam ki, sən və sənin həmməzhəblərin, elmi-təbiətdən və elmi nücumdan xəbərdar deyilsiniz və madam ki, xəvariqi-adati və möcüzati mümtəni və qeyri-məqdur bilməyə sənin və həmməzhəblərin əlində bir qaideyi-elmiyyə yoxdur, sən və onlar həmişə xəvariqi-adatə və möcüzatə və caduyə və sehrə və məlaikəyə və cinnə və şəyatinə və divə və pəriyə və sair bu qəbil mövhumatə inanacaqsınız və həmişə cəhalətdə qalacaqsınız”. Məhz bu məsələyə münasibətini ifadə edərkən də Axundzadə real aləmin mövcudluğunu, özü də özbaşına mövcud olduğunu, öz qanunu ilə, yəni öz vücudunda bir başqa xarici vücuda möhtac olmadan mövcudluğunu irəli sürmüşdür. Burada o materializm mövqeyindəın çıxış etməsi ilə yanaşı, ancaq bu düşüncəsində daha çox bütün kainatı vahid qüvvə kimi qəbul edən Ə.Cami, M.Şəbüstəri, Ksenofan, Petrarka, Mönteksye, Volterlə eyni düşündüyünü yazır: “…deyirik ki: külli-kainat bir qüvveyi-vahidə və kamilədir, yəni bir vücudi-vahidi-kamildir, latühsa kəsəratda və müxtalif əşkalda və ənvada zühur edibdir. Bilaixtiyar öz təhti-qanununda, yəni təhti-şürutunda”. Bir sözlə, Axundzadəyə görə kainat vahid və kamil bir qüvvə olub əvvəli də budur axırı da budur, əvvəli olmadığı kimi sonu da olmayacaq, zaman və məkan da yalnız materiya daxilində mövcuddur: “Əgər deyəsən ki, vücudun öz-özünə zühura gəlməyi mahaldır, bu kainat gərək bir özgə vücudun iradəsi ilə zühur edə. Pəs haman özgə vücud da, bu dəlil mucubincə bəheysiyyəti ki, vücuddur, gərək başqa bir vücudun iradəsinə mövqif ola və haman başqa vücud da bir qeyri vücudun xahişinə möhtac ola. Habelə nəhayətiz, bu, təsəlsülə çəkər, ayağı bir yerdə bənd olmaz”. Beləliklə, Axundzadənin gəldiyi qənaətə görə, materiya öz-özünün səbəbidir, onun yaranışını kənarda axtarmaq mövhumatdan başqa bir şey deyil, çünki onun nə əvvəli var, nə də sonu olacaqdır. Kainatda mövcud olan bütün zərrələr də bir yerdə vahid vücudu təşkil edir ki, həmin vücudi-vahiddə yaradan da özüdür yaradılan da özüdür. Bu anlamda heç bir zərrənin də digər zərrə üzərində hökmü ola bilməz, çünki hamısı vücudi-vahidin, yəni materiyanın parçasıdır. Axundzadəyə görə, bu dünyada Günəşin öz funksiyası, Ayın da öz funksiyası var, birinin digərinin işinə qarışması materiya qanunlarına ziddir. Deməli, Kainat bir vahidi-vücud olub, burada bir zərrənin digər zərrə üzərində hökmü də ola bilməz. Bundan sonra Axundzadə belə bir nəticəyə gəlir: “Bu elm qayda-qanunlarına görə, külli-xəvariq-adat, yəni külli-xilafi-qanun əməl misli-möcüzat və kəfü kəramət və cadu və sehr və rəml və cəfr və kimya mümtəne olur və külli-məlaikə bizim kürəmizdə və külli-əcinnə və şəyatin və div və pəri və bunların əmsalı, mövcudati-xəyali görünür. Saniyən, bu bəyan olunan əqidəni qoyuruq kənara, qail oluruq ki, bu aləm mövcuddur vücudi-küllün vasitəsi ilə ki, mənbədir və cəmi mövcudat haman küllə nisbət cüzvüdür; mövcun nisbəti dəryaya olan kimi, hübabın nisbəti suya olan kimi və cəmi cüv ayrılıbır haman külldən və vücudi-küll əsldir və vücudi-cüzv fərdir. Bu fərd genə əslə rücu edəcəkdir, yəni dərya təməvvüc edəcək, mövc qalxacaq, genə mövc pozulacaq, dəryaya ricu edəcək, su hərəkət edəcək, hübab qübbələnəcək, sonra genə pozulacaq, suya vasil olacaq”. Axundzadəyə görə tək və çoxluq bir-birindən asılıdır, onları vəhdətdə görmək lazımdır. Vaxtilə Brəhmən, Şəms Təbrizi, Mövlana, Spinoza və başqaları da bütün zərrələrin, cüzvlərin külldən zühura gəldiyini iddia edib, onları vəhdəti-vücud kimi qəbul etmişlər. Onlardan birinin digəri üzərində ixtiyarı da yoxdur, çünki küll və cüzv başla əl kimidirlər, bu anlamda özü-özünə deyə bilməzlər ki, məni tanı ya da tanıma. Axundzadə yazır: “Ondan ötrü ki, hər ikisi şeyi-vahiddir, kəmali-qürbətdə, məhz büruzi babında müəyyən olan qüvvənin və şürut dairəsində. Aya, cüzv külldən bir şey təmanna etsə, küll necə yerinə yetirə bilər? Aya, küll cüzvdən bir şey xahiş etsə, cüzv necə o xahişin əncamını bacarır? Çünki nə külldə ixtiyar var, nə cüzvdə. Aya, küll cüzvə necə təklif edə bilər ki, sən mənə sitayiş elə? Aya, baş necə ələ deyə bilər ki, sən mənə ibadət elə, yəni şeyi-vahid özü-özünə necə təklifi-ibadət edə bilər? Pəs mucid və mövcud oldu vücudi-vahid bir qüvveyi-qadirə və kamilə öz təhti-qəvaninində bilaixtiyar”. Bu anlamda Mənsur da “ənəlhəqq” dedikdə, mən və külün bütünlüyündən çıxış etmişdir. Yəni burada əsas olan küll və cüzvün biri-birini, özü-özünü tamamlamasıdır. Axundzadəyə görə, bir-birinə qarşı bu dünyada mücadilə verən Musa və Firon, Məhəmməd Peyğəmbər və Əbucəhl də öz əsillərinə qayıdanda yenə də vahid vücud olurlar. O, belə bir nəticəyə gəlir ki, vahid vücud deyilən qüvvə materiyadan başqa bir şey deyildir. Yer kürəsi də materiyanın, təbiətin qanunları çərçivəsində`idarə olunur, hansısa mövhumi qüvvə tərəfindən deyil. O, yazır: “Doğrudan da varlığın səbəbə möhtac olması haqqındakı dəlillərin zəifliyi gün kimi aydındır. Naturalistlər şəriətçilərə deyirlər: Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz gərək bir yerdə dayanıb etiraf edəsiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilənmə lazım gəlir, ikinci surətdə varlıq üçün səbəbiyyət rəf olur və sübut olunur ki, səbəbsiz varlıq ola bilər. O halda biz nə dəlil ilə təsdiq etmirik ki, həmin səbəbsiz vücud görünməyən, şübhəli və mövhum varlıq deyil, elə bu görünən və hiss olunan kainatın özüdür? Və siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki bizim və sizin etiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. Belə olduqda, incəlikləri düşünən ağılın göstərdiyi kimi kainatın öz varlığında dayanmağımz layiq deyilmidir?”. Bu anlamda varlığın mümkün varlıq və vacib varlığa bölünməsinin də əleyhinə çıxan Axundzadəyə görə, əşya öz mahiyyəti və əslində səbəbə möhtac deyil, o, ancaq bir növdən başqa növə, bir haldan başqa hala keçəndə səbəbə möhtacdır: “Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıq dedikdə məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır, heysiyyətincə sırf yoxluğun ziddidir; külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yəni bütün çoxluqların maddəsinin cameidir və çoxluqları öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. Deməli, əşyanın mahiyyəti vacibül-vücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və səbəbə ehtiyacı yoxdur, kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə möhtac olmasını düşünmək düzgün deyil, əks təqdirdə silsilənmə göz qabağdandır”. Axundzadə yazır ki, çarvakların da etiqadına görə, materiyada nə ilahi bir qüvvə var, nə də cənnət və cəhənnəm mövcuddur; materiya və təbi¬ət öz təbii qanunlarına görə idarə olunur. Ruh deyilən anlayışda yalnız bədənlə bir yerdə mövcud ola bilər. yəni bədən var olduqca ruh da var, bədən öldükdən sonra ruh var ola bilməz. Axundzadə iddia edir ki, bu anlamda səmavi dinlərin, o cümlədən İslam dininin ortaya atdığı Yaradan məsələsi uydurmadan başqa bir şey deyildir. Üstəlik, İslamda təsvir olunan Allah ədalətdən uzaq, daim qarğış qarğıyan, qərəz sahibi bir Yaradandır. O, yazır: “Əgər həqiqətdə biz tək xəlq edənin və misilsiz bir yaradıcının varlığına qail olsaq, o xəlq edən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir”. Eyni zamanda, o, hesab edirdi ki, İslamdakı Allah anlayışı despotizmi təbliğ etdiyi üçün, ərəblərin qələbəsindən sonra “İran”da müxtəlif məzhəblər, yəni şafei, hənəfi, ismaili, əliallahi, şiəliik məzhəbləri ortaya çıxmışdır və hazırda da “iranlılar” babilik əqidəsinə meyil göstərirlər. Axundzadə iddia edirdi ki, xristianlıqda da məhz bu cür məzhəblər, cərəyanlar vasitəsilə müsbət dəyişikliklər etmək mümkün olmuşdur. Yəni vaxtilə xristianlarda indi müsəlmanların yaşadığı mövhumatçı, fanatik vəziyyətdə olublar, ancaq bir sıra yeni məzhəblərin, o cümlədən protestantizmin sayəsində tərəqqiyə üz tutublar. Bu baxımdan ingilislər, amerikanlar və bir sıra başqa Avropa xalqları zahirən xristianlıqda qalıb əslində həqiqətdə protestant olub əqlə, məntiqə tabe olduqları kimi, müsəlmanlar da protestantların yolunu təqib etməlidirlər. O, yazır: “Necə ki, ingilislər, amerikanlar və bir sıra başqa Avropa xalqları zahirən xristian olsalar da, həqiqətən protestantdırlar. Yəni zahirən məsihə məzhəbdirlər, batinən əqlə tabedirlər…”. Deməli, Axundzadə də müsəlmanların zahirən müsəlman olmalarını, ancaq əslində isə islam protestantı olub əqllə hərəkət etməsini məqbul hesab etmişdir. O, iddia edirdi ki, XII əsrdə yaşamış ismaililərinin başçı-larından Əla Zikrihissəlam da məhz islam protestantı olmuşdur. Beləliklə, çox təəssüflər olsun ki, Axundzadə “İran” xalqının bədbəxt olmasını əsaslandırmaq üçün, İslam dini və onun peyğəmbəri haqqında həqiqətəuyğun omayan fikirlər söyləməkdən belə çəkinməmişdir. Axundzadə, Əla Zikrihissəlamın dili ilə Peyğəmbəri çoxarvadlılıqda, oğulluğu Zeydin arvadına göz dikib onu almaqda, Ayişə ilə erkən nikaha daxil olmaqda, hicabı ortaya atmaqla qadınların hüqüqlarının əlindən alınmasında ittiham etmişdi: “Məgər peyğəmbərin iyirmi iki nəfər övrəti və cariyəsi ona kifayət etmirdi və lazım idi ki, Zeydin övrətindən dəxi təməttö tapsın? Məgər Allahlıqda başqa işlər yox idi və laməhalə bu gunə ləğviyyata dəxi mültəfit olmaq lazım idi?”.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Faiq Elekberli tarafından 13:27 itibariyle görüldü

Bir mesaj yaz…