Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ

0
58

III Yazı
Mirzə Əli Möcüz Şəbüstəri Şəbüstəriyə görə, buğda yediyi üçün hər daim Allah tərəfindən adı Quranda hallandırılan Adəmin bu rüsvaydan qurtulması mümkün olmadğı halda, sıradan bir müsəlmanın Yaradandan hər hansı istəklərdə bulunması mənasızdır. Buradan belə bir nəticə çıxarmaq olar ki, Şəbüstəri Allahın hər şeyə qadir olmasına şübhə ilə yanaşmışdır. Onun fikrincə, insanların Allahdan bir şeylər gözləyərək yaşaması gerçəkliyə uyğun deyildir. Əgər insan hər bir işini özü görmək əvəzinə Allahın iradəsinə bağlayırsa, o zaman gərəkdir ki, can və  mal təhlükəsizliyinin də qayğısına qalmasın. Halbuki mollalar belə Allahın hər şeyə qadir olduğunu dilə gətirsələr də, can və mal təhlükəsizliklərinin qayğısına qalmağı da unutmurlardı. O, yazırdı:
Dedi: Risalə oxursan? Dedim: Hesab oxuram!Dedi: Hesab deyil, şəxsə din lazımdır!Dedim ki: Dini  nə saxlar? Dedi: Müsəlmanlıq!Dedim: Xeyr, iki yüz min süpahi-mübin lazımdır!Dedi: Cəfəng danışma, xudadi hafizi-din,Bizə nə topçu, nə sərbazü zərrəbin lazımdır.Dedim: Neçün qapuvi bağlısan yatan vaxtı?Demək sənə gərəvü, əngəbün lazımdır.Qapuvi qoysan açıq, düzd olar evə daxil,Aparsa malı, səhər şüruşin lazımdır.O, “Olmuşam” şeirində isə açıq şəkildə yazırdı ki, bu cür müsəlmanlıqdan nifrət edərək insanlıq anlayışını qəbul edir. Çünki o, müsəlmanlığı daha çox zahiri anlamda qəbul etmişdir. O, yazırdı:Nə qızılbaşəm, nə fərraşəm, nə hakim, saqiya,Bir soruş məndən: Nəçün bəs mən müsəlman olmuşam?Buğdaya sarı dedim qıra qara dedim, şirə sifid,O cəhətdən mən belə bidünü-iman olmuşam.Bimürvvət görmüşəm bəs ki, müsəlman firqəsin,Etmişəm nifrət müsəlmanlıqdan, insan olmuşam.Şəbüstəri başqa bir şerində isə açıq şəkildə yalnız müsılmanlıq deyil, bütün dinlərdən nifrət etdiyini ortaya qoyur, üstəlik həmin dinlərin yaradıcınının özünü, yəni Yaradanı belə tənqid edir. Allahın özü tərəfindən yaradılmış insanların niyə bu qədər zülm çəkməsinə haqq qazandıra bilməyən Şəbüstəri hesab edirdi ki, əgər Allah hər şeyə qadirdirsə və hər bir şey onun iradəsi altındadırsa, o zaman Yaradan niyə yaratdıqlarının qayğısına qalmaq əvəzinə, onları zülmə düçar etmişdir. Halbuki Allah özü bu qədər xəyanətlərə məruz qalsaydı, buna dözməz bir tədbir görərdi. O, yazırdı:Fəraqi mən yaratseydim, məni daşlardı övrətlər,Sənə çatmır gücü xəlqin, tükəndü səbrü taqətlər!Hürər, narahət eylər, gah dişlər, incidər xəlqi;Demax olmur ki: Ey adil, nəyə lazımdı bu itlər?Tökərdin birənin qanın, kəsərdin kəhlənin nəslin,Əyər bir yol səni bədxab edəydi o xəyanətlər! Mütəfəkkir şairmiz hesab edirdi ki, Allah bir tərəfdən yaratdığı insanın qayğısına qalmayıb onun zülmlərinə göz yumduğu halda, digər tərəfdən insanalar üçün göndərdiyi peyğəmbərlər də ziddiyyətli fikirlərdən çıxış etmişlər. Belə ki, Allah bir peyğəmbərə verdiyi bir vədi, başqa peyğəmbərə fərqli şəkildə yenə də təkrar etmişdir. O, yazırdı:Deyir Musaya bir söz, söyləyir İsayə bərəksin,Ona dana deyim, ya sərsəri, ey bifərasətlər?Pəs etdi miri-dərbari rəvanə kuhi-hürrayə,Ərəb məbusinə ruhi-əmin verdi bəşarətlər.Üruc etdi mələk əflanə, Əhməd şəhri-bəthayə,Yetirdi Əhmədə bisimü telfunilə ayətlər.Genə qanlar töküldü, beydəqi-üsyan qovzandı,Bəraət surəsində oldu çün murdar millətlər.Deyir Tovratidə: Cənnət sizindir, ey yəhudilər,Yaranmış məhz sizdən ötrü ol ali imarətlər!Edir İncilidə kafər yəhudi millətin yeksər,Deyir İsaviyə: Qorxmun, sizin malizdi cənnətlər!Deyir Quranda bipərva: Cəhənnəm əhlidir tərsa,Müəslmandır mənim dostum, onundur nazü-nemətlər!Beləliklə, Şəbüstəri yalnız dinlərə münasibətdə kəskin mövqe tutmur, bununla da bütün dini, sinfi, irqi ayrı-seçkiliyi bir kənara qoyaraq “insanlıq” vurğusunu ortaya qoymağa çalışırdı. O, yazırdı:Biz insanıq əgər, olmaz bu cür insani dirrəndə,Nə insan? Bəlkə bizdən yaxşıdır, kürkani dirrəndə,Əgər hökmən “biz insanıq”deyər əyani dirrəndə,Gərək onlar da hökmən əl çəkə izadən, ey saqi!Ola bilsin ki, onun dini, sinfi, irqi ayrı-seçkiliyi qəbul etməyərək “insanlıq” fəlsəfəsi üzərində dayanmasında da dövrünün beynəlmiləlçi sosial-demokrat ideyasının da müəyyən təsiri olmuşdur. Hər halda dünyanın səadət gülşəninin solmasını insanlar, cəmiyyətlər arasındakı ziddiyyətlərdə, müharibələrdə görən Şəbüstəri bu ədavətə son qoyub adamları bir-birlərini sevməyə çağrırdı:Səadət ölməz hərgiz həmzəban olsa məhəbbətlə, Səadət istisən – həmnövüvi sev pak niyyətlə… Onun fikrincə, səadət pak olub ondan qaçan insan günahkardır. Əgər insanlar özünü doğru aparıb oğruluqdan, haqsızlıqdan yan qaçsalar, ən əsası “səadət” kəlməsini nadandan deyil, müdrikdən, xüsusilə də İsa peyğəmbərdən öyrənsələr o zaman dünyanın düzəni də dəyişər. O, yazırdı:Səadət pakdir, ondan qaçan insan müqəssirdir,Aparsa düzd xəlqin kisəsin, ajan müqəssirdir,Səadət kəlməsin təfsir edən nadan müqəssirdir,Onun təfsirin öyrənsin gərək İsadən ey saqi!Deməli, insanlıq fəlsəfəsinin mənimsənilməsi naminə Şəbüstəri yalnız İslam dinindən, onun peyğəmbərindən deyil, eyni zamanda xristianlıqdan və onun peyğəmbəri İsadan da öyrənməli çox şeyin olduğunu etiraf edirdi.Eyni zamanda o, insanlıq fəlsəfəsinin yalnız dinlər əsasında izahının da əleyhinədir. Onun fikrincə, bütün hallarda bu dünyada müvəqqəti yaşayan insan üçün vahid dinə inam mümkün olmadığı qədər, vahid əxlaqdan, vahid ideyadan, vahid ümiddən da söhbət gedə bilməz:Hər işdə bir ümid ilə insan yaşar, gedər,Nikü bədə baxılmasa, hər iş aşar, gedər.Var ixtilaf təbidə, əxlaq bir deyil,Hər kəs bir özgə iş dalınca qoşar, gedər…Dünya seyrgahdır, hər kəs gələr, gəzər,Bir nik-nam qalsa qalar, simü zər gedər.Deməli, insanın varlığı və yoxluğu məsələsində “Dünya”nın da kifayət qədər yeri və rolu vardır. İnsan dünyada yaşayır və ölür ki, öləndən sonra bədəni də dünyada qalır, torpağa qarışır. Başqa sözlə, insan bu dünyada nə qədər bünövrəsini möhkəm etməyə çalışsa da, axırda dünya yenə də onu yıxır və özünə çəkir:Keçər, gedər sənəvatı şühuri dünyanın,Misal əbri ləyal suhuri dünyanın.Bu gün ki, çıxdı başa, bir gün ömürdən getdi,Həmişəlik deyil eyşü süruri dünyanın.Soruş, desin sənə bir-bir keçənlərin halın,Qərayü gurdə Bəhram Guri dünyanın.Dağıtdı kəlleyi Kavusi qəbrdə həşərat,Qarışdı torpağa kibrü qüruri dünyanın.Edər sümüklərivi sürmə aliyat cahan,Tənavül eylər ətün marü-muri dünyanın. Bünövrəni nə qədər möhkəm eylisən, eylə,Təkan verəndə yıxar, çoxdu zuri dünyanın!Şəbüstərinin dünyagörüşündə qadın azadlığı da mühüm yer tutmuşdur. Möcüz çadranın əleyhinə çıxaraq qadınlara cəmiyyət daxilində kölə kimi baxılmasını əsla qəbul etmirdi.Möcüzün fikri budur – yırtın o gen tumanları,Harda görsəz düryəli, başın əzin toxmaq ilə!Möcüzə görə, bir gün qadınlar da, elə kişilərin özü də mədəniyyət sübhi ilə oyanıb  tərəqqi edəcəklər ki, o zaman nə kişilərin saqqalını qırxmasına, nə də  qadınların çadrasız gəzməsinə pis baxmayacaqlar:Mən saqqalı, sən zülfü həna ilə boyarsan,Verrux o zaman əl-ələ, bulvarı dolannux.Möcüz utanır, qırıxmır saqqalı deyirlər,Yox!.. Bizdə həya olsa, cəhalətdən utannux! Vaizlərin qadınların “Yusif surəsini” oxumamaları tövsiyəsini gülünc bir şey adlandıran Möcüzə görə, əgər Quranı Allah ərəblərə nazil eləyibsə, o zaman ərəb qadınları da bu surəni təlavət edəndə onun mahiyyətindən xəbərdar olmalıdırlar. Əks təqdirdə belə anlaşılar ki, Allahın kəlamı qadınları zəlalətə salmaq üçün göndərilib. O, yazırdı:Bu surəni təlavət edəndə ərəb qızı,Bilməz məgər nə yapdı Züleyxayi-məhliqa?  Salmaz xuda kəlamı ünası zəlalətə,“Təhzib xülq” üçündü o tarixi-ənbiya!Eşqin sonu, bilər ki, nadamətdir, iftizah,“Vəstəqrəni lizənbikəni” övrət anlasa.O, “Qızlar” adlı şeirində də göstərmyə çalışırdı ki, qızların elm və təhsil alması, heç də oğlanlardan az əhəmiyyətli deyildir. O, yazırdı:Cəmalin hər zaman ayinədə təzyin edər övrət,Neçin əxlaqini etməz müzəyyən elm ilə qızlar? Cəhalət bəhri-bipayandi qərq eylər sizi axir,O dəryadən gərək elm ilə çıxsın sahilə qızlar!Oxuyub yazmayan insan olar namərhəmə möhtac,Gedib əyləşməz əğyar ilə, gər yazmaq bilə qızlar.Savadız olsa, olmaz hiç kəs əsrarizə vaqif,Savadız olmasa, sirriz  düşər dildən-dilə, qızlar.Peyğəmbər əmr edib təhsil etmək gülli-ziəqlə,Gərək əhsli-savad olsun təmamən aqilə qızlar!Şəbüstəri göstərəməyə çalışırdı ki, İslam dinində qızların təhsil almasını qadağan edən bir surə, ayə ya da hədis yoxdur. Üsətlik, peyğəmbər özü də əmr edib ki, kişi və qadın olmasından asılı olmayaraq bütün müsəlmanlar təhsilı almalıdırlar. Ancaq vaizlərin, ruhanilərin təbliğatı nəticəsində xalq əlinə çubuq alan qızları deyil, əlinə qələm alanlara tənə edirlər:Çubuq alsa ələ qızlar məzəmmət eyləməzlər heç,Vurarlar tənə yüz yerdən qələm alsa ələ qızlar.Gecə-gündüz işi qeybət o cahil qızların, Möcüz!Əgər vaiz qoya, məşğul olarlar elm ilə qızlar.O, başqa bir şerində isə ironiya ilə yazırdı ki, qızın məktəbi “mətbəx”, ustası da “qazança”dır. Başqa sözlə, qıza məktəb “yaraşmaz” deyən mütəfəkkir əslində qadınların təhsil almasının qatı tərəfdarlarından biri idi. O, “Bacılar” şeirində deyirdi ki, qadın bir sözünü başqa diyarda olan ərinə çatdırmaq üçün hansısa mirzəyə möhtac olurdu. Çox vaxt da, qadın istədiyi bir sözünü mirzənin yazdığı məktub vasitəsilə ərinə çatdırmaqdan utanmış, çəkunmişdir. O, yazırdı:Zibəs ki, təngə düşər qəlb, razıyam, buna ki,Gedim cəhənnəmə, əmma kağız yazım, bacılar!Oxur, yazır hamı millət xanımları, lakin,Əlif görəndə dirək zənn edir bizim bacılar! O, “Bəzək” şeirində isə yazırdı ki, qadınlar qır-qızılları, ləl-cəvahirati ilə deyil, savadlılığı, elmliliyi ilə fəxr etməlidir. Şəbüstəri ancaq yuxusunda görürkü vaiz deyir ki, “İran” qızları camallarını açsın, ölkə işıqlansın. Ancaq o, yuxudan oyanıb vaizə deyəndə ki, oğlanlar kimi qızlar da yazı yazmağı öyrənməlidirlər, şeyx onun sözünü yarımçıq kəsərək bunun mümkün olmadığını deyir. Bu məqamda Nadir şahın meydanda olmasını arzulayan Şəbüstəri yazırdı:Səni verrəm qəzəm binti Rəsulallahə, ey vaiz,Büsati-cəhli yıx, qoy aləmi-nisvan işıqlansın!…Cəsarətlə qədəm qoy ərseyi-meydanə, ey Nadir,Qılıncın eylə üryan, ərseyi-meydan işıqlansın.Düşüb zindani-cəhlə Yusifi-Gümgəştə müddətdir,Züleyxa, aç cəmalin, guşeyi-zindan işıqlansın! Şəbüstəri yazırdı ki, peyğəmbər özü belə elm-təhsil almağı qadınlara fərz buyurduğu halda, mollaların onun bununla bağlı hədisini nəzərə almamaları doğru deyildir. O, yazırdı:Tələbi-elm edib fərz peyğəmbər dişiyə,Lakin axundlar atıbdır bu hədisi eşiyə,Nameyi gəlsə ərindən, oxuda yad kişiyə,Verə namərhəm ilə baş-başa xəlvətdə gərək.Ona görə, bir ailədə qız uşağının dünyaya gəlməsini qaşqabaqla qarşılmaq nadanlıq, avamlıqdır. Çünki insan nəslinin artımının birinci səbəbkarı qadınlardır. O, yazırdı:Qız doğsa xanım, qaşqabağın salalsa xan,Aqil deyil, divanədir, əhməq, nadan!Qızdır səbəb bəqai nəsli insan,Ey xan, səni qız doğub, nəinki oğlan.Beləliklə, Mirzə Əli Möcüzün yaradıcılığında da, müsəlmanların avam və cahillikdən, elmsizlik və biliksizlikdən qurtulması, despotik hökmdarlar və ikiüzlü din xadimlərinə qarşı mübarizəsi və milli birlik, milli oyanış fəlsəfəsi əsas yer tutmuşdur.  Möcüz müsəlmanların, soydaşlarının geriliyinə əsas günahkar kimi yalançı ruhaniləri və millətpərəstləri görürdü. Onun fikrincə, nə vaxta qədər ki, islamın adından çıxış edən ruhanilər, hacılar və mollalar var, islam ölkələrinin tərəqqi etməsi mümkün olmayacaqdır. Ona görə də ilk növbədə, onların iç üzünün açılmasını və işfa edilməsini əsas məsələlərdən biri hesab etmişdir. Ancaq bütün bunlarla yanaşı, o, haqlı olaraq yazırdı ki, müsəlmanların ruhanilər və mollalar tərəfindən aldadılmasının əsas səbəbkalarından biri də özləri, yəni əksər müsəlmanların cahil və nadan olmalarıdır. Əgər müsəlmanlar islamın əsl mahiyyətindən xəbər tutsalar, eyni zamanda dünyəvi elmləri öyrənsələr bu zaman Qərb millətləri kimi, tərəqqi edər və  duynada özlərinə layiq yeri tutarlar.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazinfo.com