Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR HƏMZƏ SEYİD NİGARİ 2. Yazı

0
996

Qeyd edək ki, istər mövləvilikdə, istərsə də nəqşbənlikdə musiqinin təsiri altında rəqs edənlər ruhlarını azad şəkildə buraxır və bununla da Allaha qovuşmağa can atırlar. Nigari yazırdı: Könül məcnundur, məcnun ey nazənin, ey nazənin Düşürüb, çeşmin düşürüb viranəyə, viranəyə. Yandı canım, yandı canım görün bir dəm, görün bir dəm, Kərəm eylə, Kərəm eylə suzanəyə, suzanəyə. Əslində səma mərasimlərinin və səma rəqslərinin daha dərin kökləri qədim türk dini-mifoloji inanclarından olan Qamlığa qədər gedib çıxır. Çünki Qamlıqda da bu cür səma mərasimləri təşkil olunur və kamlar kamlanmaqla ruhlarının Tanrının yanına uçduqlarına inanırmışlar. Nigari, “Nigarnamə”nin sonuna doğru “Aşiqi-şeydanın səhrayi-mərifəti-bitayə vüsuli”nda yazır ki, yolun sonu da başlanğıcı da Haqqa doğrudur: Ol dəştdə dər məarifi-Həqq Əsrari-Xudayi-Həqqi-mütləq Əsrari-məarifi-ilahi, Ol yerdə olur çü şəmsi-mahi. Ol dəşt məqami-mərifətdir, Ariflərə ali mənzilətdir. Ol yerdə olur cəmali-irfan Ol yerdə olur kəmali-insan. Ol rah vüsali-binihayət, Yoldur ana yoqdı çünki ğayet. Ənfasi-vəra qədərdir, ey yar, Vüslət yolunu dedi peyğəmbər. “Divaneyi-səhranəvərdin səhrayi-tovhidə vüsuli və əhvalı” adı altında qələmə aldığı şeirində isə Nigari yazır ki, insanla Allahın vəhdətindən başqa yol yoxdur. Nigari yazır: Vəhdət yeridir ki anda mövcud Birdir, ikilik ki oldı məfqud. Mədudi-ədad vücudə gəlməz, Ol yerdə ki yoq şümar olmaz. Bir var həmin Xudayi-mütləq, Əğyar ədəm qamu ələlhəqq. Halikdir o yerdə cümlə əşya, Ol yerdə bulunmaz illa Mövla. Ərbabi-könül o yerdə məstdir, Bilməz özini ki nistü həstdir. Sərməstdir o yerdə aşiqi-Həqq, Bilməz özini ki der Ənəlhəqq. Həllac o yerdə verdi canı, Can verdi ki buldı bir cananı. Yaxud da: Aləm gözinə görinməz oldı, Əğyar kəm oldı, olmaz oldı. Ol yerdə ki oldə fani-mütləq, Məhv oldı ki ol dedi “Ənəlhəqq”. Dini görüşləri. Seyid Nigarinin dünyagörüşündə mühüm yerlərdən birini də İslama və onun peyğəmbərinə münasibət tutur. Xüsusilə, Nigarinin yaradıcılığında Məhəmməd peyğbəmbərin (s) Əhli-beyti və onun əshabına ayrıca diqqət yetirilir. Peyğəmbərimizə (s) həsr etdiyi bir şeirində Nigari yazır ki, onun varlığı bəşər tarixində yeni bir səhifə açımışdır. Dünyada Məhəmməd peyğəmbər (s) kimi ikinci bir fateh, kamil insan tapıla bilməz ki, bu qədər sevgi və məhəbbət bəslənilsin. Nigari yazırıdı: Ey həbibi-kibriya, ey şahi-cümlə ənbiya, Kimdi səndən özgə bir sərdar, bir sahibliva? Ey hidayət şəmsi, ey nuranilər sərhəlqəsi, Kimdi səndən özgə xurşid, kimdi mahi-rəhnüma? Kimdi səndən özgə şəhbazəm deyən aləmdə, kim Səndən özgə bir təzərvi-nazənin, ey dilrüba? Kimdi səndən qeyri kamil, kimdi bu sahibcamal, Kimdi səndən özgə fateh, kimdi bir müşkülgüşa? Səndən özgə bəldey-icadi bir fatehmi var? Səndən özgə bir səbəb aləmdə yoxdur intiha! Azərbaycan türk mütəfəkkiri Məhəmməd peyğəmbərə (s.) və onun əhli-beytinə böyük sevgi bəsləmişdir. Onun fikrincə, peyğəmbərin nəslini sevmək Haqqın ayrıca bir kəramətidir: Nəsli-Məhəmmədi sevmək, istəmək Haqqın bizə başqa kəramətidir. Yeri gəlmişkən, o, əsərlərində Əhli-beyt əvəzinə daha çox “Al-i əba” sözündən istifadə etmişdir. O, yazırdı ki, tək doğru yol məhz Əhli-beyt ya da Ali-əba yoludur: Dâmen-i sevdâda her kim hayme-zendür subh u şâm Tanrı Ahmed hakkı ol tutmuş reh-i Âl-i ‘abâ (Gazel 15) Yaxud da: Sürûr-ı hâtırım şâm u seher keyfiyyet-i cânım Mezâk-ender-mezâkım devlet-i Âl-i ‘abâdandır (Gazel 204). Nigari sonuncu beytində demək istəyir ki, Əhli-beyt peyğəmbərmizin bizə bir mirasıdır, kim bu mirasa xəyanət edirsə bizdən deyildir. Mətin Hakverdioğlu bu beytin mənası ilə bağlı yazır: “Âl-i abâyı, yani Hazret-i Peygamberimizin abasının altına aldığı Hazret-i Ali, Hazret-i Fatıma, Hazret-i Hasan ve Hazret-i Hüseyin’in kendi mutluluğuna vesile olduğunu belirtiyor ve adeta Hazret-i Hüseyin’in üzücü şahadeti ile tezat oluşturan bir anlam kertesine ulaşıyor. Yani dışarıdan üzücü gibi görülen durumlar bizim içimizde sürur vesiledir, demektedir”. Nigari özü də Peyğəmbər soyundan, ali bir soydan gəldiyi üçün iftixar etmişdir: Âl-i Ahmed oldığum-çün sad belâ Yüz virür ben iftihâr itmez miyem (Gazel 447). Bu məsələylə bağlı Hakverdioğlu yazır: “Şair, Peygamber soyundan gelmesi ile iftihar etmektedir ve Âl-i abâ yerine Âl-i Ahmed tabirini tercih etmiştir. Bu beyitteki bela kelimesi bir anlamda Fuzulî’nin terk etmek istemediği beladır, yani şair belalar geldikçe sevgilinin ilgisinin üzerinde olduğunu hissetmesinden memnundur. Ancak ikinci anlamı ile Hazret-i Hüseyin’in çektiği sıkıntılar dile getirilmektedir ve onunla aynı sıkıntıya duçar olan şair mutludur”. Əsil bir müsəlman kimi mütəfəkkirin dünyagörüşündə sünni və şiə müsəlmanı anlayışı da yoxdur. Seyid Nigariyə görə, müsəlman özünü sünni və şiə adlandıran deyil, Məhəmməd peyğəmbərin (s) yolu ilə gedən, onun dostunu dost, düşmənini düşmən hesab edəndir: Allahı, Məhəmmədi və Əliyi sevən dustanız, Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız. Çar yarı istəriz, zira ki Mustafanın Dustinə dustiz, vallah, xəsmaninə xəsmaniz. Ümumiyyətlə, Nigari nə qədər Əhli-beyt sevgisi daşısa da, Ərəb Xilafətinin digər ilk xəlifələrinə də hörmət bəsləyir. O, yazır: Penâhımdır benim Allâhu Ekber Muhammed Fâtıma Sıbteyn Haydar ‘Adüvvullâhdır âl-i abânın Seven düşmenlerinhâce-i ebter Çerâğımdır yanar der çârcânib Ebubekr u Omer u ‘Osman (u) Safder Gönül ender diyâr-ı ‘aşk hâlis Virüpdürcân bulup ihlâs-ı Kanber Megercânân ile oynar cenânım Ki nazm eyler yine bir tâze defter. Bu məsələylə bağlı Fatih Çınar yazır: Onun bu sözleri, hilafet tartışmalarını gereksiz gören tavrını ve sahabe içerisinde seçkin bir konuma sahip olan bu dört isme duyduğu derin sevgiyi gösteren numunelerdir. Nigarî’nin dört halife hakkında genel kabule aykırı bir tavrının olmadığını söyleyebiliriz. Bununla birlikte Nigarî’nin, Hz. Ali dönemi ve sonrasında meydan gelen olaylar karşısında Hz. Ali ve Hz. Peygamber’in (sav) torunlarının yanında, savunmacı, karşı tarafı itham edici ve bulunduğu tarafı övücü net bir duruş sergilediğinden bahsedebiliriz. Onun bu tavrı, ehl-i beyte duyduğu sevgiyi göstermesinin yanı sıra Muaviye ve oğlu Yezid’e karşı söylemi nedeniyle Alevî veya Şiî olarak itham edilmesine de sebep olmuştur”. Maraqlıdır ki, şair burada ortaq nöqtədən, İslam birliyindən məsələlər yanaşsa da, ancaq Nigariyi bu baxışlarına görə, daha çox şiə təəssübünü çəkməkdə, ələvilikdə ittiham etmişlər. Nigari də bu cür düşünənlərə cavab olaraq yazırdı: Mervânîleri isteyen ey ehl-i dalâlet Bî-şüphe ki sizler Yezidî biz ‘Alevîyiz Sizler gibi erbâb-ı şekâvetden ırağız Ehl-i sünnetiz mü’mîn-i Hak dîn-i celîyiz Biz Ahmedîyiz hamd Hudâya ki ezelden Ashâb-ı yeminiz ki sa’îd-i ezelîyiz Mervânîleri isteyen ey nesl-i Yezîdî Biz hâk-i pey-i âl ü hevâdâr-ı veliyiz El-minnetüli’llâh ki der sâye-i Mevlâ Doğru diriz sanma hevâdâr-ı ‘Alîyiz. Bu şeirində Nigari açıq şəkildə ələvi olmağından da qüruru düyduğunu ifadə etməklə yanaşı, əsas odur ki, bütün müsəlmanlar üçün ortaq dəyərin Qurani-Kərim olduğunu da qətiyyən unutmur. O, yazır: Ol şam u səhər həzrət-i Qurana mülazim, Ta kim verə təskin dilə əzbər eylə ayə. Ya da: Ey sərvəri-kişvəri-məlahət, Mövla səni eylədi hidayət. Göndərdi məə-nüzuli-Quran, Açıldı hicabi-şəmsi-iman. Başqa bir şeirində də Nigari Qurana ola sonsuz sevgisini belə ifadə etmişdir. O, yazır: Tərk eylə inü anı, sərf eylə şirin canı, İrfanına vacibdir natiq ana Qurandır. İrfan olur hasil, kəşşəms bəla bürhan, Bu yerdə güman olmaz, sərmənzili-iyqandır. Seyr eylə bu səhrayi, gəşt eylə bu dəryayi Kim lütfi-ilahidir, Həqdən sana ehsandır. İctimai-siyasi görüşləri. Azərbaycan Türk mütəfəkkirinin dünyagörüşündə Vətəni Azərbaycana-Qarabağa münasibət də mühüm yerlərdən birini təşkil edir. Belə ki, onun bir çox şeirlərində Vətən həsrəti, Vətən sevgisi öz əksini tapmışdır. Qarabağın Zəngəzur bölgəsindən olan Nigari Qarabağa həsr etdiyi şeirlərindən birində yazırdı: Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ, Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ! Rəşki-mişk-ənbər imiş buyi-ğubari-Qarabağ, Abi-heyvan imiş ənhari-pünari-Qarabağ. Kövsəri Tuba imiş çayi-çinari-Qarabağ. Aləmi-cənnət imiş dari-diyari-Qarabağ. Nigari üçün Qarabağ yalnız aləmin cənnəti deyil, müqəddəs bir məkandır. Elə bir məkan ki, orada sonsuz Vətən sevgisi və bu sevgi ilə yanaşı bir Vətən həsrəti vardır. Çünki ömrünün böyük bir hissəsini Nigari Türkiyədə – Amasyada, Sivasda və başqa şəhərlərdə yaşamışdır. Hazırda onun qəbri də Türkiyənin Amasiya şəhərindədir. Bu mənada, Nigarinin Vətən həsrətli şeirlərində Qarabağ sevgisi mühüm yer tutmuşdur. Nigari yazırdı: Eşqin kanı Qarabağdır məkanım, Bülbülü-şeydayam, cənnət yerimdir, Əzəl başdan Qarqaşlı bustanım, İndi gülüstanım Qara pirimdir. Sinəmə çəkilən qara dağımdır, Yandıran aləmi gör nə çağımdır! Qara bağrım qanlı Qarabağımdır, Gözlərimdən axan yaşi-tərimdir. Fikrimizcə, Seyid Nigarinin Qarabağı-Azərbaycanı tərk edib Türkiyəyə getməsində çar Rusiyasının onu və ailəsini təqib və təzyiq etməsi mühüm rol oynamışdır. Hər halda, danılmaz faktlardandır ki, 19-cu əsrin ortalarında Qafqazda çar Rusiyasına qarşı başlayan azadlıq hərəkatında, xüsusilə Şeyx Şamilin çarizmə qarşı apardığı mübarizədə nəqşbəndlik təriqətinin nümayəndələri də iştirak etmişlər. Bu mənada, Nigari də çar Rusiyasının işğalçılıq siyasətinə qarşı çıxmış, bəzi şeirlərində Moskvanın müstəmləkəçiliyini açıq şəkildə pisləmişdir: Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən Eyləmək cəngü cədəl şiri-Dağıstanə düşər. Ümumilikdə, Seyid Nigarinin dünyagörüşü çoxaspektli olduğu qədər də, zəngin olmuşdur. Onun dünyagörüşündə bir tamlıq təşkil edən Allah sevgisi, İslam sevgisi və Vətən sevgisi xüsusi yer tutmuşdur. Onun Allah sevgisi ilahi bir sevda olub Mənsurun Allaha olan sevgisinin eynidir. Yəni burada Allah və İnsan bir tam kimi götürülür, insan onu yaradana yəni Tanrıya qovuşmağa can atır. Nigarinin bir sufi kimi Allahı sevməsi təmənasız olduğu qədər də, həm də məşəqqətli, zor əl çatan bir sevgidir. Eyni zamanda, o, ilahi eşqlə yanaşı İslam dinini insanlar arasında təbliğ edən Peyğəmbərə və onun Əhli-beytinə də sonsuz bir sevgi bəsləyir. Nigari, Əhli-beytə olan bu sevgisi ilə yanaşı, ancaq sünni şiə ayrımçılığının əleyhinədir. Onun düşüncəsində, Peyğəmbərin ilk dörd davamçısı olan xəlifələrin hər biri dəyərlidir. Ancaq bütün hallarda, o, müəyyən anlamda Əhli-beyt məsələsində xüsusilə həssas olmuşdur. Nigarinin dünyagörüşündə, sufi-panteizm, İslam dini və Əhli-beyt sevgisi ilə yanaşı, ictimai-siyasi məsələlər də öz əksini tapmışdır ki, bu da, daha çox Azərbaycanın bir hissəsinin çar Rusiyası tərəfindən işğalına etiraz idi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN