Ayda 1000 manat maaş ümidi ilə gəlib, var-yoxdan olanlar…

0
683

Dünyanın ən böyük piramida şəbəkəsi hesab olunan “Quest Net LTD” şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi ofisi Malaziyada yerləşir. Adı çəkilən şirkət 2007-2008-ci illərdə ölkəmizdə də fəaliyyət göstərib. 2009-cu ilin fevralında şirkətin Bakı nümayəndələri və “liderləri” barədə dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb, həmin şəxslər istintaqa cəlb olunublar, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər. 2011-ci ildə şirkətin fəaliyyəti dayandırılıb.

“Quest Net” şirkətinə üz tutanların böyük əksəriyyəti işsiz və kasıb təbəqə olub. Gələcəkdə varlanacağına ümid edənlərin bir qismi banklardan kredit götürüb, bir qismi borc alaraq bu şirkətə üzv yazılıblar. Sonda məlum olub ki, əslində bir qrup şəxs tərəfindən aldanılıblar. Pullarını geri tələb etsələr də xeyri olmayıb. Elə bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etməli olublar…

Şirkət “liderləri”nin əhalini aldatması, onlara maddi və mənəvi zərər vurması, məhkəmə çəkişmələri barədə kifayət qədər yazılıb. Bu dəfə məhkəmə qarşısına çıxarılan “liderlər”sə qadınlardır…

 

Qadın “liderlər”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 1973-cü il təvəllüdlü Elnarə Həsənova və 1972-ci il təvəllüdlü Xatirə Xalıqovanın cinayət işi üzrə məhkəmə istintaqı keçirilir. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

İstintaq yolu ilə müəyyən edilib ki, “Quest Net LTD” şirkətinin 2011-ci ilin yanvar ayından etibarən fəaliyyətini dayandırmasına baxmayaraq, Elnarə Həsənova, Xatirə Xalıqova və başqaları (sözügedən cinayət işi üzrə təqsirləndirilən Ceyhun İbrahimov, Rasim Qəhrəmanov, Müşfiq Kazımov, Elşad Muradov və Emin Məmmədov barəsində olan cinayət işi üzrə materiallar ayrıca icraata verilib – virtualaz.org) 2011-ci ildən 2014-cü ilədək olan müddətdə Bakı şəhərinin Nizami, Yasamal, Nəsimi və Nərimanov rayonlarında ofislər təşkil edərək “Quest Net LTD” şirkətinin məhsullarını “eksklüziv” elektron ticarət adı ilə dəyərindən artıq qiymətə satmaqla yanaşı, məhsulların elektron satışı adı ilə çoxsaylı insanlara guya işə qəbul edəcəklərini vəd ediblər və onların əmlakını ələ keçirməklə dələduzluq ediblər. E.Həsənova və X.Xalıqova 2014-cü ilin iyun ayında saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən X.Xalıqova barəsində polisin nəzarəti altına vermə, E.Həsənovanın barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

“Pullar şirkətin hesabına köçürülürdü”

Təqsirləndirilən şəxs qismində dindirilən Xatirə Xalıqova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2010-cu ildə elektron ticarətlə məşğul olmaq üçün 590 dollar ödəyərək “Quest Net” şirkətinə üzv yazıldığını və məhsul kimi özünə səyahət zərfi sifariş verdiyini göstərib: “Bundan sonra öz şəbəkəmə qızımı, atamı və qardaşımı cəlb etdim. Şəbəkəyə üzv olduqdan sonra, şəbəkənin təlimatlarına əsasən, yeni cəlb olunmuş şəxslərə şəbəkə barədə məlumat verməklə maarifləndirmə işləri aparırdım. Ofisi ayda 1000 dollara icarəyə götürmüşdüm. Vergidən qeydiyyatdan keçməklə, öz adıma VÖEN almışdım, vergi ödəyirdim. İşlədiyim şəbəkənin liderləri Şirxan və Nərminə idi. Şirkətin Azərbaycan üzrə liderləri isə Furqan və Ceyhun adlı (Furqan Babayev və Ceyhun İbrahimovu nəzərdə tutur. Adları çəkilən şəxslərin hər ikisi həbs olunub – virtualaz.org) şəxslər olduğunu eşitmişdim. Xanpəri Məmmədova və onun həyat yoldaşı Qalib Məmmədovun adından üzvlük və məhsul üçün hər birindən 1350 manat alınaraq elektron kart vasitəsilə şirkətin hesabına köçürülmüş, adlarına məhsul sifariş verilmişdi. Eyni üsulla Rakuf Şabanov, Solmaz Nadirova və digərləri də e-kart vasitəsilə şirkətin hesabına pul köçürmüş, adlarına məhsul sifariş olunmuşdu”.

Elektron ticarət və biznes planı

Təqsirləndirilən şəxs qismində dindirilən Elnarə Həsənova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində 2010-cu ilin noyabr ayından elektron ticarətlə məşğul olan “Quest Net LTD” şirkətinə şəbəkəyə üzv olduğunu, həmin şirkətin liderləri olan Ceyhun və Furqan adlı şəxslərin olduğunu eşitsə də, onları tanımadığını göstərib: “Şirkətin qaydalarına əsasən, şirkətdən özünə məhsul alan şəxs əlavə olaraq şirkətin biznes planı ilə tanış olub əlavə gəlir əldə etməsi üçün biznes planını iki nəfərə könüllü şəkildə tanıtdırır, əgər həmin iki nəfər şirkətdən hər hansı məhsul əldə edərsə, onu cəlb edən şəxsin elektron hesabına şirkət tərəfindən komisyon pul ödənilir. Cəlb edilən şəxsin qeydiyyatı üçün 30 dollar, məhsul üçün şirkət tərəfindən təqdim edilən qiymət üzrə isə 650-220 dollar arası, məhsuldan asılı olaraq, şirkətin özünə, yaxud sifarişçiyə poçtla göndərilir. Fəridə Səfərovanı şirkətə mən cəlb etməmişəm. O, öz tanışı Namiq tərəfindən şəbəkəyə üzv olub. Hüsnücahan İbadova və onu övladları Fəridə tərəfindən şəbəkəyə cəlb olunub, özləri məhsul sifariş verilib”.

Qeyd edək ki, hazırkı cinayət işi üzrə 22 nəfər zərərçəkmiş var.

 

“İki-üç ildən sonra həmin şirkətdən külli miqdarda təqaüd alacağımı deyirdilər”

Zərərçəkmiş şəxs qismində dindirilən Elnarə Hidayeva ifadəsində 2011-ci ilin may ayında şirkətə üzv yazılıb. Özünü lider kimi təqdim edən Xatirə Xalıqova əvvəllər müəllimə işlədiyini, maddi vəziyyətinin pis olduğunu, şirkətə üzv yazıldıqdan sonra müəllimlikdən çıxdığını, hazırda maddi vəziyyətinin yaxşı olduğunu, özünə ev, maşın aldığını deyib, şirkət barədə ona məlumat verib: “Şirkətin mərkəzi ofisinin Malaziyada yerləşdiyini, milyonlarla üzvünün olduğunu, paytaxtda bir neçə yerdə ofislərinin olduğunu, şirkət üzvlərinin yaxşı pul qazandıqlarını deyirdi. Şirkətə üzv olmaq üçün internet vasitəsilə 3 bal üzrə məhsullardan birini almaq, sonradan 2 nəfəri də məhsul almaq üçün şəbəkəyə qoşmaq lazım idi. İki-üç ildən sonra həmin şirkətdən külli miqdarda təqaüd alacağımı deyirdilər. 1360 manat pulu Xatirəyə verib səyahət paketi seçdim. Sonradan anam Şövkətin adından da məhsul kimi səyahət paketi seçdim və 1360 manat ödədim. Bir il mütəmadi olaraq həmin şirkətə gedib gəldim, iclaslarda iştirak etdim, dəfələrlə seçdiyim səyahət paketlərinin verilməsini Xatirədən tələb etdim. Aldanıldığımı başa düşüb Xatirədən pullarımı geri istədikdə isə o, pulların şirkətin hesabına köçürüldüyünü dedi”.

 

“Bankdan kredit götürüb qızımı, qardaşımı şəbəkəyə qoşdum”

Zərərçəkmiş şəxs qismində dindirilən Fəridə Səfərova ifadəsində həmin şirkətin üzvlərinin yaxşı pul qazandığını, işin gəlirli olduğunu öyrəndikdən sonra 2011-ci ilin avqust ayında şirkətin yerləşdiyi ünvana yollanıb. Elnarə Həsənova ilə tanış olub, onun lider olduğunu öyrənib: “Bankdan 600 manat pul götürüb ertəsi gün Elnarəyə gətirib verdim. O isə həmin pula ancaq biodisk düşdüyünü dedi. İki ay şirkətə gedib-gəldim. İş yoldaşımı, qohumumu şəbəkəyə üzv yazdırdım, özüm bankdan kredit götürüb qızımı, qardaşımı şəbəkəyə qoşdum, hər biri üçün 1410 manat ödədim, səyahət zərfləri seçdim. Sonradan pulların Elnarə tərəfindən mənimsədildiyini öyrəndim, dəfələrlə pullarımın geri qaytarılmasını tələb etdim. Sonda məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etdim”.

 

“Aylıq 1000 dollar qazanacım olacağını deyirdi”

Zərərçəkmiş şəxs qismində ifadə verən Rakif Şabanov ifadəsində təqsirləndirilən şəxslərin hər ikisi tanıdığını, şirkətə 4400 manat pul ödədiyini göstərib: “2013-cü ilin may ayında qohumum Füruzə ilə Nizami rayonuda yerləşən ofisə getdim, Xatirə ilə orada tanış oldum. Xatirə şəbəkə qurulduğunu, aya 1000 dollar, həftəyə ən azı 200 dollar qazancım olacağını dedi. İnandım, pulum olmadığını dedikdə borc götürməyi məsləhət gördü, şirkətdən alacağım pulla həm borcumu ödəyəcəyimi, həm də yaxşı qazanacağımı bildirdi. Həyat yoldaşım Xeyransa xəstə idi. Xatirənin vədinə inanıb özüm, həyat yoldaşım və qızım Aygünlə qeydiyyatdan keçdik. Ümumilikdə 4400 manat pul ödədim, üç ədəd səyahət paketi seçdim. Xatirə deyirdi ki, səyahət paketi ancaq şirkətə üzv olmaq, yaxşı pul qazanmaq üçün bir vasitədir. Bir neçə gündən sonra həyat yoldaşımın vəziyyəti ağırlaşdı. Ona görə də, Xatirədən pulumu geri istədim. Əvvəlcə qaytaracağına söz versə də, sonradan pulun hamısını Malaziyada yerləşən hesaba keçdiyini bildirdi. 2014-cü ilin yanvar ayında həmin şirkətə getdim. Verdiyim puldan cəmi 400 dollarını qaytardılar”.

Məhkəmə prosesi sentyabrın 20-də davam edəcək.

Onu da qeyd edək ki, şəbəkə biznesində aldadılanlar hər biri özlərindən yuxarı mərtəbədə dayanan şəxsdən, yəni pulu verdikləri adamdan şikayətlənir. Pullar mərhələli şəkildə və pillə ilə mənimsənilib. Vətəndaşların aldadılması kütləvi şəkil alıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN