Avropalıların mənşəyi: Asiya və Afrikadan köç etdikləri ortaya çıxıb

0
704

 

Avropalıların mənşəyi və onların hazırda yaşadıqları ərazilərə Asiya və Afrikadan köç etdikləri ilə bağlı hər il yeni faktlar ortaya çıxmaqdadır. Bu baxımdan elmi texniki-tərəqqinin sürətli inkişafı tibb elminin də tarixi baxımdan önəmli olan və insanlar da daxil olmaqla min illər əvvəl yaşayan canlıların genetik mənsubiyyətini öyrənməyə imkan verməkdədir. Belə ki, istər tədqiqatçı tarixçilər, istərsə də tanınmış tibb alimləri tərəfindən belə bir fikir irəli sürülür ki, insanların tarixi ilk növbədə onların genlərində gizlədilib. Bu gün Avropanın ən qədim və köklü xalqlarından biri hesab edilən irlandların mənşə etibarı ilə afro-asiyalı olduğu barədə çoxsaylı ehtimallar mövcuddur. Lakin bu ehtimalı sübut etmək üçün tibb elminin köməyinə ehtiyac oldu. Bu çərçivədə də 1855-ci ildə İrlandiyanın paytaxtı Belfast şəhəri ətrafında aşkar edilən iki nəfərin qalıqlarının tədqiqi irlandların etnik keçmişi barədə deyilənlərə qismən də olsa aydınlıq gətirməyə imkan verdi. Belfast ətrafında tapılan qadın cəsədinin qalıqları 5200 ilə əvvələ, neolit dövrünə aiddir. Ratlin adasında aşkar edilən iki kişi cəsədinin qalıqlarının isə 4200 il əvvələ, bürünc dövrünə aid olduğu məlum olub. Qadın qalıqlarının geninin tədqiqi zamanı onun müasir İspaniya və Sardiniya adasında yaşayanların əcdadlarından biri, onlarla eyni genin daşıyıcısı olduğuaşkar edilib . İspanların və sardiniyalıların əcdadlarının Yaxın Şərqdən olduğu elmdə çoxdan sübut edilib. Ratlin adasından tapılan iki kişi cəsədinin qalıqlarının genetik analizi isə onların Qara dəniz sahillərindən, hazırda Cənubi Rusiya çölləri adlandırılan və qədim türklərin əzəli vətəni olan Dəşti qıpçakdan İrlandiyaya köç etdikləri ortaya çıxdı. Qara dəniz sahillərində Dəşti qıpçak çöllərində isə o dövrdə sarışınsaçlı türklərin, indili qazaxların, qırğızların, qaqauzların əcdadlarının yaşadıqlarını nəzərə alsaq, onda irlandların etnik tərkibinin formalaşmasının əsasında prototürklərin önəmli rol oynadıqları istisna edilmir. Bu baxımdan qədim irlandların, eyni zamanda şotlandların, valliyalıların millət kimi formalaşmasında həm Yaxın Şərqdən, həm də Dəşti qıpçaq çöllərindən olanların önəmli rol oynadığı və onların qaynayıb qarışması nəticəsində sonralar kelt adı ilə tanınan irlandların əcdadlarının tarixin siyasi səhnəsinə çıxmasının şahidi oluruq. Necə deyərlər, afro-asiyalıların qaynayıb qarışması qədim kelt dilinin, kelt mədəniyyətinin və sivilizasiyasının inkişafına önəmli töhfəsini verdi. Qeyd edək ki, şotlandların əcdadlarının vaxtı ilə Azərbaycan ərazisindən köç etmələri, respublikamızda bununla bağlı Şotlanlı, Şotavar toponimlərinin olduğu və bu ərazilərdə yaşayanların etnik baxımdan uzaq Britaniya adalarında yaşayanlara oxşaması barədə ehtimallar var. Bundan əlavə Şotlandiya əhalisinin 13 faizini təşkil edən qırmızbaşlı əhaliyə Azərbaycanın demək olar əksər bölgələrində rast gəlinməsi də bu deyilənlərin müəyyən qədər sübutu kimi göstərilir. Amma təbii ki, bu ehtimalların araşdırılmasına və elmi-genetik baxımdan nə qədər həqiqətə uyğun olmasının sübuta yetirilməsinə ciddi ehtiyac duyulur…

İngilislərin genində də afro-asiyalı izləri

Böyük Britaniya adalarından danışarkən təbii ki, ilk növbədə ağlımıza ingilislər gəlir. Bu da təsadüfi deyil. İngilislər Böyük Britaniya adalarında çoxluq təşkil edən və müasir günümüzdə öz dillərini dünyanın aparıcı dillərindən birinə çevirən millətlərdəndir. Bu baxımdan irlandlar kimi ingilislərin də genetik baxımdan hansı xalqlarla qohum olması maraq doğurur. Qeyd etdiyimiz kimi ingilislərin də milli mənsubiyyətlərinin öyrənilməsində genetik araşdırmalar mühüm əhəmiyyət daşıyır. Arxeoloji qazıntılar zamanı tapılan və hazırda London muzeylərindən birində saxlanılan 4 insan cəsədi qalıqlarının genetik araşdırılması bununla bağlı bəzi məsələlərə qismən aydınlıq gətirib. “Lent-strik” adı verilən 14 yaşlı gənc qızın cəsədinin qalıqları üzərində aparılan tibbi araşdırmalar onun Afrikanın şimalından köç etdiyini aşkara çıxarıb. “Manxell-strit” adlandırılan digər cəsədin qalıqlarının analizi də onun Afrika kökənli olduğunu göstərib. “Qladiator” adı verilən digər skeletin analizi genetik baxımdan onun əcdadlarının Yaxın Şərqdən və Şərqi Avropadan olduğunu göstərib. Bu da ingilislərin etnik baxımdan formalaşmasında afro-asiyalıların müəyyən rol oynadığını göstərməkdədir.

Türkiyə ərazisindən Avropaya köç edənlər

Avropa xalqlarının etnik baxımdan formalaşmasında müasir Türkiyə ərazisindən köç edənlərin də müəyyən rol oynadığı məlumdur. Amma bəzi araşdırmalar fərqli nəticələrin ortaya çıxmasına səbəb olub. Məsələn 7,5 min il əvvəl İtaliya və Almaniyada yaşayanların qalıqlarının genetik baxımdan öyrənilməsi göstərib ki, onlar tamam fərqli mədəniyyətə məxsusdurlar. Avropada bu barədə susmağa üstünlük versələr də, o dövrdə İtaliya və Almaniyada yaşayanların Dəşti-qıpçakdan köç etdikləri məlumdur. Müasir Türkiyə ərazisindən isə Avropaya köçlər 4,5 min il əvvəl başlayıb. Nəticədə 7,5 min il əvvəl İtaliya və Almaniyada yaşayan xalqların “iz qoymadan” yoxa çıxdığı ehtimal edilir. Əslində isə “iz qoymadan” yoxa çıxan xalqlarla bağlı araşdırmalar qədim türklərə gedib çıxır. Ona görə də türkə nifrət üzərində köklənən əksər avropalı tədqiqatçılar qədim bir millətin böyüklüyü barədəki faktları ört-basdır etmək üçün onları “iz qoymadan” yoxa çıxan xalq adlandırırlar. Halbuki İtaliyanın ən qədim sakinlərindən olan etruskların türk olduğu və onların Kiçik Asiyadan, o cümlədən Dəşti qıpçak çöllərindən İtaliyaya köç etdikləri barədə son illərdə türkiyəli araşdırmaçılar tərəfindən çoxsaylı faktlar aşkara çıxarılıb.

Mavigözlü mağara adamı

2006-cı ildə İspaniyanın şimal-qərbində 7 min il əvvəl yaşayan qədim insanın qalıqları aşkar edildi. Onu tapıldığı yerin adı ilə “La-Brana1 adamı” adlandırdılar. Tapıntının olduqca yaxşı halda qalması tədqiqatçılara onun genetik baxımdan kimliyini müəyyən etməyə imkan verdi. Məlum oldu ki, “La- Brana1adamı” əsmər sifətli və mavigözlü olub. Halbuki əvvəllər belə hesab edirdilər ki, insan ilk vaxtlar əsmər sifətli və qonur gözlü olub. Tədricən əvvəlcə onun dərisinin, sonra isə gözlərinin rəngi dəyişib. Lakin İspaniya tapıntısı göstərdi ki, mavigözlülər ağdərililərdən öncə mövcud olublar. Bütün bunlar isə Afro-Asiyadan Avropaya köç edənlər arasında mavigözlülərin olduğunu və onların heç də panavropalılar tərəfindən iddia edildiyi kimi sırf bu qədim qitənin yerli əhalisi olmadığını göstərir. Qeyd edək ki, panavropalıların üstündən sükutla keçməsinə baxmayaraq avropalıların etnik, milli baxımdan formalaşmasında qədim türklərin böyük rolu olub və bu barədə kifayət qədər fakt var. Bununla bağlı məsələyə isə gələcəkdə daha geniş şəkildə qayıtmaq niyyətindəyik.

Əziz Mustafa

BIR CAVAB BURAXIN