Atama zülm etdilər, amma ad vermədi – Cabbarlının qızı

0
676

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ötən gün 88 yaşında vəfat edib.

Arazinfo.com  kult.az-a istinadən Gülarə xanım Cabbarlının “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəni təqdim edir:

O insan xoşbəxtdir ki, ona böyük şəxsiyyət kimi baxılır, o, öz tarixini yarada bilir. Şübhəsiz ki, o, bu tarixi yaşı ilə yox, əməlləri ilə yaradır. Belə insanlardan biri də otuz beş il ömür sürmüş (1899-1934), XX əsr Azərbaycan ədəbiyyatının klassik sənətkarlarından biri olan Cəfər Cabbarlıdır. Bu böyük və unudulmaz sənətkarın keçdiyi ömür yoluna bir daha nəzər salmaq üçün qızı, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Gülarə Cabbarlı ilə görüşdük. O, bizi mehribanlıqla qarşılayıb, iri bir masanın arxasında əyləşmək üçün yer göstərərək dedi:

Heç bilirsən o vaxtlar bu masanın arxasında kimlər əyləşiblər, – Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə, A.Tuqanov, Mərziyyə Davudova, Sona Hacıyeva və başqaları… Səksənə yaxın yaşı olan Gülarə xanım bu sözlərdən sonra ani xəyala daldı. Söhbətə lap əvvəldən başladı…

“Mən bir susmaz duyğuyam ki…”

…Atam belə bir adda şərqi yazmışdı. Həmin şərqini sanki özünə həsr etmişdi:

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm.

Doğrudan da, o bu gün ürəklərdə yaşayır, sevilir. Bu da təsadüfi deyil. Onun şeirdə, nəsrdə, eləcə də milli dramaturgiyamızın inkişafında böyük xidmətləri olub.

– Qısaca olaraq deyim ki, atam Bakının Xızı kəndində (indiki Xızı rayonunda) kömürçü ailəsində dünyaya gəlmişdi. Cəfərin 2-3 yaşı olanda ailəsi Bakı şəhərinə köçmüşdü. O, ilk təhsilini mollaxanada almış, sonra 7 nömrəli rus-tatar məktəbində (Azərbaycan – red.) oxuyub. S.S.Axundov, A.Şaiq onun müəllimləri olub. 1924-1925-ci illərdə o, teatr məktəbində oxuyublar. “Kommunist” qəzeti redaksiyasında, Dövlət Dram Teatrında çalışıb.

C.Cabbarlı 1934-cü ildə Azərbaycan yazıçılarının qurultayında iştirak edib. O, həmin il sovet yazıçılarının I qurultayında çıxış etmiş və Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. Atam 1934-cü il dekabrın 31-də Bakıda vəfat edib.

O, yaradıcılığa “Məktəb” jurnalında çap olunan “Bahar” adlı lirik şeiri ilə başlayıb. Daha sonra lirik-romantik və satirik şeirlər yazıb. Onun ən məşhur lirik şeiri “Ana”dır. Ən məşhur dram əsərlərindən biri “Aydın” faciəsidir.

20-30-cu illərdə yazdığı dram əsərlərinin çoxunun mövzusunu müasiri olduğu həyatdan götürüb. “Oqtay Eloğlu”, “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Dönüş” və sair əsərləri bu gün də orta və ali məktəblərdə tədris olunur. Bütün bunlar bir övlad kimi məni çox sevindirir.

Cabbarlının ev-muzeyi Heydər Əliyevin göstərişi ilə yaranıb

Atamın bu ev-muzeyi 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə yaradılıb. Elə o vaxtdan da bu muzeyə mən rəhbərlik edirəm. Onu da deyim ki, muzeyin açılışında Heydər Əliyev şəxsən iştirak edib. Ulu öndər atamın yaradıcılığına, şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşıb. Dəmiryolu vağzalının qarşısında atamın heykəlinin ucaldılması da ümummilli lider Heydər Əliyevin böyük səyi sayəsində olub. Bütün bunlara görə həmişə ona Allahdan rəhmət diləyirəm.

Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib

Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.

1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər veriblər. Atamın “Ədirnə fəthi” və “Ulduz” (“Trablis müharibəsi”) əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr veriblər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməyib. Tutarlı faktlar tapmasalar da, atamı daim incidiblər. Bəlkə də onun az yaşamasına səbəb elə bu təqiblər olub.

“Bu, mənim şeytan qızım Gülarənin darağıdır”

Anam Sona xanım danışırdı ki, mənim 2-3 yaşım olanda darağımla atamın saçını daramışam. Necə olubsa o da papağını başına qoyub iş yerinə gedib. O, papağını çıxaranda aktyorlar görüblər ki, Cəfərin başında qadın darağı var. Hamı gülüşüb. Atam özü də gülərək dostlarına deyib ki, bu, mənim şeytan qızım Gülarənin darağıdır.

O, zarafatı çox xoşlayardı

Bir dəfə atam maaş alıbmış. Onunla teatrda işləyən köməkçisi Məmməd Əlili ilə (Qorxmaz Əlilinin atası) nahar edirlər. Atam pullarını çıxarıb stolun üstünə qoyur. Bir qədər keçmiş pulları götürür. Sonra da başlayır stolun üstünü axtarmağa. Əlili soruşur ki, ay Cəfər, nə axtarırsan? Atam cavab verir ki, pulumu stolun üstünə qoymuşdum, indi yoxdur. Əlili deyir ki, nə demək istəyirsən, belə çıxır ki, pullarını mən götürmüşəm? Atamın bu sözündən sonra Əlili əsəbi halda çıxıb gedir. Bu iş ona elə pis təsir edir ki, hətta istəyir özünü tramvayın altına atsın. Bir qədər sonra atam qardaşı oğlu Əlbəndəni Əlilinin dalınca göndərir ki, o, buradan çox əsəbi gedib, özünə bir xətər-zad yetirər, ona de ki, səni əmim çağırır. Əlili geri qayıdanda atam ondan dönə-dönə üzr istəyir. “Məni bağışla, – deyir: Əlimdə bir əsər yazıram, istəyirdim görəm ki, adama böhtan atanda o adam özünü necə hiss edir”. Əlili də deyir ki, bəs mən özümü tramvayın altına atsaydım, necə olacaqdı?

Atam yenə ondan üzr istəyir.

Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb

Anam danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən yaxınlaşıb divardan asılmış telefonun dəstəyini qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən aparmadın. Axı telefonun məftilinin bir ucu divardadır. Bir xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari əvəzinə qızıl boyunbağı alım. Axı mirvari boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə əzilsə də qızıldır. Dedim ki, mən mirvari boyunbağı istəyirəm.

Atam mərcdə uduzduğuna görə anama mirvari boyunbağı alıb.

O, “Almaz” əsərini dizinin üstündə yazıb

Şurabad bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər “Almaz” əsərini burada lampa işığında, dizinin üstünə bir taxta parçası qoyub yazırdı. Əsəri elə dizinin üstündə yazıb qurtardı.

Mən onun bu vəziyyətini görüb dedim ki, ay Cəfər, gəlsənə bu bağda bir ev tikdirəsən. Cavab verdi ki, tikdirməyinə tikdirərəm, amma bu ev də şəhərdəki ev kimi olacaq. Daha bağ evi ilə şəhər evinin nə fərqi olacaq. O bu sözdən sonra dedi ki, mənə bir fincan çay gətir. Ona çay gətirəndə mənə bir kağız parçası uzatdı. Dörd bəndlik bir şeir yazmışdı:

Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün.

Bağ yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən say gətir mənimçün.

Bəli, həmin gün ölməz sənətkar Cəfər Cabbarlının qızı Gülarə xanımla çox söhbət etdik. Atası barədə yada düşən xatirələrini dinlədik. Təhsil ocaqlarında onunla olan görüşlər barədə, atasına olan xalq sevgisindən, xalq məhəbbətindən danışdıq.

Sonda Gülarə xanımdan qəzet üçün ailəvi şəkillərini istədik. Əvvəlcə şəkli vermək istəmədi. Sonra birtəhər razılaşdı. Mən onu yaxşı başa düşürdüm. Bu, Gülarə xanımın atasına olan istəyindən, məhəbbətindən irəli gəlirdi. O istəmir ki, Cəfər Cabbarlının ev-muzeyində toplanmış heç bir eksponat, heç bir sənəd itsin. O istəyir ki, Cəfər Cabbarlı haqqında olan hər bir şey gələcək nəsillərə çatdırılsın. Axı bütün bunlar hamısı xalqını, Vətənini canından artıq sevən Cəfər Cabbarlıya, Cəfər Cabbarlı da xalqına məxsusdur.

BIR CAVAB BURAXIN