“ATƏT-in qərarlarını məcbur qəbul etdirmək kimi bir mexanizmi yoxdur”

0
97

“ATƏT konsensusa əsaslanan təşkilatdır, onun öz qərarlarını məcbur qəbul etdirmək kimi bir mexanizmi yoxdur”.

APA-nın xəbərinə görə bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak bu gün keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, mətbuat konfransında iştirak edən beynəlxalq hüquq üzrə araşdırmaçı, azərbaycanlı Təbriz Cəfərov söz alaraq bildirib ki, ATƏT-in beynəlxalq hüquqa və prinsiplərə əsaslanan qərarları həyata keçirilmir, buna görə də ATƏT regionunda separatizm və separatizm hərəkatları meydana çıxır.

“Bəzi ölkələr beynəlxalq norma və prinsipləri, o cümlədən ATƏT-in qərarlarını pozur. Biz hələ də deyirik ki, “Siz bunu etməlisiniz, siz bunlara hörmət qoymalısınız və s”. Bəs, biz nə vaxt onlara deyəcəyik ki, “Siz bunu edəcəksiniz, buna hörmətlə yanaşacaqsınız, əks halda, sizi bunu etməyə məcbur edəcəyik”, – deyə T. Cəfərov mətbuat konfransı keçirənlərə sual ünvanlayıb.

M. Layçak suala cavab olaraq ATƏT-in qərarlarının təşkilatın 57 üzvü tərəfindən razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: “Bildiyiniz kimi, ATƏT konsensus əsaslı təşkilatdır. Hər bir qərar təşkilatın 57 üzvü tərəfindən razılaşdırılmalıdır. ATƏT-in öz qərarlarını kiməsə məcbur qəbul etdirmək kimi bir mexanizmi yoxdur. Bunu hətta BMT Təhlükəsizlik Şurasında etmək belə çox çətindir. Lakin 57 üzv ölkə tərəfindən razılaşdırılan qərar ATƏT-in öhdəliklərinin bir hissəsi olur və bu, siyasi öhdəlik, həmçinin, siyasi təzyiq yaradır. Bütün bunlar kodeksdə əksini tapır. Ölkələrə bildirilir ki nəyi etmək və etməmək bu kodekslərdə yazılıb. Əgər sən bunu pozursansa, bu, siyasi və mənəvi təzyiqlərlə üzləşmənə səbəb olacaq. İstərdim ki, yalnız ATƏT-də deyil, digər beynəlxalq təşkilatlarda da elə bir mühit yaradaq ki, bu, ölkələrə norma və prinsipləri pozmağa imkan verməsin. Pozarsa, onun nəticələri ilə üzləşməkdən qaça bilməsin. Biz bunun üçün çalışırıq, bu, bir prosesdir və mərhələli aparılır”.

ATƏT-in baş katibi Tomas Qreminger isə suala cavabında bildirib ki, ATƏT davamlı olaraq ölkələrin cavabdehlik məsuliyyəti üzərində tənzimləmələr aparır.

“ATƏT-in Daimi Şurasında bir ölkə prinsiplərlə bağlı digərini sorğulaya bilir. Bəli, doğrudur ki, sanksiyalar və cəzalar yoxdur, lakin düşünürəm ki, ölkələrin öhdəliklərinə sadiq qalması və cavabdehlik məsuliyyəti üçün çox yaxşı bir platforma var”, – deyə o qeyd edib.

Arazinfo.com