Astana Kremlə qarşı ABŞ-la anlaşıb?

0
578

Rusiya bu əməliyyatlara həsaslıqla yanaşdığı üçün Qazaxıstanın bu addımı iki ölkə arasında müəyyən soyuqluğun yaranmasına gətirib çıxaracaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Qazaxıstan Senatının ABŞ hərbçilərinin Xəzər dənizindəki Kurık və Aktau limanlarından Əfqanıstana tranzit kimi istifadə etməsi haqqında razılaşmasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, bu yüklər çox güman ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə daşınacaq:

“Bu marşrutun daha çox Kurık portuna gedəcəyini nəzərə alsaq, yükdaşımada əsasən, hərbi texnika, avadanlıq, hərbi silah-sursat və onları müşayiət edən hərbiçilər olacağını deyə bilərik. Burada əsas məqsəd hərbi avadanlığın daşınmasıdır. Kurık portunun tikintisi xüsusilə ağır tonnajlı yüklərin qəbul olunmasına hesablanıb və burada müvafiq infrastruktur da qurulub”.

Politoloq qeyd edib ki, daha çox rus mətbuatında Qazaxıstanın bu addımının ABŞ-ın Xəzərdə aktivləşməsinə gətirib çıxaracağı ilə bağlı provakasiya xarakterli ehtimallar irəli sürülür:

“Bunların hamısı spekulyativ xarakter daşıyan ehtimallardır. Qazaxıstan suveren ölkədir və bu cür marşrutların istifadəsi ilə bağlı qərarları özü qəbul edir. Doğrudur, KTMT üzvü olaraq Qazaxıstan Rusiyanı və digər KTMT-nin üzvlərini xəbərdar etməlidir və çox güman ki, edir. Amma tranzit məqsədini daşıyan yüklər olduğu üçün daşınan hərbi avadanlıqlar Qazaxıstanın özündə qalmır. Ona görə burada hər hansı təhlükənin yaranmasından söhbət gedə bilməz. Eyni zamanda Əfqanıstandakı NATO əməliyyatları da nə KTMT-nin nüfuzuna, nə də ki, Rusiyanın maraqlarına toxunur. Ona görə də Rusiya bunu əslində normal qarşılamalıdır”.

Politoloq vurğulayıb ki, Qazaxıstanın bu addımı ABŞ-ın qoşunlarının Xəzərdə uzun müddət qalması, yaxud da burada infrastruktur yaratması və yerləşməsi üçün heç bir şərait yaratmır:

“Burada bütün nəqliyyatın hərəkətinə istər Qazaxıstan hərbçiləri, istərsə də Azərbaycan hərbçiləri tərəfindən nəzarət edilir. Tərəflər başa düşürlər ki, bu təkcə ABŞ-ın strategiyası ilə əlaqəli məsələ deyil. Qazaxıstan dövləti bu qərarı, eyni zamanda, Əfqanıstanla olan münasibətlər çərçivəsində verib. Yəni burada Əfqanıstan dövləti də maraqlıdır ki, bu marşrut işləsin. Həm Azərbaycanın, həm də Qazaxıstanın Əfqanıstan rəhbərliyi ilə razılaşmaları var və bu razılaşmalar çərçivəsində bu yükdaşımalar həyata keçirilir. Burada əlavə siyasi, hərbi-siyasi gedişat nəzərdə tutulmur”.

Qeyd edək ki, Qazaxıstan Senatı ABŞ hərbçilərinin Xəzər dənizindəki Kurık və Aktau limanlarından Əfqanıstana tranzit kimi istifadə etməsi haqqında razılaşmanı təsdiqləyib.

BIR CAVAB BURAXIN