Artur Rasizadənin qərarı Gürcüstanda narahatlığa səbəb oldu: “Çox ciddi zərbə vuracaq…”

0
547

Azərbaycanda Nazirlər Kabinetinin xaricdən idxal edilən bəzi ərzaq və kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarını noyabrın 30-dan etibarən kəskin artırılmasını nəzərdə tutan qərarı qonşu Gürcüstanda ciddi narahatlığa səbəb olub.

Gürcü ixracatçılar bu qərar nəticəsində Azərbaycana Gürcüstandan ərzaq və kənd təsərrüfatı məhsullarının ixracının kəskin azalacağını deyirlər.

“Nabeqlavi” mineral su istehsalı şirkətinin təsisçisi Avtandil Svimonoşvili deyib ki, rüsumların artması qaçaqmalçılığın və korrupsiyanın artmasına səbəb olacaq. Çünki sahibkarlar Gürcüstandan malları Azərbaycana gömrükdən yan keçməklə daşıyacaqlar.

“Bizim öz məhsullarımıza gəldikdə isə Azərbaycan mal dövriyyəmizdə böyük paya malik deyil, lakin nəticələr hər halda hiss olunacaq. Belə vəziyyətdə biz başqa bazarlarda fəallığı artırmalıyıq. Əlbətdə, biz Azərbaycana ixracı davam etdirəcəyik, lakin istənilən halda orada tələbat azalacaq, çünki qiymət artacaq. Şübhəsiz ki, biz azərbaycanlı partnyorlarımıza malları indiki qiymətə satacağıq, ancaq onlar qiyməti artırmağa məcbur olacaqlar. Biz artıq Bakıdan tərəfdaşlarımızla əlaqə saxlamışıq, onlar gözləmə rejimindədir”-biznesmen deyib.

Quş əti istehsalçıları Assosiasiyasının rəhbəri və “Kumisi” şirkətinin rəhbəri Zurab Uçumbeqaşvili isə deyir ki, Azərbaycan hökumətinin bu qərarı Gürcüstan ixracatçılarına çox ciddi zərbə vuracaq. “Bizim sahəmizə gəldikdə isə Gürcüstandan Azərbaycana ancaq broyler toyuqları və inkubator yumurtası ixrac olunur, toyuq əti və yumurtasına gəldikdə Azərbaycan bazarı onsuz da bağlıdır. Gürcüstandan fərqli olaraq orada yerli istehsalı stimullaşdırırlar və istehsalçıları müdafiə edirlər. Hökumət yerli istehsalçıları dəstəkləyir və yüksək idxal rüsumları tətbiq edir, bu, çox düzgün qərardır”-Uçumbeqaşvili bildirir.

Gürcüstanda deyirlər ki, Azərbaycan hökumətinin yeni qərarı bu ölkədə tikinti materialları istehsalçılarına da zərbə vuracaq. Gürcüstandan Azərbaycana sement, beton, asbest, kərpic, keramika ixracı faktiki dayanacaq.

Senakidəki sement zavodunun direktoru Mindiya Qurqenidze Azərbaycan Nazirlər Kabinetinin qərarını şərh edərkən deyib ki, azad iqtisadiyyat prinsiplər baxımından yüksək idxal rüsumları tətbiq edib malların bazara daxil olmasını məhdudlaşdırmaq düzgün deyil. Lakin onsuz da Azərbaycana semen ixracı imkanları məhduddur. Çünki bu ölkə özü ildə 11 milyon ton sement istehsal edir, tələbatı isə 6 milyon tondur.

Xatırladaq ki, Azərbaycanda da iqtisadçılar Nazirlər Kabinetinin qərarının istehlak bazarında növbəti kəskin bahalaşmaya səbəb olacağını deyirlər. Xaricdən gətirilən malların kəskin bahalaşması qaçılmaz olduğundan onların idxalı azalacaq, bu da yerli istehsalçılara qiyməti qaldırmaq fürsəti yarada bilər.

Virtualaz.org

BIR CAVAB BURAXIN