Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında

0
116

Aqşin Yeniseyin roman kimi təqdim etdiyi 400 səhifəlik “Tarix və tale” adlı əsərinin süjeti əslində bir hekayə süjeti həcmindədir. Yazı materialının demək olar ki, 80 faizindən çoxu isə süjetə  aidiyyəti olmayan, uzun-uzadı və yorucu bədii təsvir vasitələri (BTV) ilə dolu bədii-publisistik yazılardan ibarətdir. Bu yazıların bir hissəsinə bədii publisistik məqalə, bir hissəsinə mənsur şeir də demək olar. Hiss olunur ki, müəllif bir çox başqaları kimi şairlik və publisistlikdən hələ çıxa bilməyib. Yəni, publisistlikdən yazıçılığa keçmək cəhdi hələ ki, alınmayıb.

Öncə əsərin süjetinə nəzər salaq. Bir hekayə süjeti həcmində olan bu süjetin demək olar ki, heç bir ideyası yoxdur. Azərbaycan reallığına uyğun olmayan tragikomik bir ailə təsvir olunub. Ən azı 20 illik bu ailə parçalanır. Amma ailənin bu parçalanmasının köklü bir səbəbi məlum olmur. Daha doğrusu, ərlə arvadın biri-birinə qarşı ayrılmağa səbəb olacaq kəskin nifrətinin, qatı düşmənçiliyinin onların xarakterlərindəki hansı ciddi uyğunsuzluqdan meydana çıxdığı lazımınca açıqlanmır. Bu baxımdan ər və arvad şəxsiyyətlərinin tipləri belə tam yaradılmamışdır. Qadınların əşyapərəstliyi, təmtəraqsevərliyi ilə kişilərin siyasətə meylliliyi arasında ziddiyyət hamıya məlum olan, az və çox dərəcədə əksər ailələrdə rast gəlinən bir gerçəklikdir. Lakin bu ziddiyyət ailənin dağılmasına, özü də belə tragikomik şəkildə dağılmasına yox, sadəcə daimi və bəzən kəskin mübahisələrə səbəb ola bilər. 20 illik bir ailənin belə tragikomik şəkildə dağılması üçün daha ciddi səbəblər olmalı idi. Müəllif bu səbəbi ortaya qoya bilməyib. Başqa sözlə Aqşin yazmaq istədiyi mövzuda əsas problemi təqdim edə bilməyib. Halbuki, bir müəllif hansısa mövzuda əsər yazmaq istəyirsə ilk növbədə həmin mövzuda köklü bir problemi təqdim etməli və onun həlli yolunu göstərməlidir. Kimdir günahkar? Əslində necə olsa yaxşı olardı? Bu suallara cavab verilmədiyindən süjetdən heç bir ideya çıxmır. Müəllif uzun-uzadı, yorucu, boş və mənasız BTV-ni bol-bol işlətməyə tər tökməkdənsə bu məsələni həll etməyə çalışsaydı daha yaxşı olardı.

Əsərin süjetində yeganə təqdirəlayiq məqam Azərbaycan Milli Azadlıq hərəkatının fədakar iştirakçıları olan, elə hərəkata xidmət yolunda da təsadüfən qatilə çevrilən və ölüm cəzasına məhkum edilən qardaşların qəhrəman obrazlarının yaradılmasıdır.

Əsərdəki süjetdənkənar bədii-publisistik yazılara gəldikdə isə bu yazıların yarısından çoxu yuxarıda dediyimiz kimi heç bir fikir, ideya ifadə etməyən uzun-uzadı, quru və yorucu bədii təsvirlərdən ibarətdir. Etiraf edək ki, A.Yeniseyin BTV ilə zəngin cümlələr icad etmək qabiliyyəti yüksək səviyyədədir. Amma bu hələ hər şey demək deyil. Adından göründüyü kimi, BTV sadəcə VASİTƏDİR, o hələ fikir, ideya demək deyil (bir vaxtlar ARB telekanalında keçirilən şairlər müsabiqəsində münsiflərin şeirin ideyasına, məzmununa yox, yalnız BTV-də yeniliklərin olub-olmamasına diqqət yetirmələrinə sosial şəbəkədə öz etirazımı bildirmişdim). Bədii təsvirlər hansısa dərin fikri, ideyanı ifadə etmirsə, quru-quru BTV işlətmək hələ yazıçılıq və ya şairlik demək deyil. BTV işlətməyin həm də bir həddi, dozası olmalıdır. Bu normadan artıq, üstəlik də mənasız, ideyasz olanda oxucunu əməlli-başlı yorur və bezdirir. Aqşin bəzən cümləni o qədər uzadır ki, cümlənin axırında əvvəli yaddan çıxır. Hətta adama elə gəlir ki, müəllif BTV və feili sifət tərkibləri ilə dolu uzun və mürəkkəb cümlələrdə sonda gəlməli olan bəzi sözləri qəsdən cümlənin əvvəlinə keçirib ki, oxucu üçün mənanı başa düşmək çətinləşsin. Yəni, belə cümlələrin axırına çatanda əvvəli yaddan çıxır və bir daha cümlənin əvvəlinə baxmalı olursan. Məqsəd nədir? Axı fikri daha qısa cümlələrlə və daha aydın şəkildə çatdırmaq olar. Bəs onda bu nəyə lazımdır? Ya müəllif istəsə də başqa cür yaza bilmir, ya da öz zəifliyini, ideyasızlığını quru və uzun-uzadı BTV-nin arxasında gizlədir. Hər halda insanda belə təəssürat yaranır. Buna başqa ad vermək mümkün deyil. Əgər bir müəllif yazıçılığı fikir, ideya ifadə etməyən boş, quru və yorucu bədii təsvirlər icad etmək kimi başa düşürsə, yazıqlar olsun ona. A.Yenisey əmin ola bilər ki, yazı materialının əksəriyyətini təşkil edən quru BTV ilə dolu həmin hissəsindən oxucuların yadında heç nə qalmayacaq.

Əsərin süjetdənkənar hissəsinin qalan qismində isə müəllifin çoxsaylı mövzulara yalnız toxunduğunu görə bilərik. Hansısa bir mövzunun içinə girib onu inkişaf etdirmək, mükəmməl bir bədii əsər yazmaq cəhdi belə görünmür. Müəllif mövzuları biri-birinə qarışdırıb, yəni nədən gəldi yazıb, bir az kobud ifadə etsək, ağlına gələni yazıb. Yəni vahid bir ideya yoxdur. Olsa, olsa epizodik, yarımçıq, tamamlanmamış, əsaslandırılmamış fikirlər. O da  pərakəndə, sistemsiz, çoxmövzulu və bayağı. İndi isə müəllifin həmin fikirlərinə nəzər salaq.

A.Yenisey cəmiyyətdəki bütün ədalətsizliklərin – təbəqələşmə, insanlar­arası düşmənçilik, fərdi azadlıqların məhdudlaşması və s.-in genetik əsasını,  yəni mənşəyini ailə quruluşunun meydana çıxmasında görür. Köklü bir əsaslandırma və alternativ təklif isə yoxdur. Yəni, ailə ənənələrini yıxıb-sürüməklə bərabər yeni heç nə təklif etmir. Tənqiddə təklif yoxdursa, o tənqid də yarımçıq və dəyərsizdir.Müəllif xüsusən “ailə seks azadlığını məhdudlaşdırır, ona görə də ailə pis şeydir” fikrini dəfələrlə təkrarlamaqdan doymur. Ailənin cinsi azadlığı məhdudlaşdırması kütləvi surətdə bütün bəşəriyyətə məlum olan bir məsələdir, burda heç bir yenilik, qeyri-adi bir tapıntı yoxdur. “Subaylıq-sultanlıq” xalq deyimi də burdan doğub və dillərdə əzbərdir. Amma bəs niyə cəmiyyət kütləvi surətdə bunu bilsə də, kütləvi surətdə “ailə pis şeydir” demir? Ailənin cəmiyyətdə funksiyası yalnız seks azadlığını məhdudlaşdırmaqdanmı ibarətdir? Başqa funksiyaları yoxdurmu? Həyat yalnız seksdənmi ibarətdir? Bəs niyə seks manyakları belə, olur ki, yenə daimi bir ailə qurmaq istəyir? Bəs niyə fahişə qadınlar belə, olur ki, öz qızının namuslu olmasını istəyir? O, bu suallara cavab axtarmadığından fikir yarımçıqdır.

A.Yenisey qadın azadlığı anlayışını qadının cinsiyyət üzvünün azadlığı kimi qəbul etdiyini əsərin bir yerində birbaşa qeyd edir. Bu qədər dayaz, bəsit və primitiv fikir kiməsə yaxşı nə verə bilər?

Əsərdə tarixə az qala qadınla kişinin mübarizəsi tarixi kimi yanaşılır. Bəri başdan qadınla kişi qarşı-qarşıya qoyulur. Axı qadınla kişinin həm də bir-birini tamamlayan, xoşbəxt edən varlıqlar olduğu da danılmaz bir gerçəklikdir. Birtərəfli yanaşma özünü aşkar şəkildə göstərir.

Əsərdə deyilir ki, guya Azərbaycan kişiləri Bakı bulvarına dişi tökülmüş qoca arvadlarını öpməyə gətirirlər. Ona görə ki, cavanlıqda seks həyatları nakam olub. Başdan ayağa uydurma və məntiqsizlik olduğunu izah etməyə ehtiyac yoxdur.

A.Yenisey özünün ateist olduğunu əsərdə açıq-aşkar göstərir. Necə ki, bəzi sovet müəllifləri Allahın olmadığı hər kəsə məlummuş kimi danışırdılıar. Aqşinin də əsərində Allahın olmadığına özünün əminliyi açıq-aşkar hiss olunur. Bu bir bədii əsər üçün böyük qüsurdur. Əslində isə bədii əsərdə müəllif fikirləri və informasiyanı təqdim edərkən özünün ateist olub-olmadığını bildirməməli, hər şeyə neytral mövqedən yanaşmalı, inanıb inanmamağı oxucunun öz ixtiyarına buraxmalıdır.

Əsərdə vicdan anlayışı zəiflərin, iradəsizlərin, arxasında gizləndiyi varlıq kimi qiymətləndirilir. Nitsşenin “əxalq zəiflərin silahıdır” sayaqlamasının təkrarıdır. Adətən ateistlər Allahı inkar edib yerinə vicdanı qoyurlar. Aqşin isə vicdanı da inkar etməklə cəmiyyətə nə vermək istəyir?

A.Yenisey Azərbaycan tarixini qədimdən bu günə guya ki, obrazlı şəkildə təsvir edir. Əslində isə çox ciddi xətalara yol verib. Görünür o, artıq neçə onilliklərdir formalaşan və inkişaf edən yeni tarix konsepsiyasından ya məlumatsızdır, ya da qəsdən tariximizi alçaltmağı qarşısına məqsəd qoyaraq özündən tarix uydurub. Əsərdə Azərbaycan tarixi yalnız indiki Azərbaycan Respublikasının məhdud sərhədləri daxilində götürülür. Çox kobud xətadır. Azərbaycan tarixi nəinki Bütöv Azərbaycan miqyasında, eyni zamanda ümumtürk tarixinin tərkib hissəsi kimi götürülməlidir. Guya Azərbaycana atəşpərəstliyi hindistanlılar gətirib. İslam – ərəb mədəniyyəti, islamaqədərki inanclar – hind mədəniyyəti, yazılı qanunlar – rus mədəniyyəti kimi qəbul edilir. Bəzi milli ənənələrimiz də qədim yunan miflərinə bağlanır. Yəni guya Azərbaycan xalqının özünəməxsus heç bir mədəniyyəti yoxdur. Azərbaycanın dünyanın ən qədim sivilizasiya bölgələrindən biri olması bu fikrın tam əsassız olduğuna sübutdur. Azərbaycan xalqının İslamaqədərki inancları niyə, məsələn Quruçay, yaxud Aratta, Şumer mədəniyyətinin varisi olmur, hind mədəniyyətinin varisi olur? Əsərdə həmçinin islama aidiyyəti olmayan, islamaqədərki milli ənənələr çox yanlış olaraq islam və ondan əvvəlki sami dinləri ilə bağlanır.

Müəllif “tarix” və “tale” sözləri üzərində oynayıb guya dahiyanə nəsə quraşdırmaq istəyir. Əslində isə onun bu “dahiyanə kəşfi”ni sadə dildə belə ifadə etmək olar (hər halda mən belə başa düşmüşəm): Tarix – şərəfli keçmiş, tale – acınacaqlı bu gündür. Şərəfli keçmişi yada salıb bugünkü acı reallıqla mübarizə aparanlar yaxşı insanlar, şərəfli keçmişi unudub acı reallıqla barışanlar pis insanlardır. “Milli şüur” anlayışında tam ehtiva olunan hamıya məlum bir məsələdir.

Bu fikirlərin demək olar ki, hamısı A.Yeniseyin və bir çox onunla eni düşüncədə olanların indiyə qədər öz yazılarında və çıxışlarında demiş olduğu fikirlərdir. Həmin fikirləri toplayıb (özü də pərakəndə şəkildə) roman adı ilə təkrar təqdim etməyin nə mənası var imiş?

Şirvani Ədilli