Almas İldırım: Vətən nisgilli şair (1)

0
954

11

Həyatını Azərbaycanımızın milli istiqlalı uğrunda mübarizəyə həsr edən, bəziləri qələmə, digərləri isə süngüyə sarılaraq mənsub olduğu millətinə heç bir təmənna ummadan xidmət edən elə görkəmli simalarımız var ki, onlar haqqında danışmaq da, danışmayaraq susmaq da çətindir. Çünki onların Azərbaycan adlı bir ulu yurd yerinə göstərdiyi tarixi xidmətlərindən danışmaq, ona qiymət vermək üçün gərək ən azından onların səviyyəsində olasan. Amma onlardan yazmamaq, milli azadlıq mücadiləsinə verdikləri əvəzsiz xidmətlər barədə susmaq da onların xatirəsinə hörmətsizlik demək olardı. Çünki onlar özlərindən sonra Azərbaycanın 100 illər bundan sonrakı nəsilləri üçün də bir vətən, yurd sevgisi, qəhrəmanlıq məktəbi qoyub gediblər. Onlardan biri də alovlu Azərbaycan şairi, qürbətdə “Vətən, vətən”,-deyə inləyən və bu həsrəti yazdıqları şeirlərinə köçürərək gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz töhfəsini verən Almas İldırım idi.

Sözün düzü, Almas İldırım haqqında sovet dövründə çoxlarımıza demək olar heç nə məlum deyildi. Bolşevik rejimi onun adını belə çəkməyi qadağan etmişdi. Onun barəsində biz yalnız ötən əsrin 80-ci illərinin sonlarında “Azadlıq” radiostansiyasının Azərbaycan redaksiyasının şef redaktoru Mirzə Xəzərin vasitəsi ilə xəbər tutduq. Yadımdadır hər dəfə Mirzə Xəzər Azərbaycan dilindəki verilişə onun ürəklərimizi titrədən vətən haqqındakı yanğılı, həsrət dolu şeirləri ilə başlayırdı. Sanki bu şeirləri Mizə Xəzər deyil, onun dili ilə, onun səsi ilə Almaa İldırımın özü oxuyurdu. Nə qədər qəribə olsa da Almas İldırım üstündən illər ötəndən sonra, Azərbaycan milli azadlıq mücadiləmizin başladığı o illərdə, özü də radio dalğalarında bizə – doğma yurdumuza qayıtdı. Burada nə üçünsə yadıma bahar ərəfəsi gələn qaranquşlar düşür. Qaranquşlar baharın müjdəçiləri hesab olunub min illər boyu bizlərdə. Almas İldırım da azadlıq qaranquşu, yuvasından, gülündən ayrı düşən bir vətən bülbülü idi. O da Azərbaycana azadlıq mücadiləmiz başlayanda qayıtdı və on illərin arxasından bizi imperiyaya qarşı yeni mücadilələrə ruhlandırdı. Və burada yenə də yadıma Almas İldırımla bərabər mili azadlıq mücadiləsini davam etdirən Əhməd Cavad düşür. Onların hər ikisini bir amal, Vətənin azadlıq və müstəqilliyi ideyası birləşdirirdi…

Almas İldırımı yazdığı şeirləri ilə Azərbaycan milli azadlıq mücadiləsinə göstərdiyi xidmətləri yalnız onun müəllimi və ustadı olan milli istiqlal şairimiz Əhməd Cavadla müqayisə etmək olar. Onların hər ikisi, ustad-şagird, biri qürbətdə, digəri isə vətəndə qələmlərini süngüyə çevirərək imperiya zülmünə, əsarətə qarşı savaş açmışdılar. Və onlar bu savaşları ilə öz adlarını istiqlal mücadiləmizə qızılı hərflərlə yazdırdılar.

Şərəf və qürur zirvəsinə uzanan yol

Gələcəyin alovlu və mübariz şairlərindən olacaq Almas İldırım 1907-ci il mart ayının 24-də Bakıdan təxminən 70 kilometr məsafədə yerləşən Qala kəndində zəngin bir ailədə dünyaya göz açdı. Adını valideynləri Əbdülhəsən qoydular. Amma evlərində hamı onu babasının adı ilə “Almas” deyə çağırıdı. Bu adla da o sonralar tanındı, məşhurlaşdı. Almas uşaq ikən ailəsi əvvəlcə Şüvəlana, sonra isə Çəmbərəkəndə köçdü. Almaszadələr Bakıya köçəndə atası xırda ticarətlə məşğul olurdu. Həmin vaxt onların Xəzərdə yük gəmiləri də var idi. İlk təhsilni də 1915-ci ildə Bakıda neft mədənlərində işləyən və əslən Cənubi Azərbaycandan olan soydaşlarımızın uşaqları üçün açılan “İttihad” (Birlik, həmrəylik) məktəbində aldı. İldırımın məktəbdə təhsil aldığı illər Rusiya imperiyasının çaxnaşdığı və I Dünya müharibəsi illərinə düşmüşdü. Həmin dövrdə imperiyanın hər yerində olduğu kimi Azərbaycanın da başı üzərindən azadlıq küləkləri əsməkdə idi. Bu da imperiyaya qarşı cəsarətlə səsini qaldıran, Azərbaycanın müstəqilliyini açıq şəkildə tələb etməyə başlayan mübariz bir nəslin yetişməsinə gətirib çıxarmışdı. Hələ uşaq yaşlarından ətrafında baş verən və ilk dövrlərdə ona bir qədər müəmmalı görünən hadisələri dərk etməyə çalışan balaca Almas özü də bilmədən milli azadlıq mücadiləsində ilk addımlarını atmağa başladı. Bu işdə onun həmin dövrdə Əhməd Cavadın, Məhəmməd Hadinin və digərlərinin milli ruhda yazdığı şeirlərini oxuması və onların təsiri altında siyasi və ədəbi dünyagörüşlərinin formalaşması mühüm rol oynadı.

Məhz onların yazdıqları şeirlərin təsiri altında o da əlinə qələm alaraq yazmağa başladı. İlk qələmə aldığı şeirlərindən dərhal hiss olunurdu ki, ədəbiyyatımıza yeni nəfəs, istedadlı bir şair gəlir. Ədəbiyyata olan sonsuz sevgisi və həvəsi də onu hələ 12 yaşında olarkən, 1919-cu ildə tanınmış yazıçı Seyid Hüseyn tərəfindən yaradılan “Yaşıl qələmlər” adlı ədəbi dərnəkdə iştirak etməyə gətirib çıxardı. Bu dərnəkdə Almas İldırım gələcəyin daha bir görkəmli ədəbi siması olacaq Mikayıl Müşfiqlə tanış olur. Ədəbi dərnəkdə fəal iştirakı ilə diqqəi cəlb edən Almas İldırım burada həmçinin istiqlal nəğməkarı Əhməd Cavadla tanış olur və onların bu münasibəti tezliklə ustad-şagird və ya daha obrazlı şəkildə desək ata-oğul münasibətlərinə çevrilir. Əhməd Cavadın tövsiyələri və onun Almas İldırımı daim yazmağa ruhlandırması sonuncunun milli ruhda tərbiyə olunmasında böyük rol oynadı. Təsadüfi deyil ki, Almas İldırım ömrünün sonuna kimi Əhməd Cavadı hörmətlə anmış və onun qarşısında daim baş əydiyini qürurla və fəxrlə söyləmişdi.

Həmin dövrdə Almas İldırım Mikayıl Müşfiq və digər dərnək üzvləri ilə birlikdə şeir yarışına girər və əksər hallarda onların hər ikisinin şeiri ən yaxşı şeir kimi müəllimləri Seyid Hüseyn tərəfindən təriflənərdi. Amma onların bu ədəbi dərnəkdə fəaliyyətləri uzun sürmədi. Belə ki, 1920-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı işğal edərək müstəqil Cümhuriyyətimizin varlığına son qoydular. Bu hadisə o dövrdə cəmisi 13 yaşı olan Almas İldırımda ağır mənəvi iz buraxmış və onun gücü hönkür-hönkür ağlamağa çatmışdı.

Onu deyək ki, bolşeviklər Azərbaycanı işğal edəndə Almasın babasının və atasının 300 başa qədər iri buynuzlu mal-qarası vardı. Həm də ticarətlə məşğul olan atası və babası bolşeviklərin gəlişindən sonra əllərində olan bütün mal-mülkü dövlətə təhvil verirlər ki, onları sürgün etməsinlər.

Şeirlərini süngüyə çevirdi

Azərbaycanın işğalından sonra Seyid Hüseyn “Yaşıl qələmlər” dərnəyinin fəaliyyətini dayandırmağa məcbur oldu. Çünki bolşeviklər ilk müstəqil dövlətimizə rəğbət bəsləyən və onun hakimiyyəti dövründə müxtəlif vəzifələrdə işləyən adamları və milli ruha sədaqətini saxlamaqda davam edən bütün vətənpərvər ziyalılarınızı təqib edərək sıxışdırmaqda idilər. Onların bir çoxu bolşeviklər tərəfindən sorğu-sualsız Nargin adasına sürgün edilirdi. Adaya çatar-çatmaz onları güllələyərək dənizə atırdılar. Bolşevik işğalından sonrakı bir il ərzində 50 mindən yuxarı Azərbaycan ziyalısı, hərbçisi və dövlət məmuru Nargin adasına aparılaraq orada güllələnmişdi. Azərbaycanın bolşeviklər tərəfindən işğalı və minlərlə milli, vətənpərvər ziyalılarımıza, düşünən beyinlərimizə amansızcasına divan tutması Almas İldırımın əl-ayağını soyudaraq onun özünə qapılmasına gətirib çıxardı. O, bir müddət əlinə qələm alaraq heç nə yaza bilmədi. Ona belə bir ağır vəziyyətdə yenə də kömək əlini uzadan ustadı Əhməd Cavad və müəllimi Seyid Hüseyn oldu. Əhməd Cavad və Seyid Hüseyn gənc yazarları, o cümlədən Almas İldırmı yeni milli azadlıq mücadiləsinə hazırlamaq və onları ruhu sarsıntı məngənəsindən xilas etmək məqsədi ilə 1922-ci ildə “Yaşıl qələmlər” dərnəyinin fəaliyyətini “Yaşıl yarpaq” adı altında yenidən bərpa etdilər. Bu dərnək Almas İldırımın şair kimi daha da püxtələşməsinə və bolşevizmə qarşı aparılan gizli milli azadlıq mücadiləsində fəal iştirak etməsinə önəmli təsir göstərdi.

O zaman Ə.Cavad yenicə təşkil olunmuş “Ədəbiyyat cəmiyyəti”nin məsul katibi idi. Almas İldırım da ədibin yaradıcılığına böyük rəğbət bəslədiyi üçün bu cəmiyyətə qoşulur. Almas İldırım cəmiyyətin məcmuəsində 6 şeir dərc etdirir. Oxucular müəllifin “Hindli qız”, “Nəriman” və “Qərb?” şeirləriylə ilk dəfə burda tanış olurlar. Az vaxt ərzində Almas İldırımın şeirləri bir çox qəzet-jurnalda çap edilir.

1925-ci ildə Almas İldırım Abdulla Şaiq tərəfindən əsası qoyulan məktəbdə( Pedaqoji ) təhsilini davam etdirməyə başladı. O burada dövrünün tanınmış simaları olan Abdulla Şaiq, Hüseyn Cavid, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə və digərlərindən dərs alır. Belə görkəmli smalarla tanışlığı isə onun ədəbi bədii yaradıcılığında dərin izlər buraxır. Həmin dövrdə Almasın cəmisi 18 yaşı olmasına baxmayaraq, o, yazdığı milli vətənpərvərlik ruhundakı şeirləri ilə insana yaşlı, təcrübəli bir şair təsiri bağışlayırdı.

1926-cı ildə “Ədəbiyyat cəmiyyəti” fəaliyyətini dayandırır. Buna səbəb, cəmiyyətdə yeni quruluşla ayaqlaşa bilməyən (əslində bunu heç arzulamayan) C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov və s. “qocaman” yazıçıların nüfuzunun artması idi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN