Almaniyada hökumət böhranı dərinləşir

0
638

Almaniya sosial-demokratik partiyasının (ASDP) lideri Martin Şults kansler Angela Merkelin başçılıq etdiyi XDİ/XSİ bloku ilə “böyük koalisiya” qurmaq üçün danışıqlara başlamaq barədə razılığa gəlindiyi barədə KİV-lərdə yayılan xəbərləri təkzib edib.

TASS xəbər verir ki, Martin Şults, həmçinin XDİ/XSİ nümayəndələri tərəfindən yayılan belə xəbərləri yolverilməz adlandırıb və bunu telefon danışığı zamanı Merkelə də bildirib.

ASDP lideri, eyni zamanda, XDİ/XSİ partiya alyansı ilə “böyük koalisiya” çərçivəsində əməkdaşlıq üçün ilkin şərtləri səsləndirib. Avropa İttifaqı və Almaniyanın sosial sistemində hərtərəfli islahatlar danışıqların əsas mövzusu olacaq. “Almaniyanın yenilənməsi, bizə vacib olan sahələrdə modernləşmə Avropanın modernizəsi ilə yanaşı getməlidir. Tam dəqiqdir ki, bunsuz ASDP federal hökumətə daxil olmayacaq”, – deyə o bildirib.

“Yamayka” hökumətinin qurulması cəhdlərinin iflası fonunda dünən axşam saatlarında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer “böyük koalisiyanın” potensial üzvləri olan partiya liderləri – Angela Merkel (XDİ), Horst Zeehofer (XSİ) və Martin Şultsla (ASDP) görüş keçirib.

Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Tərəflər gündəliyin əsas məsələləri üzrə razılığa gələ bilməyiblər. Bununla yanaşı, Almaniya sosial-demokrat partiyasının da hazırkı şərtlər daxilində hökumətə daxil olmaqdan imtina etməsi ölkəni siyasi böhran astasına gətirib.

BIR CAVAB BURAXIN