Akif Çovdarov: “15 günə 56 tom oxumaq olar?”

0
614

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədovun, 2-ci idarənin sabiq rəisi Akif Əliyevin və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org məhkəmə iştirak etmiş şəxslərin sözlərinə istinadən xəbər verir ki, ittiham olunanlar məhkəmə zalında müttəhimlər üçün nəzərdə tutulmuş şüşə qəfəsə iclasın başlamasına təxminən 15 dəqiqə qalmış gətiriliblər. Akif Çovdarovun Səlim Məmmədovla yanaşı oturması və iclas başlayan müddətə qədər onunla nələrisə fəal müzakirə etməsi, Səlim Məmmədovun tez-tez zalda əyləşmiş vəkillə məsləhətləşməsi nəzərdən qaçmayıb. Akif Əliyevlə Orxan Osmanov, rəislərindən fərqli olaraq, birinci sırada yanaşı əyləşsələr də, sakit davranmağı üstün tutublar.

İş üzrə 60-dan çox zərərçəkən olsa da, iclasda onlardan cəmi 20-25 nəfər şəxsən, yaxud da nümayəndəsi vasitəsilə iştirak edib.

“30 cildi oxudum, qaldı 26-sı”

Hakim Həbib Həsənovun iclası açıq elan etməsindən sonra söz alan vəkil Kamandar Nəsibov çıxışına vaxtın azlığından gileylənməklə başlayıb. Bildirib ki, işlə tanış olur, lakin ötən iclasdan sonra keçən müddətdə cinayət işinin cəmi 30 cildini oxuyub tamamlayıb, 26-sı isə hələ oxunmayıb. Bundan başqa, K.Nəsibov məhkəmənin cinayət işinin surətlərini də təqdim etmədiyini qeyd edib və əlavə edib ki, məhkəməni də anlayır, bu qədər işi çatdırmaq çətindir.

Vəkil bütün dediklərini nəzərə alaraq, məhkəmədən daha 20 gün vaxt istəyib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, hakim Həbib Həsənov müttəhimlərin bu vəsatətə münasibətini öyrənib. Yerindən qalxan Akif Çovdarov replikasız ötüşməyib: “15 günə 56 tom (cild – virtualaz.org.) oxumaq olar?”

Digər müttəhimlər də vəsatətlə razılıqlarını bildiriblər, təkcə Akif Əliyev hakimdən “ağlabatan müddət”in verilməsini istəyib.

“Oğru elə bağırdı ki…”

Baş Prokurorluğu təmsil edən dövlət ittihamçısı vəsatətlə qismən razı olduğunu və işin qalan hissəsi ilə tanış olmaq üçün 10 günün kifayət edəcəyini bildirib. Hərbi prokurorluğun iclasda iştirak edən nümayəndəsi isə ötən 15 gün ərzində 30 cild oxuyan vəkilin qalan 26 cild üçün 20 gün tələb etməsini düzgün hesab etmədiyini deyib.

Zərərçəkmişlərin vəkillərindən biri İsmayıl Kəngərli vəsatəti qəbuledilməz adlandırıb və bildirib: “Burada elə bir vəziyyət yaranıb ki, adamın yadına bir misal düşür “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Müttəhimlərə və vəkillərinə işlə tanış olmaq üçün kifayət qədər vaxt ayrılıb”.

Digər vəkillər və zərərçəkmişlərin özləri bildirdilər ki, müttəhimləri təcridxanadan məhkəməyə dövlət aparıb-gətirirsə, zərərçəkmişlərin arasında 300 kilometr yolu qət edərək hər dəfə bura gələnlər var. Onsuz da, vaxtilə MTN-dəki cinayətlər törədilən zaman kifayət qədər get-gələ salındıqlarını bildirən zərərçəkmişlər əlavə vaxtın verilməsinə etirazlarını bildiriblər.

Hakimlər heyəti qısa məsləhətləşmə keçirdikdən sonra Həbib Həsənov yekun qərarı açıqlayıb və məhkəmənin oktyabrın 31-nə təxirə salındığını bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN