ABŞ və Türkiyə arasında Suriyanın şimalında gərginlik artır

0
283

Vaşinqtonun kürdləri dəstəkləməsi Ankara ilə gərginlik yaradır, Türkiyə ordusunun Afrin əməliyyatı iki dövləti üz-üzə gətirəcək

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsi ilə həmsərhəd ərazilərə ordu topladığı bir anda məlum olub ki, ABŞ kürdlərə yeni ordu qurur. Vaşinqton bəyan edib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiya Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd mühafizə ordusu qurulacaq. Təbii ki, Vaşinqtonun Suriya müttəfiqi “Suriya Demokratrik Qüvvələri”, yəni əslində kürdlərdir. Yeni ordu da kürdlərlə Türkiyə arasında sərhədləri qoruyacaq.

BBC “Reuters” agentliyinə istinadən 30 minlik ordunun yarısının SDQ-dən təşkil olunacağını və bir qisminin də Suriya-Türkiyə sərhədlərində yerləşdiriləcəyini yazıb. Sərhəd qüvvələrinin birləşmələri ümumilikdə şimalda Türkiyə sərhədində, cənub-şərqdə isə İraq və SDQ qüvvələri ilə Rusiya və Suriya hökumət qüvvələrinin arasında Fərat çayı boyunca yerləşəcək.

Aydın məsələdir ki, yeni sərhəd qüvvələrinin əsas təyinatı müharibədən sonra qurulacaq kürd muxtariyyəti və ya federal üsul-idarəsinin sərhədlərini mühafizə məqsədi güdür. Əsas sərhədlər isə təbii ki, Türkiyə ilədir. Məsələ ondadır ki, Türkiyə və Suriya arasındakı mövcud 910 kilometrdən artıq sərhəd xəttinin yarıdan çoxu hazırda faktiki olaraq kürdlərin, formal adı ilə SDQ-nin nəzarətindədir. Aydındır ki, indi bu bölgədə kürd – SDQ silahlıları ABŞ patrulları ilə keşik çəkir. Ancaq savaş bitdikdən sonra sərhədlərin daha peşəkar sərhəd qüvvələri tərəfindən mühafizəsi və keçidlərin nəzarətə alınması lazımdır. Bunun üçünsə peşəkar sərhəd qüvvələrinə ehtiyac var.

Türkiye Suriyede ile ilgili görsel sonucu

Türkiyə isə bu qərardan narazıdır. Çünki Ankara sərhədlərində kürd dövləti və ya muxtariyyətinin olmasına razı deyil. Üstəlik, hazırda Türkiyə ordusu 2016-cı ildə azad edilən Əziz-Cerablus xəttinin qərbində anklav şəklində qalan Afrin bölgəsini kürdlərdən təmizləməyə hazırlaşır. Türkiyə telekanalları ordu birliklərinin və zirehli texnikaların Afrin bölgəsinə daşındığını göstərib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, yaxın günlərdə Afrinə hərbi əməliyyat başlaya bilər.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə ABŞ hökumətinin Türkiyənin tələbləri ilə terror təşkilatı PYD/YPG ilə əməkdaşlığı dayandırmaq əvəzinə yeni ordu qurmasının “əndişəverici” olduğunu deyib. Kalın deyib ki, bu addımlar YPG kimi terror təşkilatlarını leqallaşdırmağa xidmət edir. O deyib ki, belə bir vəziyyətdə Türkiyə dövləti terror qruplarına qarşı hərbi müdaxilə həyata keçirmək hüququnu özündə saxlayır.

Türkiye Suriyede ile ilgili görsel sonucu

“Reuters”ə açıqlama verən Türkiyə hökumət rəsmisi ABŞ-ın Türkiyədəki səfirliyinin məsləhətgüzarının çərşənbə günü Xarici İşlər Nazirliyinə dəvət edildiyini bildirib.

İŞİD-ə qarşı koalisiyanın mətbuat xidmətindən verilən açıqlamada isə qeyd olunub ki, yeni təşkil olunan orduda xidmət edəcək şəxslərin “evlərinə yaxın bölgədə xidmət etmələri” təmin olunacaq. Bu səbəbdən də şimal sərhədlərində daha çox kürdlər, cənubda Fərat çayı boyunca və İraq sərhədlərində isə ərəb əsilli SDQ üzvləri xidmət edəcəklər. yeni sərhəd qüvvələri peşəkar təlimlər alacaqlar, sərhəd nöqtələrini nəzarətə götürmək, əldəqayırma bombalara qarşı əməliyyatlar həyata keçirə biləcəklər.

ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması Suriyanın şimalında yeni kürd dövlətinin yaradılacağı barədə xəbərlər tez-tez gündəmə gəlməyə başlayıb. Son 3 ildə, xüsusən də ötən il Pentaqon kürdləri müasir silahlarla silahlandırıb. Eyni zamanda hazırda rəsmi olaraq min nəfərdən çox Amerika hərbçisi kürdlərə təlim keçir və eləcə də Türkiyə ilə sərhəddə patrul xidməti həyata keçirir. İndi isə kürdlərin Suriyanın şimalında dövlətinin yaradılacağı xəbərlərinin ardınca sərhəd qoşunlarının yaradılması məsələsi gündəmə gəlib. Yeri gəlmişkən, ötən ilin sonlarında ABŞ hərbçilərinin SDQ-nin polis qüvvələrinin yaradılması ilə bağlı proqram başlatdığı haqda xəbərlər yayıldı. Yəni artıq Suriyanın şimalında məclisi, silahlı gücü (bu əsasdır – K.R.), polis və sərhəd qüvvələri olan faktiki kürd dövləti qurulma mərhələsindədir. Bəzi məlumatlara görə, ABŞ ötən ilin oktyabrında İŞİD-dən geri alınmış Raqqa şəhərini yeni yaradılacaq kürd dövlətinin paytaxtı olaraq görmək istəyir.

Türkiye Suriyede ile ilgili görsel sonucu

Kürdlərin Suriyanın şimalında dövlət və ya muxtariyyət qurması Suriya mərkəzi hökuməti qədər Türkiyəni də narahat edir. Türkiyə dövləti sərhədlərində mərkəzində PKK-nın müttəfiq təşkilatının dayandığı bir dövlətin qurulmasına seyrçi qalmaq istəmir. Çünki kürdlərin quracağı dövlət Türkiyədə separatizmi alovlandıra bilər.

Türkiyənin son günlərdə Afrin sərhədinə ordu toplaması və prezident Ərdoğanın açıqlamaları göstərir ki, Türkiyə Suriya ordusunun İdlibdə əməliyyat keçirdiyi bir vaxtda Afrinin kürdlərdən təmizlənməsi əməliyyatı hazırlanır. Maraqlıdır ki, Afrindəki 200 nəfərə yaxın Rusiya hərbçisi də bir neçə gün əvvəl ərazini tərk edərək mərkəzi hökumətin nəzarətindəki qəsəbəyə yerləşib. Ancaq Türkiyə ordusunun Afrinə hücumu faktiki olaraq yalnız kürdlərlə deyil, həm də ABŞ-la qarşıdurmaya çevrilə bilər. Çünki bölgədə həm də amerikalı hərbçilər var və ötən ilin aprelində vəziyyət gərginləşəndə Türkiyə-Suriya sərhədlərində kürdlərlə Türkiyə ordusu arasındakı zolağa amerikalı patrullar yerləşdirilib. İndi belə çıxır ki, Türkiyə ordusu qəfil hücum edərsə amerikalılarla savaşmalı olacaq. Hələliksə amerikalılar kürdləri tərk etmək istəmir. Əgər amerikalılar inad edib Afrində kürdləri dəstəkləməkdə davam edərlərsə, toqquşmaya onlar da qarışa bilər. Ancaq birbaşa toqquşmaya amerikalı hərbçilərin qarışması az ehtimal olunur. Çünki birincisi, Afrində amerikalı yoxdur. İkincisi də Vaşinqton Türkiyə ilə birbaşa toqquşmaya razı olmaz. Ancaq faktdır ki, yaxınlaşan Afrin əməliyyatı birbaşa olmasa da, dolayısı ilə Vaşinqton və Ankaranın qarşıdurması olacaq.

Kənan RÖVŞƏNOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 4 =