ABŞ-dan ağır zərbə: Dünya nəhəngləri İrandan çıxır

0
581

ABŞ-ın İrana qarşı sanksiya tətbiqi qərarı İranın dünya bazarına neft tədarükünü azaldacaq, böyük dünya korporasiyalarının bu ölkə ilə biznes qurmasına mane olacaq, Tehranı Avropa və Amerikadan sifariş verdiyi təyyarələri almaqdan məhrum edəcək.

Bu iddia ilə “Faynənşl Tayms” qəzeti çıxış edib.

“ABŞ İran neftinin ABŞ-ın fiziki və hüquqi şəxslər tərəfindən alınmasına qadağa qoyub. Faktiki olaraq məhdudiyyətlər Amerika dolları ilə müqavilə imzalayan, Amerika bankları ilə çalışan, ABŞ-da biznesi olan bütün xarici şirkətlərə aid ediləcək. Bunun ən mühüm nümunəsi bir müddət öncə Fransanın BNP Paribas bankına qarşı sanksiya tətbiqidir”, – deyə məqalədə bildirilib.

Qəzet ABŞ sanksiyalarının ilk nəticəsinin İranla ticarətin dondurulması olacağını bildirib. Özünün etibarli mənbəsinə istinad edən məqalə müəllifi artıq Avropa banklarının İranla çalışmaq istəmədiklərini deyib:

“Neft şirkətlərinin çoxu Avropa bankları ilə çalışır. Onlar da indi İranla ticarət əməliyyatları üçün hansısa maliyyənin ayrılmasını arzu etmirlər.

2015-ci ildəki situasiyadan fərqli olaraq, ABŞ artıq İrana birtərəfli sanksiyalar tətbiq edib. Onu Avropa Birliyi, Çin və Rusiya dəstəkləmədi. Ona görə də Tehran üçün bu sanksiyaların nə olacağını söyləmək çətindir”.

ABŞ mətbuatı isə məsələyə fərqli yanaşıb. Mətbuat Avropa ölkələri, xüsusilə Fransanın ABŞ-la dialoq qurmağa çalışacağını və İranla ticarət quran şirkətləri üçün güzəştlər əldə etməyə cəhd edəcəyini bildirib:

“İran neftinin ən böyük alıcılarından biri Çindir. Çin İranın tədarük etdiyi neftin dörddə bir hissəsini alır. Pekin onun alışını azaltmayacaq. Avropada İran neftinin böyük hissəsini isə “Total” və “Şel” şirkətləri əldə edir. ABŞ-dan böyük asılılıqlarını nəzərə alan şirkətlər digər tədarükçülərə keçməli olacaqlar”.

“Vol Strit Jurnal” isə ABŞ-ın sanksiyalarının təkcə neft sənayesi yox, həm də digər sahələrə də təsir edəcəyini bildirib:

“ABŞ-ın böyük kredit təşkilatları və bankları Vaşinqtonun qərarından öncə belə İrana dönməyə tələsmirdilər. Bununla belə, Avropanın bəzi maliyyə təşkilatları İran bazarında bizneslərini genişləndirmək üçün imkanlar axtarırdı. Vaşinqtonun sanksiyaları daha çox “Boinq” və “Eyrbus” şirkətinin maraqlarına toxunacaq. 2015-ci ildə bu şirkətlər təyyarə tədarükü ilə bağlı 40 milyardlıq razılaşma imzalamışdılar. “Eyrbus” indiyə qədər İranın sifariş etdiyi 100 təyyarədən 3-nü Tehrana verə bilib, “Boinq”in isə nəticəsi sıfıra bərabərdir.

İranla həmçinin Avropanın nəhəng avtomobil istehsalçıları olan “Daimler” və “PSA Pejo Sitroen” şirkətləri də müqavilə imzalamışdı. Almaniyanın “Simens” şirkəti İrana lokomotivlərin tədarükü ilə bağlı kontrak götürmüş, Fransanın “Total” şirkəti isə İranın şelf zonasında qaz kəşfiyyatına başlamışdı. Ümumilikdə AB-dən İrana keçən il ixracat üçdə bir dəfə və ya 10,8 milyard avro artmışdı”.Axar.az

BIR CAVAB BURAXIN