ABŞ Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumağı prioritet elan etdi, yardımı artırdı…

0
638
 11

ABŞ Dövlət Departamenti 2017-ci il büdcəsində Azərbaycana yardımların artırılmasını təklif edir.

Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, gələn il Azərbaycana ayrılacaq maliyyə dəstəyinin 2016-cı ilə nisbətən təxminən 3 milyon dollar artırılması nəzərdə tutulur. Belə ki, 2016-cı il büdcəsində ABŞ Azərbaycana yardım üçün 10.08 milyon dollar ayırmışdı, gələn il isə bu vəsait 12.94 milyon dollara yaxındır. Və Dövlət Departamenti elan edir ki, maliyyə dəstəyinin artırılmasının məqsədlərindən biri Azərbaycanın Rusiyanı təzyiqlərinə və təsirinə qarşı müqavimətini gücləndirməkdir. (http://www.state.gov/documents/organization/252734.pdf)

Dövlət Departamentinin Azərbaycan üçün Konqresə göndərilən yardım sorğusuna dair izahedici sənədində deyilir ki, Birləşmiş Ştatlar Bakıya münasibətdə demokratikləşmə və insan haqları, təhlükəsizlik və iqtisadi liberallaşma, ticarətin inkişafı və Avroatlantika strukturları ilə əməkdaşlığın gücləndirilməsi prioritetlərindən ibarət “kompleks yanaşma” tətbiq edir. “Bu yardımlar Azərbaycanın Rusiyanın və digər xarici qüvvələrin təhdidlərinə qarşı əlçatanlığını azaltmağa, habelə mümkün zorakı ekstremizmə qarşı mübarizə imkanlarını gücləndirməyə xidmət edəcək”-Dövlət Departamenti bildirir.

Sənədə əsasən ABŞ-ın Azərbaycana ayıracağı maliyyə yardımları əsasən vətəndaş cəmiyyətinə, QHT-lərə, jurnalistlərin hüquqlarının müdafiəsinə və digər bu kimi məqsədlərə xərclənəcək. Başqa sözlə, ABŞ Dövlət Departamenti Azərbaycan və digər keçmiş sovet respublikalarına qarşı ənənəvi siyasətini davam etdirəcək. “Bu yardımlar idarəçiliyin təkmilləşdirilməsinə, demokratikləşməyə, o cümlədən demokratik institutların və proseslərin inkişafına xidmət edəcək”-sənəddə göstərilir.

Sənəfə əsasən yardımların bir hissəsi insan alverinə qarşı mübarizəyə, sərhəd təhlükəsizliyinə, terrorçuluq və digər transmilli cinayətkarlığa qarşı mübarizəyə, qadın hüquqlarının təminatına, kiçik infrastruktur layihələrinin həyata keçirilməsinə, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin ABŞ-la birgə həyata keçirəcəyi missiyalara, strateji enerji infrastrukturunun mühafizəsinə, iqtisadiyyatın şaxələndirilməsinə dəstək verilməsinə və şəffaflığın artırılmasına xərclənəcək.

“Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə enerji daşıyıcılarından asılıdır, lakin ölkənin uzunmüddətli rifahı və iqtisadi stabilliyi üçün diversifikasiya zəruridir”-Dövlət Departamenti bildirir. Bu səbəbdən ABŞ-n Azərbaycana ayıracağı iqtisadi yardımlar əsasən siyasi və instusional islahatların dəstəklənməsinə, ticarətin liberallaşmasına, Qərb və qlobal bazarlarla əlaqələrin möhkəmləndirilməsinə, qeyri-xammal sektorlarında dayanıqlı inkşafa xidmət edəcək. “ABŞ-ın köməyi Azərbaycanın rus aqessiyası qarşısında əlçatanlığını azaldacaq”-sənəddə vurğulanır.

Sənədə əsasən ABŞ gələn il də Azərbaycanda “qərbyönümlü” QHT-ləri, KİV-ləri, başqa sözlə “beşinci kalonun” elementlərini maliyyələşdirməkdə davam edəcək.

Habelə göstərilir ki, ABŞ Azərbaycanda ticarətin liberallaşmasına yönələn islahatlara dəstək verəcək. Çünki bu islahatlar ABŞ və Avropa ilə daha etibarlı ticarətin qurulmasına, Azərbaycanın regional nəqliyyat və tranzit şəbəkəsi kimi rolunun gücləndirilməsinə xidmət edəcək. “İqtisadiyyatın diversifikasiyası, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, habelə Qərbə açılım Azərbaycanın Rusiyanın təzyiqlərinə və təsirinə qarşı müqavimət imkanlarını gücləndirəcək”-Dövlət Departamenti Azərbaycana dair siyasətinin əsas prioritetini gizlətmədən bunları bildirir.

Sənədə əsasən ABŞ Azərbaycana dəstək proqramında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə edilməsinə dair fəaliyyətin maliyyələşdirilməsini də nəzərdə tutur. Bu, əsasən tolerantlığa və gənclər auditoriyaları arasında dialoqun yaradılmasına, ictimai rəy liderlərinin, tarixçilərin və jurnalistlərin müəyyən edilərək onların mübadilə proqramlarına daxil edilməsinə yönələn fəaliyyətlər olacaq.

Dövlət Departamentinin sənədinə əsasən Rusiyanın təsirinin güclənməsinə, bu ölkədən yönələn təzyiqlərə qarşı müqavimətin artırılmasına yönəlmiş prioritetlər Ermənistan, Moldova, Qırğızıstan, Tacikistan kimi keçmiş sovet respublikaları üçün də keçərlidir.

Belə ki, gələn ilin büdcəsindən Ermənistana 26.4 milyon dollar, Tacikistana 41.6 milyon dollar, Qırğızıstana 51.8 milyon dollar, Moldovaya 59.1 milyon dollar ayrılması nəzərdə tutulur. Belarusa 9 milyon, Qazaxıstana 8.8 milyon dollar yardım nəzərdə tutulub. Ukraynaya isə 295 milyon dollar ayrılacaq.  Bu, ötən ilki yardımdan xeyli azdır. Qonşu Gürcüstana isə yardımlar 20 faiz artırılıb və 90.3 milyon dollar təşkil edib.

Dövlət Departamenti bildirir ki, ABŞ-ın Ermənistana dair siyasətinin prioritetlərini bu ölkənin Türkiyə ilə münasibətlərinin normallaşması, Azərbaycanla möhkəm sülhün əldə olunması təşkil edəcək. Belə ki, sərhədlərin bağlı olması əvvəlki kimi Ermənistanın regional təhdid altında yaşamasına və iqtisadi potensialının məhdudlaşmasına səbəb olur. Ona görə də ABŞ Ermənistan vətəndaş cəmiyyətinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına yönəlmiş səylərinə dəstək verir. “Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması Ermənistanın inkişafını tormozlayır, ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü də ola bilsin ki, buna əlavə neqativ təsir göstərir”-sənəddə deyilir.

Dövlət Departamenti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanması, Türkiyə ilə normallaşma Qafqazın bütün üç ölkəsi, eləcə də Türkiyə üçün iqtisadi mənfəəti təmin edəcək, habelə Ermənistanın Rusiya hərbi qüvvələrindən asılılığını azaldacaq.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN