Abdulla Şaiq “Xoruz” şeirini kimdən oğurlayıb?

0
992

 

 

Əgər desəm ki, lap körpəliyimizdən hər birimizin yaddaşında əvəzsiz yer tutan “Ay pipiyi qan xoruz”, “Ala-bula boz keçi”, “Göyərin, göy çəmənlərim, göyərin…”  kimi uşaq ədəbiyyatı şedevrləri, “Əlifba” kitabımızı xatırlayanda gözümüzün önündə canlanan “Siçan Məstandan, Məstan Toplandan, Toplan nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan tutdu, dartdılar, dartdılar…” tablosu rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinskinin 1864-cü ildə nəşr etdirdiyi “Rodnoye slovo” kitabından gəlir  – məni sensasiya yaratmaq həvəsinə düşməkdə qınamağa tələsməyin.  XIX əsrin sonlarına doğru Azərbaycan ictimai məfkurəsində, eləcə də bədii düşüncəsində və ədəbi dilində gedən proseslərdə “Rodnoye slovo” – “Ana dili” kitabının ayrıca rolu olmuşdur.

 

XIX əsrin əvvəllərində Rusiya imperiyası Qafqazı və Şimali Azərbaycanı işğal etdikdən sonra ictimai-siyasi münasibətlərdə gedən dərin dəyişmələr, Azərbaycanın yeni mədəni müstəviyə keçidi bədii sözü də dəyişmək, zəmanə ilə ünsiyyət tapmaq zərurəti ilə üz-üzə gətirmişdi. Bu mürəkkəb tarixi prosesdə ənənə ilə yeni reallıqlar arasında tərəddüd edən bədii sözün tərcümeyi-halı, ədəbiyyatın tarixi gerçəkliyə reaksiyası, zamanla dialoqu, başqa sözlə desək, bədii sözün özündə gedən proseslər ədəbiyyat tariximizin öyrənilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Azərbaycanda yeni sözün hərəkətə gətirilməsi üçün təkana ehtiyac var idi. İlk təkan əsrin ortalarında dramaturgiyada və nəsrdə baş versə də, ayaqları tarixin dərinliklərinə işləyən şeir yerində möhkəm dayanmışdı və mənə elə gəlir ki, XIX əsrdə Azərbaycan poeziyasını hərəkətə gətirən başlanğıclardan biri K.D.Uşinskinin “Rodnoye slovo” kitabı oldu.

 

“Rodnoye slovo”nun yaranması ilə həm rus dilinin və ədəbiyyatının tədrisində, həm də ümumiyyətlə, rus təhsil sistemində böyük inqilabi dəyişiklik baş vermişdi. İlk dəfə 1864-cü ildə nəşr edilmiş bu kitab Rusiya imperiyasının bütün məktəblərində (o cümlədən Qafqazda və Azərbaycanda fəaliyyət göstərən rus məktəblərində) uşaqların ilk kitabı idi. Uşaqlar əlifbanı, yazıb-oxumağı bu kitabdan öyrənir, həyatlarında ilk bədii mətnlər – şeirlər, hekayələr, laylalar, dualar, nəğmələr, tapmacalar, atalar sözləri ilə bu kitabdan tanış olurdular. “Rodnoye slovo” sadəcə oxu kitabı deyildi, uşaqların müxtəlif sahələr üzrə təliminin və tərbiyəsinin bünövrəsini təşkil edən maarifləndirmə qaynağı idi.

 

“Rodnoye slovo”nun maraqlı elementlərindən biri də bu kitabla necə işləmək barədə müəllimlər üçün metodiki təlimatdır. K.D.Uşinski təlimatın adresatı kimi yalnız məktəbi deyil, həm də ailəni nəzərdə tutduğunu yazır və uşaqların 10 yaşadək təlim və tərbiyəsinin məktəbdən çox evlə, ailə ilə bağlı olduğunu qeyd edir. Müəllif uşaqların ilkin təlimində ana faktoruna xüsusi əhəmiyyət verir: “…bütün qəlbimlə arzu edərdim ki, …rus qadınlarında öz uşaqlarının ilkin tərbiyəsi və təlimi ilə özlərinin məşğul olmaları meyli və bacarığı yaransın”.

 

Mətnləri danışıq dilində, ana ilə balanın dialoqu üzərində qurulmuş “Rodnoye slovo” sözün həqiqi mənasında rus dilinin ana kitabıdır. Bu kitabın yazıldığı zaman – XIX əsrin ikinci yarısında milli müəyyənlik sərhədləri məlum olan Azərbaycan dilinin də öz ana kitabına çox böyük ehtiyacı vardı. Dilimizin doğma kitabının yaranması, onun əsasında öyrədilməsi artıq tarixin yetişdirdiyi məsələ idi. 1870-ci illərdən milli özünüdərk prosesinin dərinləşməsi bu zərurəti daha da aktuallaşdırırdı.

 

Azərbaycanın “Vətən dili”  dili “Rodnoye slovo”dan 18 il sonra – 1882-ci ildə dünyaya gəldi. Azərbaycanda doğulub böyümüş, bu dili bilən, Qori Müəllimlər seminariyasının müsəlman şöbəsinin inspektoru İvan Osipoviç Çernyayevskinin rus məktəblərində təhsil alan kiçikyaşlı uşaqlar üçün yazdığı “Vətən dili” Azərbaycan dilinin ana kitabına çevrildi. “Bizim əqidəmizə görə, Uşinskinin “Rodnoye slovo” (“Ana dili”) dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin “Vətən dili” dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir”, – deyən Firidun bəy Köçərli tam haqlı idi.

 

“Rodnoye slovo”nun “Vətən dili” ilə müqayisəsi məsələnin göz önündə olan tərəfidir: həm məktəb və tədris tarixinin, həm də ədəbiyyatımızın keyfiyyət dəyişmələrinin, ədəbi dilimizin tarixinin araşdırılması baxımından belə bir müqayisəyə ciddi ehtiyac var.

 

Bu yazıda məqsədimiz məsələnin göz önündə olmayan tərəfinin – klassik divan ədəbiyyatı üslubunun varisi olan Azərbaycan ədəbiyyatında yeni düşüncə tərzinin və fərqli üslubun formalaşmasında “Rodnoye slovo”nun oynamış olduğu rolun araşdırılmasıdır…

 

XX əsrin əvvəllərində uşaqlar üçün daha duru və şəffaf ana dilində yazan Abdulla Şaiqin uşaq şeirlərinin dili Azərbaycan ədəbiyyatında yeni şeir üslubunun təşəkkülündə müstəsna rol oynamışdır. Onun kiçikyaşlı uşaqlar üçün yazdığı mətnlərin dilində hər hansı yad “qarışıq” nəzərə çarpmır. Uşaq psixologiyasına uyğun məzmunu, məzmunun əyninə biçilmiş forması ilə bu əsərlər, F.Köçərlinin təbirincə, “sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilindədir”.

 

Lakin müşahidələr və müqayisələr A.Şaiqin uşaqlar üçün yazdığı mətnlərin müəyyən hissəsinin “Rodnoye slovo” təcrübəsindən gəldiyini, onunla yaxından səsləşdiyini, bəzən də üst-üstə düşdüyünü göstərir. Məsələn, ana dilində tərbiyə alan hər bir azərbaycanlının dilinin açıldığı vaxtdan əzbər bildiyi “Xoruz” şeiri:

 

Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,

Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa

Ay canım məstan xoruz!

 

Mətnin məzmunu, məzmuna uyğun ritm və intonasiyası, sözlərin bir-birini əvəzləməsi körpə uşaqların ilkin nitq vərdişləri ilə uyğunluq təşkil edir, bu vərdişlərin təkmilləşməsinə, cilalanmasına kömək edir. Əruzun oynaq müsərih bəhri uşaqların dilinə yatan “ritm oyunu” yaradır. Uşaq şeirin məzmunu ilə yanaşı, ritmi ilə də “oynayır”. Mətndə hər hansı yad söz, mətnə kənardan gələn və mətnə uyuşmayan, mətnin təbiiliyinə müdaxilə edən motiv tapmaq mümkün deyil. Məsələnin ən maraqlı tərəfi də budur ki, şeir “Rodnoye slovo” dərsliyində rus xalq nəğməsi kimi verilmiş “Petuşok” şeirinin əsasında yazılmışdır:

 

Петушок, петушок,

Золотой гребешок,

Маслина головушка,

Шёлкова бородушка.

Что ты рано встаёшь,

Что ты громко поёшь,

Ване спать не даёшь?

 

Abdulla Şaiqin pedaqoq və şair kimi ustalığı bunda idi ki, Uşinskinin rus folklorundan götürüb uşaqlar üçün işlədiyi mətni Azərbaycan folklorunun, Azərbaycan xalq düşüncəsinin dilinə çevirməyi, bununla da Azərbaycan dilinin sözünü yaratmağı bacarmışdır. Bu mətni XIX əsrdə Azərbaycan ədəbiyyatında uşaqlar üçün yazılmış mənzumələrlə, məsələn, Seyid Əzim Şirvaninin “Rəbiül-ətfal” dərsliyindəki nəzm əsərləri ilə müqayisə etdikdə ədəbiyyatımızda ciddi bir hadisə baş verdiyini görürük.

 

XIX əsrin ortalarından Avropa ədəbiyyatından dram və nəsri təbii şəkildə mənimsəyərək “milliləşdirən” Azərbaycan ədəbiyyatı, şeirdə də, Mirzə Fətəli Axundzadənin sərt şəkildə ifadə etdiyi kimi, artıq “Gülüstan”-“Bustan” zamanını arxada qoymuşdu. Bədii düşüncə “Gülüstan”-“Bustan” ənənəsindən doymuşdu və bu mənbələri özündən kənara itələyirdi: “Əkinçi” qəzetinin başladığı şeir davasının əsas predmetini də elə bu təşkil edirdi. Bunu klassik ədəbiyyatın “məliküşşüərası” (H.Zərdabi) Seyid Əzim Şirvani də dərk etmişdi. Lakin o, problemi mətnin mənasının başa düşülməsi ilə bağlayır, məsələnin klassik mənbələrin Azərbaycan dilinə aydın dillə tərcüməsi ilə həll olunacağına inanırdı. Məsələnin kökü isə daha dərində idi, ictimai proseslərin məntiqi fərqli addım atılmasını, “Gülüstan”ın, “Bustan”ın düşüncə tərzindən imtina edib, yeni bir poetik sistemin yaradılmasını tələb edirdi. Bu baxımdan, “Rodnoye slovo” mətnləri ilə təmas Azərbaycan bədii düşüncəsinin qarşısında yeni üfüq açmışdı. “Rodnoye slovo” əsasında yeni dərsliyin – “Vətən dili”nin yaradılması, “Rodnoye slovo”dakı mətnlərin böyük əksəriyyətinin azərbaycancaya tərcümə edilməsi Azərbaycan dili üçün yeni bir səviyyə müəyyənləşdirmişdi. Bununla belə, “yeni şeir necə olmalıdır?” sualı uzun müddət açıq qaldı. İlk baxışda belə təsəvvür yarana bilər ki, farsdilli divan ədəbiyyatının poetik sisteminin rus ədəbiyyatının poetik sistemi ilə əvəz edilməsi ilə məsələ asanca həll oluna bilərdi. Əslində, bu yerdəyişmə prosesi on illərlə davam edən köklü və genişmiqyaslı hadisə idi.

 

1905-ci ildə “Həyat” qəzetində Abbas Səhhətin “Təzə şeir necə olmalıdır?” adlı maraqlı bir yazısı dərc olunmuşdur. A.Səhhət rus, Avropa və Şərq ədəbiyyatına yaxından bələd idi. Rus və Avropa ədəbiyyatlarının ayrı-ayrı nümunələrini Azərbaycan dilinə tərcümə edərək ədəbiyyat tariximiz üçün böyük xidmət göstərmişdi. O vaxt Osmanlıda, türk ədəbiyyatında dərinləşən yeniləşməni – “ədəbiyyati-cədidə” hərəkatını yaxından izləyirdi.  Azərbaycan ədəbiyyatı qarşısında “Təzə şeir necə olmalıdır?” sualını qoyan A.Səhhət ənənəvi poeziyanı kəskin tənqid edir, bunun “oxuyan kəslərə süstlük və nifrət gətirdiyini”, “heç bir halda insanlara mərifət və ibrət dərsi vermədiyini” vurğulayırdı: “Şüərayi-sabiqəmizin əşar və əbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur”.

 

İstər Abbas Səhhətin və Abdulla Şaiqin təmsil etdikləri romantizm cərəyanı, istərsə də gerçəkliyə “qəm pəncərəsindən” (Cəlil Məmmədquluzadə)  baxan realistlər qəbul etmədikləri klassik üslubun əvəzinə ədəbiyyata yeni üslub(lar) gətirirdilər və bu prosesdə uşaq ədəbiyyatı nümunələri realizm-romantizm sərhədlərinin arasında ortaq bir mövqe tuturdu. Bu ortaq başlanğıcın mənbəyində isə “Rodnoye slovo”nun olduğunu görürük. Burada məsələyə sadəcə mətnlərin tərcüməsi baxımından deyil, daha dərindən, Azərbaycan ədəbiyyatında bədii üslubun yerdəyişməsi mövqeyindən baxmaq lazım gəlir.

 

Abdulla Şaiqin təqdim etdiyi mətn hər kəsə anlaşıqlı olan, rus və Azərbaycan dilləri üçün eyni arxetipi canlandıran folklor faktını bir dildən başqa dilə köçürür, mifik yaddaşlarda oxşar keyfiyyətlərin daşıyıcısı olan obraz başqa dildə yenidən yaradılır. Burada obrazın dildən-dilə keçidinin tərzi Azərbaycan dilinin təbii iqlimində baş verir, yaradılan obrazı və onu ifadə edən üslubu dil öz doğma faktı kimi qəbul edir. Eyni motiv və süjetlər əsasında müxtəlif xalqlar öz nağıllarını yaratdıqları kimi, burada da Azərbaycan dili üçün fərqli,  fərqli olduğu qədər də doğma bir mətn yaradıldığını görürük. A.Şaiq “Rodnoye slovo”nun mətnini sadəcə rus dilindən Azərbaycan dilinə tərcümə etməyib, Azərbaycan dilinin öz nəğməsini yaratmağa müvəffəq olub.

 

Abbas Səhhətin “Rodnoye slovo”dan götürüb azərbaycanca qarşılığını yaratdığı, uzun müddət orta məktəb kitablarında orijinal mətn kimi göstərilmiş “Bağça” şeiri (bu şeir şairin 2005-ci ildə nəşr edilmiş “Seçilmiş əsərləri”ndə “Müəllifləri məlum olmayan tərcümələr” bölməsində verilmişdir”) haqqında da eyni mühakiməni yürütmək mümkündür:

 

Göyərin, göy çəmənlərim, göyərin,

Sünbülüm, yasəmənlərim, göyərin.

Açılın, iyli güllərim, açılın,

Allı-əlvanlı güllərim, açılın.

Yetişin, meyvəciklərim, yetişin,

Saralın, heyvacıqlarım, yetişin.

Mənə bir sevgili qonaq gələcək,

Gələcək, bilmirəm haçan gələcək.

Gələcəkdir babam mənim yanıma,

Baxacaq allı-güllü bostanıma.

Gəzəcəkdir qədəm-qədəm bağımı,

Görəcəkdir üzümlü çardağımı.

Dərəcək dadlı meyvələr, yeyəcək,

Mənə min dəfə mərhaba deyəcək:

– Maşallah, nə yaxşı qabilsən,

Bağcavanlıqda xeyli kamilsən.

Darayıb, su verib calaqlamısan,

Şaxtadan qışda yaxşı saxlamısan.

 

Bu şeir “Rodnoye slovo”nun ikinci hissəsində verilmiş rus xalq mahnısının əsasında yazılmışdır:

 

Зеленейся, зеленейся,

Мой зелёный сад;

Расцветайте, расцветайте,

Мои алые цветочки!

Поспевайте, поспевайте,

Вкусны ягоды, скорей!

Ко мне будут, ко мне будут,

Ко мне гости дорогие.

Сударь батюшка родимый

Будет по саду ходити,

Спелы ягодки щипати,

Меня младу похваляти,

Что горазда сад садити,

Что горазда поливати,

От морозу укрывати.

 

Qeyd edək ki, “Bağça” “Xoruz”dan iki il sonra – 1908-ci ildə yazılmışdır və burada Abdulla Şaiqin təcrübəsi davam etdirilmişdir. Abbas Səhhətin yaratdığı mətnin məzmunu, mətndə poeziya yaradan amillər rus dilindən yox, Azərbaycan dilindən gəlir. Rus mətnindəki “əqodi” meyvələrlə, heyvalarla əvəzlənmiş, mətnə Azərbaycan məişətini əyaniləşdirən “üzümlü çardaq”, “allı-güllü bostan” əlavə edilmişdir. Burada uşağın çalışqanlığı və yaratdığı bağçanın ab-havası, bağçadakı güllərin, ağacların gözəlliyinə heyranlıq, gözəlliyi bölüşmək duyğusu, babaya sevgi, babanın dediyi sözə hörmət kimi anlayışlar dilimizə kənardan “calaq edilmir”, dilimizin özünün daşıdığı doğma keyfiyyətlərin mənəvi havasından yaranır. Burada şeirin mövzusu və məzmunu təzə olduğu qədər dili də təzə və təravətlidir.

 

Abbas Səhhətin başqa bir şeiri – “Güllərin bəhsi” də “Rodnoye slovo”nun ikinci hissəsindəki “Pesenki üvetov” şeirinin əsasında yazılmışdır. Şeir üç gülün – qızılgülün, ağ zanbağın və şəbbu gülünün monoloqudur: hər gül özünə aid keyfiyyətləri sadalayır. “Rodnoye slovo”da bu şeir “Bostan və bağ” bölməsində uşaqlarda bitkilər haqqında ilkin təsəvvürlər yaratmaq üçün verilmişdir. Abbas Səhhət şeiri nəğmə kimi deyil, əruz vəzninin səri bəhrində, bəhs, özünütərif ahəngində təqdim etmişdir (Şeirin azərbaycanca adı “Meyvələrin bəhsi”ni yada salır). Bu mətn Azərbaycan ədəbiyyatında yüz illərdən bəri mövcud olan “gül, bülbül tərifi” (H.Zərdabi) deyil, yeni adresat – uşaq auditoriyası ilə yeni formalı dialoqdur. Bu cür şeirlər XX əsrin əvvəllərində yeniləşmə dövrünü yaşayan Azərbaycan ədəbiyyatına müxtəliflik və zənginlik gətirirdi.

 

Bu müxtəliflik yalnız rus dilindəki mətnlərin Azərbycan dilində qarşılığının yaradılması ilə özünü göstərmirdi. Bədii sözün əhatə dairəsinin, funksional imkanlarının müəyyənləşməsinə təsir edirdi. Uşaq şeirinin təsir dairəsi öyüd-nəsihət verməklə məhdudlaşmır, uşaqlar üçün ətrafdakı dünyanıın min bir rəngini əks etdirir, onlara təbiəti öyrədirdi. Abdulla Şaiqin xeyli sonra – 1928-ci ildə qələmə aldığı “Qərənfil”, “Bənövşə”, “Zanbaq” şeirlər silsiləsində mətnin məzmunu, leksik tərkibi fərqli olsa da, təqdimat tərzi, üslubu “Rodnoye slovo”nun təcrübəsinə əsaslanır. A.Şaiqin 1928-ci ildə yazdığı “At” şeirinin “Rodnoye slovo”da birbaşa qarşılığı olmasa da, şeir texnikası baxımından “Borzıy konğ” ilə “At” yaxından səsləşir. Şeirlərin quruluşunda, mətndəki söz oyununda, dördnala çapan at ayaqlarının səsini yada salan səs düzümündə oxşarlıq var və bütün bunlar Azərbaycan ədəbiyyatında “Rodnoye slovo” təcrübəsinin gəldi-gedər olmadığının göstəricisidir.

 

“Rodnoye slovo” mətnlərinin təkcə dəqiq qarşılığı deyil, bir sıra hallarda mövzusu, motiv və süjetləri Azərbaycan dilində əks-səda doğurur, Azərbaycan dilində doğma səslənən  mətnlərin yaranmasına səbəb olurdu. Bunun ən bariz nümunəsi “Priqlaşenie v şkolu” şeirinin azərbaycanca qarşılıqlarının yaradılmasıdır. İlk dəfə “Vətən dili” dərsliyi üçün Həsənəli ağa xan Qaradaği tərəfindən dilimizə çevrilən bu mətnin əsasında sonradan Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev və Abbas Səhhət də uşaqları məktəbə səsləyən şeirlər yazmışlar.

 

“Rodnoye slovo”da keçi haqqında “Kozlik” adlı bir rus nəğməsi verilmişdir. Nəğmənin məzmunu budur ki, nənənin bir boz keçisi varmış, nənə keçini çox sevirmiş. Keçini meşəyə gəzməyə buraxır. Boz qurdlar keçini yeyir, nənəyə keçinin iki buynuzu qalır.

 

Bu süjetdən istifadə edən Abdulla Şaiq Azərbaycan dilinin öz “Keçi” nəğməsini yaratmışdır. A.Şaiqin şeiri rus nəğməsindən fərqli olaraq uşaqla boz keçinin dialoqu kimi verilir. Rus nağılında nənənin keçisini qurd yediyi halda, A.Şaiqin şeirində keçiyə xəbərdarlıq edilir ki, qurdun onu yeməməsi üçün yalqız gəzib-dolanmasın:

 

Ala-bula, boz keçi,

Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma,

Dağa-daşa dırmanma.

Bir qurd çıxsa qarşına

Sən nə edərsən ona?

Çoban açınca gözün

Qalar iki buynuzun.

 

Diqqəti ona da cəlb etmək yerinə düşər ki, A.Şaiqin “Keçi” şeiri Azərbaycan dilində nadir təsadüf olunan mətnlərdəndir ki, sırf türk mənşəli sözlərlə yazılıb. “Xoruz” və “Bağça” şeirlərində olduğu kimi, bu mətndə də qafiyələr “müqəyyəd” sayıla bilməz. Bununla belə, mətnin Azərbaycan uşaq folklorunda geniş yayılmış düzgülərə yaxın olan ritm və intonasiyası qafiyə “boşluğunu” aradan qaldırır, uşaqlar tərəfindən asan əzbərlənməklə yanaşı, yadda qalır, uşaqların təsəvvüründə əyani keçi obrazını yaradır…

 

“Rodnoye slovo”nun ikinci hissəsində “Detskie oçki” sərlövhəli belə bir mətn var: “Qovorit malğçik otüu: kupi mne, tətə, oçki: ə xoçu po-tvoemu kniqi çitatğ”. – Xoroşo, otveçal oteü: ə kuplö tebe oçki, tolğko detskie, – i kupil malğçiku azbuku”.

 

Mətnin tərcüməsi “Vətən dili”ndə “Uşaq və gözlük” adı ilə bu şəkildə verilmişdir: “Bir uşaq gördü ki, atası kitab oxuyanda gözlük taxır, dedi: “Dədə, mənimçün də bir gözlük al, mən də sənin kimi kitab oxumaq istəyirəm”. Atası ona cavab verdi: “Çox yaxşı, mən sənə bir uşaq gözlüyü alaram”. Gedib oğluyçün bir əlifba kitabçası aldı”…

 

“Göz/gözlük-təhsil” metaforası tədricən Azərbaycan ədəbiyyatının və dilinin doğma övladına çevrilir. Əlifba, kitab, məktəb  kimi anlayışlara uşaqların gözünü açan, onlara dünyanı göstərən sehrli bir qüvvə kimi baxılır. Rəşid bəy Əfəndiyev 1898-ci ildə nəşr etdirdiyi uşaq kitabını “Bəsirətül-ətfal” – “Uşaqların gözü” adlandırmış, “Çeşmək” hekayəsini “Rodnoye slovo”dan iqtibas etmişdi. Abdulla Şaiqin kiçik yaşlı uşaqlar üçün tərtib etdiyi “Uşaq çeşməyi” (1907)  və “Uşaq gözlüyü” (1910) kitablarının adları da bu ibrətli hekayədən gəlirdi.

 

* * *

 

1883-cü ildən sonra rus məktəbində oxuyan azərbaycanlı uşaqlar “Rodnoye slovo” və “Vətən dili” kitablarından paralel olaraq dərs öyrənirdilər. Ona görə də rus məktəblərində təhsil almış və sonradan Azərbaycan ədəbiyyatının böyük əsərlərini yaratmış yazıçıların yaradıcılığının, bədii baxışlarının, xüsusilə də dilinin formalaşmasında bu kitabların hər ikisinin rolu danılmazdır. XIX əsrin sonlarına doğru rus məktəblərində təhsil almış ziyalılarımızın bədii dilinin rüşeymlərində “Rodnoye slovo” və “Vətən dili” mayasının tədqiq edilməsi, mənə elə gəlir ki, son dərəcə maraqlı bir elmi araşdırma mövzusu ola bilər. “Vətən dili”nin hələ oturuşmamış, əksər hallarda rus dilinin sintaktik konstruksiyalarından kənara çıxa bilməyən üslubu o vaxt yeni yazan yazıçılarımızın dilində də özünü göstərir. Ən başlıcası isə bu kitablardakı etik-əxlaqi və estetik dəyərlər yeni nəslin yaddaşına hopur, sonradan onların yaradıcılığında obrazlara, motivlərə çevrilirdi. Məsələn, mən Cəlil Məmmədquluzadənin yaşının yetkin çağında yazdığı “Anamın kitabı” dramında ananın kitabının prototipinin “Vətən dili” olmasını istisna etmirəm…

 

Dilimizin, bədii sözümüzün “Rodnoye slovo” ilə təması sonrakı dövrlərə də təsirsiz qalmamışdır və diqqətlə baxsaq, həmin təsiri bu gün də görə bilərik… Məti Osmanoğlu\“Ədəbiyyat qəzeti”

BIR CAVAB BURAXIN