0
626

Onun dövründə kənd təsərrüfatına ayrılan milyonlar aidiyyəti üzrə xərclənməyib

Prezident seçkilərindən sonra formalaşan yeni hökumətin tərkibində yer almayan nazirlərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədov oldu. Əsədovun 5 illik nazirliyi dönəmində  dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif  bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti də daxil idi.

Bütün bunlarla bağlı hələ nazirin dövründə mətbuatda kənd təsərrüfatı sahəsində ciddi nöqsanların olması barədə çoxsaylı yazılar dərc olunurdu. Heydər Əsədov nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə məlum oldu ki, yazılanlar, sadəcə olaraq, aysberqin görünən tərəfi imiş.

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bölgələrə mediatur təşkil etmişdi. Həmin turda müşahidə etdik ki, sahibkarların çoxu sabiq nazirin fəaliyyətindən, onlara olan münasibətindən narazı olublar. Sahibkarlar yeni nazirin fəaliyyətindən razılıqlarını bildirib, Heydər Əsədovun onların başına gətirdiyi problemlərdən danışdılar. Məsələn, öz əziyyəti ilə arıçılıq təsərrüfatı yaradan, hazırda həm də Arıçılar Assosiasiyasının prezidenti olan Bədrəddin Həsrətov  söylədi ki, ona çox böyük çətinliklər yaradıblar. Hazırda təsərrüfat qurduğu sahədə vaxtilə çoban kimi çalışdığını söyləyən Bədrəddin Həsrətov bütün təsərrüfatının biznes-planını elə çoban olan zaman, çomağına söykənərək qurduğunu bildirdi. Lakin Həsrətovun sözlərinə görə, onun əziyyətlə qurduğu təsərrüfata Əsədovun dönəmində böyük əngəllər tərədilib.

Bədrəddin Həsrətov ile ilgili görsel sonucu

Həsrətov modern.az saytına bu barədə aşağıdakıları bildirib: “Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri olmuş Çingiz Fərəcovun dövründən sərgilər başqa istiqamətlərə yönəlməyə başladı. Hətta sərgilərin birində polislər məni bayıra çıxardılar. Çünki insanlara zir-zibil almağa imkan vermirdim. Bal yarmarkasında çox böyük maxinasiyalar gedirdi. Bu il qismən qarşısı alınsa da, yenə də tam nail ola bilmədik”.

B.Həsrətov bu məsələlərlə bağlı eks-nazir Heydər Əsədovun qəbulunda olduğunu vurğulayıb:

“Bu problemlərlə bağlı məni qəbul edirdi, fikirlərimi dinləyirdi, deyirdi ”oldu, yaxşı”. Amma mən qapıdan çıxandan sonra komandasına “assosiasiyalara imkan verməyin” göstərişini verirdi. Hər yerdən yollarımızı kəsirdilər, qısqanclıq vardı. Subsidiya məsələsi niyə bu günədək gecikir? Biz təklif verdik ki, arı ailələrinin sayılma prosesində assosiasiya nümayəndəsi də iştirak etsin. Amma nazirlik buna razı olmadı, çünki biz olan yerdə maxinasiya edə bilmirdilər. Bugünədək mübarizədə olmuşuq. Amma inanıram ki, yeni nazir İnam müəllim bizə dəstək olacaq”.

Oxşar fikirləri mediatur zamanı digər sahələr üzrə sahibkarlar da dilə gətirib, Əsədovun nazirlik fəaliyyətindən narazılıqlarını bildirdilər.

Ä°lgili resim

“Yeni Müsavat”a daxil olan məlumata görə, texnikaların alınması üçün Əsədovun dövründə ayrılan vəsait də aidiyyəti üzrə xərclənməyib. Nəticədə bu gün sahələrdə kombayn və digər texnikalar çatışmır, fermerlər əziyyət çəkirlər.

Məsələ ilə bağlı ötən günlərdə virtualaz.org saytında da məlumat dərc olunmuşdu. Belə ki, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin şöbə rəisi İsrafil İsmayılov demişdi ki, bu il hava şəraiti ilə əlaqədar çovdar yığımı adi vaxtlarda olduğundan tez başladı: “Fermerlər çovdarı buğda ilə birlikdə yığmağa başladılar. Və gözlənilməz hadisələrlə əlaqədar kəndlərdə kombaynların çatışmazlığı hiss olunur. Azərbaycana bu il 260 kombayn gətirilməli idi, ancaq bu günə cəmi 110-u idxal edilib. Buna görə biz daha 150 kombaynın çatdırılmasını gözləyirik” – deyə İ.İsmayılov bildirib.

Tez-tez adı maxinasiyalarda hallanan Heydər Əsədovun isə hazırda harada olduğu bilinmir. Məlumatlara görə, Əsədov vəzifəsini itirdikdən sonra ciddi depressiya yaşayır. Buna görə də mətbuata heç bir açıqlama vermək istəmir.

Hafiz Hacıyev “ ile ilgili görsel sonucu

Əsədovun nazirlik dönəmində onu ən çox tənqid edənlərdən biri olan MMP sədri Hafiz Hacıyev “Yeni Müsavat”a bildirib ki, sabiq nazirin harada olduğundan məlumatlıdır:“Əsədov kənd təsərrüfatını iflic edib, milyardlar qazanan adamdır. Bu gün də xaricdə oturub, kef edir. Nə üçün kombayn çatışmır? Nə üçün fermerlərin taxılları yerdə qalıb? Bunlar hərə görünənlərdir. Əslində isə kənd təsərrüfatında çatışmazlıqlar xeylidir. Ancaq çox təəssüf ki, onları müdafiə edən qüvvələr hələ də var və imkan vermirlər ki, bu kimi adamların oğurladıqları milyardlar dövlətə geri qaytarılsın. Hazırda Əsədov xaricdəki villasındadır. Orada oturub, Azərbaycanın əleyhinə xoşagəlməz qruplar formalaşdırır. Bu kimi tənqidi fikirlərimi söyləyən zaman deyirlər ki, Əsədov Hafiz Hacıyevə vəzifə vermədiyi üçün belə danışır. Mənə vəzifə lazım deyil. Hamı kimi yaşamağa öyrəşmiş adamam.

Düşünmürlər ki, onların atdıqları hər doğru olmayan addım Azərbaycan dövlətinə, birinci şəxsinə vurulan zərbədir. Bu adamları ancaq pul düşündürür. Heydər Əsədov həbs edilməlidir. O, nazir olduğu zaman arıçıların da balına şərik idi. Yarmarkada satılan ballardan haqq alırdı. Bu cür məsələləri açdığım zaman mənə çox təzyiqlər edirdilər. Artıq kənd təsərrüfatına ayrılan milyardlarla vəsaitin hamısı batıb-gedib. Nə texnika var, nə də digər avadanlıqlar. Ona görə də Əsədov bütün bunlardan canını qurtarmaq üçün xaricə qaçıb. Vaxtilə maliyyələşdirdiyi insanlarla planlar cızır, telekanal açırlar. Düşünürlər ki, nə zamansa kimsə hakimiyyətə gələr, onda geri dönərlər”.

Əli RAİS,
“Yeni Müsavat”

BIR CAVAB BURAXIN