“Telekanallardakı  ucuz şoular zövqləri korlayır, intellektual kəsimi ekranlardan uzaq salır”

0
883

O, Azərbaycan üçün ağır günlərdə jurnalistikaya gəlib və qısa müddətdə Azərbaycan efirinin tanınmış telejurnalistlərindən birinə çevrilib. Obyektiviyi, hadisələri operativ şəkildə tamaşaçılara çatdırması və bu zaman milli maraqlarımızı ən yüksək səviyyədə önə çıxarması, vətənpərvərliyi ilə insanların sevimlisinə çevrilib. O, bununla bərabər zahirən də olduqca sakit, təmkinli, sadə bir azərbaycanlı xanımıdır və türk qadınlarına xas olan özünəməxsus, bənzərsiz bir daxili və xarici gözəlliyə malikdir. Söhbət Azərbaycan teleefirinin tanınmış jurnalistlərindən biri olan teleaparıcı Azadə xanım Balayevadan gedir. Bü günkü müsahibimiz də Azərbaycan teleməkanında özünəməxsus bir iz buraxan, özündən sonra gələn telejurnalistlər  üçün obrazlı şəkildə desək bir məktəb olan Azadə xanım Balayevadır.

Atası onu həkim görmək istəyirdi

– Azadə xanım, Azərbaycan teleməkanında kifayət qədər tanınan, insanların sevimlisi olan bir telejurnalistsiniz. Bu baxımdan maraqlıdır, jurnalistikaya necə gəldiniz?

– Sözün düzü jurnalist olacağımı 9-cu sinifə kimi təsəvvür edə bilmir, ağlıma belə gətirmirdim. Atam məni həkim görmək istəyirdi və bu onun ən böyük arzusu idi. 9-cu sinifdə oxuyanda məndə jurnalist olmaq arzuzu yarandı. O vaxta kimi çox mütaliə etmişdim və jurnalistika məndə ecazkar bir peşə təsiri bağışlayırdı, necə deyərlər bu sənətin sehrinə düşmüşdüm. Ona görə də atama həkim olmaq istəmədiyimi açıq şəkildə bildirdim. Amma atam da həkim olmağımı istədiyini dönə-dönə vurğulayır, jurnalistikaya qəbulun çətin ola biləcəyini deyirdi. Amma mən həkim olmaq istəmirdim, axı sevmədiyim bir peşə ilə heç kimə xeyir verə bilməyəcəkdim. Bununla belə mənmüəyyən tərəddüdlər vardı. Düşünürdüm ki, jurnalistika fakültəsinə qəbul oluna bilməsəm heç olmasa xarici dillər üzrə oxuyaram, sonra yenidən bir yolla jurnalist fəaliyyətinə başlayaram. Xarici dillər ixtisasını jurnalistikaya müəyyən qədər yaxın bilirdim. Ən azı bir xarici dil bilmənin jurnalist üçün digər həmkarlarından bir addım öndə olmaq demək olduğunu dərk edirdim. Lakin sonra qəti qərar qəbul etdim: hökmən jurnalist olacağam. Orta məktəbu gümüş medalla bitirdim. Atamın etirazlarına baxmayaraq tərəddüd etmədən sənədlərimi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə verdim və imtahanlardan yüksək bal toplayaraq bu ali məktəbə qəbul olundum. Bu, mənim həyatımın ən xoş anlarından biri oldu. Sonralar atam da bu peşəni seçdiyimdən məmnun oldu. O bunu mənə deməsə də seçdiyim peşəmlə qürur duyduğunu qeyri-ixtiyari hiss edirdim.

 -Tələbəlik illəriniz bildiyim qədər respublikamız üçün ağır dövrə təsadüf edib…

 – Həqiqətən də o dövr olduqca ağır, respublikamız üçün çətin bir vaxt idi. Xaricdən aldığı hərbi siyasi dəstəklə Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirməsi, buna paralel olaraq ölkə daxilində ağır iqtisadi vəziyyətin davam etməsi, ərzaq çatışmazlığı çoxsaylı problemlər ortaya çıxarmışdı. Belə bir ağır vaxtda biz tələbələr milli vətənpərvərlik ruhundakı tədbirlərdə fəal iştirak edir, müstəqilliyimizin qorunub saxlanılmasına azacıq da olsa öz töhfəmizi verməyə çalışırdıq. Tələbə yoldaşlarımızdan silaha sarılaraq cəbhəyə mənfur düşmənlə döyüşlərə gedənlər də oldu. Bir faktı da xüsusi olaraq qeyd edim ki, o dövrdə milli vətənpərvərlik ruhu gənclər arasında olduqca yüksək idi. Ümumiyyətlə o dövrdə jurnalistika fakultəsi respublikamızda gedən ictimai-siyasi hadisələrin önündə gedirdi. Burada gənclər arasında böyük nüfuza malik olan, onlarda milli vətənpərvərlik ruhu formalaşdıran və Azərbaycan jurnalistikasının korifeyləri hesab edilən Şirməmməd Hüseynov, Famil Mehdi, Qulu Xəlilov və digərləri dərs deyirdilər. Onların hər biri biz tələbələr üçün xoş bir örnək idi.

 ANS-də parladı

 – O dövrdə həmkarlarınızdan çoxu yazılı mətbuatda, qəzet və jurnallarda işləməyə üstünlük verdiyi halda Siz telejurnalist olmaq qərarına gəldiniz. Bu seçim təsadüfi idi, yoxsa, öncədən belə bir arzunuz vardı?

 – Biz tləbəlik dövründə müxtəlif qəzet və jurnallarda çalışırdıq. O vaxt rəfiqələrimdən biri Azərbaycan radiosunda işləyirdi. Mən də onunla ora gedib-gəlirdim. Görünür bu da bir alın yazısı, tale imiş. Mənə orada rəfiqəmlə birlikdə diasporumuzun fəaliyyəti barədə bir radio süjet hazırlamaq tapşırıldı. 1991-ci il idi. Həmin vaxt  Zuğulbada keçmiş sovet respublikaları ərazisindəki Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilirdi. Səhv etmirəmsə Azərbaycan diaspor təşkilatları rəhbərlərini ilk dəfə bir araya gətirən bir toplantı idi. Oradan hazırladığım reportaj müsbət qarşılandı və efirdə səsləndirildi. Buna görə hətta qanorar da aldım-3 manat. ( Bu sözləri deyərkən Azadə xanımın simasında xəfif bir təbəssüm görünür. Görünür bu da onun həyatında, uzaq illərin arxasında qalan xoş bir xatirə idi)

Efirə isə siz dediyiniz kimi birbaşa da gəlmədim. Belə ki, əvvəlcə mən də bir çox həmkarlarım kimi yazılı mətbuatda, o cümlədən “525-ci qəzet” və “Hüriyyət” qəzetlərində işlədim, müəyyən təcrübə əldə etdim. 2004-cü ildə məni ANS telekanalına işə dəvət etdilər. Burada sıravi əməkdaş kimi fəaliyyətə başlasam da sonra tədricən Xəbərlər Redaksiyasının Baş redaktoru vəzifəsinə kimi ucaldım. Üstündən müəyyən dövr ötəndən sonra onu da deyim ki, ANS telekanlı həqiqətən də taleyimdə, telejurnalist kimi özümü təsdiq etməyimdə önəmli rol oynayıb. ANS telekanalı həqiqətən də o dövrdə sevilən, xəbərləri operativ şəkildə tamaşaçılara çatdıran məşhur telekanallardan biri idi. Mən ANS-sə sözün əsl mənasında böyük bir yaradıcılıq məktəbi keçdim, geniş tamaşaçı kütləsi tərəfindən sevildim. Buna görə də taleyimə minnətdaram.

 – ANS-dən ayrılmağınıza səbəb nə oldu?

 – Qeyd etdiyim kimi 2004-2013-cü illərdə ANS-də çalışdım. Ancaq obyektiv və subyektiv səbəblərdən ANS-dən ayrılmaq qərarına gəldim. Qərarımı ANS rəhbərliyinə bildirəndə bunu normal qəbul etdilər. Ümumiyyətlə ANS-də həmişə özümə münasibətdə bir doğmalıq hiss etmişəm. Mən bu telekanalda əsasən Seyfulla Mustafayevin rəhbərliyi altında çalışmışam. Mübaliğəsiz, artırıb-əskiltmədən deyim kı, Seyfulla müəllim çox gözəl, mədəni, öz sahəsini də kifayət qədər dərindən bilən bir insandır. Və heç vaxt köməyini gənc telejurnalistlərdən əsirgəməyib, həmişə onlara dayaq olub.

 – O dövrdə bəzən ANS-dən şikayətlər eşidilirdi, telekanalda işçilərə münasibətdə kobudluqların olduğu söylənilirdi…

 – Bilirsiniz, ANS-də iş həmişə gərgin olub, xəbərlərin operativ şəkildə tamaşaçılara çatdırılması önəmli hesab edilib. ANS uzun müddət respublikamızın istənilən bölgəsindəkı hər hansı hadisəni operativ şəkildə, əksər telekanallardan öncə tamaşaçılara çatdırıb. Təbii ki, bu da gərgin əmək tələb edirdi. Bəzən buna dözməyənlər, belə demək mümkünsə etiraz edənlər də olurdu. Belə bir hal isə əksər iş yerlərinə xas olan bir xüsusiyyətdir və kimlərinsə kimlərdənsə narazı olması təbii bir haldır. Bunda qeyri-adi nə isə axtarmaq da, onu şişirtmək də zənnimcə düz deyil. Şəxsən mən özümə münasibətdə ANS-də hər hansı bir haqsızlıq, kobud münasibət görmədim.

 -ANS-dən sonra səhv etmirəmsə taleyinizi Space telekanlı ilə bağladınız.

 – Bəli, 2013-2017-cü illərdə Space-də çalışdım. Öncədən onu da deyim ki, Space-də mühit ANS-dəkindən daha fərqli idi və burada ömrümdə görmədiyim müxtəlif sifətli insanlarla qarşılaşdım… Sözün düzü bu məsələdə çox da dərinlərə getmək istəmirəm. Yalnız onu demək istəyirəm ki, 2017-ci ildə Space-dən ayrıldım və bir müddət işsiz qaldım…

 – Səhv etmirəmsə Mirşahin müəllim Sizi Real TV-də işə dəvət etmişdi və orada çalışacaq əməkdaşlar arasında  adınızı çəkmişdi. Amma nə üçünsə sonra Sizi orada görmədik…Buna səbəb nə oldu?

 -Mirşahin müəllim yüksək səviyyəli peşəkar mütəxəssis, həm də gözəl dostdur. Real TV – nin fəaliyyətə başlaması ərəfəsində o məni də işə dəvət etmişdi. Hətta yanvarın ortalarından artıq biz Real TV- nin ofisinə gedib – gəlir, müəyyən yazılar yazır, tərcümələr edir, arxiv yaradırdıq.  Bu iş daha çox könüllülük xarakteri daşıyırdı. Ancaq məsələnin maddi tərəfi də vardı. O vaxt cüzi məbləğdə ödəniş edilsə də bu mənim ehtiyaclarımı ödəmək üçün kifayət deyildi, mən ev kirayəsi verməli, dünyanın ən bahalı şəhərlərindən birində oxuyan oğlumun təhsil, yaşayış xərclərini ödəməliydim. Digər tərəfdən də kanalın nə vaxt normal fəaliyyətə başlayacağı qeyri-müəyyən idi. Ona görə də mən bu qeyri-müəyyənlikdə çox gözləyə bilmədim və ayrılmaq, uyğun bildiyim iş təkliflərindən birini dəyərləndirmək qərarına gəldim. Bunu Mirşahin müəllimə deyəndə anlayışla qarşıladı və kanal fəaliyyətə başlayanda orada çalışmağım üçün ciddi problem olmayacağını söylədi. Həmin ərəfədə məni Cavan TV-yə dəvət etdilər və oranın şərtləri məni qane edirdi. Hazırda Cavan TV-də redaktor kimi çalışıram. Bütün hallarda yenidən sevdiyim işlə məşğul olduğum, tamaşaçılarla hər hansı bir şəkildə yenidən ünsiyyət yarada bildiyim üçün şadam.

 -Azadə xanım, əksər telekanallar reytinq dalınca qaçır və bu da bəzən milli-mənəvi aşınmalara, xoşagəlməz tendensiyalara gətirib çıxarır. Sizcə reytinq xatirinə milli, mənəvi dəyərlərimizin aşınmasına xidmət edən verilişlər dalınca qaçmaq nə dərəcədə düzgün hesab edilə bilər?

 – Mən ilk növbədə yalnız elektron KİV-lərdə deyil, bütün media vasitələrində zorakılıq, cinayət xarakterli məlumatlar, intihar xəbərlərinin verilməsinin əleyhinəyəm. Bu xəbərlər dolayısı ilə həmin çirkinliklərin təbliğidir. Milli – mənəvi dəyərlərin aşınmasına gəldikdə isə, inanmıram ki, bu yalnız bəzi telekanalların günahıdır. Bu daha çox nəzarətsiz qalan İnternet şəbəkəmizin, orta məktəb şəhadətnaməsini belə ala bilməyən savadsız, dünyagörüşsüz şəxslərin açdığı wap saytların günahıdır. Bu gün hər valideyn uşağının əlinə bir smartfon verib, onun nəyə baxdığına, çoxu qadağan olunmalı olan saytlardan nəyi öyrəndiyinə qətiyyən nəzarət etmir. Bu isə zorlamalara, zorakılıqlara yol açır. Telekanallardakı qeybət xarakterli, ucuz şoulara gəldikdə isə, onlar olsa-olsa zövqləri korlayır, intellektual kəsimi ekranlardan uzaq salır. İndiki şəraitdə televiziyaların əsas auditoriyası İnternetdən uzaq yaşlı təbəqədir. Bu gün əksər insanlar, xüsusilə gənclər demək olar ki, televizor izləmir, bütün xəbərləri sosial şəbəkələrdən və İnternet saytlardan əldə edirlər.  Reytinq telekanalları bu qədər “şikəst” etməsəydi təbii ki, telekanallarda da səviyyəli verilişlər ortaya çıxar, tamaşaçı toplayardı. Amma bu günkü bəzi aparıcılar asan yolla reytinq qazanmağı, ucuz şoularla sponsor cəlb etməyi, məşhurlaşmağı üstün tuturlar. Bu da onların, onların çalışdıqları telekanalların seçimidir. Məsələn, mən Space TV-də “Üz – Üzə” talk show-nun aparıcısı olarkən verilişimizdə ciddi mövzular müzakirəyə çıxarılırdı. Talk show-muz intellektual çevrələrdə kifayət qədər rəğbət qazanmışdı. Hətta nazirliklərdən biri cəmiyyət üçün faydalı olacaq birgə layihə də həyata keçirməyi təklif edirdi. Amma Azərbaycan reallığına uyğun olaraq, ciddi verilişlərə marağın azlığını nəzərə alsaq bu verilişin də reytinqi kifayət qədər aşağı idi. Ona görə də həmin vaxt mənə verilişə şou elementləri qatmaq, saxta səhnələr qurmaq təklif olundu. Təbii ki, mən belə bir verilişdən imtina etdim.

 

 – Adətən ekran adamlarının şəxsi həyatı həmişə geniş kütlənin maraq dairəsində olur. Bu baxımdan oxucular üçün də Azadə xanımın şəxsi həyatı şübhəsiz ki, xüsusi maraq doğurur. Bu barədə nə demək istəyərdiniz?

– Bizim hamımızın həyatında müyyən enişlər-yoxuşlar olur: Bu alın yazısıdır, taledir və ondan qaçmaq mümkün də deyil. Mən illər öncə təsadüfi, sevgisiz bir ailə qurdum  və qısa müddətdən sonra anladım ki, biz fərqli insanlarıq. Sevgi, qarşılıqlı inam olmayan yerdə isə uzun müddət birgə yaşamaq mümkün deyil. Ona görə də ayrılmaq barədə qərar qəbul etdim. Həyatımı yeganə oğlumun tərbiyəsinə, təhsilinə həsr etdim. Hazırda oğlum İstanbul universitetinin İqtisadi və İdari Bilimlər fakultəsində oxuyur. Ümid edirəm ki, gələcəkdə arzu etdiyi sahədə bacarıqlı mütəxəssis ola biləcək.

-Azadə xanım, bütün hallarda tək ailə saxlmaq, övlad böyütmək qadın üçün olduqca çətindir. Nə əcəb Sizin kimi kimi gözəl bir xanım ikinci dəfə ailə qurmadı?

 

– Bilirsiniz, ailə qarşılıqlı məhəbbət və hörmət əsasında qurulanda daha möhkəm olur. Gərək ailə qurduğun şəxs səni başa düşsün, sənə arxa, dayaq olsun. Mənsə həyatımda belə bir adama rast gələ bilmədim. Amma görünür bu da bir alın yazısı, Allahın qismətidir. Alın yazısından, qismətdən isə heç kim qaça bilməyib…

-Sonuncu bir sual: Siz çox adamdan müsahibə götürübsünüz və belə demək mümkünsə imtahana çəkibsiniz. Sizcə müsahibə götrümək çətindir, yoxsa müsahibə vermək?

– (Gülür) Hər ikisi. Müsahibə götürən gərək qarşısındakını yaxşı tanısın. Müsahibə verən də eyni zamanda ona ünvanlanan suallara səmimi cavab versin. Belə olanda müsahibə canlı və daha maraqlı alınır.

– Sonda daha nə isə demək istəyərdinizmi?

– Ən böyük arzum işğaldan azad ediləcək torpaqlarımızdan birbaşa canlı veriliş hazırlamaq, bu sevinci bütün xalqımızla bölüşməkdir. İnanıram ki, Allahın köməkliyi ilə bu arzuma da çataçağam və belə bir xoşbəxtlik də mənə qismət olacaq.

-Maraqlı müsahibəyə görə çox sağ olun

Əziz Mustafa, yazıçı-jurnalist

PS

Müsahibəni başa vuranda Azadə xanımın ilk baxışdan diqqəti cəlb edən saf, mələk simasında bir yorğunluq hiss edirəm. Bu, dünənin deyil, gərgin əməyin, uzun illərin yorğunluğudur. Kənardan baxana asan gəlsə də, həqiqətən də telejurnalistika ağır əziyyət tələb edən bir peşədir və bunu yalnız bu sahədə çalışanlar yaxşı bilir. Azadə xanıma – teleefirimizin bu sadə, saf, mələk simalı zəhmətkeş insanına uğurlar arzulayaraq ondan ayrılıram. Yolunuz həmişə açıq, başınız üzərində daima təmiz səma olsun Azadə xanım.

BIR CAVAB BURAXIN