31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

0
261

Dünyadakı bütün Azərbaycanlıları bir bayraq birləşdirir

31 dekabr Azərbaycan xalqının ümumdünya birlik günüdür. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycanlılar öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar. Həmrəylik gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsillilər də qeyd edirlər.

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb.

SSRİ-nin son günləri, Azərbaycan xalqının, Arazın sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş-bacısına qovuşmaları iki o taylı- bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı və həmrəylik günü bu birliyin rəmzi tarixidir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması ilə qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi və konfrans dünya azərbaycanlılarının həmrəyliyini alqışlayaraq dəstəyini ifadə etdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Mərhum prezident Heydər Əliyev demişdi ki, Azərbaycan dünyanın istənilən guşəsində yaşayan hər bir azərbaycanlının vətənidir. Prezident İlham Əliyev də 50 milyon azərbaycanlının bir hüquqi dövləti olduğunu xatırladaraq öz çıxışlarında bəyan etmişdi ki, O, dünyadakı 50 milyondan artıq olan azərbaycanlıların hər birinin prezidentidir.

31 dekabr dünyadakı bütün azərbaycanlıları bir bayrağın – Azərbaycanın üçrəngli bayrağının altında cəmləşmələrini simvolizə edir.

Apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatına görə, dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Lakin, bir sıra rəsmi və qeyri rəsmi mənbələrdə bu rəqəmlərin daha çox olduğu göstərilir. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Amerika Birləşmiş Ştatlarında 1 milyona, Kanadada 170 minə, Braziliyada 75 minə, Meksikada 27 minə, Argentinada isə 12 minə yaxın azərbaycanlı yaşayır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə axını azərbaycanlıların sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.

Əldə etdiyimiz məlumatlara görə Avropada yaşayan azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çoxdur. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə əsasən İrandan və Azərbaycan Respublikasından köçənlərdir. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Hələ 1473-cu ildə Azərbaycan Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən Avstriya-Macarıstandan Azərbaycana gələn nümayəndə heyətilə görüşmüş, sonra venesiyalı Katerino Zena vasitəsilə Avropa monarxları, o cümlədən Milan, Avstriya və Macarıstan krallarına məktub göndərmişdir. Sonradan Vyanaya Uzun Həsənin başqa səfiri, venesiyalı Nikolo Qrolo gəlmiş, iki tərəfli əlaqələrin inkişafına çalışmışdır. Avstriya ilə münasibətlər tarixin sonrakı illərində də davam etmişdir. 1599-cu ildə Səfəvi hökmdarı Şah Abbas başda Hüseynəli bəy olmaqla, digər şəxsləri Avropaya, o cümlədən Avstriyaya səfirliyə göndərmişdir.

Böyük Britaniya ilə Azərbaycanın münasibətləri XVIII əsrin əvvəllərindən başlayıb. Azərbaycanın neft sənayesinə maraq göstərən ingilislərin məşhur və nüfuzlu şirkətləri Azərbaycan neftinə investisiya qoymağa başladılar. XIX əsrin sonlarından etibarən azərbaycanlıların Böyük Britaniyaya mühacirəti başlandı. XX əsrin onilliklərində soydaşlarımız Böyük Britaniyada öz icmalarını yaratmağa nail olmuşlar. Cənubi Azərbaycandan bu ölkəyə kutləvi mühacirət 50-60-cı illərdə başlaıb.

Britaniyada Cənubi və Şimali Azərbaycandan, Türkiyədən bura koçən mühacirlərlə yanaşı, Gürcüstandan, 1988-ci il deportasiyası nəticəsində Ermənistandan, Orta Asiyadan və Rusiyadan köçən azərbaycanlılara da rast gəlmək olar.

Fransaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayıb. Hələ 1697-ci ildə Parisdə nəşr edilən Bartelemi D.Erblonun “Şərq kitabxanası” əsəri Azərbaycan ədəbiyyatı, mədəniyyəti və şairləri haqqında Fransada ilk yazılı mənbədir.

XIX əsrin sonlarından başlayaraq, Fransanın Avropadakı mövqeyinin güclənməsi azərbaycanlıların bu ölkəyə mühacirətini sürətləndirdi. Azərbaycanın imkanlı və ziyalı təbəqəsinin Fransada malik olduqları iş yerləri, mülklər onların ailələri və qohum-əqrəbalarının buraya köçməsinə şərait yaradırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçuların Fransanın iş adamları ilə birgə bizneslərinin olması Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməkdə olduğunu göstərirdi.

Niderland Krallığında yaşayan azərbaycanlılarının çox hissəsi Türkiyədən olan soydaşlarımızdır. Haaqa, Amsterdam, Antverpen, Rotterdam və digər mərkəzlərdə məskunlaşıblar. Danimarkada isə, əsasən Turkiyədən köçmüş, xüsusilə Iğdırlı azərbaycanlılar üstünlük təşkil edirlər. Onların yaxşı təmin olunan işləri, biznesləri var. Soydaşlarımız Danimarkada müxtəlif sahələrdə çalışırlar. Əsas etibarı ilə orta təbəqə sinfinə aiddirlər.

XX əsrin əvvəllərindən Polşaya ilk azərbaycanlı mühacirlər köçməyə başlayıblar. Lakin II dünya müharibəsi illərinin başlaması şimallıların sayının çoxalmasına şərait yaratdı. Təəssüf ki, Polşada yaşayan azərbaycanlıların bir hissəsinin milliyyətinin rus, türk və iranlı göstərilməsi burada yaşayan azərbaycanlıların təqribi sayını müəyyən etməyə maneə törədir. Polşada azərbaycanlılar Varşava, Qdansk, Plotsk və digər şəhərlərdə məskunlaşıblar. Polşada Azərbaycanla bağlı bir çox mənbələr və sənədlər var. Abbasqulu ağa Bakıxanovun, M.Rəsulzadə və digər ədiblərimizin əsərlərində Polşa barəsində də məlumat əldə etmək olar.

Azərbaycandan İsveçə mühacirət XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayıb. Əsasən Cənubi Azərbaycandan bu ölkəyə köçən azərbaycanlılar artıq XX əsrin ortalarında burada icmalarını yarada biliblər. İsveçrəyə soydaşlarımızın mühacirəti isə XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayıb. Bu illərdə varlı təbəqədən olan azərbaycanlılar İsveçrəyə müalicə və istirahət məqsədilə gedirdilər. Azərbaycanlı milyonçuların külli miqdarda vəsait qoyduqları İsveçrə banklarında hazırda da hesablar qalmaqdadır. Bu ölkəyə təhsil almaq üçün də soydaşlarımız gəlirdilər. 1920-ci ilin yanvarında Rusiya və Avropa ölkələrinə müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün gedən azərbaycanlıların 50 nəfəri İsveçrəyə yola salınmışdı. Onlar təhsillərini bitirdikdən sonra geri qayıtmadılar. II dunya müharibəsi illərində də azərbaycanlılar İsveçrədə məskunlaşmışlar.

İspanların Azərbaycana və azərbaycanlı alimlərə marağı XII-XIII əsrlərdən başlanıb. Xüsusilə, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusinin əsərləri ispan səyyahları və alimlərinin böyük marağına səbəb olmuşdur. Xristofor Kolumbun Amerika səfərini maliyyələşdirən İspan Kralının xəzinədarı, milliyyətcə yəhudi olan Qabriel Sanxes onu pul və əşyalarla təmin etmişdir. Qabriel Sanxesin əldə etdiyi sədəf üçün ləvazimatlar içərisinə müəllifi Nəsrəddin Tusi olan xəritə, miqyas (kompasın qədim növü) və digər astronomiya cihazları daxil idi. XV əsrdən etibarən Azərbaycan dövlətləri (Ağqoyunlu, Səfəvi) Avropa ilə müntəzəm əlaqələr saxlayırdı.

Ağqoyunlu və Səfəvi dövlətləri XV əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində bir çox Avropa ölkələri ilə, o cümlədən Böyük Litva Knyazlığı ilə geniş əlaqələr yaratmışdılar. Bu əlaqələr hər iki tərəf üçün qarşılıqlı siyasi və iqtisadi əhəmiyyətə malik idi. Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) Taxtının yanında Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Roma Papalığı, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Burqundiya, Neapolitan Krallığı, Rodos, Kipr, Misir, Hindistan, Qaraman bəyliyi səfirləri ilə bərabər Böyük Litva Knyazlığının (1236-1569) nümayəndəsi də diplomatik fəaliyyət göstəribdir. Azərbaycanlıların Baltikyanı ölkələrdə, Moldova, Ukraynada məskunlaşması II Dünya müharibəsindən sonrakı dövrdə də davam etmişdir.

Tarixi mənbələrdən məlumdur ki, Azərbaycan mühacirlərinin köçdükləri ölkələr içərisində Türkiyə xüsusi yer tutur. Dil-din yaxınlığı, soy-kök eyniliyi nöqteyi-nəzərindən təbii hesab olunan bu proses nəticəsində tarix boyunca həm Şimali, həm də Cənubi Azərbaycandan Türkiyəyə köçən soydaşlarımızın sayı minlərlə idi.

Antik coğrafiyada Mesopotomiya adlanan ərazi VII əsrdə ərəblərin nəzarətinə keçdikdən sonra İraq adlandırıldı. Mühüm geosiyasi və iqtisadi mövqeyə malik olan İraq əhalisinin 91-95 faizini müsəlmanlar təşkil edir ki, bunun da 20 faizi türkmən adlandırılan azərbaycanlılardır. İraqda 1400 illik tarixə malik olan türkmənlər – azərbaycanlılar tarixin müxtəlif dövrlərində bütün çətinliklərə baxmayaraq, öz kimliklərini, mənəviyyatını, ana dilini unutmamış, ulu babalardan qalan, misilsiz dəyərə malik ənənələri nəsildən-nəsilə öturərək bu günümüzə çatdırmışlar.

İran İslam Respubikasının ərazisində–Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların bir qismi XX əsrdə 5 əsas dalğa ilə xarici ölkələrə mühacirət ediblər. Cənubi Azərbaycanlılar ifadəsi 1813-cu il Gülüstan və 1828- ci il Türkmənçay müqavilələrindən sonra yaranıb. Bu tarixlərə qədər yalnız bir–bütöv Azərbaycan var idi ki, onun sərhədləri geniş, lakin Gülüstan və Türkmənçay müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycana Rusiya tabeçiliyində Şimali, İranda olan hissəsi isə Cənubi Azərbaycan adlandırılmağa başlandı. XX əsrin əvvəllərinə qədər Cənubi Azərbaycan Qərb və Şərq ölkələrinə mühacirət prosesləri baş verib. Tədqiqatçılar XX əsrdən etibarən Cənubi Azərbaycandan başlanan mühacirət prosesini siyasi və iqtisadi səbəblərlə bağlayırlar. Mühəndis, inşaatçı, həkim, texnoloq, nəqliyyatçı və s. peşələrdə çalışan soydaşlarımız öz peşələrində mütəxəssislər hesab olunurlar. Akademik təhsilə cənublular içərisində böyük maraq vardır. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtisadi elmlər sahəsində daha cox uğurlar əldə edən soydaşlarımız Qərb və Şərq ölkələrinin nüfuzlu ali və orta məktəblərində dərs deyir, elm dairələrində tanınırlar. Cənublu ziyalılarımızın elmi-bədii əsərləri Qərb və Şərqdə sevilən, oxunulan əsərlər olmaqla elmi araşdırmalar məqsədilə də istifadə olunur. Cənubi azərbaycanlıların böyük bir hissəsi də ticariət sahəsində çalışırlar və əminliklə söyləmək olar ki, kifayət qədər güclü mövqeyə və nəhəng kapital mənbələrinə malikdirlər. Güclü investisiya imkanları olan soydaşlarımızın sahib olduqları firmalar, şirkətlər, müəssisələr bir cox ölkələrin iqtisadiyyatına xeyir verir. Güclü iqtisadçı və biznesmenlərdən sayılan cənublu soydaşlarımız məskunlaşdıqları ölkələrin yüksək dövlət xadimləri və imkanlı biznesmenləri tərəfindən hörmətlə tutulur, bəzən onlardan məsləhət və kömək istənilir. Birləşmiş Ştatlar, Kanada, Böyük Britaniya, Fransa, Danimarka, İsveç, Avstraliya və digər ölkələrdə cənublular böyük imkanlara malikdirlər.

Gürcüstanda soydaşlarımız əsasən Kvemo-Kartli, Şida-Kartli və Kaxet bölgələrində məskunlaşmışlar. Onlar yığcam halda Marneuli, Bolnisi, Domanisi, Qardabani rayonlarında, Zalqarayonunun Ərcivan elatında, Kaxet bölgəsinin Qaracop elatında, qismən isə Tetrisxaro (Ağbulaq), Zalqa (Barmaqsız), Telavi, Laqodexi, Kaspi, Msxeta, Qori rayonlarında yaşayırlar.

Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Qırğızıstana azərbaycanlıların ilk mühacirəti 1929-1930-cu illərə təsadüf edir. Bu mühacirət, əslində, məcburi köçürülməsi sayəsində baş vermişdir ki, bunun əsas səbəbi Azərbaycanda baş verən repressiya və təzyiqlər idi. Buraya köçürülən azərbaycanlılar kənd rayonları olan Cuy vadisi və onun əyaləti Arovan rayonunda yerləşdirilmişlər. Burada heç bir yerə köçmək hüququ olmadan çətin şəraitdə yaşayan azərbaycanlılar taxılçılıq, pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində çalışırdılar.

Özbəkistana isə azərbaycanlıların bir hissəsi könüllü mühacirət etmiş, bir qismi isə zorla köçürülmüşdür. Xüsusən, Əmir Teymurun Azərbaycana yürüşləri nəticəsində yüzlərlə sənətkar, elm xadimi və nüfuzlu peşə sahibləri Səmərqəndə sürgün edilmişlər. Azərbaycanlılar Özbəkistanın ictimai, mədəni həyatında tarixən mühüm izlər qoymuşlar. Qədim Xarəzmin X əsr tikililərindən olan Beleuciyolustu karvansara binası Şirvan ustalarının zəhmətinin bəhrəsidir. Əmir Teymurun doğma şəhəri Şəhri-Səbzdə 1380- ci ildə tikilən Ağ saray kompleksinin müəllifi də azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi. XIV-XV əsrlər də Səmərqənddə inşa edilmiş Şahi-zində türbə kompleksi isə Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən tikilmişdir. Sonrakı dövrdə baş verən ictimai-siyasi proseslər, dünyanın siyasi xəritəsində yeniliklərin çoxalması, tarixi rus işğalı və s. hadisələr Özbəkistandakı azərbaycanlılar barədə məlumatların itməsinə səbəb olmuşdur. Müasir dövrdə Azərbaycanlıların Özbəkistanda sayı təqribən 60000 nəfərə çatır.

Biz də Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyi olaraq, xalqımızı bu möhtəşəm gün münasibətilə təbrik edir, Vətənimizə daimi azadlıq, Dövlətimizə əbədi müstəqillik, Xalqımıza yüksək firavanlıq arzu edirik. Həmrəylik günümüz mübarək olsun!

“Resurs” Analitik İnformasiya Mərkəzi