31 mart soyqırımı günü ilə bağlı elmi-praktik konfrans keçirilib

0
706

Bu gün Hökumət Evinin iclas zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı mərhələ-mərhələ soqyqırımları həyata keçirdiklərini söyləyib. O bu müstəvidə də 1918-ci ilin mart ayında Azərbaycanda ermənilər tərəfindən həyata keçirilən soyqırımlarını tarixdə misli-bərabəri olmayan vəhşilik adlandırıb. Ombudsman ulu öndər Heydər Əliyev tərəfindən bu məsələnin diqqət mərkəzində saxlanıldığını və məhz onun tərəfindən mart ayının 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsini önəmli hadisə adlandırıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov çıxışında ermənilərin tarixboyu məkrli niyyətlərini həyata keçirməyə cəhd etdiklərini, özlərinə saxta tarix yaratdıqlarını söyləyib: “Ermənilər heç vaxt Azərbaycan ərazilərində qədimlərdən yaşamayıblar. Onlar bu ərazilərə çar Rusiyasının Azərbaycanı işğal etməsindən sonra köçürülüblər və bununla bağlı kifayət qədər tarixi sənədlər var. İndiki Ermənistan da qədim Azərbaycan torpağıdır və ora Yerevan xanlığının ərazisi olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan xanlığını orada yaşayan azərbaycanlıların hüquqlarına hörmət etmək şərti ilə ermənilərə vermişdi. Bununla bağlı sənəddə deyilirdi ki, ermənilər orada yaşayan azərbaycanlıların hüquqlarına hörmət etməyəcəkləri təqdirdə anlaşma qüvvədən düşmüş hesab ediləcək. Ermənilər havadarlarının yardımları, saxta tarix yaratmaqla buraların onlara aid olduqlarını iddia edirlər. Ancaq ulu öndər Heydər Əliyevin təşəbbüsü və tariximiziə verdiyi böyük önəm nəticəsində tarixi sənədlər əsasında indiki Ermənistan ərazisinin Azərbaycan torpaqları olduğu barədə həqiqi tarix yazıldı. Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları ilə bağlı mart ayının 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi də ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Biz ulu öndərin də dediyi kimi tariximizə sahib çıxmalıyıq. Çünki tarixini bilməyən, keçmişini unudan xalqın gələcəyi də yoxdur”.Daha sonra professor İrəvan, Qarabağ, Naxçıvan xanlıqarının tarixinin yazılmasında prezident İlham Əlyevin göstərdiyi qayğının önəmli rol oynadığını və bu məsələnin ölkə başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi qeyd edib. Tədbirdə həmçinin Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış və xarici dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” əsərinin, həmin institutun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında nəşr edilmiş “Soyqırımı muzeyi” kitabının təqdimatı keçirilib. Bundan əlavə Hərbi Prokurorluq tərəfindən hazırlanmış “Əsrin faciəsi” adlı qısa metrajlı film nümayiş etdirilib və Tarix İnstitutunun Azərbaycanlıların Soyqırımı ilə bağlı nəşr etdirdiyi kitabların sərgisi təşkil edilib.

Əziz Mustafa

BIR CAVAB BURAXIN