31 mart erməni vandalizminin zirvəsi, azərbaycanlıların soyqırımı günüdür  

0
945

1918-ci il mart ayının 31-də Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı. Bakıda, Şamaxıda, Salyanda Qubada, Göycayda və digər yerlərdə erməni-rus daşnakları tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər başdan ayağa yandırıldı.

 Əslində Bakıda ermənilər tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədiləcəyi hələ1917-ci ilin noyabr ayında daşnak Şaumyanın başçılıq etdiyi bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra məlum idi. Azərbaycan ərazisini müsəlmanlardan təmizləmək və torpaqlarımızda “dənizdən-dənizə” uzanan mifik erməni dövləti qurmaq niyyətində olan cəllad Şaumyan və onun əlaltıları bunun üçün bəhanə axtarırdılar. Həmin dövrdə Bakıda II dünya müharibəsindən qayıdan 6-7 min erməni silahlısı vardi.  Bundan əlavə Şaumyan Türkiyə ilə müharibədən Rusiyaya qayıdan 8-10 min nəfər rus əsgərlərindən də dinc müsəlmanlara qarşı istifadə etdi.

Belə bir vəziyyətdə 1918-ci ilin mart ayında general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün Lənkərandan Bakıya gəldi.

Müsəlman alayının Bakıya gəlməsi isə Şaumyanı ciddi şəkildə narahat etmişdi. Şaumyan dərhal Moskvaya, Leninə xəbər verərək ondan məsləhət istəmişdi.

Lenin isə ona cavabında inqilabı müdafiə etmək üçün istədiyi addımı atmağı məsləhət görmüşdü.

 Soyqırımını həyata keçirmək üçün Şaumyan Bakıda olan müsəlman diviziyası əsgərlərini təxribata çəkməyə cəhd etdi.

Şaumyanın təxribatını anlayan müsəlman diviziyası əsgərləri şəhərdə qan tökülməsinə yol verməmək üçün “Evelina” gəmisinə minərək Lənkərana getmək qərarına gəldilər. Lakin Şaumyan dərhal gəmini mühasirəyə aldıraraq oradakı azsaylı əsgərləri tərksilah etdirdi. Bu isə Bakı müsəlmanları arasında narazlıqla qarşılandı. Martın 30-da Bakıda müsəlmanların dinc etiraz aksiyası başladı. Aksiya iştirakçıları Bakı sovetindən müsəlman əsgərlərin silahlarının özünə qaytarılmasını və onların Lənkərana getməsinə icazə verməsini tələb edirdilər.

Bundan bəhanə kimi istifadə edən Şaumyan quldur dəstələrini dinc əhali üzərinə yeritdi. Nəticədə bolşevik-daşnaq quldur dəstələri şəhərdə qətliam törətdilər, minlərlə dinc insan bu vəhşiliyin qurbanı oldu. Üç gün ərzində Bakı qan ağladı. Bəzi məlumatlara görə quldur dəstələri Bakıda 18 mindən artıq müsəlmanı qətlə yetirdilər.

Şaumyanın birbaşa göstərişi ilə məşhur İsmailliyyə binası yandırıldı. Bina yandırılmazdan əvvəl ermənilər yaralı  müsəlmanları İsmailiyyənin zallarından birinə dolduraraq onları qətlə yetirdilər. Sonra isə meyitlərin üzərində vəhşicəsinə rəqs etdilər. “Türksüz və müsəlmansız” Azərbaycan yaratmaq istəyən Şaumyanın göstərişi ilə  Bolşevik-daşnaq quldur dəstələri Şamaxıya, Salyana, Qubaya və Göyçaya göndərildi. Bu dəstələr adı çəkilən ərazilərdə əllərinə keçən bütün canlıları məhv etdilər, kəndləri yandıraraq xarabazara çevirdilər.

 

Şamaxı və Quba qırğınları

Şamaxıda soyqırımı planını Şaumyan  Bakıdan əvvəl-1918-ci il mart ayının 18-də işə salmışdı. Martın ayının18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş toplardan  Şamaxı şəhərinə atəş açdılar. Yuxudan ayılan şəhər əhalisi pal-paltarını geyinmədən hara gəldi qaçmağa başladı. Əhalinin bir hissəsi məscidə sığındı. Onlar Allah evinə quldurların toxunmayacağına inanmışdılar. Amma Şamaxını ələ keçirən Lalayevin əmri ilə quldur dəstələri məscidə od vurdular. Yüzlərlə dinc  əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən və ümidlərini Allahın dərgahına bağlayan günahsız insanlar diri-diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər.

Yandırılmış evlərdən canını qurtarmaq istəyən sakinlərə-kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları ən amansız üsullarla qətlə yetirirdilər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yarandı. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onlar döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdılar. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı.

Amma Şamaxıdakı qırğınlar Şaumyanı tam şəkildə qane etməmişdi. O, Şamaxının tamamilə müsəlman əhalidən təmizlənməsini tələb edirdi. Bu məqsədlə də Bakı qırğınlarının ardınca Şaumyan əksinqilaba qarşı mübarizə pərdəsi adı altında silahlı quldur dəstələrini yenidən Şamaxıya göndərdi. Bu dəstələrə komandanlığı Şaumyan daşnak S.Lalayansa tapşırmışdı.  S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Şamaxıdan sonra Şaumyan nəzərini Qubaya yönlətdi. Qubada qırğınları həyata keçirmək iəcək silahlı quldur dəstələrinə isə rəhbərliyi Şaumyan cəllad Amazaspa tapşırmışdı.

Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də iştirak edirdi.

Amazaspın quldur dəstəsi Qubaya gələrkən Bakı-Xaçmaz dəmiryolunun sağ və sol tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış,  əmlakını qarət etmiş, qaçıb canını qurtaranla bilməyənləri isə  qətlə yetirmişdi.

Amazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı hissəsinədək şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirilmişdi. Qubada bir-bir evlərə girib bəzən butün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə  rəhm etməmişlər.

İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlman öldürülmüşdü. Amazaspın vəhşilikləri zamanı təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi.

2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi göstərdi ki, bu insanlar hər cür zorakılıqlara məruz qalaraq qətlə yetirilmişlər. Bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımına əyani sübutdur.

Ermənilər Quba əhalisinin əmlakını talamışdılar. Təkcə Qubanın özündə Amazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qızıl vəqiymətli daş-qaş-və beş milyon manatlıq  əşya-mal, iyirmi-beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə  həbs edilərkən onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur. 

 Erməni-rus quldur dəstələri  Şamaxıda 72, Qubada isə 122 kəndi yerlə-yeksan etdilər, əhalini isə qılıncdan keçirdilər. Eyni vəhşilik Salyanda və Göyçayda da həyata keçirildi. Nəticədə 100 minə yaxın dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Ümumiyyətlə erməni-bolşevik dəstələri mart, aprel və may aylarında 150 min müsəlmanı qətlə yetirdilər, 500 mindən artıq adam isə yurd yuvalarından didərgin salındı.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə Istintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, həmçinin Şamaxıdakı vəhşilikləri, Irəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldi. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artiq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

1991-ci ilin payızında Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bundan 6 il sonra 1998-ci il mart ayının 26-da isə prezident Heydər Əliyev 31 martın Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Bununla da azərbaycanlıların soyqırımı günü hər il rəsmi şəkildə qeyd olunmasının əsası qoyuldu.

Bu dəhşətli faciə ilə bağlı hər il soyqırımı qurbanlarının xatirəsini  hüznlə anır və onların ruhu önündə baş əyirik.

Əziz Mustafa

BIR CAVAB BURAXIN