0
1221

Noyabrın 26-da Səudiyyə Ərəbistanında İslam Hərbi Antiterror Koalisiyasının ilk sammiti keçirildi. Koalisiyaya üzv dövlətlərin müdafiə nazirlərinin qatıldığı tədbirdə 40 ölkə terrorizmə qarşı daimi mexanizmin yaradılmasına dair razılığa gəldi.

“Müsəlmanların NATO-su”
“Müsəlman NATO-su” kimi tanınan koalisiya 2015-ci ildə yaradılanda ona 34 müsəlman ölkəsi qoşulmuşdu. İndi isə üzv dövlətlərin sayı 41-ə yüksəlib. Koalisiyanın üzvləri arasında Fars körfəzindəki ərəb ölkələri ilə yanaşı, Türkiyə, Pakistan, Malayziya və Misir də var. İran, İraq və Suriya isə əvvəldən koalisiyaya dəvət olunmamışdı. İran Ər-Riyad üçün regiondakı ən başlıca rəqibdir. Üstəlik bu ölkənin İraq və Suriya ilə də yaxın əlaqələri var.
Sammitin əsas çıxışçısı Səudiyyə krallığının varis şahzadəsi Məhəmməd bin Salman oldu. Məhz o, 2015-ci ildə koalisiyanın yaradıldığını elan etmişdi.
«Terrorizim və ekstremizmin yaratdığı ən böyük təhdid təkcə günahsız insanların qətl edilməsi deyil, həm də dinimizin nüfuzdan salınmasıır”, – deyə şahzadə çıxışında bildirmişdi.
Sammitin yekunu olaraq nazirlərin qəbul etdiyi deklarasiyada koalisiyanın fəaliyyətinə dair daimi mexanizm yaradılmasına qərar verildi. Baş qərargahın isə Ər-Riyadda yerləşməsi məqəsədəuyğun hesab olundu. Razılaşmaya əsasən, yeni baş katib təyin olunacaq, iş reqlamenti və illik büdcə müəyyənləşdiriləcək, üzv dövlətlər də öz nümayəndələrini işləmək üçün baş qərargaha göndərəcəklər.
Deklarasiyada göstərilir ki, müdafiə nazirləri hər il toplaşacaqlar, baş qərargaha isə Səudiyyə hökuməti 107 milyon dollar ayıracaq.
Sammit iştirakçıları terrorizmə qarşı 4 istiqamət üzrə mübarizə aparacaqlar – terrorizmə qarşı ideoloji savaş, informasiya məkanında ekstremist ideologiyaya qarşı mübarizə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə, həmçinin birbaşa hərbi müqavimət. Konkret plan və icra müddəti barədə isə sənəddə heç nə göstərilməyib.

Ər-Riyadın yeni aləti

Görüş iştirakçıları yuxarıda qeyd olunan məqamlarla bağlı razılığa gəlsələr də, hər bir ölkənin prioriteti fərqli oldu. Məsələn, Yəməndən gələn nümayəndə heyəti bildirdi ki, diqqət mərkəzində əsasən İran, “Əl-Qaidə” və İŞİD olmalıdır. Türkiyənin istəyi isə kürd seaparatçılarına qarşı müqavimətin göstərilməsi idi.
Alyansın konfiqurasiyası əvvəldən qarışıqlıq yaratmışdı. Məsələn, Pakistan ümid edirdi ki, alyans Hindistanla qarşıdurmada onun mövqelərini gücləndirəcək. Misir bu yolla Sinayda islamçılarla başa çıxmaq istəyində idi. Türkiyə ümumiyyətlə, başqa hərbi blokun üzvüdür. Və NATO ilə bu qurum arasında konflikt yaranacağı təqdirdə nə edəcəyi qeyri-müəyyəndir.
Bundan başqa, alyansa şübhəli statuslu bir neçə ölkə daxil olub. Məsələn,vətəndaş müharibəsinin getdiyi Liviya və de-fakto bir neçə hissəyə bölünən Somali kimi. Fələstin qurumda ayrıca dövlət kimi təmsil olunur ki, bu da İslam Hərbi Antiterror Koalisiyasını avtomatik olaraq İsraillə konfrontasiyaya sürükləyir.
Əvvəllər koalisiyanın üzvü olan Qətər sammitə dəvət olunmamışdı. Səbəbsə bu il iyunun 2-də Səudiyyə krallığının Qətəri terrorizmə dəstəkdə ittiham edərək onunla diplomatik münasibətlərə son verməsi idi.
Koalisiyanın əsas fəaliyyət istiqamətlərindən biri Yəməndə Husilərə (şiə üsyançılar) qarşı mübarizədir.
Ekspertlər deyir ki, regional məsələləri həll etmək üçün yaradılan koalisiya digər hərbi bloklarla, məsələn, NATO ilə müqayisə oluna bilməz: “NATO-nun yaranma məqsədində qlobal hədəf vardı. Bu koalisiyanın qarşısında duran məsələlər isə lokal xarakterlidir. Həm də buna görədir ki, qurumda bir dənə olsun Qərb dövləti yoxdur”.
Bu ilin mayında Səudiyyədə keçirilən və ABŞ prezidenti Donald Trapmın da qatıldığı Amerika-İslam sammitində koalisiyaya daxil olan dövlətlər Suriya və İraqda terrorçulara qarşı savaşmaq üçün 34 min nəfərdən ibarət hərbi kontingenttəqdim edə biləcəklərini bəyan etdilər. Öz növbəsində Tramp da krallığı və digər müsəlman dövlətlərini terrorizmə qarşı aktiv mübarizəyə çağırdı.
Rusiyanın Səudiyyə krallığındakı səfiri Andrey Baklanov deyir ki, koalisiyanın bir araya gəlməsini bir neçə səbəb zəruri edirdi. Birincisi, bu hərbi blokun yaranmasının iki illiyi yaxınlaşırdı. İkincisi, Rusiya, İran və Türkiyənin regionda terrorizmə qarşı nəzərəçarpan mübarizəsi koalisiyanı da hərəkətə gətirdi.
“Deutsche Welle” yazır ki, bu, 32 yaşlı varis şahzadə üçün özünü ərəb dünyasının lideri kimi göstərmək baxımından da bir vasitə idi: “Bu alyansı inkişaf etdirməklə Səudiyyə Ərəbistanı bütün İslam aləminə dəqiq siqnal ötürür ki, krallıq əvvəlki kimi regonal siyasətdə gündəmi özü müəyyənləşdirmək istəyir”.

“Daha 30 il itirmək istəmirik”

Bu arada, bir çox ekspertlər radikal vəhhabi ideologiyasını yaymaqda ittiham olunan Səudiyyə Ərəbistanının ekstremizmə qarşı legitim savaşçı ola biləcəyinə şübhə ilə yanaşırlar.
Şahzadə Məhəmməd bin Salmanın bu şübhələrə cavabı belə olmuşdu: “Biz ölkədə mötədil İslama keçidin tərəfdarıyıq. Səudiyyə əhalisinin 70 faizi yaşı 30-dan az olanlardır. Ekstremist ideyalara görə daha 30 il itirmək istəmirik. Biz onları bu gün məhv edəcəyik”.
Təhlilçilərə görə, Səudiyyə bu yolla özünü terrorizmlə mübarizənin lideri kimi təqdim etməyə çalışır.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı daha bir regional təşkilatda təmsil olunur – Körfəz ölkələrinə daxil olan ərəb dövlətlərinin Əməkdaşlıq Şurası. İyun ayına qədər quruma Küveyt, Qətər, BƏƏ, Oman və Bəhreyn daxil idi. Sonradan Qətər məlum səbəbdən kənarlaşdırıldı.
Blokun əsas hərbi əməliyyatları Yəməndə keçirilir. 2015-ci ilin fevralında Əməkdaşlıq Şurasının üzvləri, həmçinin Misir, İordaniya, Mərakeş və SudanYəmənə girdi. Bundan sonra Husilər prezident Abd-Rabb Mansuru ölkədən qovdular. Və strateji şəhər olan Adeni ələ keçirdilər. Savaşa Səudiyyənin rəhbərliyi altında koalisiya da müdaxilə etdi. Lakin hələ ki koalisiya hökumətin bütün ölkə boyu fəaliyyətini bərpa edə bilməyib.
İslam Hərbi Antiterror Koalisiyasının terrorizmi əsas hədəf kimi göstərməsi başından bəri bir çox suallar doğururdu. O mənada ki, iddialara görə, alyansın açar üzvlərinin əksəriyyəti öz maraqları naminə ya birbaşa, ya dolayısıyla hansısa terror qruplaşmasını dəstəkləyirlər.
Sammitdən sonra Antiterror Koalisiyasının fəaliyyətində hansı irəliləyişlərin olacağını zaman göstərəcək. Hələliksə görünən odur ki, Ər-Riyad radikalların sponsoru imicindən qurtulmaq istəyir. Eyni zamanda da Rusiya və müttəfiqlərinin regiondakı uğurlarından bərk narahatdır./strateq.az/

BIR CAVAB BURAXIN