2,5 milyon insan Ərdoğana qarşı toplaşdı

0
629
Türkiyədə prezidentliyə müxalifətdən olan namizəd, Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvü Muharrəm İncəni dəstəkləmək üçün İzmirdəki mitinqə toplaşan insanların sayı 2,5 milyon nəfər olub.

Bu barədə Türkiyəli jurnalist Abbas Cümə “Tvitter” hesabında məlumat verib.

“Məlumatlara əsasən, mitinqə 2,5 milyon insan gəlib. Hətta əgər bu rəqəmin yarısı belə çıxıbsa, bu artıq inanılmazdır! 24 iyunda Ərdoğanı çətin mübarizə gözləyir.” – deyə Abbas Cümə yazıb.

Qeyd edək ki, bir neçə saat əvvəl CHP-nin sədri Kamal Kılıçdaroğlu “Amerikanın Səsi”nə açıqlamasında bildirmişdi ki, Türkiyədə seçkilərə heç də azad və şəffaf hazırlıq getmir.

“Bizdəki seçkilər bərabər şərtlər altında keçirilmir, hətta bəzi liderlər, Dəmirtaş həbsdə saxlanılır. Bəzilərinə böyük təzyiqlər edilir, Türkiyə mediasının hazırda 90 faizi iqtidarın nəzarətindədir. Biz belə şəraitdə seçkilərə gedirik. 25 iyunda Türkiyə gözəl bir səhərə oyanacaq, demokratiya arzusunda olan cəmiyyət yenidən özünə gələcək və demokratik yollarla bir diktatoru yola salacağıq” – deyə Kılıçdaroğlu bildirib.

O, ümid edib ki, Türkiyə vətəndaşları partiyasından olan namizəd Muharrəm İncəni prezident seçəcəklər.

Xatırladaq ki, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində namizədlər aşağıdakılardır:

1. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının ortaq namizədi Rəcəb Tayyip Ərdoğan
2. Cumhuriyyət Xalq Partiyasının namizədi, Yalovadan olan millət vəkili Muharrəm İncə
3. Xalqların Demokratik Partiyasının namizədi, İstanbuldan olan millət vəkili, həbsə alınan Səlahəddin Dəmirtaş
4. İYİ partiyadan namizəd, partiyanın rəhbəri Meral Akşənər
5. Səadət Partiyasından namizəd, partiyanın rəhbəri Temel Karamollaoğlu
6. Vətən partiyasının namizədi, partiya rəhbəri Doğu Pərinçək

(azvision.az)

BIR CAVAB BURAXIN