Hər qaranlıq gecənin bir parlaq səhəri var

0
1600

Hər il may ayının 8-də sinəmizdəki Şuşa adlı bir həsrətin közü bizi yandırır, yaxır. 25 ildən artıqdır ki, Şuşa qədim yurd yerlərimiz olan Zəngəzur, Göyçə, Dərələyəz və İrəvan kimi sinədağımıza çevrilib. Bir vaxtlar Şuşadan fəxrlə danışar, Azərbaycan mədəniyyətinin, incəsünətinin beşiyi olan bu qədim yurd yerimiz haqqında fəxrlə, şövqlə danışar, onu nə tərifləməkdən, nə də gözəlliyindən doymazdılar. Şuşa dağ başında Azərbaycanın qəhrəmanlıq, mərdlik simvolu, obrazlı şəkildə desək başının tacı idi. O vaxtlar heç kimin ağlına belə gəlməzdi ki, bir vaxt gələcək, Şuşa haqqında itirilmiş yurd yerimiz kimi həsrətlə danışacaq, onun yoxluğu sinəmizdə sağalmaz yaraya çevriləcək. Şuşa niyə əldən getdi? Bu suala mən də içində olmaqla yüzlərlə yazarımız, politoloqumuz, siyasətçimiz cavab axtarıb. Şuşanın itirilməsində, onun mənfur ermənilər tərəfindən işğal edilməsində günahı gah erməni-rus birliyinin, gah da o dövrdə ölkəni idarə edənlərin, o cümlədən müdafiə nazirliyinin üzərinə qoyublar. Əlbəttə, bütün bunlarda az və ya çox dərəcədə həqiqət var. Həqiqətən də o dövrdə erməni-rus işbirliyi Şuşanın işğalında önəmli rol oynadı. Məhz Xocalı qətliamında ermənilərlə birgə hərəkət edən SSRİ-nin 366-cı polkunun Şuşanın işğalında iştirak etdiyi heç kimə sirr deyil. Amma təbii ki, həmin dövrdə Şuşanın işğalında ölkəni idarə edənlərin və ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan siyasi güclərin də günahı az deyil. Xocalı qətliamından sonra baş verən hakimiyyət dəyişikliyi əslində sözün əsl mənasında ölkənin idarə edilməz hala güşməsinə gətirib çıxarmışdı. Mütəllibovu bu vəzifədə müvəqqəti əvəz edən Yaqub Məmmədov siyasi baxımdan ölkəni xaosdan çıxara, hakimiyyət uğrunda mübarizə aparan gücləri bir araya gətirərək onları vahid düşmənə qarşı mübarizəyə istiqamətləndirə biləcək lider deyildi. O bu vəzifədə müvəqqəti olduğunu bilirdi. Bununla belə Azərbaycanın başı üzərini hansı təhlükələr aldığını, pərdə arxasından məkrli oyunlar oynandığını da yaxşı başa düşürdü. Onun həmin vaxt dediyi biz şahmat taxtasındakı “peşkalar”a(piyada) bənzəyirik sözündə həqiqət vardı. Çünki həqiqətən də o vaxt SSRİ adlı imperiyanı yeni müstəvidə bərpa etmək naminə və bu yolla Azərbaycanı yenidən Müstəqil Dövlətlər Birliyinə üzv etməyə məcbur etmək məqsədi ilə Şuşa ermənilərə qurban verildi. Yenə də təssüflər olsun ki, ölkə daxilindəki hərc-mərclik, hakimiyyət uğrunda mübarizə aparan güclərin hərəsinin bir tərəfə çəkməsi nəticəsində Şuşa talenin ümidinə buraxılmışdı. Şuşanın qara günləri əslində Kərkicahanın, Xocalının və Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan kəndlərin işğalından sonra başlamışdı. Şuşa həmin dövrdə dağ başında dörd tərəfdən düşmən mühasirəsində olan tənha qalaya çevrilmişdi. Amma yenə də Şuşanı xilas etmək, onu qoruyub saxlamaq mümkün idi. Bunun üçünsə ölkədəki bütün siyasi güclərin birləşməsi, hakimiyyət uğrundakı mübarzədə mənəmlik iddiasından əl çəkməsi lazım idi. Lakin bu birlik olmadı. Ölkə daxili güclərin hər biri Şuşanın işğalı amilindən hakimiyyətə gəlmək və buna görə qarşı tərəfi günahlandırmaq yolu seçdi. Nəticədə Şuşa işğal olundu. Şübhəsiz ki, həmin dövrdə Şuşada düşmənlə son nəfəsə kimi döyüşən vətənpərvər güclər vardı, amma onların sayı az idi. Nəticədə onların çox bu döyüşlərdə qəhrəmancasına həlak oldu. Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid oldu, 1860 nəfər isə yaralandı. Bu isə o deməkdir ki, Şuşa vətənpərvər güclər tərəfindən sona kimi müdafiə olundu. Amma yenə də ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, Şuşanın əldən getməsində hakimyyət uğrunda mübarizə aparan siyasi güclərin yumruq kimi birləşə bilməməsi az rol oynamadı. Şuşa işğal olunundan sonra yenə də erməni təcavüzkarlarını dəstəkləyən qüvvələr ikili oyunlara baş vurmağa, hər vasitə ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsinə mane olmağa başladılar. Bunu ötən ilin aprel döyüşləri də bir daha sübut etdi. Ötən il baş verən 4 günlük döyüşlər zamanı Azərbaycan işğal altında olan torpaqları azad etməyə yaxın idi. Ancaq Ermənistanı dəstəkləyən güclər buna imkan vermədilər. Amma kimlərin necə düşünməsindən asılı olmayaraq Şuşanın da, işğal altında olan digər torpaqlarımızın da azad ediləcəyi gün hökmən gələcək. Mən buna öz varlığım kimi əminəm. Çünki hər qaranlıq gecənin bir parlaq səhəri var. Bu qaranlıq gecələr yox olacaq, al səhərlər gələcək, azadlıq günəşi yenidən Şuşanın üzərindən hökmən doğacaq. O günü görəcək insanlar necə də xoşbəxt və bəxtiyar olacaqlar. O vaxt Şuşa həsrəti ilə bu dünyadan köç edən yüz minlərlə insanların ruhları da sağ qalanlarla birgə Şuşanın azad edildiyi günü bayram edəcəklər…

Əziz Mustafa

BIR CAVAB BURAXIN