Sumqayıtda “erməni qırğını” ssenarisi Moskva və Yerevanda hazırlanmışdı – FOTOLAR

0
903

 

Əvvəli bu linkdə: http://www.yeniavaz.com/NewsContent/ZNewsContent/29031

İstintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən ekstremist “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. Amma Sumqayıt hadisələrində SSRİ xüsusi xidmət orqanlarının və Yerevandan gələn emisssarların əli olduğu Ermənistanda bir çoxlarına məlum idi. Məsələn, Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu da açıq şəkildə bildirmişdi. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da təsdiq edib. Üstündən illər ötəndən sonra Sumqayıtda baş verənlərlə bağlı Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materiallarının bəzilərinin üzərindən gizlilik qrafiki götürüldü. Məlum oldu ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir. DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı “Qarabağ” komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə “Krunk” cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olublar.

Günahı sadə fəhlənin üstünə atdılar

Sumqayıt qırğınlarının arxasında SSRİ xüsusi xidmət orqanları və onların Ermənistandakı həmkarlarının dayanmasına, qətllərin əsas təşkilatçısının erməni əsilli Qriqoryan olmasına baxmayaraq baş verən hadisələrdə günah azərbaycanlıların üzərinə atıldı. Guya bu qırğınların əsas təşkilatçısı Sumqayıtda fəhlə ailəsində anadan olan Əhməd İman oğlu Əhmədov olub. Halbuki orta texniki peşə təhsili olan və Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyən Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyaya qoşulmuşdu. Lakin heç bir qətlin törədilməsində iştirak etməyib. Ə.Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 6 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib. Moskvanın göstərişi ilə hərəkət edən istintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yarıdılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirmək əvəzinə öncədən mərkəzdən aldığı təlimat əsasında günahı talanlarda iştirak edənlərdən kiməsə oxşadılan Əhməd Əhmədovun üstünə atdı. Erməni şahidlər Əhməd Əhmədovu talanlarda iştirak edənlərdən kiməsə oxşatdıqlarını, həmin adamın o ola biləcəyini tərəddüdlə bildirmişdilər. Bu isə günahı azərbaycanlıların üzərinə atmaq istəyən istintaq qrupu üzvləri üçün göydəndüşmə oldu. Yenə də istintaq qrupuna məlum idi ki, sumqayıtlılar bu qətllərdə iştirak etməyiblər, əksinə onlar erməniləri iğtişaş iştirakçılarından gizlədiblər. Necə deyərlər, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr qarşıya qoyulmuş təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. İstintaqa milliyyətcə erməni olan şahidlərin verdikləri ifadələrdən də görünür ki, onlarla erməni azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilib və xilas ediliblər. Doğum evlərinə hücum və yeni doğulmuş uşaqların öldürülməsi barəsində ermənilərin cəfəng iddialarına cavab olaraq, 28-29 fevral tarixlərində aralarında ermənilər də olmaqla, 38 körpənin dünyaya gəldiyi və onların heç birinin xəsarət almadığı tibb işçiləri və erməni anaların ifadələrində öz əksini tapıb.

Bütün bunlara baxmayaraq yalançı, əsası olmayan ifadələrlə həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub. Buna paralel olaraq Sumqayıt qırğınlarının əsas təşkilatçısı olan və kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib.

Əvvəlcə Ermənistan qırğınlarda günahlandırılan Qriqoryanın ümumiyyətlə erməni olmadığını və onun qardaşları barədə deyilənlərin əsassızlığını iddia etdi. Ancaq E. Qriqoryanın pasport almaq üçün etdiyi müraciəti və orada milliyyətini erməni kimi göstərməsi barəsində sənəd, onun rus və yəhudi əsilli qonşularının ifadələri, ailə tərkibi haqqında arayışlar və sovet ordu sıralarında xidmət etdiyi zaman onun barəsində verilmiş xasiyyətnamə istintaqa təqdim ediləndən sonra onlar geri addım atmağa məcbur oldular. Bundan sonra 6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışdılar. Sonda da onlar istədikləriən nail olaraq Qorbaçovun ətrafındakıların köməyi ilə Qriqoryanın cəzasını çəkmək üçün Ermənistana göndərilməsinə nail oldular. Sonra isə onu həbsdən azad etdilər. Ə.Əhmədova qondarma ittihamlar əsasında güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb.

1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun yaşlı valideynlərinə məktub göndərərək guya övladlarının

güllələnmə cəzasının həbslə əvəz olunduğu barədə xəbər verdilər. Lakin bu xəbər təsdiqini tapmadı. Bununla belə Moskvanın o dövrdə Əhmədova verilən ölüm hökmünü ləğv etmək niyyətində olduğu istisna edilmir. Çünki 1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət etmiş və ona ölüm hökmünün dəyişdirilə biləcəyinə işarə vurmuşdular. Lakin Y.Məmmədov Moskvaya çatdıqdan bir gün sonra, aprelin 6-də Ə.Əhmədov güllələndi. Belə ehtimal edilir ki, Qorbaçovun ətrafındakı erməni mafiyası məsələdən xəbər tutaraq Əhmədovun təcili şəkildə güləllənməsinə nail olub.

Yenə də təəsüflər olsun ki, Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsinə nəinki müqavimət göstərmədi, əksinə soydaşlarımızın günahsız olmadığını bilə-bilə bunun qabağında susmağa üstünlük verdilər və bununla da erməni dəyirmanına su tökmüş oldular.

Bir sözlə Qorbaçov və ətrafındakı ermənilər Dağlıq Qarabağn Ermənistana birləşdirilməsi məqsədi ilə məharətlə Sumqayıtda “erməni qırğını” ssenarisini həyata keçirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquq-mühafizə orqanları baş verən hadisələri araşdıraraq faktlarla Sumqayıt qırğınının arxasında SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının dayandığını sübut etdilər. Lakin yenə də Ermənistan və onları müdafiə edən beynəlxalq güclər qondarma Sumqayıt qırğını ətrfaında ajiotaj qaldırmağa, bunu az qala soyqırımı kimi qələmə verməyə cəhd göstərirlər. Lakin tarixi saxtalaşdırmaqla erməni faşistlərinə dəstək verən güclər bu ikili standartların özlərinə qarşı çevriləcəyini unutmamalıdırlar. Vaxt gələcək ermənilər də, onların dəstəkləyən güclər də bölgədə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarına görə tarix qarşısında cavab verməli olacaqlar

Əziz Mustafa

BIR CAVAB BURAXIN