15 yaşlı azərbaycanlı ABŞ universitetinə qəbul oldu

15 yaşlı Kənan Həsənəliyev Stanford Universitetinə qəbul olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesabında məlumat verib.

Q.İbadoğlu 15 yaşlı azərbaycanlı ilə tanışlığından da bəhs edib:

“Sizə akademik istedadı ilə fərqlənərək ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyevi təqdim etmək istərdim. Kənan fitri qabliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimalı Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum. Atası Orxan müəllim Şimali Karolinada Universitetdə dərs deyirdi. Elə o zamandan da atasından Kənanın nəticələri barədə soruşur və həmişə onun nailiyyətləri eşidəndə iftixar hissi keçirir, Kənanın Azərbaycanlı olması ilə qürur duyurdum.

Kənan hələ 6-cı sinifdə təhsilini 3 pillə qabaqlayıb. O, 6-cı sinifdə oxuyarkən AP Calculus və Calculus İİ fənnlərini mənimsəmiş və 8-ci sinifdə oxuyarkən ali riyazıyat fənnlərini öyrənmək üçün Şimali Karolina Universitetində magistr səviyyəli dərslər götürüb. Bu günlərdə Kənan ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Stanford Universitetinə qəbul alıb. 15 yaşlı Kənan gələn ilin sonunda yaşadığı Cary şəhərində orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Kaliforniya ştatına köçəcək və riyaziyyat elminin dərinliklərini Stanford Universitetində öyrənəcək”.