“Ərim məni keçmiş qaynatasına 500 manata satdı”

0
708
 

Kənardan insanları mühakimə etmək asandır. Keçmiş həyat yoldaşım sosial şəbəkədə şəkillərimi paylaşır, məni əxlaqsızlıqda ittiham edir. Haqqımda nələr yazmırlar, məni tanımayanlar belə fikir bildirirlər”, – göz yaşlarını silib bıçaq yaralarını göstərir.

Ayağında, sinəsində, kürəyində bıçaq yaralarının izi qalıb. Qollarındakı xəsarət izləri də tam sağalmayıb. Faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir.

1984-cü il təvəllüdlü Sevinc Babayeva (istintaq getdiyindən adı dəyişdirilib) azyaşlı övladı ilə birgə fevral ayından “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evində məskunlaşıb.

Sevinc virtualaz.org saytına başına gələnləri danışıb.

– Onunla tanış olanda keçmişdə başıma gələnləri bilirdi, hamısını özüm danışmışdım. Amma çox keçmədi ki, bundan istifadə etməyə başladı. Məni əvvəllər münasibətdə olduğum tanınmış və imkanlı şəxsin yanına göndərirdi. Deyirdi ki, pul gətirməsən, səni və onu cəmiyyət içində biabır edəcəyəm, şəkillərinizi yayacağam. Həmin şəxs ölənə qədər mənə yardım etdi, demək olar ki, hər ay pul verirdi.

– Keçmişdə münasibətdə olduğun kişiləri şantaj edirdiniz?

– Məni döyürdü, öldürməklə təhdid edirdi. Mən də qorxudan kişiyə dolana bilmədiyimi söyləyirdim, yardım istəyirdim. Məndən soruşurdu ki, yoldaşın səni qorxudursa, açıq söylə, onu məhv edərəm. Amma qorxudan söyləyə bilmirdim. Çünki həmin insan məni yaşadığım həyatdan qurtarmışdı, insan alverçilərinin əlindən almışdı. Onun cəmiyyətdə biabır olmasına razı ola bilməzdim. Həm də bilirdim ki, yoldaşım məndən əl çəkməyəcək, onun istəklərini yerinə yetirməsəydim, məni də, övladımızı da öldürəcəkdi.

– İnsan alverçiləri dedin, insan alverinin qurbanı olmusan?

– 19 yaşımda qrup yoldaşım tərəfindən yaşlı bir kişiyə satılmışam. Hadisə belə baş verdi – qrup yoldaşımla birgə məclisdə içmişdim, ayılanda çılpaq şəkillərimi çəkdiklərini dedilər. Həmin şəkilləri valideynlərimə, qardaşıma göstərəcəkləri ilə hədələdilər. Çox qorxmuşdum, çarəsiz qalmışdım. Bundan sonra müxtəlif insanlarla münasibətdə oldum. Həmin imkanlı şəxslə görüşəndə ona başıma gələnləri danışdım. O, mənə yardım etdi, məni bu həyatdan xilas etdi. Keçmiş həyat yoldaşım tanınmış ailənin övladıdır. Buna görə də, evlənmək təklifi ilə tərəddüdsüz razılaşdım. O, küçədə qarşıma çıxdı, məni sevdiyini, ailə qurmaq istədiyini dedi.

– Beləcə evləndiniz. Bəs ailəsi səni qəbul etdimi?

– Həyat yoldaşı ilə ayrılmışdı. Sonradan bildim ki, mənimlə tanış olanda dələduzluq maddəsi ilə haqqında cinayət işi açılıb. Bir qadından küllü miqdarda pul almışdı. Məhkəmənin hökmü ilə cərimələndi, valideynləri cəriməsini ödədilər. Yəni artıq atası üçün kiminlə evlənməyi, hansı işlə məşğul olması maraqlı deyildi. Atası onun əlindən ailəni atıb getdi. 6 illik ailə həyatımda başıma çox işlər gətirib. Təsəvvür edin ki, məni öz keçmiş qaynatasına 500 manata satmışdı. İstəyirdi ki, kişinin şəkillərini çəkib, onu şantaj eləsin. Amma kişi məsələnin kim tərəfindən planlaşdırıldığını öyrənə bilmişdi, bunun toruna düşmədi. Sonra icra hakimiyyətlərinin vəzifəli şəxslərinə qarşı dələduzluq edirdi. Yayda həbs olundu, mən də bundan istifadə edib evdən qaçdım.

– İcra hakimiyyətlərini necə aldadırdı?

– Onda bütün vəzifəli şəxslərin, icra hakimiyyətlərinin şəxsi telefon nömrəsi var. Zəng vurub dövlət adamlarının adından pul istəyirdi. Məni ev xalatında, uşaq qucağımda pul almağa göndərirdi. Beləcə 20-yə yaxın icra hakimiyyətinin vəzifəli şəxsindən pul almışdı. Cinayət işi başlayanda araşdırdılar, gördülər ki, mənim bu işdə rolum olmayıb. Amma onu həbs etdilər.

– Atasının kim olduğunu, hansı vəzifədə çalışdığını söyləyirsiniz. Axı, həmin şəxs cəmiyyətdə tanınır, oğlunun hərəkətlərinə mane olacaq vəzifəyə sahibdir.

– Atası anası ilə ayrılıb. Çünki bunun həbs olunmağını, cəzalandırılmasını istiyirdi. Anası isə, əksinə, həmişə oğlunun tərəfini tutub. Buna görə də, atası heç bir işə müdaxilə etmir, ailə ilə bütün əlaqələrini kəsib. Bu adam əməlləri ilə bütün ailəni məhv edib.

– Son bıçaq yaralarından əlavə, bədəninin müxtəlif yerlərində xəsarət izləri var.

– Dələduzluq maddəsi ilə həbs olunmamışdan əvvəl məni döymüşdü. Başımdan bıçaqlamışdı. Öz bacısı yardım etdi, mən də sığınacağa qaçdım. Anası dedi ki, oğlumdan şikayətçi olsan, səni məhv edəcəyəm, əxlaqsız kimi bütün cəmiyyətə tanıdacam. Həbsdə olduğu müddətdə mənə təhdid məktubları yazırdı, öldürəcəyini söyləyirdi. Fevralda həbsdən çıxdı, sonra sığınacağa gəldi, barışmaq istədiyini dedi. Hamının qarşısında mənimlə yaxşı rəftar edəcəyini söylədi. Evə gedəndən sonra isə məni səhərə qədər döydü. Dedi ki, polisə ifadə verəcəksən, sığınacaqda Mehriban Zeynalova tərəfindən satıldığını yazacaqsan. Amma mən buna razı olmadım, çünki dediklərinin arxasında dayanmalısan, ən azından sübut etməlisən. Axı həmin müddətdə sığınacaqdan bayıra çıxmamışdım. Bilirdim ki, iftiraya görə məsuliyyət daşıyıram. Sonra məni bağ evinə apardı. Orada məni bıçaqladı.

– Bəs əlindən necə xilas oldunuz?

– Bağ bir qədər kənarda yerləşir, həm də qışda bağa gedən olmur. Buna görə də, harayıma gələn yox idi. Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Hazırda araşdırma gedir. Fevraldan indiyədək sığınacaqdan bayıra çıxa bilmirəm, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Bu yaxınlarda məhkəmə başlayacaq. Məhkəmənin hökmündən sonra nə olacağını bilmirəm.

Sosial şəbəkədə şəkillərimi paylaşıb, “fahişəni tanıyın” yazıb. Sonra da barışmaq üşün adamlar göndərir. O, heç kimdən qorxmur, indi də gecə-gündüz Mehriban Zeynalovanı, sığınacaqda çalışanları təhdid edir.

Mehriban Zeynalova da qızın dediklərini təsdiqləyir: “Sığınacağa olan təhdidlər ara verib. İndi də sosial şəbəkədə başqa adla profil açıb, sığınacaqdakı qadınların əxlaqsızlıq etdiyini yazır. Hətta mənim bütün tanışlarıma təhdid dolu mesajlar yazaraq, qızın sığınacaqdan atılmasını tələb edir. Mən təhdidlərə boyun əyib bu qadını küçəyə atmaqla, onu ölümün pəncəsinə verərəm. Buna görə də, məhkəməni gözləyirik”.

Jalə Ağazadə

Foto Samirənindir

Virtualaz.org

BIR CAVAB BURAXIN